beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elxanlılar dövrü - vergi

XIII-XIV əsrlərdə Azərbaycan torpaqlarının çox böyük bir qismi monqol hakim dairələrinin əlinə keçmişdi. Elxanın və sülalə üzvlərinin əlində olan torpaqlar "incu" adlanırdı. Bu dövrdə iqta institutu qüvvətlənmişdi. Torpaqların bir hissəsi kənd icmasının ixtiyarında qalırdı. Vergi verilməsində əvvəlki kimi ellik zəmanət mövcud idi. Monqol zülmü altında olan əhali dövlətə və feodallara 40 cür vergi və rüsum verirdi. Torpaq vergisi xərac natura ilə alınırdı və ilk Hülakülər dövründə taxıl məhsulunun 70%-ni təşkil edirdi. Can vergisi qopçur adlanırdı. Oturaq əhali bu vergini 1-7 dinaradək pulla, köçərilər isə mal-qara ilə verirdilər. Monqol qoşunlarının saxlanması üçün əhali üzərinə xüsusi vergi – tacar qoyulmuşdu. Hökmdarlar əhalidən bazar qiymətindən aşağı qiymətə müxtəlif istehlak malları alır və ya tacirləri bazar qiymətlərindən yuxarı qiymətə məhsul almağa məcbur edirdilər. Gömrükxanalarda bac alınırdı. Mövcud vergilər zəhmətkeşlərin gəlirinin 3/4 hissəsini aparırdı. Vergi toplamaqla ayrıca idarə – divan məşğul olurdu. Divan vergiləri ya dövlət darğaları vasitəsilə, ya da vergi yığmaq hüququnu icarəyə vermək (müqatiə) yolu ilə toplanırdı. Azərbaycanın cənub vilayətlərində toplanan vergi 210 tümənə (1 tümən – 10 min dinar), şimal vilayətlərində toplanan vergi isə 54 tümənə çatırdı. Vergi verə bilməyənlərə icbari əmək müəyyən edilirdi. Xəzinə gəlirinin azalması, kəndlilər arasında qaçqınçılıq və ixtişaşların artması ilə əlaqədar olaraq Keyxatu xan pul islahatı keçirdi: ölkədə kağız pullar – çav tədavülə buraxıldı. Lakin bu tədbir səmərə vermədi, bazar qiymətləri artdı, ticarət dövriyyəsi azaldı. Qazan xan feodalların hakimiyyətini möhkəmlətmək, dövlət gəlirini artırmaq məqsədilə bir sıra qanunlar verdi. Divan torpaqlarından əkin sahələri irsi iqta hüququ əsasında kəndlilərə paylandı. Qazan xan vergi sistemini qaydaya salmağa çalışaraq müqatiəni məhdudlaşdırdı. İslahat müəyyən dərəcədə kənd təsərrüfatı istehsalının yüksəlişinə, gəlirin artmasına və onun daha müntəzəm xəzinəyə yığılmasına səbəb oldu.


Tarix: 07.01.2015 / 17:47 Müəllif: Feriska Baxılıb: 21 Bölmə: Azərbaycanda vergi və mükəlləfiyyət sistemi