beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səlcuqlular dövrü - vergi

IX-XI əsrlərdə Azərbaycanda feodal münasibətləri inkişaf etmişdi. Torpaq mülkiyyəti forması olan mülk (və ya əmlak torpaqları) xüsusi mülkiyyət olub, onu almaq, satmaq, irs vermək, bağışlamaq, girov qoymaq olurdu. Mülk sahibi (malik) və ya mülkədar dövlətə xərac, yəni yeni torpaq vergisi verirdi. Dövlətə məxsus, yəni gəliri birbaşa xəzinəyə gələn torpaqlara divani deyilirdi. Bu dövrdə şərti torpaq mülkləri – iqta sistemi inkişaf etməkdə idi. Zaman keçdikcə iqta torpaqları iqtidarların xüsusi mülkiyyətinə çevrildi. Bu dövrdə icma torpaqları da mövcud idi. İcma torpaqları dövlətin mülkiyyətində idi. Buna görə də həmin torpaqlardan elliklə istifadə edən camaat bunun müqabilində dövlətə torpaq vergisi – xərac verirdi. Torpaqdan istifadə müqabilində kəndlidən alınan vergi uşr və ya üşr (onda bir), sonralar isə xərac adlanırdı. Xərac toplamaq üçün ayrı-ayrı adamlara verilən icazə kağızına qəbalə deyilirdi. Xərac toplayan vergi məmurları mütəqəbbil və ya amil, maliyyə müfəttişləri isə mütəsərrif adlanırdılar. Amillər xərracı özbaşına artırırdılar və bəzən məhsulun yarısı kəndlinin əlindən alınırdı. Xərac əvvəllər əsasən məhsulla alınırdı. Azərbaycan kəndliləri X-XI əsrlərdə xəracın müəyyən hissəsini pulla ödəyirdilər. Bu, hələ o zaman Azərbaycanda əmtəə-pul münasibətlərinin inkişaf etdiyini göstərir. IX əsr tarixçiləri Azərbaycandan ildə 4-4,5 milyon dirhəm xərac toplandıqlarını qeyd edirlər. Xəracdan başqa müsəlman ailəsi öz əmlakına görə nəzir verirdi ki, buna da zəkat və ya sədəqə deyilirdi. Müsəlman olmayan əhalidən can vergisi – cizyə alınırdı. Böyük səlcuq imperiyasının yaranması ilə torpaq mülkiyyəti və vergi sistemində ciddi dəyişikliklər baş verdi. Əhalidən ənənəvi vergilərdən əlavə səlcuq döyüşçüləri üçün silah və şərab tədarük etmək, onların atlarını nallamaq üçün mal-üs-silah, şərab bahası, nal bahası kimi vergi, şəhər sənətkarlarından isə onların hazırladığı sənət məhsullarından pay alınmağa başlandı. Ümumiyyətlə, XI-XIII əsrin əvvəllərində əhalinin müxtəlif təbəqələrinin xərac, üşr, cizyə, haqq, alaf, nüzl, əvariz, qismət, təyyarət, dəraib və bir çox başqa vergi, rüsum və mükəlləfiyyətlər ödədiyi məlumdur.


Tarix: 07.01.2015 / 17:47 Müəllif: Feriska Baxılıb: 47 Bölmə: Azərbaycanda vergi və mükəlləfiyyət sistemi