Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Parsindu

P a r s i n d u – E. A. Qrantovski bu adı İranmənşəli saymış və onu Fars (Pars) etnonimi ilə bağlamışdır. Q. Qeybullayev isə qeyd edir ki, mənbədə, Parsindunun Ameka adlı bir hakimin qalası olması deyilir. Ehtimal ki, bu qala er. əv. 820-ci ildə Midiyada qeyd olunan Parsan (bəlkə də Parsin) qalasının eynidir. Türkcə bair, bayir təpə, yüksəklik, yarğan, sıldırım (buryat-monqolca boori hündür yer, yüksəklik, sin dağ beli yaxud, çin(q) çox hallarda şaquli sıldırımlı yayla, sıldırım, sıldırım dağ yarğanı və tu dağ sözlərindəndir. Aydındır ki, qala çətin keçidli, sıldırım yerlərdə tikilə bilərdi. Toponimin birinci komponenti Çal-Bair (Kəlbəcər rayonu), Qızıl-Bair (Zəngəzurun Mehri rayonu), Çil-Bair (Şamaxı rayonu) dağ adlarındakı bair sözü ilə, ikinci komponenti isə Cindağ (Ordubad rayonu) oronimindəki "çin" sözü ilə müqayisə olunur. Parsindu qalasının adı ehtimal ki, Cənubi Azərbaycanda Mərənd şəhərinin 12 kilometrliyində xarabalıqları qalmaqda olan Baruc adlı qalanın adında qalmışdır. Bu qalanın türk əfsanəvi Əfrasiabın tikdirdiyi Barcuq qalasının adı ilə (erkən orta əsrlərdə uyğurlarda Barçuk-Yurt toponimi məlumdur) oxşarlığı da diqqəti cəlb edir. Yaqut Həməvi (XIII əsr) yazır ki, Səfidrud çayı Parsis dağlarından başlanır.Ehtimal ki, müəllifin "Parsis" kimi qeyd etdiyi oronim əslində "Parsin" kimi oxunmalıdır, başqa sözlə, katiblərin səhvi üzündən adın sonundakı "n" (nun) səsi "s" (sin) kimi yazılmışdır.


Tarix: 09.01.2015 / 14:42 Müəllif: Feriska Baxılıb: 82 Bölmə: Azərbaycan toponimləri
loading...