Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dərbənd Tarixi

Antik müəlliflərin əsərlərində Dərbənd adlı şəhər tipli yaşayış məntəqəsinə təsadüf edilmir. Lakin romalıların Şərqə olan hücumları dövründən (eramızın 68-ci ili) etibarən Kaspi darvazası (Kaspi sözü iki hissədən kas (kassilər) tayfa adından və elam dilində cəm bildirən –pi şəkilçisindən ibarətdir.) adlı yer məlumdur. Birinci əsrin müəlliflərindən olan İosif Flavi də bu yeri Kaspi darvazası adlandırır. Ümumiyyətlə, I-III əsrlərdə yunan və latın dilli müəlliflər Kaspi keçidindən danışarkən onu qapı, darvaza, şəhər qalası, keçid və çıxış sözləri ilə də əvəz etmişlər.

Mənbələrdən aydın olur ki, Kaspi keçidi eramızın birinci əsrindən strateji əhəmiyyətli keçidlərdən biri olmuşdur. Bu keçid Şimali Qafqazı, Zaqafqaziya ölkələrini Yaxın və Orta Şərqlə birləşdirən mühüm vasitə idi. Bu ərazinin məhsuldar əkin sahələrinə, meyvə bağlarına, xüsusilə üzümlüklərə, gözəl və əlverişli iqlim şəraitinə malik olması şəhərin gələcək inkişafına bilavasitə şərait yaradırdı. İlk mənbələrin verdiyi məlumata görə hələ eramızdan əvvəl (I əsr) indiki Dərbənd ərazisində mövcud olmuş üzümlüklər və meyvə bağları dənizə qədər olan ərazini örtmüşdü. Belə bir təbii şərait isə orada yaşayış məskəninin yaradılması üçün əla imkan yaratmışdır. Bunu Dərbənd rayonunda aparılmış arxeoloji qazıntılar bir daha sübut edir. Burada eramızdan əvvəl VII-VI əsrlərə aid yaşayış məskənləri aşkar edilmişdir. Dərbəndin adı Azərbaycan türklərinin eləcə də bütün türk dünyasının nəhəng ədəbi abidəsi olan Kitabi-Dədə Qorqud dastanında da çəkilir. Alman səyyahı Adam Oleari (XVII əsr) və türk səyyahı Övliya Çələbi Dədə Qorqudun məzarının Dərbənddə olduğunu qeyd edirlər. Bu haqqda Dərbəndnamədə də məlumat verilir.

Sasani şahları öz imperiyalarını köçəri hunlardan, sonrakı dövrlərdə isə xəzərlərdən qorumaq üçün Dərbənd şəhərinə və onun strateji əhəmiyyətinə xüsusi diqqət verirdilər. Odur ki, Dərbənd keçidinin möhkəmləndirilməsi ən vacib və təxirəsalınmaz iş hesab edilirdi. Sasanilər hələ II Yezdəgerdin hakimiyyəti dövründə Beşbarmaq dağının zirvəsində müdafiə əhəmiyyətli ilk istehkamın (Beşbarmaq səddi) inşasını həyata keçirmişdilər. Bundan sonra Gilgilçay səddi və nəhayət sonda ən ühüm müdafiə xarakterli Dərbənd istehkamının (Dərbənd qalası) inşasına başlanmışdır. Dərbənd səddi vasitəsiylə yalnız Dərbənd keçidinin mühafizəsi deyil, eyni zamanda Şimal-Şərqdə olan dağ yollarının da qorunması təmin edilirdi. Həm də Dərbənd qalasının yaradılması bu ərazidə sərhəd keşikçilərinin sayının bir neçə dəfə azaldılmasına imkan verirdi. İlk dəfə Firuzun oğlu Qubad (488-531) çiy kərpiclə səddin bünövrəsini qoymuş, onun oğlu Xosrov (531-578) isə həmin səddi yenidən daşla tikdirmişdir. Əldə olan məlumatlara görə səddin yenidən daşla tikilməsi 30 il (537-568) çəkmişdir. Bu müddət ərzində səddin inşasında iştirak edən minlərlə qul və kəndli Sasani hakimləri tərəfindən ağır bir şəraitdə istismar edilmişdir. Bununla əlaqədar olaraq səddin tikilməsi bəhanəsiylə Sasani hakimləri vergilərin miqdarını gündən-günə artırır və yerli əhalini var yoxdan çıxarırdılar.

Abdulla Fazili qeyd edir ki, Dərbənd şəhərinin tarixində V əsri əlamətdar dövr adlandırmaq olar. Həmin dövr Dərbənddə iqtisadi və siyasi cəhətdən Qafqazın Şərqində olan mühüm şəhərlərdən biri olmaqla bərabər, eyni zamanda Sasani canişinlərinin (mərzban) də paytaxtı olmuşdur. Mənbələrə görə I Xosrovun dövründə Dərbənd şəhərinə saxsı tünglər vasitəsiylə dağ bulaqlarından su gətirilmişdir. Dərbəndnamədə olan məlumatlardan görünür ki, VI əsrin ortalarında İranın daxili rayonlarından Dərbəndə üç min ailə köçürülmüşdür. Sasani hakimiyyəti devrildikdən sonra da Dərbənd şəhəri öz iqtisadi-siyasi əhəmiyyətini uzun müddət saxlaya bilmişdir. Şəhərin strateji mövqeyindən istifadə edən ərəb xəlifələri onun abadlaşdırılmasına səy göstərirdilər. (Təsadüfi deyil ki, Azərbaycanın ən qədim məscidlərindən biri Dərbənd Cümə məscididir.) Məsələn, xəlifə Süleymanın dövründə (715-717) Məsləmə adlı sərkərdənin başçılığı ilə Dərbəndi xəzərlərdən geri almaq məqsədi ilə qoşun göndərilmişdir.Məsləmə xəzərləri Dərbənddən çıxardığı zaman qala və bürclər ziyan görmüşdü.O,qala divarlarını bərpa edərək burada ərəb hakimiyyətini gücləndirmişdir.Ərəblərin dövründə Xəzər dənizi vasitəsiylə Şimaldan gətirilən ticarət malları Dərbənd vasitəsiylə Cənubi Qafqaza və Yaxın Şərq ölkələrinə daşınırdı. Ərəb mənbələrində göstərildiyinə görə Ərdəbildən bir neçə dəfə böyük olan bu şəhərdən Azərbaycan və İrana kətan paltarlar aparılırdı. Bundan başqa Dərbənddə zəfəran da yetişdirilirdi.

Dərbənd şəhəri Şimali Azərbaycan xanlıqlarından Dərbənd xanlığının mərkəzi olmuşdur və 1796-cı ildə Rusiya tərəfindən işğal olunmuşdur. 1829-cu ildən əyalətə çevrilmişdir. Rusiyada tətbiq edilən yeni inzibati-ərazi bölgüsünə əsasən 1840-cı ildə Dərbənd qəzası yaradıldı və Dərbənd qəza mərkəzi oldu.

Dərbənd qəzasının sərhədləri təxminən keçmiş eyniadlı xanlığın sərhədləri ilə üst-üstə düşürdü. 1850-ci ilə olan məlumata əsasən qəza ərazisində hər iki cinsdən cəmi 19,287 nəfər əhali yaşayırdı.[4] Onlar imperiya büdəcəsinə ildə 7,200 gümüş rubl vergi ödəyirdilər. Qəzanın inzibati mərkəzi keçmiş xanlığın da paytaxtı olmuş Dərdənd şəhəri idi. 1850-ci ilə olan məlumata əsasən Dərbənd şəhərində yerləşən 460 evdə təxminən 2 min nəfər əhali yaşayırdı.[5] 1851-ci ilə olan məlumata əsasən Dərbənd şəhəri 70 kvadrat verst ərazini əhatə edirdi.[6] 1851-ci ilə olan məlumata əsasən şəhərdə yaşayan daimi əhalinin sayı 5,755 nəfəri kişilər, 6,297 nəfəri qadınlar olmaqla cəmi 12,052 nəfər idi.[7]
1846-cı ildə isə yenə də mərkəzi Dərbənd şəhəri olmaqla Dərbənd quberniyası yaradıldı. 1860-cı ildə Dərbənd quberniyası ləğv olundu, onun tərkibindəki Quba qəzası Bakı quberniyasına verildi, qalan ərazidə Dağıstan dairəsi yaradıldı. 1920-ci il martın 25-də 11-ci Qırmızı ordunun köməyi ilə Dərbənddə sovet hakimiyyəti elan olundu. Dərbənd şəhəri 1921-ci ildə yaradılmış Dağıstan Muxtar Sovet Sosialist Respublikasının tərkibinə daxil edildi. Bununla, Azərbaycanın tarixi şəhəri Dərbənd Rusiya Sovet Federativ Sosialist Respublikasının tərkibinə qatıldı. 1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqı dağıldıqdan sonra isə Dərbənd yenə də Rusiyanın tərkibində qaldı.

2013-cü il fevralın 2-də Dərbəndin mərkəzində azərbaycanlılara məxsus «Şəhristan» otel-istirahət kompleksində partlayış baş verib. Avtomobilə quraşdırılmış bomba düz otelin girəcəyində partladılıb. Otelə ciddi ziyan dəyib. Oradakılar evakuasiya edilib.


Tarix: 09.01.2015 / 14:39 Müəllif: Feriska Baxılıb: 199 Bölmə: Azərbaycan toponimləri
loading...