beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan Xalq Cümhuriyyəti yaranması (ümumi)

1917-ci ilin noyabrında Zaqafqaziya komissarlığı Zaqafqaziyanın respublikalarında milli hərbi korpuslarının yaradılması haqqında qərar qəbul etdi. Azərbaycan korpusunu təşkil etmək general Əliağa Şıxlinskiyə tapşırılmışdı.

1918-ci ildə isə Çar Rusiyasının süqutundan sonra Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Cəmi 23 ay ömür sürməsinə baxmayaraq, Cümhuriyyət dövründə müstəqil dövlətin bütün atributları, o cümlədən milli ordu formalaşdırıldı. Həm ermənilərin, həm də bolşeviklərin işğalçılıq siyasətinə qarşı mübarizə aparmalı olan ADR hökuməti 1918-ci il iyunun 19-da gərgin vəziyyəti nəzərə alaraq bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdi. İyunun 26-da diviziya statusunda hərbi korpusun yaradılması barədə qərar qəbul olundu və Azərbaycanda milli ordunun təməli qoyuldu. 1918-1920-ci illərdə görkəmli generallarımız Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və digər peşəkar hərbçilərimizin rəhbərliyi ilə Azərbaycanda yüksək döyüş qabiliyyətli, hərbi hazırlığa və intizama malik milli ordu hissələri formalaşdırıldı. Qeyd olunduğu kimi, 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı. Avqustun 1-də isə AXC-nin Hərbi Nazirliyi təsis edildi. İstedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əliağa Şıxlinski isə nazir müavini təyin edildilər. Qısa müddət ərzində Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştəlilik göstərdi, Qazaxda Azərbaycan sərhəddini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi. O zaman Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov kimi istedadlı generalları var idi.


Tarix: 06.01.2015 / 17:47 Müəllif: Feriska Baxılıb: 52 Bölmə: Azərbaycan Xalq Cümhuriyyəti yaranması