beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əli bəy Zizikski

Həyatı
Əli bəy Harun bəy oğlu Quba qəzasının Zizik kəndində doğulmuşdu. Fevral inqilabından sonra (1917) kapitan Ə.Zizikski Xüsusi Zaqafqaziya Komitəsi tərəfindən Quba qəzasının komissarı təyin edilmişdi (müavini Mir Cəfər Bağırov idi). Oktyabr çevrilişindən (1917) sonra qəzanın Bakı Sovetinin nəzarətinə keçməsinin qarşısını almağa çalışmışdır. Əli bəy Zizikski 1918-ci il soyqırımı zamanı öz dəstələri ilə Dağıstandan Bakının köməyinə gələn Nəcməddin Qotsinskinin alaylarına qoşulmuşdu. Qotsinski və Zizikskinin silahlı dəstələri daşnak-bolşevik birləşmələrinin Biləcəri-Xırdalan müdafiə xəttinə qədər yaxınlaşmış, ilk toqquşmada onları məğlubiyyətə uğradıb, şəhər üzərinə son hücum hazırlığına başlamışdır. Lakin Həştərxandan Xəzər dənizi vasitəsilə göndərilən çoxsaylı bolşevik hərbi qüvvələrinin Bakıya çatması ilə qüvvələr nisbəti dəyişmiş və onlar tutduqları mövqeləri tərk etməli olmuşlar. 1918-ci ilin aprelində Bakı Soveti Quba üzərinə əks-hücum təşkil edərkən Həmdulla Əfəndi Əfəndizadə və başqalarının rəhbərlik etdiyi müsəlman birləşmələri şəhəri Bakı Sovetinin qüvvələrindən müdafiə etmişdirlər. Aprelin sonu – mayın əvvəlində S.Şaumyan və G.Korqanovun göstərişi ilə daşnak Hamazaspın başçılığı ilə Qubaya yeni daşnak-bolşevik qüvvələri yeridildi. Zizikski düşmənin sayca üstün olan və yaxşı silahlanmış qüvvələrinə müqavimət göstərə bilməyib, Dağıstana keçməyə məcbur oldu. Hamazaspın dəstəsi şəhərdə və ətraf kəndlərdə kütləvi qırğınlar və vəhşiliklər törətdi. Qafqaz İslam Ordusunun və Dağıstanda yerli əhalinin köməkliyi ilə yeni hərbi dəstə yaradan Zizikski Hamazaspın daşnak-bolşevik dəstələrinə qarşı güclü hücum təşkil etdi və Qubanı azad etdi, Azərbaycan Xalq Cümburiyyəti yaradıldıqda Zizikskinin dəstəsinin əksər üzvləri yeni yaradılan Milli ordunun sıralarına daxil oldu.

Bakı şəhəri Azərbaycan və Türkiyə hərbi qüvvələrindən ibarət Qafqaz İslam Ordusu tərəfindən azad edildikdən (1918-ci il, 15 sentyabr) sonra artıq polkovnik rütbəsində olan Zizikski paytaxt valisinin müavini təyin edilmiş, eyni zamanda Quba qəzasından Azərbaycan Parlamentinə üzv seçilmişdi. O, parlamentdə "İttihad" fraksiyasını təmsil edirdi. "İttihad" partiyasının 1-ci (1919, aprel) və 2-ci (1920, yanvar) qurultaylarında partiyanın Mərkəzi Komitəsinə üzv seçilmişdi. Aprel işğalından (1920) sonra Zizikski bir müddət sovet hakimiyyətinə qarşı müqavimət hərəkatında iştirak etmiş, Qubada elan edilən amnistiyadan sonra leqal fəaliyyətə keçmiş, lakin bolşeviklərin elan etdiyi amnistiyanın müvəqqəti olduğunu yəqin edərək, yenidən gizli fəaliyyət göstərmişdir. Zizikskinin sabiq müavini, o zaman Azərbaycan Fövqəladə Komissiyasının başçısı M.C.Bağırov onu sovet-bolşevik təqiblərindən qurtarmışdı. Bundan sonra Zizikski 1928-ci ilə qədər Bakıda yaşamış, lakin həmin il M.C.Bağırov Azərbaycandan kənara işə göndərildikdən sonra yenidən bolşevik təqiblərinə məruz qalmış, həbs edilmiş, "erməni qırğını törətməkdə" ittiham olunaraq edam edilmişdir". Səriştəli tədqiqatçı Ədalət Tahirzadə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin arxivində Əli bəy Zizikskinin doğum gününü də müəyyənləşdirməklə, Ensiklopediyada verilmiş məqalədəki sual işarəsi götürülmüşdür: – 1928-ci ildə əlli yaşında ikən güllələnmişdir.


Tarix: 09.01.2015 / 14:28 Müəllif: Feriska Baxılıb: 86 Bölmə: "Azərbaycan Demokratik Respublikası"