beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əksinqilabla Mübarizə Təşkilatı

Əksinqilabla Mübarizə Təşkilatı - Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Müdafiə Komitəsi ilə eyni vaxtda (1919-cu il, 11 iyun) və ona tabe qurum kimi yaradılmış əks-kəşfiyyat orqanı.

Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk günlərdən böyük təhlükələrlə qarşılaşmalı oldu. Belə ki, müxtəlif dövlətlər mühüm geosiyasi bölgədə yerləşən Azərbaycanı özünün nüfüz dairəsinə salmaq məqsədilə açıq mübarizə aparırdılar. Ən böyük təhlükə mənbələri "vahid və bölünməz Rusiya" uğrunda mübarizə aparan Denikin ordusu, proletar beynəlmiləlçiliyini əldə bayraq edən bolşevik Rusiyası və "Böyük Ermənistan" yaratmaq xülyası ilə azərbaycanlılara qarşı tarixdə görünməmiş vəhşiliklər və soyqırımları törədən daşnaklar və daşnak Ermənistanı idi. Bu qüvvələrin hər biri Azərbaycanda, xüsusilə də Bakıda geniş təxribatlar törədir, Azərbaycan Xalq Cümhuriyyətinin möhkəmlənməsinə, ölkədə qayda-qanun yaradılmasına mane olmağa çalışırdılar. Denikin qüvvələri Şimali Qafqazı tutduqdan sonra Azərbaycan üçün daha böyük təhlükə yarandı. 1919-cu il fevralın 18-də Parlamentin iclasında çıxış edən Fətəli xan Xoyski Azərbaycanda, xüsusilə də Bakıda general Prjevalskinin rəhbərliyi ilə Denikinə yardım göstərən qüvvələrin gizli surətdə silahlı hərbi dəstələr təşkil etdiklərini, ağqvardiyaçılar üçün əsgər yazılışı aparıldığını bildirdi. Denikin qüvvələrinin 1919-cu il mayın axırlarında Dərbəndi tutması nəinki Azərbaycanı, həmçinin bütün Cənubi Qafqazı böyük təhlükə qarşısında qoydu. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1919-cu il iyunun 9-da keçirilən iclasında Parlamentin tövsiyəsi ilə dövlətin müdafiəsi üçün xüsusi orqan - 5 nəfər hökumət üzvündən (baş nazir, hərbi, xarici işlər, yollar və ədliyyə nazirləri) ibarət Dövlət Müdafiə Komitəsinin yaradılması qərara alındı.

Azərbaycanda təxribatlara qarşı xüsusi mübarizə strukturunun - Əks-inqilabla Mübarizə Təşkilatının yaradılması da bununla eyni vaxta təsadüf edir. Azərbaycanda əks-kəşfiyyat işi ilə hələ 1919-cu ilin yanvarından hərbi kəşfiyyat məşğul olurdu. Həmin il martın 26-da hərbi nazir Səməd bəy Mehmandarovun əmri ilə Baş qərargahın Baş idarəsi yaradıldı. Baş idarənin strukturunda isə 4 bölmədən ibarət general-kvartirmeyster idarəsi yaradılması nəzərdə tutulurdu. İdarəyə daxil olan 4 bölmədən biri kəşfiyyat və əks-kəşfıyyat bölməsi idi. ƏMT-na gəlincə, qurumun formalaşdırılması parlamentin "Müsavat" fraksiyasının üzvü Məmmədbağır bəy Şeyxzamanlıya həvalə edilmiş, onun müavini isə sonralar naməlum şəxslər tərəfindən qətlə yetirilmiş sosialist Mir Fəttah Musəvi təyin olunmuşdu. M.Şeyxzamanlı təşkilata həmin il avqustun 20-dək başçılıq etmiş, istefa verdikdən sonra yerinə qardaşı Nağı bəy Şeyxzamanlı təyin edilmişdi. 1919 il noyabrın 19-dan qurum başçısının müavini Mahmud bəy Səfikürdski idi.

Təşkilatın əməkdaşları arasında müxtəlif partiya və siyasi cərəyanların nümayəndələri var idi. Onun agentləri sırasında Lavrenti Beriya da olmuşdur. Təşkilatın arxiv sənədlərindən, ayrı-ayrı şəxslərə göndərilmiş məktublardan aydın olur ki, Bakıda Denikin ordusunun casusları ilə erməni-daşnak casusları sıx əlaqədə işləmiş, geniş casusluq şəbəkəsi yarada bilmişdilər. Denikin ordusunun Azərbaycana qarşı təxribatı ilə əlaqədar ƏMT-nin saxladığı və həbs etdiyi şəxslərin əksəriyyəti ermənilər idi.

ƏMT rəhbərinin müavini M.F.Musəvinin 1919-cu il avqustun 7-də tərtib etdiyi protokoldan aydın olur ki, onun həbsə aldığı Yevgeni Rojdestvenski soyadlı zabit ingilis komandanlığında Denikinin nümayəndəsi polkovnik Lazarevin yanmda işləyir, Azərbaycan ordusunun sayı və mövqeləri barədə məlumatlar toplayır. O, çoxlu erməni zabitlərinin də onlarla birlikdə işlədiyini bildirir. Denikinçilər Bakıda təbliğat aparmaq, təxribatlar törətmək üçün bütün vasitələrdən istifadə edirdilər. Onlar Bakıda yerləşən müxtəlif səhmdar cəmiyyətlərinin, firma və müəssisələrin köməyindən bəhrələnir, həmin təşkilatlarda öz agentlərini yerləşdirirdilər. 1919 il dekabrın 16-da M.Şeyxzamanlı Azərbaycandakı ingilis nümayəndəsi polkovnik Stoksa məktubla bildirirdi ki, Cənubi Rusiya Silahlı Qüvvələri Baş Komandanlığının təbliğat şöbəsi tərəfindən hazırlanmış intibahnamələrin mətni və qəzetlər olan zərflər Bakı şəhərində "Qafqaz və Merkuri", "Samolyot" cəmiyyətlərinə "işgüzar kağızlar" adı ilə göndərilirdi. Denikinçilərin və daşnakların Bakıda və Azərbaycanın digər bölgələrində törətdikləri təxribatlar haqqında arxiv sənədlərində xeyli məlumatlar toplanmışdır. Lakin təəssüflər olsun ki, gənc Azərbaycan Cümhuriyyəti Hökuməti, Denikin təhlükəsindən fərqli olaraq, bolşevik təhlükəsinə ciddi əhəmiyyət vermirdi. Buna görə də, Denikin təhlükəsi sovuşan kimi, 1920-ci ilin martında ƏMT ləğv olundu. Bu səhv addım idi. Aprel işğalı (1920) bunu sübut etdi.


Tarix: 09.01.2015 / 14:27 Müəllif: Feriska Baxılıb: 46 Bölmə: "Azərbaycan Demokratik Respublikası"