beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Türk ordusunun çəkilməsi

Bakıda olan türk hərbi birləşmələri şəhərin ətrafındakı münasib yerlərdə və sanki şəhəri mühasirəyə almış kimi yerləşmişdi. Bu vəziyyət, ingilisləri şübhələndirdi və türk hərbi birliklərinin geri çəkilməsinin nə üçün gecikdiyini soruşdular. "Yolların dağılması səbəbindən geri çəkilmə işlərinin mümkün olmadığı" cavabını aldılar. Alınan qərara görə, ilk olaraq 106-cı Qafqaz alayı 19 noyabr 1918-ci il tarixində birbaşa Qarsa getmək üçün Biləcəridən qatarla yola çıxacaqdı. 13-cü Qafqaz Alayı isə Puta stansiyasından qatarla Gəncə istiqamətində yola düşəcəkdi.

Bakıda bu hadisələr cərəyan edərkən, zabit, çavuş və sıravilərdən arzu edənlərin Azərbaycan ordusu sıralarında xidmətə keçməsi ilə əlaqədar Hərbiyə Nazirliyinin 27 oktyabr 1918-ci il tarixli qərarı, 23 noyabrda verilən yeni bir əmrlə ləğv edildi. 9-cu Ordu əmrinə görə, Şimali və Cənubi Qafqazdakı bütün zabit, çavuş və sıravilərin 30 dekabr 1918-ci il tarixinə qədər 9-cu Ordu sıralarına keçməyi tələb olunurdu. Əmrə tabe olmayanlar haqqında qanunla ölçü götürüləcəyi də bildirilirdi.

Bu əmrə görə 5-ci Qafqaz piyada diviziyası da Türkiyəyə qayıtmalı idi. Mürsəl paşa ingilis generalına göndərdiyi məktubda türk hərbi qüvvələrinin nəqlinə 19 noyabrdan etibarən başlanılacağını və 5-ci Qafqaz piyada diviziyası ilə 106-cı Qafqaz alayının 24 noyabr axşamüstü Biləcəri stansiyasından yola salınacağını bildirdi. Dağıstandakı birliklərin köçürülməsinə isə 21 noyabrda başlanılacağını və son eşelonun 26 noyabr 1918-ci il tarixində Biləcəridən keçəcəyini qeyd etdi.

Dağıstanda isə 15-ci piyada diviziyasının köçürülməsinə 21 noyabrda başlandı. Biçeraxov qüvvələrinin Mahaçqala yaxınlığından qaçarkən dağıtdığı Manas çayının üzərindən keçən körpü təmir edilərək, yalnız bir istiqamətdə qatar keçə biləcək bir vəziyyətə gətirildi. Türk hərbi birliklərini daşıyan son qatar 26 noyabrda Mahaçqaladan çıxdı. 15-ci piyada diviziyası qərargahı da elə həmin gün Dərbənddən tərpəndi. 15-ci piyada diviziyası komandanı (podpolkovnik) yarbay Süleyman İzzət bəy Mahaçqaladan Dərbənd istiqamətinə gedərkən, hansı hisslər keçirdiyini belə yazıya alıb:

"Qatarın çox yavaş hərəkət etməsinə rəğmən, Manas körpüsündən keçərkən çox yırğalanırdı. Qeyri-ixtiyari nəzərlərimi şərqə, Xəzər dənizinə doğru çevirdim. Tarki dağına baxa bilmirdim. Çünki Manas körpüsünün qərbinə düşən bu dağda, bir çox şəhid müharibə yoldaşım və bunların içində ən qəhrəman və fədakar bölük komandirlərimizdən Əziz, Səbri və Haqqı əfəndiləri qoyub gedirdim. Heç bir yaralının Temirxan Şura və Mahaçqala xəstəxanalarında qalmaması üçün lazımi əmrləri vermişdim. Bunlar üçün xüsusi bir qatar hazırlatmışdım. Buna baxmayaraq mənə elə gəlirdi ki, kimsə qalıb. Buna görə də son dərəcə mütəəssir idim".
Şimali Qafqaz Komandanı Yusif İzzət paşa, Bakıya gələrək ingilis işğal qüvvələri komandanı General Tomson ilə görüşmüdü. General Tomson "Türkiyənin imzaladığı sazişdən kənara çıxılmayacağını və eləcə də Şimali Qafqaz hökumətini tanımayacaqlarını, Dağıstandakı Osmanlı əsgər və zabitlərinin də bölgəni boşaltmasının tələb olunduğunu" söyləmişdi. Bakıdan Dərbəndə gedən Yusif İzzət paşa, əvvəlcə Şimali Qafqaz (Dağıstan) Respublikasının əmrində qalacaq zabit və əsgər heyətinin bölgəni boşaltmaq üçün Temirxan Şurada dərhal toplanmasını istədi. İstər Bakı, istərsə də Dağıstanda olan hərbi birliklərin çəkilməsi haqqında verilən əmrlər bir-birini təkzib edirdi, ortada bir anlaşılmazlıq yaranmışdı. Dağıstanda yaralı türk əsgərlərindən qalan olub-olmadığı, silah, sursat və mühümmat qalıb-qalmadığı dəqiq məlum deyildi. Bu çəkilmə nizami bir şəkildə deyil, sanki düşmən qabağından qaçırmış kimi çox sürətli və təlaş içində gerçəkləşirdi.

Yusif İzzət paşa Dərbənddə qalaraq Temirxan-Şuradan gələcək türk zabit və əsgər heyətini gözləyirdi. 15-ci piyada diviziyası komandanı Süleyman İzzət bəy qəhrəman Mehmetçiyin Dərbənddən çıxmağını belə təsvir edir:

"Hərəkətdən əvvəl musiqiçilərimiz vida havaları çalırdı. Dərbəndin isti qanlı insanları heyətimizlə qucaqlaşaraq, dostcasına vidalaşırdılar. Qatar yerindən tərpənəndə stansiyadakı camaat ağlayaraq, dəsmal yelləyərək bizi yola salırdılar. Stansiyadan çıxanda hamımızda bir hüzn var idi. Təxminən bir ay əvvəl Dərbəndə hücum edərkən düşmənin zirehli qatarından açılan ani atəş nəticəsində burada 56-cı alayın 1-ci batalyonundan 25 nəfər şəhid vermişdik. Ertəsi gün mühasirə ilə Şimali Qafqazın qapısı olan bu türk qəsəbəsini ələ keçirmişdik və cümə namazını qədim məsciddə xalq ilə birlikdə qılmışdıq. Şimali Qafqaz Respublikasının istiqlalını, düşmənin güclü hücumunu geri oturdarkən, burada elan etmişdik. Bunları düşünərək mütəəssir və pərişan bir halda Xaçmaza daxil olduq. Burada camaatla birlikdə bizi qarşılayan azərbaycanlılardan bir minbaşı, ağlayaraq bunları söylədi: "Sizlər buralara qədər gəldiniz. Bizə yardım edərək bizi Dövlət sahibi etdiniz. İndi bizləri qoyub gedirsiniz. Ancaq kimlərin ümidinə qoyub gedirsiniz?" Ona münasib sözlərlə təsəlli verdim".
15-ci piyada diviziyası komandanı və qərargahını aparan qatar, 29 noyabr 1918-ci ildə Biləcəri stansiyasına çatdı. Qəhrəmancasına döyüşdüyü və heyətindən bir çoxunu şəhid verdiyi ərazilərdən, yüksəkliklər və dərələr arasından keçərək, həzin duyğular içində Gəncəyə getdi. Gəncə Bələdiyyə sədri Həsən bəy, komandanlar Gəncədəykən Nuru paşa, Mürsəl paşa və Süleyman İzzət bəy ilə şəhər rəhbərlərinin də iştirak etdiyi bir vida yeməyi vermişdi. Nuru paşa qoltuq ağacı ilə yeriyən Süleyman İzzət bəyi təqdim edərkən, Bakının qurtuluşu üçün böyük fədakarlıqla döyüşən 38 və 56-cı alayların tabe olduğu 15-ci piyada diviziyasının komandiri olduğunu və daha sonra da Dağıstan və Mahaçqalanı fəth etdiyini bildirdi. Süleyman İzzət bəy də öz qısa nitqində bunları söylədi:

"Yollarda gələrkən heç bir şəhid məzarı görmədim. Bu şəhidlərimizi toplayın və münasib bir yerdə dəfn edin. Bu şəhidlər içində, heç olmazsa zabitlərimizin adlarını və şəkillərini hərbi hissələrdən istəyin. Məmləkətinizin istiqlalı uğrunda bu qəhrəman silah yoldaşlarımızı gələcək tarixinizə yazın. Bunu, xüsusilə, Bələdiyyə sədrindən rica edirəm, dedim. Möhtərəm sədr bunun mütləq ediləcəyini vəd etdi".
Azərbaycan torpaqlarında son türk hərbi birliyi olan 15-ci piyada diviziyası komandanı və qərargahı 30 noyabr 1918-ci il tarixində Gəncədən Tiflisə yola düşdü. İstər Gəncədə, istərsə də Azərbaycanın son dayanacağı olan Ağstafa stansiyasında böyük bir izdiham var idi. Ortada heç bir məsul şəxs olmadığı üçün, sərhədin digər tərəfindəki gürcülər də türk əsgərinə böyük çətinliklər yaradırdılar.

Hərbi birliklər, Gəncə və Ağstafa stansiyalarında gedəcəkləri istiqamətə görə qruplaşdırılmışdılar. 5-ci Qafqaz piyada diviziyası Sivasda, 15-ci piyada diviziyası isə Samsunda xidmət edəcəkdi. Azərbaycan və Dağıstanı düşmən işğalından qurtaran və məğlub olmayan qəhrəman 5-ci Qafqaz və 15-ci piyada diviziyaları Batumda ingilislərin təzyiqi ilə qarılaşdılar. Çünki Batum, ingilislər tərəfindən işğal edilmişdi. 17-18 dekabr 1918-ci il tarixində iki İngilis döyüş gəmisi gəldi. 19 dekabrda Batum limanını nəzarətə götürdülər. 24 dekabrda da şəhərə hərbi vali təyin etdilər. Bütün idarə onun nəzarəti altında olmaq şərti ilə, müxtəlif millətlərdən ibarət bir heyət təşkil etdirərək, 27 dekabrda hakimiyyəti ələ aldılar.[265][266] Müqavilə şərtlərinə uyğun olaraq, türk əsgərinin yüngül və ağır silahları müsadirə edildi, ərzaq, heyvan və digər imkanları müsadirə olundu.


Tarix: 09.01.2015 / 13:44 Müəllif: Feriska Baxılıb: 166 Bölmə: "Azərbaycan Demokratik Respublikası"