beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mahaçqalanın fəthi

İki gün davam edən qanlı müharibələrdə, cəbhədəki ərazi çox narahat idi. Ətrafda sıx kolluqlar ilə çox dik və sərt qayalıqlar vardı. Dayanmadan yağan yağışdan sonra ərazi sürüşkən və palçıqlı idi. Əsgərlər ümumiyyətlə yolu olmayan ərazini dırmanmaq, tullanmaq, sürünməklə keçib irəliləyə bilirdilər. Ağaclı-Tarki arasındakı cığırlar isə heyvanların keçməsi üçün belə əlverişli deyildi. Buna görə də bütün sursat (cəbbəxana) yalnız döyüşən əsgərlər vasitəsilə daşına bilirdi. Yaralanan Mehmetçik isə yenə də silah yoldaşlarının kürəyində daşınıb səhiyyə bölüklərinə çatdırılırdı. Mehmetçiyin üç gün boyunca gözünə yuxu getməmişdi, bu müddət ərzində Tarki dağı ətrafında düşmənə qarşı güclü həmlə etmiş, bəzən geri çəkilmiş, bəzən də qanlı döyüşlərə girmişdi. Ərazinin dik olması ilə yanaşı, duman, rütubət və yağış da əsgərləri yormuşdu.

Biçeraxova tabe əsgərlərdən canını qurtara bilənlər, Mahaçqalanın şimalındakı Həştərxana qaçdılar. Mahaçqaladan 10 nəfərlik mülki heyət, 8 noyabrda şəhərin kənar məhəllələrinə qədər yaxınlaşmış olan 38-ci piyada alayı komandanının yanına gəldi. Heyətin tərkibində iki din alimi, dəmir yolu rəisi və Mahaçqala liman rəisi də var idi. Heyət, Biçeraxovun qüvvələrinin Mahaçqalanı tamamilə tərk etdiyini, xalqın küçə və evlərdə qarətə başladığını bildirərək, sabitlik yaranması üçün türk əsgərinin şəhərə girməsini rica etdilər. Kəşfiyyatlar nəticəsində səngərlərdə və topçu mövqelərində heç kimin olmadığı aydınlaşdı. Düşmənin yerdə qalan hissəsinin silahlarını götürüb gəmilərlə şəhərdən qaçmağa çalışdığı xəbəri gəldi. Bu əsnada Mahaçqaladan əllərində ağ bayraq bir qrup mülki şəxsin türk əsgərlərinə doğru gəldiyi müşahidə edildi.

Türk ordusunun bütün çətinliklərə sinə gərərək, soyuq və aclığa baxmadan, qan tökərək Şimali Qafqaza qədər gedən zabit və sıravilərinin Mudros barışığının imzalanmış olması səbəbindən Mahaçqalaya, yəni İnciqalaya girməməsi, böyük bir üzüntüyə yol açmışdı. Məhmetçik soyuq və açıq havada, yemək sarıdan korluq çəkərək, narahat bir halda Tarki dağında və Mahaçqalanın yan-yörəsində gözləyirdi.

Mahaçqalanın düşmən birliklərindən tamamilə boşaldığına dair xəbər gəldikdən sonra 8 noyabr 1918-ci il saat 14.00-da 15-ci piyada diviziyasının bütün qüvvələri, 38-ci piyada alayı komandanı polkovnik Səlim bəyin komandası altında şəhərə girdi. 56-cı piyada alayının 2-ci batalyonuna şəhərdə asayişi təmin etmək həvalə olundu. Mahaçqala Yerli komandanlığına da 107-ci alay komandanı albay Fəzli bəy gətirildi. Şəhər tezliklə nəzarət altına alındı. Mahaçqalanın bütün meydan və küçələri türk və Şimali Qafqaz Respublikası bayraqları ilə bəzədildi.

15-ci piyada diviziyası komandanı yarbay Süleyman İzzət bəy şəhərin təslim olmasını belə təsvir edir:

"Günortadan sonra saat 2-də (14.00) əmr olunan sıra ilə Petrovsk (Mahaçqala) istiqamətində hərəkət başladı. Bu vaxt 38-ci alay komandanına səhər-səhər müraciət edən heyət məni ziyarət etməyə gəldi. Bunlar ikisi din alimi, biri dəmir yolu mühəndisi, biri Petrovsk liman rəisi olmaqla on nəfərdən ibarət idi. Adları belə idi: Əhmədxan İbrahimbəyov, mühəndis Martinovski, mühəndis Seridinski, keşiş Ramzadze, qazı Adilhan Hadis Hacı, musəvi Sicsim, iranlı Hacı Ağabəy, Əzmüddin bəy Alıkbaçev, Mirzə Hüseyin. Bu heyəti yaralı halda yatdığım Ağaçağıl kəndinin kənarında və iki otaqdan ibarət kiçik bir kənd evində qəbul etdim. Təşəkkür etdim və yanlarına bir zabit qoşaraq, 38-ci alay komandanı Səlim bəyin yanına göndərdim. Yürüş cinahının başında albay Səlim bəy ilə bərabər şəhərə girdilər".
15-ci piyada diviziyası komandanı Süleyman İzzət bəy Dağıstan müharibələrində hər zaman əsgərlərinin başında və ən ön sıradakı döyüşlərdə olmuşdu. Komandirin Mehmetçiyin başında və bəzən də ön sıralardakı hücumlarda görünməsi, dağılma və ya pozulma halında ani qərar qəbul edərək birlikləri bir yerə yığması və yenidən hücumun davam etdirilməsini təmin etməsi təqdirəlayiqdir. Necə ki, Süleyman İzzət bəy 6 noyabr müharibələrində ayağından yaralanmasına baxmayaraq, əlində silahı ilə düşmənə qarşı vuruşmuşdu. Mahaçqala fatehi Süleyman İzzət bəy qoltuq ağacları ilə 9 noyabrda saat 10.00-da Mahaçqalaya daxil oldu.61 15-ci piyada diviziyasından bəzi hərbi birliklər, 10 noyabrda Mahaçqaladan Tarki, Atlıboyun, Qumtərqala kimi əhəmiyyətli bölgələrə göndərilərək, bu ətrafda nəzarəti təmin etdilər.

Yarbay Süleyman İzzət bəyə baş çəkmək üçün tezliklə Şimali Qafqaz Respublikasının prezidenti Əbdülməcid Çermiyev və ġimali Qafqaz Komandanı Yusif İzzət paşa, mülki və hərbi heyət gəldilər. Milli Komitə rəisi Danyal bəy, Süleyman İzzət bəyə xitabən: "Siz respublikamızın qurulması üçün bizə böyük xidmətlər göstərmisiniz. Cəsarət və şücaətinizi hər yerdə sübut etdiniz. Ən nəhayət, Tarki dağındakı döyüşlərdə yaralandınız və bizə İnciqalanı (Mahaçqala/Petrovsk) bağışladınız. Sizi heç vaxt unutmayacağıq. Milli Komitə tərəfindən bu qılıncı Sizə hədiyyə edirəm" – dedi. Bu, gümüş naxışlı və qızıl suyuna çəkilmiş gözəl bir qılınc idi. Yusif İzzət paşa da Süleyman bəyin boynuna Qılınclı Üçüncü Osmani nişanı və döşünə də qızıl şərəf medalı taxdı.

Şimali Qafqaz Komandanı Yusif İzzət paşa, 15-ci piyada diviziyası Komandanı Süleyman İzzət bəyi ziyarətə getdiyi vaxtda, Osmanlı Dövlətinin İngiltərə ilə barışıq elan etdiyini və bir ingilis flotunun Qara dənizə açıldığını söylədi. Sülh şərtlərinə görə, Brest-Litovsk müqaviləsi hökmlərinin xaricində qalan işğal edilmiş bölgələrdəki, yəni Qafqazdakı hərbi qüvvələrin çəkiləcəyini bildirdi. Könüllü olaraq və üç illik kontrakt imzalanması şərti ilə bəzi zabitlərin Qafqazda qalmasına hökumətin icazə verdiyini, bu zabitlərin ailələrinin Dağıstana köçürülməsi üçün bəzi təşkilati işlər aparılacağını bildirərək, Süleyman İzzət bəydən də Mahaçqalada qalmağı xahiş etdi. Süleyman İzzət bəy də tabeliyindəki 15-ci piyada diviziyasında xidmət edən zabit və əsgər heyətini Dağıstanda qalmağa təşviq edəcəyini, ancaq özünün vətənə dönəcəyini bildirdi.

Mahaçqalanın ələ keçirilməsi üçün 5-6 noyabr döyüşlərində 5 zabit şəhid olmuş, 10 zabit isə yaralanmışdı. Sıravi əsgər tələfatı isə 11 şəhid və 318 yaralı şəklindəydi. Dağıstan hərəkatının davam etdiyi bir ay müddətində 15-ci piyada diviziyasından 192 şəhid, 362 yaralı və 20 nəfər itkin olmaqla, cəmi 574 tələfat verilmişdi.


Tarix: 09.01.2015 / 13:41 Müəllif: Feriska Baxılıb: 126 Bölmə: "Azərbaycan Demokratik Respublikası"