beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Türk ordusunun Mahaçqala üzərinə yürüşü

Komandanların verdiyi qərara görə 15-ci piyada diviziyası, Mahaçqala üzərinə yeriyərək Dağıstanı işğalçılardan azad edəcəkdi. Şimali Qafqaz Respublikası Prezidenti Çermiyev, rus kazakı polkovnik Biçeraxova 13 oktyabr 1918-ci il tarixində bir ultimatum verərək, Dərbənd və Mahaçqala arasındakı ərazinin Şimali Qafqaz Respublikasının ərazisi olduğunu bildirdi və Dağıstanı boşaltması üçün 20 oktyabra qədər vaxt verdi. Biçeraxov isə 16 oktyabrda göndərdiyi cavabda qafqazlı və rus kazakı olduğunu bildirərək, onu məmləkətindən heç kəsin qova bilməyəcəyini və Dağıstanı da Rusiyanın bir parçası olaraq gördüyünü bildirdi. Biçeraxov məktubda bunları yazmışdı:

"Bu torpaqlar Rusiyanındır. Tabeliyimdəki əsgər isə böyük Rus Ordusunun bir parçasıdır. Dağıstandan çıxmayacağam. Ancaq siz, özünüzün kim olduğunuzu bilmirsiniz. Şimali Qafqaza sahiblik iddia edərkən, Brest-Litovsk müqaviləsini, türklərin də sizinlə birlikdə döyüşdüyünü xatırlamırsınız. Türklərin öz ölkələrinə xeyri olmadıqdan sonra, sizə heç bir faydası olmaz. Xəbəriniz yoxdurmu ki, ingilis topları Çanaqqala yaxınlığında gurlayır. Fələstin və Suriya tamamilə işğal edilib. İki həftəyə qədər türklərin buradan tamamilə çəkiləcəyi mütləqdir. O zaman tək qalacaqsınız və bir şey etməyə qüdrətiniz çatmayacaqdır. Mən sizin bir yaxınınız və sizin yaxşılığınız üçün çalışan bir adam kimi, sizə təklif edirəm ki, gəlin danışaq. Sizin və bizim üçün ən yaxşı olan məsələləri müzakirə edək. Ondan sonra istədiyinizi edə bilərsiniz. Bu məktubuma 18 oktyabr tarixinə qədər cavab istəyirəm. Əgər cavab almasam, yazdıqlarımın nəzərə alınmadığını hesab edərək, Dərbəndin qurtarılması üçün hərəkət edəcəyəm. Dərbənddə nə qədər əsgər olduğunu və nə işlə məşğul olduqlarını da lap əla bilirəm".
Türk qüvvələri Biçeraxova verilən vaxtın bitməsinə qədər hərbi əməliyyata başlamadı. Türk hərbi birlikləri, vaxtın tamam olması günündən etibarən, 20 oktyabrda səhərə yaxın, üç qrup halında hücuma keçdi. 15-ci piyada diviziyası, yarbay Süleyman İzzət bəyin komandası altında mühasirə qrupu kimi hərəkət edəcəkdi. Sərəncamında, 38-ci və 56-cı alaylardan iki batalyon, 107-ci alaydan 1-ci batalyon və 42-ci süvari bölüyü ilə 8 topdan ibarət bir topçu batareyası var idi. Cəbhədən irəliləyəcək qrupda isə podpolkovnik Fazil bəyin komandası altında 107-ci alaydan 2-ci və 3-cü batalyon, 13-cü alaydan 46-cı batalyon ilə 5 topdan ibarət bir topçu batareyası və bir zirehli qatar var idi. Dərbənd Qrupunda isə komandir yarbay Saadəddin bəyin sərəncamında bir milis batalyonu ilə bir top vardı. Bu qrupun vəzifəsi, Dərbəndə dənizdən edilə biləcək hər hansı müdaxilənin qarşısını almaq idi. Düşmən qüvvələrinin bir qismi Caməkənddə, bir qismi isə Xanməhəmmədqalada müdafiə xətti qurmuşdu. Xəzər dənizində Ağni açıqlıqlarında isə ruslara aid "Qars" və "Ərdahan" adlı döyüş gəmiləri dayanmışdı.

Şimali Qafqaz Komandanı Yusif İzzət paşa, 20 oktyabr 1918-ci il saat 07.45-də hücum əmri verdi. Süleyman İzzət bəy, o gecə diviziyaya göndərdiyi əmrdə, hücumun detallarını bildirdi. Hücum payızın gəlməsi ilə əlaqədar çox soyuq və yağışlı bir gündə başladı. Yusif İzzət paşa, Cəbhə Qrupu ilə birlikdə hərəkət edirdi. Şimali Qafqaz Komandanlığı Qərargah rəisi yarbay İsmayıl Haqqı bəy isə 107-ci alay komandiri vəzifəsini icra edirdi. Hərbi birliklər dağlıq və meşəlik ərazidə çətinliklə irəliləyə bilirdi. 24 oktyabr axşamına qədər davam edən hərəkatda, Türk hərbi birlikləri Biçeraxov qüvvələrini geri oturda bilmişdi. Rus kazakı polkovnikinin bir çox hücumları uğursuzluqla nəticələndi. Belə olduqda Biçeraxov əsl qüvvələrini Mahaçqalaya çəkdi və bölgədəki yüksək dağlarda müdafiə xətləri qurmağa başladı. 25 oktyabr gününü dincələrək başa vuran türk hərbi birlikləri, 26 oktyabrda yenidən hərəkətə başladı. Manas çayına qədər irəliləyərək, müqavimət göstərməyə çalışan Biçeraxov qüvvələrini buradan da geriyə oturdu. Tarki dağı və Mahaçqala yaxınlığına qədər irəliləyən türk hərbi birlikləri o günə qədər Biçeraxovun əsl qüvvələri ilə heç döyüşməmişdi. Süleyman İzzət bəy 27 oktyabrda Tarki dağında müqavimət xətti quran Biçeraxov qüvvələrini cənub və qərb istiqamətində tamamilə mühasirəyə aldı.

Polkovnik Biçeraxovun Mahaçqalada 4-5 minə qədər bir hərbi qüvvəsi dururdu. Türk hərbi qüvvələrinin Dağıstandan çəkilməsindən sonra, Şimali Qafqaz Respublikasının tabeliyində olan və elə də böyük hərbi gücü olmayan milis qüvvələri ilə ruslara qarşı çıxmaq mümkün deyildi. Buna görə də, Biçeraxova bağlı qüvvələrin tamamilə məhv edilməsi və Mahaçqalanın işğaldan qurtarılması vacib idi.

Tarki-Atlıboyun xəttinə qədər irəliləyən 15-ci Piyada Diviziyası, 4 noyabra qədər mühasirə vəziyyətini qorudu. Aparılan kəşfiyyat nəticəsində üç cərgə tikanlı məftillər və güclü istehkamlarla şəhərin müdafiəyə hazırlaşdığı, toplar, zirehli qatar və dənizdəki döyüş gəmiləri ilə müdafiənin möhkəmləndiriləcəyi məlum oldu. 5 noyabra Mahaçqala üzərinə planlaşdırılan hücumda 15-ci piyada diviziyasından 1.700 döyüşçü iştirak edəcəkdi. Milis diviziyasından isə iştirakçıların sayı 2.000 olacaqdı. Hücumun bütün ağırlığını üzərinə götürəcək 38-ci və 56-cı alayların əsgərlərinin ümumi sayı isə 1.067 nəfər idi. Türk piyadasını 40 pulemyot və 13 top müşayiət edəcəkdi. Süleyman İzzət bəy dənizdəki gəmilərə qarşı istifadə etmək üçün Nuru paşadan Bakıda olan 10,5 mm-lik dağ qaubitsa batareyasını istəmişdi. Bu batareya isə vaxtında çatmadı və ancaq 6 noyabrda cəbhədəki yerini tuta bildi.

Türk hərbi birlikləri 5 noyabrda səhərə yaxın hücuma keçdilər. Düşmən qüvvələri Tarki dağını müdafiə etməyə çalışırdılar. Təpə və yarğanlardan aşağıya doğru sərbəst atəş açırdılar. Bir ara uzun mənzilli top atəşinə məruz qalan 107-ci alaya aid bəzi birliklər tamamilə dağılmışdı. Cəbhənin ən ön cərgəsində döyüşlərə qoşulan yarbay Süleyman İzzət bəy bu alayın əsgərlərini çətinliklə də olsa, bir yerə toplaya bildi. Yenidən nizama salaraq Biçeraxov qüvvələrinə qarşı hücuma keçirdi və düşmənin tamamilə geri oturdulmasını təmin etdi. Hədəfdəki Tarki dağının 2362 və 1579 m yüksəklikdəki təpələri qanlı döyüşlərdən sonra ələ keçirilə bildi. İki gün davam edən qanlı döyüşlər çox ağır şəraitdə və dondurucu soyuqlar altında cərəyan etmişdi. Başda Süleyman İzzət bəy olmaqla, zabit və əsgərlərin bir çoxu malyariyaya tutulmuşdu. Yüksək hərarət və malyariya ağrıları altında qəhrəmanlıqla vuruşurdular.

6 noyabr 1918-ci ildə səhərin erkən saatlarında bütün istiqamətlərdən başlayan hücumda, axşam saatlarına doğru Biçeraxov qüvvələri böyük tələfat verərək geri çəkilməli oldular. Mahaçqala istiqamətində qaçan düşmən, ciddi təqib altındaydı.

Süleyman İzzət bəy də bu müharibədə yaralanmışdı. Artıq dağınıq halda qaçan Biçeraxov qüvvələrinin məhv edilməsi və Mahaçqalanın ələ keçirilməsi asanlaşmışdı. Çox ağır şərtlərlə cərəyan edən Tarki dağı döyüşü qələbə ilə başa çatmışdı. 6 noyabr müharibəsi bir aya qədər davam edən qanlı döyüşlərin sonuncusu oldu. Çünki 6 noyabr 1918-ci il tarixində saat 14.00-da bir ingilis və bir fransız zabit Yusif İzzət paşanın qərargahına gələrək, Osmanlı Dövlətinin Antanta dövlətləri ilə sülh razılığına gəldiyini bildirdilər və hərbi hərəkatın dayandırılmasının lazım gələcəyini ifadə etdilər. Yusif İzzət paşa isə gecə saat 21.00-da hərbi hərəkatın dayandırılmasını bildirərək, hərbi birliklərin olduğu yeri mühafizə etməsini istədi.


Tarix: 09.01.2015 / 13:40 Müəllif: Feriska Baxılıb: 91 Bölmə: "Azərbaycan Demokratik Respublikası"