beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dərbəndin azad edilməsi

Qafqaz İslam Ordusu Komandanı Nuru paşa Dağıstanın ələ keçirilməsi üçün 15-ci piyada diviziyası komandanı yarbay Süleyman İzzət bəyə 20 sentyabr 1918-ci il tarixində bir əmr göndərdi. Süleyman İzzət, böyük hərbdə 15-ci piyada tüməninin Azərbaycan və Şimali Qafqazdakı hərəkat və döyüşləri, s. 61 Qafqaz İslam Ordusunun Şimali Qafqazdakı hərbi hərəkat planı belə idi: Dağıstan hərbi hərəkatı ilə təlimatlandırılan 15-ci piyada diviziyası sürətlə Xaçmaz istiqamətində hərəkət edəcək və Dərbənd qısa bir müddətdə ələ keçiriləcəkdi. Hərbi birliklər şəhərin 5 kilometrliyinə qədər irəliləyəcək və burada mövqe tutacaqdı. Əldə edilən mövqe, bəzi hərbi qüvvələrlə gücləndiriləcək 107-ci Qafqaz alayından ibarət Dərbənd dəstəsinə təhvil verildikdən sonra 15-ci piyada diviziyası geri çəkiləcəkdi. Xaçmaz dəstəsi də 15-ci piyada diviziyasının tabeliyinə veriləcəkdi. Lazımi hazırlıqlar başa çatdıqdan sonra, 15-ci piyada diviziyasının bəzi hissələri 1 oktyabrda Biləcəri stansiyasından Dağıstana getmək üçün qatarlara mindirildilər. Əvvəlcə 15-ci piyada diviziyasına tabe olan 56-cı alay yola çıxdı, 36-cı alay isə daha sonra hərəkət edəcəkdi. Quba və Xaçmaz bölgəsini düşmən işğalından qurtaran minbaşı Səbri bəyin komandası altında olan Xaçmaz dəstəsi də diviziyanın toplaşma yeri olan Xaçmazda türk hərbi birliklərinə qoşulmağa başladı. 38-ci piyada alayının əsas döyüşkən heyətindən bir bölüyün Bakıda saxlanılması əmr edildi. Buna görə də müharibə gücü bir xeyli zəifləmişdi və Xaçmaz bölgəsindəki qüvvələrlə gücləndirilməsi planlaşdırılırdı.

Süleyman İzzət, böyük hərbdə 15-ci piyada tüməninin Azərbaycan və Şimali Qafqazdakı hərəkat və döyüşləri, s. 68 15-ci piyada diviziyasına daha sonra iki zirehli qatar veriləcəkdi. Bu hərbi hərəkatın davam etdiyi əsnada, 15-ci piyada diviziyasının İstanbula göndərilməsi məsələsi ortaya çıxdı. Bu səbəbdən 38-ci piyada alayının Dağıstan hərəkatında iştirak etməli olan heyəti yola çıxmaq üçün Bakıda qatar gözlədiyi halda, Nuru paşa təftişlər apardığı Ağdamdan Xaçmaza getmək üçün Bakıya gəldi.

15-ci piyada diviziyası və Dağıstan hərəkatında iştirak edəcək hərbi qüvvələrin qərargahları 2 oktyabrda Xaçmaza çatdı və bölgədəki komandirlər vəziyyətlə əlaqədar məsləhətləşmə keçirdilər. Öncül qüvvələr də Fərhadkənd və Orucabad xəttinə yerləşdirildi.[211] Nuru paşa Dağıstan hərəkatını izləmək və hazırlıqları yaxından görmək üçün, 4 oktyabrda qatarla Xaçmaza getdi. Buradan maşınla Qubaya keçdi. Yollarda maşını saxlatdıran türklər Nuru paşanı duz-çörəklə qarşıladılar. Xalqın böyük məhəbbəti ab-havasında Xaçmaza daxil olan Nuru paşa burada yaşayan türklərlə apardığı danışıqlarda vətənlərinə sahib çıxmalarını, bunun üçün də övladlarını əsgər göndərmələrini istədi.

Türk ordusunun Dərbəndə yürüş etməyə hazırlaşdığından xəbər tutan Biçeraxov, Mahaçqaladan 300 nəfərlik bir birliyi Dərbəndə gətirdi. Buradakı mövqelərini möhkəmlətdikdən sonra, müdafiəni gücləndirmək istəyirdi. Hərbi hərəkatın bir az da gecikdirilməsi halında, düşmənin daha da güclənəcəyini düşünən komandirlər 38-ci piyada alayının da cəbhə xəttinə çatmasını gözləmədən, 56-cı piyada alayının Dərbənd istiqamətində hərəkətə gəlməsini qərarlaşdırdılar. Beləliklə, Dağıstanın düşmən işğalından qurtarılması üçün gözlənilən hərbi müdaxilə 5 oktyabrda başladı.[213] 56-cı piyada alayı, cəbhəyə yenicə çatan 38-ci alayın qabaqcıl hissələri ilə birlikdə, Dərbəndin bağlarını keçdikdən sonra, stansiya ətrafında pusqu quran Biçeraxov qüvvələri ilə qarşılaşdı. Qanlı döyüşlərdən sonra Stansiyadan çıxarılan Biçeraxov qüvvələri axşama doğru Dərbənd qalası ilə Qala Dəyirmanı bölgəsindən də uzaqlaşdırıldı. Havanın qaralmaq üzrə olduğunu görən komandirlər əsgər itkisi verməmək üçün hərəkata ara verdilər.[214] Ertəsi gün, türk silahlı qüvvələrinin kəskin hücumu qarşısında tab gətirməyən düşmən, dağınıq halda şəhərə yayıldı. 56-cı piyada alayı 6 oktyabr saat 10.45-də şəhərə girərək Dərbəndi tamamilə nəzarətə götürdü.

15-ci piyada diviziyası Qərargah rəisi yarbay (podpolkovnik) Süleyman İzzət bəy günortaya doğru qərargahı ilə birlikdə Dərbəndə daxil oldu. Süleyman İzzət bəy Dərbəndi zəbt etmələrini belə təsvir edir:

"Günorta firqə qərargahı ilə şəhərə girdim. Əvvəlcə verdiyim əmrə əsasən şəhərdə asayişə cavabdeh zabit və sıravi heyətinin işinə başçılıq etdim və bələdiyyə rəisi Müslüm İsrafilovu hökumət rəisi təyin elədim."
— Süleyman İzzət, böyük hərbdə 15-ci piyada tüməninin Azərbaycan və Şimali Qafqazdakı hərəkat və döyüşləri, s. 84
Dərbəndin əsas küçə və meydanlarına Türk bayrağı asıldı. Bakının düşmən işğalından qurtarmasında yaxşı nəticələr göstərmiş 56-cı alay, Dərbənddə də buna oxşar fəaliyyəti ilə fərqlənmişdi. 38-ci alay isə şəhərə qərb istiqamətindən girmişdi. Düşmənin ən azı 800 piyadası, səkkiz pulemyotu və bir zirehli qatarı vardı. Xəzər dənizində rus çar ordusundan qalma Ərdəhan və Qars adlı döyüş gəmiləri isə açdıqları top atəşi ilə döyüşlərə yardım edirdilər. Düşmən əsgər və silah baxımından da 56-cı alaydan üstün idi. Dərbəndi ələ keçirən 56-cı piyada alayının döyüşkən tərkibi 679 əsgərdən ibarət idi. 12 pulemyotu, 12 də topu vardı. Dərbənddə düşməndən birinin arxa qapağı çıxarılmış üç top ilə dörd pulemyot ələ keçirilmişdi. 15-ci piyada diviziyası Bakıdan 210 kilometr şimalda yerləşən Dərbəndə qədər irəliləmiş və cəmi beş gün ərzində bölgəni nəzarət altına almışdı.

Polkovnik Biçeraxov Dərbəndi müdafiə edən qüvvələrin komandiri polkovnik Bertrandı bacarıqsızlıqda günahlandırıb vəzifədən kənarlaşdırdı və həbs etdirdi. Biçeraxov qüvvələri 6-7 oktyabr gecəsində bir zirehli qatarla 15-ci piyada diviziyasına qarşı cəbhəni yarmağa təşəbbüs göstərdi. Ancaq türk hərbi birlikləri tərəfindən geri oturduldu. Qatardan açılmış bir vaqonda, sursatla birgə bir pulemyot və birinin arxa qapağı çıxarılmış iki top ələ keçirildi. Gecə baş verən bu hadisədən sonra yenə 7 oktyabrda səhər saatlarında 8 pulemyot və 4 top ilə müşayiət olunan 880-ə qədər düşmən piyadası 56-cı piyada alayına qarşı hücum təşkil etdi. Bu hücum da geri oturduldu. Dərbəndin şərqindəki dağlıq və meşəlik sahəyə çəkilən Biçeraxov qüvvələri ilə 9 oktyabrda da qanlı döyüşlər oldu. Rus birlikləri 12 və 13 oktyabrda da hücum manevrləri etdilər, ancaq hər dəfə də məğlub olaraq ağır itkilərlə geri çəkilmək məcburiyyətində qaldılar.


Tarix: 09.01.2015 / 13:33 Müəllif: Feriska Baxılıb: 154 Bölmə: "Azərbaycan Demokratik Respublikası"