beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çar tərəfdarlarının Dağıstanı işğal etməsi

Şimali Qafqaz Respublikasının yeni təşəkkül etməyə çalışan orqanlarını aradan qaldırmaq üçün Dağıstandakı bolşeviklər bir yandan, çar tərəfdarı rus kazakları da digər yandan hücuma keçmişdilər. Bakı yaxınlığında qüvvələrinin bir çoxunu itirən Biçeraxov, Dərbənd və Mahaçqalanı işğal etmək üçün fəaliyyətə başladı. Kifayət qədər hərbi qüvvəsi olmayan Şimali Qafqaz Respublikası, şimalda qırmızı bolşeviklər, cənubda isə Biçeraxovun ordusunun arasında sıxılıb qalmışdı.[200]

Biçeraxovun əsas məqsədi Dağıstana girmək və bölgəni nəzarət altına almaq idi. Sərəncamında yaxşı təlim görmüş 2 min əsgər və 18 top ilə 40 pulemyot vardı. Dərbəndə girərkən xalqa müraciətində özünün çar tərəfdarı və bolşeviklərə düşmən olduğunu bildirərək, Dağıstanı qurtardıqdan sonra əsl sahiblərinə təhvil verəcəyini və Bakıya gedəcəyini bildirmişdi. Polkovnik Biçeraxov tabeliyindəki qüvvələrlə 15 avqustda Dərbəndi işğal etdi. Yaydığı bəyanatda isə əsl niyyətini ortaya qoyan Biçeraxov, Qafqazda yaşayan türklərin Rusiyaya xəyanət etdiyini, Osmanlı ordusuna güvənənlərin ağır şəkildə cəzalandırılacağını, yalnız ona itaət etdikləri halda Rusiyaya və çara etdikləri bu xəyanəti bağışlayacağını elan etdi.[201]

Biçeraxov Dərbənddə kifayət qədər qüvvə qoyaraq, daha şimalda yerləşən Mahaçqala üzərinə yeridi. Müdafiə qüvvəsi olmayan şəhəri asanlıqla işğal etdi. Mahaçqaladan sonra Timirxan-Şuranı da ələ keçirən Biçeraxov qüvvələrinin sayı Bakıdan qaçan erməni və ruslar da daxil olmaqla 6 mini keçmişdi.[202]

Osmanlı Dövləti tərəfindən müstəqilliyi tanınan və bir Türk dövləti olan Şimali Qafqaz Respublikasının mövcudluğunu davam etdirə bilməsi üçün Dağıstanın müxtəlif bölgələrini işğal etmiş bolşeviklərin və Biçeraxov qüvvələrinin ölkədən çıxarılması lazım idi. Azərbaycanda olan 15-ci piyada diviziyası və dağıstanlı milislərdən ibarət Cənubi Qafqaz Ordusu quruldu. Ordu komandanlığına da əvvəllər Çanaqqala Qrupuna komandanlıq etmiş Mirliva Yusif İzzət paşa gətirildi. Yusif İzzət paşa Ordu Komandanlığı ilə yanaşı, həm də Şimali Qafqaz Respublikası nəzdində Osmanlı Dövlətinin siyasi və hərbi təmsilçisi idi. Şimali Qafqaz Ordusu Qərargah rəisliyinə də yarbay (podpolkovnik) İsmayıl Haqqı bəy (Berkok) gətirildi.[203]

Ordu Komandanı Yusuf İzzət paşa 29 avqust 1918-ci il tarixində İstanbuldan Batuma getdi. Bakının işğaldan təmizlənməsi əməliyyatlarına qoşulan Şərq Orduları Qrupu Komandanı Xəlil paşa, Batumda olan Yusif İzzət bəyə xəbər göndərərək, Gürcüstandakı Almaniya Hərbi Təmsilçisinin bəzi tələblərlə çıxış etdiyini bildirdi. Xəlil paşa almanların türk hərbi qüvvələrinin arxasından iki alman batalyonundan birini Vladiqafqaza, digərini də Çeçenistandakı Qroznıya göndərmək istədiklərini bildirərək, bu barədə nə düşündüyünü soruşdu. Yusif İzzət paşa, verdiyi cavabda, Almaniyanın hər şeydən əvvəl Şimali Qafqaz Respublikasını tanıması lazım olduğunu bildirdi. Şimali Qafqaz hərəkatına hər hansı bir müdaxiləni qəbul etməyəcəyini bildirən Yusif İzzət paşa göndərilməsi nəzərdə tutulan iki alman batalyonunun onun sərəncamına verilməsi şərtiylə, Şimali Qafqazın digər hissələrinə göndərilə biləcəyini qeyd etdi.

Yusif İzzət paşa Şimali Qafqaz Respublikasının başçısı Əbdülməcid Çermiyev ilə birlikdə Batumdan qatarla yola çıxdı və 5 oktyabr 1918-ci il tarixində Bakıya çatdı. Xəlil paşa, Yusif İzzət paşa və Nuru paşa, qərargah heyətləri ilə, böyük çətinliklər hesabına düşməndən təmizlənən Azərbaycanın, şimal, cənub, qərb və Xəzər dənizi istiqamətindən təcavüzə açıq olduğu və vəziyyətin təhlükə altında olduğu qənaətinə gəldilər. Bu dövlətin yaşaya bilməsi üçün qonşu ölkələrdə də sülh, əmin-amanlıq və asayişin tam bərpa edilməsinin vacibliyinə qərar verdilər.

Komandanların Qafqazdakı vəziyyəti qiymətləndirdikləri günlərdə Bakıdan çəkilən 39-cu ingilis korpusu, Cənubi Azərbaycandakı sahil şəhəri Ənzəlidə idi. Biçeraxov qüvvələri isə Dağıstanda Dərbənd və Mahaçqalaya çəkilərək özlərinə tərəfdarlar toplamağa başlamış, Bakıdan qaçan rus və ermənilər də bu birliklərə qoşulmuşdu. Bunun qarşısında Şimali Qafqazda türk və müsəlman əhalidən ibarət ciddi bir ordu təşkil olunmamışdı. İrəvandakı erməni hökuməti ilə Osmanlı Dövləti arasında isə bir müqavilə imzalanmışdı. Lakin, Andranik Qarabağ və Zəngəzur bölgələrində türklərə həmlə etmək üçün bir dəstə hazırlamaq işinə başlamış, Şuşa, Gorus, Ordubad və Naxçıvan ətrafında yolları kəsmişdi. Buna görə də türklər ciddi bir basqın təhlükəsi altında idilər. Bu vəziyyətdə Azərbaycan dörd bir tərəfdən dost olmayan qüvvələrlə mühasirəyə alınmışdı.[204]

Ənvər paşanın Bakının qurtuluşu münasibətilə göndərdiyi təbrik teleqramında əks olunan xüsusiyyətləri də nəzərə alan komandanlar lazımi hazırlıqlara başladılar. Nuru paşa Baş Komandanlıq Qərargah rəhbərliyinə göndərdiyi raportda, Türk Qafqaz İslam Ordusuna tabe 15-ci piyada diviziyasının Dağıstan və Mahaçqalanın zəbti, 9 və 106-cı Qafqaz Alaylarının da Qarabağ hərəkatı üçün təlimatlandırıldığını, 5-ci Qafqaz piyada diviziyasının isə hələlik Bakıda qalacağını bildirdi. Yeni bir hərəkat tapşırığı alan hərbi birliklərin, vəzifələrini yerinə yetirdikdən sonra uyğun dıviziyalara qaytarılacaqlarını bildirdi. Bakıda, vaxt keçirmədən, 20 sentyabrdan etibarən hazırlıqlara başlandı.


Tarix: 09.01.2015 / 13:32 Müəllif: Feriska Baxılıb: 68 Bölmə: "Azərbaycan Demokratik Respublikası"