beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şimali Qafqaz Respublikasının elan edilməsi

Əbdülməcid Çermiyev, Heydər Bammat və Məhmət Qari Dibrov kimi ziyalılar Dağıstanın qurtuluşu üçün siyasi fəaliyyətlərə liderlik edirdilər. Dağıstan türklərindən təşkil olunmuş bir heyət, 1918-ci ilin aprel ayında İstanbula getdi. Heyət Ənvər paşa ilə görüşərək, Türk ordusunun onları himayə etməsini istədi. Ənvər paşa, türk əsgərinin Dağıstana girməsindən əvvəl bəzi məsələlərin həllinin başa çatdırılmasının zəruriliyini bildirərək, bölgədə yaşayan türklərdən ibarət bir korpus yaradılmasının faydalı olacağını bildirdi. Bundan əlavə, 1-ci süvari diviziyası komandanı podpolkovnik (yarbay) Nazim bəy və 4-cü piyada diviziyası komandanı yarbay Əhməd Şükrü bəy ilə qərargah kadrlarına Şimali Qafqazda Dağıstan və Çeçenistanda hərbi təkilat qurmaq tapşırığı verildi.[194]

Trabzon və Batum Konfranslarında türk nümayəndələri ilə görüşən Dağıstan heyəti, Şimali Qafqazda müstəqil bir dövlət qurmaq üçün razılıq almışdılar. Osmanlı Dövlətinin verdiyi dəstəklə 11 may 1918-ci il tarixində Şimali Qafqaz Respublikası elan edildi və bu gənc dövlət Osmanlı Dövləti tərəfindən tanındı.[195]

Bu vəziyyət qarşısında Bolşevik hökumətinin Xarici İşlər Komissarı Çiçerin, Osmanlı Dövlətinin Moskvadakı Səfiri Qalib Kamali bəyə bir etiraz notası göndərdi. Çiçerin notada, Şimali Qafqazın Rusiyanın ayrılmaz bir hissəsi olduğunu və xalqın da Rusiyadan ayrılmağı heç bir zaman düşünmədiyini, Osmanlı Dövlətinə gələn nümayəndələrin də xalqın təmsilçisi olmadığını bildirərək, qurulan Respublikanı tanımayacaqlarını bildirdi.[196]

Bu notanı saya salmayan Osmanlı Dövləti, Şimali Qafqaz Respublikası ilə 8 iyun 1918-ci ildə Batumda bir dostluq və əməkdaşlıq müqaviləsi imzaladı. Buna görə Osmanlı Dövləti, Dağıstana hərbi yardım göstərəcək və xaricdən ola biləcək təhlükələrə qarşı Şimali Qafqaz Respublikasının öz torpaqlarını qorumasına yardımçı olacaqdı. Sovetlər, bu müqavilədən sonra Dağıstanda olan bolşeviklərin fəaliyyətə başlamasını təmin etdi. Aralarında Vladiqafqazın da olduğu bəzi bölgələri nəzarət altına aldılar. Bu hadisə ilə əlaqədar Şimali Qafqaz hökuməti paytaxtı Nazran qəsəbəsinə köçürtdü. Türk zabit və sıravilərin təşkil etdiyi milis qüvvələri, Vladiqafqaz şəhərinə hücum edərək, on üç gün davam edən bir mühasirədən sonra 17 avqustda bolşevikləri bölgədən uzaqlaşdırdı. Bolşeviklər Dağıstanda geniş fəaliyyətə başlamışdılar. Qafqazın cənuba açılan tək qapısı olan, quru və dəmir yollarının keçdiyi Dərbənd ilə Xəzər dənizi sahilindəki əhəmiyyətli şəhərlərdən olan Mahaçqala (ruslar Petrovsk deyirdilər) arasındakı yolları ələ keçirərək, nəzarət altına almışdılar. Bolşeviklərin türk və müsəlman xalqlar arasında apardığı təbliğatı dayandırmaq məqsədi ilə bölgəyə göndərilən türk zabitləri, rus bolşevik qüvvələri tərəfindən təqib edilirdi. Ayrıca, ruslara əsir düşən və qaçıb qurtara bilən və Türkiyəyə dönməyə çalışan Osmanlı zabit və sıravilərinin Dağıstanda qurduqları milis qüvvələri də çox zəif idi. Dağıstanda yaşayan türk boyları, qəbilələri və din adamları isə bir-biri ilə nüfuz mübarizəsi aparırdılar. Dağıstanın dağlıq bölgələrində yaşayan avar türkləri ilə bolşevik olmağa çalışan kumuk türkləri arasında ciddi bir rəqabət və münaqişə başlamışdı. Dağıstandakı bu vəziyyət bolşeviklərin işinin xeyrinə idi.[199]

Türk Qafqaz İslam Ordusu Komandanı Nuru paşa Gəncədə ikən bir hərbi təşkilat qurmaq məqsədi ilə yarbay İsmayıl Haqqı (Berkok) bəyi Dağıstana göndərdi. Yarbay İsmayıl Haqqı bəy Şimali Azərbaycanın Zaqatala bölgəsində rus əsarətindən xilas olan türk zabit və əsgərlərindən ibarət kiçik birliklərlə o bölgədə sabitliyi saxlaya bildi. Buradan Dağıstandakı Əhti bölgəsinə keçdi. Sərəncamında olan zabitlərlə Mahaçqalaya gedən İsmayıl Haqqı bəy, 21 iyun 1918-ci il tarixində Dağıstan türklərinə xitabən bir bildiriş yaydı. Xalqın birlik və bərabərlik şəraitində yaşaması və bolşeviklərə qarşı birgə mübarizə edə bilməsi üçün milli duyğularını oyatmaq istəyirdi.

İsmayıl Haqqı bəy Dağıstanın müxtəlif yerlərində təşkil olunan kiçik milis qruplarını birləşdirərək, bolşeviklərə qarşı mübarizə apara biləcək bir qüvvəyə çevirməyə çalışırdı. Lakin bu milli təşkilata xalq kifayət qədər maraq göstərmirdi. Bölgədə hörməti olan din adamlarından Mamalay Əli Hacı və ətrafındakılar bu fəaliyyətlərə qoşulmadılar. Bu din adamı, İsmayıl Haqqı bəyi haqlı olduğunu, lakin bir müddətdən sonra rusların yenidən bölgəyə girərək, nəzarəti ələ alacağını və xalqdan hesab soracağını bildirdi. Buna görə də xalqı bolşeviklərlə üz-üzə qoymamaq və Dağıstanın mənafeyini düşünərək hərəkət etmək məcburiyyətində qaldıqlarını bildirdi. Təşkil edilən bir ovuc milis gücü ilə bolşeviklərə qarşı mübarizə aparmaq mümkün olmadığı nəticəsinə gələn İsmayıl Haqqı bəy Dağıstana nizami bir ordunun gəlməsinin vacib olduğunu bildirdi.

İsmayıl Haqqı bəy Dağıstanda bu işlərə davam edərkən, Bakı-Dərbənd-Mahaçqala dəmir yolu və bu şəhərlərə yaxın olan Quba və Temirxan-Şura bolşevik rus qüvvələrinin işğalı altındaydı. Ölkənin qalan bölgələrində isə anarxiya hökm sürürdü. Bəzi dini dairələr və görüşlərin öncüləri bir-birlərini günahlandırır, bəziləri bolşevik ruslara yardım edilməsi üçün fitvalar verirdilər. Ziyalılar isə sayca çox az idilər və xalqdan ayrı düşmüş bir həyat yaşayırdılar. Ətraf əhali onları kafir elan etmişdi.

İsmayıl Haqqı bəy 8 iyul 1918-ci il tarixində Gunip qalasına getdi. Şeyx Şamil ruslara qarşı mübarizədə qərargahını Gunip qalasında qurmuşdu. Buna görə Gunip qalası Qafqaz xalqlarının nəzərində böyük hörmətə layiq bir yer idi. Ruslar, Şeyx Şamil hərəkatının sona yetməsindən sonra Gunipdə çar üçün bir saray və hərbi kazarmalar tikdirmişdilər. İsmayıl Haqqı bəy xalq tərəfindən kafir sayılan yerli zabitləri də xidmətə cəlb edərək xalq ilə aralarındakı soyuqluğu ortadan qaldırmağa çalışırdı. Qafqazda din adamları və şeyxlərin xalq kütlələri arasında nüfuzunu bilən İsmayıl Haqqı bəy bolşeviklərə alət olmayan dindarların iştirakı ilə bir konqres çağırdı. Uzun müzakirələrdən sonra onların xalqa təsir edərək, rus və bolşeviklərə qarşı aparılacaq milli müqavimət hərəkatında iştirak etmələrini təmin etdi.

Dağıstanın dağlıq bölgələrində yaşayan avarlar ilə düzdə yaşayan kumuklar arasındakı qovğalar bu ölkənin yadellilərin əlinə keçməsini asanlaşdırırdı. Hər ikisi türk və müsəlman olan avarlar və kumuklar arasındakı bu çəkişmə, elə bir həddə çatmışdı ki, kumuk türkləri, avarlara qarşı olmaq üçün bolşeviklərin tərəfinə keçmişdilər. İsmayıl Haqqı bəy bu iki türk icması arasındakı münaqişəni yoluna qoymaq üçün səy göstərdi. Dağıstanın şimalında yerləşən Kuban və Terek bölgələrindəki münbit ərazinin rus kazaklarından geri alınması üçün fəaliyyətə başladı. Digər tərəfdən iyul ayının sonuna doğru Temirxan-Şura bölgəsini ruslardan təmizləmək üçün bir hərbi hərəkat başlatdı. Bolşeviklərin müdaxiləsi nəticəsində Dağıstan birliklərinin qısa zaman ərzində dağıdılması səbəbindən bu fəaliyyət nəticəsiz qaldı.


Tarix: 09.01.2015 / 13:31 Müəllif: Feriska Baxılıb: 77 Bölmə: "Azərbaycan Demokratik Respublikası"