beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Naxçıvan və Qarabağın azad edilməsi

İstanbuldakı Baş Komandanlıq Vəkaləti, 7 iyun 1918-ci il tarixində 9-cu Orduya verdiyi əmrdə ingilislərin Cənubi Azərbaycandakı hərəkatını dayandırmaq və Şimali Azərbaycandakı bolşeviklərə köməyə gəlməsinin qarşısını almaq tapşırığı vermişdi. Bu tapşırığın yerinə yetirilməsindən sonra da 9-cu Ordu, 6-cı Ordu ilə birlikdə Bağdad və Bəsrə üzərinə yeriyəcəkdi. Bunun üçün də 9-cu Orduya bağlı bəzi elementlərin cənuba nəql edilməsi lazım idi.

Baş Komandanlıq Vəkaləti 4 iyul 1918-ci ildə 9-cu Ordunun 4-cu korpusu ilə Urmiyə-Təbriz cəbhəsini işğal etməsini, ordunun digər hissələrinin isə Gümrü ətrafında toplaşmasını əmr etdi. 15-ci piyada diviziyası komandanlığı da qərargahı ilə birlikdə 6 iyulda Gümrüyə köçmüşdü. Bu diviziyanın 38-ci alayı bundan əvvəl Gəncəyə sövq edilmişdi. Şərq Orduları Qrupu Komandanlığı bu təşkilati işlərlə məşğul ikən, komandanlıq 7 iyul 1918-ci il tarixində İstanbula göndərdiyi raportda 4-cü korpusun bir bölük ilə Təbrizi ələ keçirdiyini bildirdi. 4-cü korpus mövcud vəziyyətdə Urmiya və Culfa-Naxçıvan bölgəsindəki ermənilərə qarşı daxili xətt manevri tətbiq edəcəkdi.

Birinci dünya müharibəsi boyunca ermənilərin hərbi lideri rolunda çıxış edən Andranik, qarşısına çıxan türkləri amansızcasına öldürür və bu zaman vəhşi işgəncə metodlarını tətbiq edirdi. Əvvəlcə Şərqi Anadoluda, sonra isə Cənubi və Şimali Azərbaycanda qətliamları davam etdirirdi. Cənubi Azərbaycandakı Xoy şəhəri ətrafında tabeliyindəki 6 minlik bir hərbi qüvvə ilə 12-ci piyada diviziyasına qarşı hücuma keçdi. Ancaq ağır bir məğlubiyyətlə Naxçıvana çəkildi. 22 iyun 1918-ci il tarixindən etibarən də Culfa və Naxçıvan ilə Ordubad ətrafındakı türk qəsəbə və kəndlərini qarət, talan, əhalisini isə qətl etməyə başladı.

4-cü korpus komandanlığı Andranik qüvvələrinin Naxçıvandakı hərəkətini yaxından müşahidə edirdi. Bölgədəki türklərin qətliamına seyrçi qalmaması və arxa cəbhədən arxayın olmaq üçün 4-cü korpus komandanı, 11-ci Qafqaz diviziyasına Naxçıvanı zəbt etmək tapşırığı verdi. 11-ci Qafqaz diviziyası ilə 12-ci piyada diviziyasının Culfadakı 35-ci piyada alayı, 19 iyulda 3.000 piyada və 600-ə qədər süvari tərəfindən işğal edilən Naxçıvan üzərinə yeridi. Türk birlikləri güclü hücumla müdafiəni yararaq, 20 iyul 1918-ci ildə şəhəri ələ keçirdi. Andranikin qüvvələri bu dəfə də Qarabağa tərəf qaçdı.

Azərbaycan müstəqilliyini elan edincə, Qarabağ və Şuşadakı türk və ermənilər ortaq bir komitə yaradaraq, hakimiyyəti əllərinə almışdılar. Erməni Milli Komitəsi az müddətdən sonra Şuşada bir qurultay çağırdı və bu orqanın ləğv edilməsini qərarlaşdırdı. Bu qurultay 7 nəfərlik bir icra heyəti də seçdi və Qarabağ hökumətinin qurulduğunu elan etdi.

Erməni hökuməti Qarabağın Azərbaycan və Aran ilə əlaqəsini kəsmək üçün ordu quruculuğuna başladı. Bu hərbi birliklər az müddətdən sonra bölgədə yaşayan türklərə qarşı zorakılığa başladılar. Təzyiq və hədə-qorxu siyasəti yeridərək, qış aylarının gəlməsiylə birlikdə türklərin bu erməni hökumətini tanımasını təmin etməyə çalışırdılar. Qarabağ türkləri isə bu şərtləri qəbul etməyəcəklərini bəyan etdilər. Şuşada yaşayan türklər 15-60 yaş arası kişilərin siyahısını tutaraq, ermənilərə qarşı əks tədbirlərə hazırlaşmağa başladılar.

Qarabağ və Şuşada bu hadisələr yaşanırkən, Andranik də Naxçıvandan çıxmaq məcburiyyətində qalmışdı. Yolu üstündəki erməniləri Qarabağa köçürərək bölgədəki vəziyyəti türklər əleyhinə dəyişdirməyə çalışırdı. Hədəfi, müdafiəsi daha asan olan Qarabağda erməniləri təşkilatlandırmaq, türklərə qarşı çevirmək və bölgəni tamamilə türklərdən təmizləmək idi. Andranik Zəngəzur, Ağdaş, Şuşa kimi bölgələrdə yaşayan türklərə basqınlar edirdi. Həmin bölgədə 11 min türkün ermənilərin basqınları nəticəsində həlak olduğu tarixi mənbələrdə göstərilir. Bir müddətdən sonra Andranikin fəaliyyəti ilə razılaşmayan və təşviqatlarına qapılmayan bəzi ermənilər tərəfindən Qarabağ məntəqəsi komandanlığına xəbər göndərildi. Andranikin, ətrafına topladığı ermənilərlə, yaxında türklərə qarşı basqınlara başlayacağı bildirilirdi. Çox keçmədən Şuşa-Xankəndi yolunu nəzarət altına alan ermənilər, Şuşa və bölgədə yaşayan türklərə qarşı təzyiqi artırdı. Bundan sonra Qarabağda yaşayan türklər, böyük bir səfərbərlik elan edərək, gənclərdən bir milis təşkilatı qurdular. Qarabağ Məntəqəsi Komandanı yarbay İsmayıl Haqqı bəy (Kayserili və Şəkili), Ordu Komandanlığına göndərdiyi[178] avqust tarixli raportda Qarabağda təşkil edilən türk milis qüvvələri ilə erməni Andranikin dəstəsinə müqavimət göstərməyin mümkün olmayacağını və tərəflər arasında münaqişələrin böyüməsi halında, köməyə ehtiyacı olacağını bildirdi. Yarbay (podpolkovnik) İsmayıl Hakkı bəy Qarabağ türklərinin mənəviyyatını yüksəltmək və ermənilərə də gözdağı vermək üçün kiçik də olsa, bir hərbi birləşmənin Ağdama göndərilməsinin münasib olacağını qeyd edirdi.

20.08.1918 tarixində 9-cu Ordu Komandanlığının yaydığı təbliğatda Andranik qüvvələrinin Naxçıvanın şimal-şərqində və Zəngəzurda səfərbərlik elan edərək, 15-45 yaş arasındakı erməniləri silahlanmağa çağırdığı və 5.000 nəfərlik bir qüvvə topladığı bildirilirdi. Gorusdan 10 kilometr cənub-qərbdəki bölgədə olan partizanların da 700 piyada, 400 süvari, 4 pulemyot və 2 dağ topundan ibarət olduğu bildirilirdi. Andranik erməniləri bir tərəfdən çevrilişə səsləyir, digər tərəfdən isə bölgədəki türk və müsəlmanları qətl etməyə təhrik edirdi.


Tarix: 09.01.2015 / 13:29 Müəllif: Feriska Baxılıb: 58 Bölmə: "Azərbaycan Demokratik Respublikası"