beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtının Bakıya köçürülməsi

Qafqaz İslam Ordusu Komutanı Nuru paşa və 5-ci Qafqaz piyada diviziyası Komandanı Mürsəl paşa, Azərbaycan Milli Məclisi Rəyasət Heyəti və hökumət üzvləri ilə yüksək rütbəli türk zabitlərinə 27 sentyabr 1918-ci il tarixində bir yemək verdi. Yeməkdə, 15-ci piyada diviziya komandiri yarbay Süleyman İzzət bəy və qərargahı ilə digər diviziya və alayların komandirləri də iştirak edirdilər. Azərbaycan dövlət və hökumət üzvləri ilə Türkiyədən gələn komandirlər tanış edildi. O tarixdə Azərbaycan hökumətinin üzvləri bunlar idi: Baş Nazir Fətəli Xan Xoyski, Xarici İşlər naziri Məmmədhəsən Hacinski, Daxili İşlər naziri Cavanşir bəy, Maliyyə naziri Əbdüləli bəy, İaşə naziri Aşurov, Kənd Təsərrüfatı naziri Xosrov Sultanov, Qazı Mustafa əfəndi. Heyət üzvləri yeməkdən sonra Təzəpir məscidinə gedərək cümə namazı qıldılar. Məscidin bir tərəfi rus topu və pulemyot mərmiləri ilə dağıdılmışdı. Xalqın da axın-axın qoşulduğu namazda, günün mənasına uyğun xütbə oxundu. Cümə namazından sonra Bakı döyüşlərində şəhid olan məhmətçiyin ruhu üçün mövlud oxundu.

Hökumətin Bakıya köçməsi ilə bərabər, Baş Nazir Fətəli Xan Xoyski, 20 sentyabr 1918-ci il tarixində bir bildiriş yaydı:

"Artıq Bakıda yerləşən Azərbaycan hökuməti, bununla, şəhər və ətrafında yaşayan bütün əhaliyə, din və milliyət fərqi qoymadan əmr edir: Azərbaycan hökumətinin tabeliyi altında yaşayan heç bir millətə fərq qoyulmadan caniləri, qarətçiləri, qatilləri və asayişi pozanları, edam cəzası da daxil olmaqla, böyük cəzalar gözləyir. Bütün xalq bunu bilməlidir ki, Türk millətinin qəhrəman və fateh əsgərlərinə əmr verilmişdir ki, cinayətlə, qarət və soyğunçuluqla məşğul olanları harada görsələr, güllələsinlər. Türk Azərbaycan hökumətinin paytaxtında, günahsız insanların haqq və hüquqlarına təcavüz edilməsi, onun şan və şərəfinə yaraşmaz".


Tarix: 09.01.2015 / 13:28 Müəllif: Feriska Baxılıb: 57 Bölmə: "Azərbaycan Demokratik Respublikası"