beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bakı yürüşü[redaktə] Şimal və Cənub qruplarının hərəkəti

Qafqaz İslam Ordusunu Şamaxını ələ keçirməsindən sonra Bakıdakı Xalq Komissarları Soveti və Şaumyan bütün ümidini Rusiyadan köməyə gələcək hərbi qüvvələrə bağlamışdı. Lenin iyulun ortalarından etibarən silah və ləvazimat yardımını artırdı. Ukrayna cəbhəsində xidmət edən Petrovun sərəncamında olan son dərəcə yaxşı hazırlıq keçmiş və üstün silahlarla silahlanmış 780 nəfərlik bir ordu birləşməsi də Bakının köməyinə göndərildi. Petrov və tabeliyindəki qoşun birləşməsi iyul ayının 19-da Bakıya çatdı. Şaumyan tərəfindən Bakı Hərbi Komissarlığına gətirildi. Bakı və ətrafında yaşayan rus əsilli fəhlə və kəndlilərə xitabən bir bildiriş yayan Petrov, Sovet Rusiyasının müstəqilliyi üçün hər kəsin silaha sarılaraq onlara kömək etmələrini istəmişdi. Bakının şimalındakı Şamaxı və Mərəzə ilə cənubundakı Salyan, Neftçala bölgəsini düşməndən təmizlədikdən sonra, Qafqaz İslam Ordusu Bakının 60-70 kilometrliyinə qədər yaxınlaşmışdı. Hərbi birləşmələr son dərəcə ağır bir vəziyyətdə irəliləməkdə davam edirdilər. Ordu silah-sursat, rabitə, nəqliyyat, su və ərzaq çatışmazlığı kimi bir çox çətinliklər içindəydi. Əsgərlərin ehtiyacını ödəmək üçün qurulan mərkəzlər ilə ordu arasındakı məsafə də artmışdı. Qafqaz İslam Ordusunun Cənub qrupu 22 iyul 1918-ci il tarixində Sığır məntəqəsində, Şimal qrupu isə Mərəzə-Qalaçandağı xəttində yerləşmişdi.

Qızıl Ordu birləşmələri geri çəkilərkən rabitə xətlərini, dəmir və şosse yolu ətrafında işə yarayacaq su və ərzaq mənbələrini məhv edirdilər. Türk Qafqaz İslam Ordusunun istehkam qurmaq imkanları məhdud idi. Belə ki, əllərində lazımi ləvazimat yox idi. Düşmənin məhv etdiyi rabitə xətlərini və dəmir yolunu istifadəyə yararlı hala salmağa çalışırdı. İxtisaslı mütəxəssis tapmaq çətin oluduğundan, işlər ləng gedirdi.

Şərq cəbhəsi komandanlığı, bəzi çatışmazlıqlar səbəbindən irəli getməyə bir az ara vermək fikrindəydi. Bu fikrini Nuru paşaya bildirdi. Bakı üzərinə yerimək üçün ehtiyac duyulan cəbbəxana, su və ərzaq təminatını yoluna qoyana qədər irəli getməyə ara verilməsini xahiş etdi.

Şimal qrupu iaşə maddələrinin təminat mərkəzi olan Kürdəmirdən 100 kilometr uzaqlaşmışdı. Şimal qrupu komandiri, məsafənin uzaqlığını nəzərə alaraq və su sıxıntısının aradan qaldırılması üçün, Şamaxıda 15-20 günlük ərzaq ehtiyatı hazırlanmasının yerində olacağını bildirdi. Nuru paşa bu təklifə verdiyi cavabda, dünyadakı siyasi şərtlərin vaxt itkisini qəbul etmədiyini nəzərə çatdıraraq, Bakının tezliklə ələ keçirilməsini bildirdi. Nuru paşanın cavabı belə idi:

"Cəbhədəki düşmən pərişan, gücsüz və mənəviyyatı da pozuqdur. Uşaq-muşaqdan meydana gələn xalq, düşmənin çəkilməsini çətinləşdirir. Bakı ətrafındakı türk kəndlərindən su, ərzaq və çörək tapmamız mümkündür. Lüzumsuz dayanmalar olmadan, tezliklə əməliyyatın bitirilməsi gözlənilir."

Bu əmrə əsasən ordu birləşmələri 26 iyulda olduqları yerdən irəli hərəkətə başladılar. Cənub qrupu Qarasu stansiyasına girdi və minbaşı Əhməd Həmdi bəyin başında durduğu Cavad dəstəsi ilə əlaqə saxlaya bildi. Daşnak və bolşevik birlikləri Qarasu-Hacıkənd istiqamətində geri çəkilirdi.

Şimal qrupu isə Mərəzə yaxınlığında bir düşmən birliyinə basqın edərək, biri zirehli olmaqla üç yük maşını ələ keçirdi. Burada gedən mübarizədə ölənlər arasında, bir az əvvəl İrandan Bakıya gələn ingilislərdən, biri zabit olmaqla dörd əsgər də var idi. Əsir götürülənlər arasında isə, biri zabit olmaqla dörd ingilis və bir erməni var idi. Şimal qrupu hərbi birləşmələri 28 iyulda Cəngibostan bölgəsini aldı. Cəngibostanda olan 150 süvari və 200 piyadadan ibarət düşmən qüvvələri, bir top və iki zirehli maşın qoyaraq geri çəkilmişdi. Kəşfiyyat nəticəsində Cəngibostan ətrafındakı Kosalar kəndinə qədər gedilmişdi.

Cənub qrupu da 27 iyulda Hacıqabul məntəqəsini düşməndən aldı. Bu qrupun tabeliyində olan 38-ci piyada alayının 2-ci batalyonu ġimal qrupunun tabeliyinə keçərək Boyanata dağı istiqamətində hərəkət etdi. Nuru paşa Bakıya ediləcək həmlədə Şimal qrupunun mümkün qədər güclü olmasını istəyirdi. Bunun üçün Gəncədə dayanan 38-ci piyada alayının 3-cü batalyonunun da Kürdəmirə göndərilməsini əmr etdi.

Şimal qrupunun önündə irəliləyən 2-ci nizami süvari alayı, 28 iyulda Kosalar ətrafında, 150 süvari, iki top və zirehli maşınlardan ibarət düĢmən qüvvələri ilə qarşılaşdı. Bolşevik və ermənilərin 200-ə qədər piyada və 50 süvaridən ibarət əlavə qüvvələri 10-cu Qafqaz alayının təzyiqi altında geri çəkilmək məcburiyyətində qaldı. Cənub qrupu da eyni gündə Pirşağı stansiyasının qərbinə çatmışdı. Düşmənin atıcı birlikləri ilə zirehli qatarının bu stansiyada, Xəzər dənizindəki zirehli döyüş gəmilərinin də Ələt yaxınlığında olduğunu təyin etdi. Düşmən təyyarələrindən biri Cəngibostan – Boyanata dağı bölgəsində, digəri isə Hacıqabul və ətrafında kəşfiyyat uçuşları həyata keçirirdi.

Qafqaz İslam Ordusu Komandanlığı Bakının ələ keçirilməsi üçün verilən əmrləri dayanmadan təkrarlayırdı. Hərəkət, mənzil təşkilatı, qol və qatarı olmadan yürüdülürdü. Cəbbəxana isə çox uzaqlardan, təhlükəli yollardan keçərək gəlirdi. Əsgərlər, bir çox döyüçlərdə sursat yoxluğundan süngü hücumuna keçmiç, bəzi yerlərdə hərəkəti dayandırmaq məcburiyyətində qalmışdılar. Kürdəmirdə olduğu kimi, qalib gəlmək şansı olan bir əməliyyatda geri çəkilmək əmri verilmişdi. Bu əskikləri nəzərə alan komandanlıq, Mənzil-Qərargahın Şamaxıda qurulmasını əmr etdi. Lazımi işlərin başlanılması üçün 5-ci Qafqaz piyada diviziyası komandanlığı sərəncamındakı qollar Mənzil Müfəttişliyinin tabeçiliyinə verildi.

Qafqaz İslam Ordusu, Bakıya yaxınlaşdıqca, Bakı Xalq Komissarları ətrafındakı siyasi qüvvələr də ayrılmağa, get-gedə parçalanmağa başlamışdı. Azərbaycan türklərinin milli mənafelərini təmsil etməyən bu dairələr, Bakının əldən çıxacağı təqdirdə, etdikləri qırğın və zorakılıqların hesabını verməkdən qorxurdular. Bu vəziyyətdən çıxış yolu axtarmağa başladılar. Şaumyana müxalif dairələr, ingilis ordu birləşmələrinin Bakıya gələrək, türklərə qarşı vuruşmasının yeganə çıxış yolu olduğu qənaətinə gəldilər.

Bakı istiqamətində irəliləyən Türk orduları, şəhərin ətrafındakı mühasirəni get-gedə daraldırdı. Bakıda böyük bir gərginlik hökm sürürdü. Düşmən təyyarələri tez-tez havaya qalxır, Türk orduları üzərində kəşfiyyat uçuşları edirdi. Bakıda 32 batalyonluq Rus bolşevik və erməni daşnak qüvvələri toplanmışdı. Böyük bir qorxu içərisində olan Qızıl Ordu birlikləri bu sayın az olduğunu düşünürdülər. Cəngibostan bölgəsində əsir alınan ingilis zabitinin verdiyi ifadəyə görə, ingilislərin kömək təklifini daha əvvəl rədd edən bolşeviklər, bu dəfə onlardan kömək istəmişdilər. Ancaq Qəzvində olan General Deustervil, bunun mümkün olmayacağı cavabını vermişdi. Bolşeviklər, daha sonra, bəzi erməni qrupların da təkidi ilə təkrarən İranda olan ingilislərdən kömək istədilər. İngiltərə bolşevizmə, onların dünyagörüşünə qarşı idi. Lakin Bakının Türk Qafqaz İslam Ordusunun əlinə keçməsini də istəmirdi. Bakıda bir də, bolşeviklərə qarşı olan və çarizm tərəfdarı rus kazakı podpolkovnik Biçeraxovun orduları var idi

22 iyulda Biçeraxov komandirlik vəzifəsindən ayrıldığını və öz yerini də Avetisova verdiyini bəyan etdi. Biçeraxov Bakının müdafiəsinə isə kömək edəcəyini bildirirdi.

Ələt və Hacıqabul ətrafında min nəfərlik bir bolşevik qüvvələri toplanmışdı. Bakıda olan Biçeraxova tabe qüvvələr Bakının şimalındakı Biləcəri stansiyasında müdafiə tərtibatı almışdılar. Bakı istiqamətində Biçeraxovun Qızıl Ordu birliklərinə kömək edəcəyinə inam son dərəcə az idi. Biçeraxovun orduları bəzi hallarda Qızıl Ordu birlikləri ilə kiçik çaplı da olsa, silahlı münaqişəyə girirdilər. Biçeraxovun Dağıstana getmək üçün hazırlıq gördüyü də gələn xəbərlər içərisində idi. Bakıya Biçeraxov ilə birlikdə dörd ingilis zabiti və əlli əsgər gəlmişdi. Yanlarında zirehli maşın və yük maşınları da vardı. Bakıya köməyə gələcək əsl birliklər bundan sonra Ənzəlidən yola çıxacaqdılar. Əsir ingilis zabitinin verdiyi məlumata görə, Şaumyan ilə bəzi bakılı ermənilər arasında ciddi bir anlaşılmazlıq ortaya çıxmışdı. Yerli ermənilər Türk Ordusu ilə sülh imzalamaq istəyirdilər. Buna görə də iki qrup arasında şiddətli bir mübahisə və münaqişə yaşanırdı.

Şaumyan hökumətinin Türk Qafqaz İslam Ordusunun qarşısını kəsmək üçün göstərdiyi cəhdlər bir nəticə vermirdi. Rus bolşevik və erməni daşnak birliklərində fərarilik artaraq davam edirdi. Bakı hərbi komissarı Petrov, Şaumyan və Karqanova 24 iyulda cəbhədən göndərdiyi məktubda bolşevik Sovet əsgərləri arasında olan vəziyyəti bu cür təsvir etmişdi:

"Mən başa düşə bilmirəm, insanların "xalq azadlığı yolunda canlarını fəda etmək" kimi böyük bir mübarizəyə getdiyi cəbhəyə düşmüşəm, yoxsa Allah bilir, haraya gəlmişəm. Amirov ilə Hamazasp öz tabeliklərində olan süvariləri cəbhədən çəkmək istədilər. Mən də onlara, "Cəbhədəki əsgərlər yeni qüvvələrlə əvəz olunmayana qədər cəbhədəki əsgərlərin çəkilməsi, cəbhəni boşaltmaq məğlubiyyət deməkdir, əgər belə olarsa, mən də vəziyyəti Moskvadakı Xalq Komissarları Sovetinə bildirəcəyəm,"- dedim".

Erməni daşnakları Böyük Ermənistan dövləti qura bilmək üçün əvvəllər Çar Rusiyası ilə əməkdaşlıq etmişdilər. İndi də Rus bolşevik təşkilatları ilə ortaq hərəkət edirdilər. Hansı dövlət və quruluş olursa-olsun, ideallarına çata bilmək üçün hər yoldan istifadə edirdilər. Bolşevik Qızıl Ordu birləşmələri ilə ortaq hərəkət edərək, Qafqazdakı türkləri qətlə yetirmişdilər. Qafqaz İslam Ordusunun Bakı yaxınlığında dayanması, şəhərdə yaşayan erməni daşnaklar və bolşevik ruslarda olduğu qədər, bu qruplara daxil olmayan erməni və ruslarda da bir qorxu və həyəcan meydana gətirmişdi. Bu səbəbdən də Şaumyanın liderliyində Böyük Ermənistan dövləti qurmaq istəyinə çatmayacaqlarını anlayan ermənilər, bu dəfə də İranda olan ingilislərdən kömək istəmişdilər.


Tarix: 09.01.2015 / 12:15 Müəllif: Feriska Baxılıb: 74 Bölmə: "Azərbaycan Demokratik Respublikası"