beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şamaxının azad edilməsi

Qafqaz İslam Ordusu Göyçay ilə Salyan-Neftçala bölgələrindəki düşməni təmizlədikdən sonra iyul ayının ortalarında paytaxt Bakıya 130 kilometr yaxınlaşmışdı. Qarşılarında Ağsu təpələri və bundan sonra isə Şamaxı qəsəbəsi vardı. Ənvər paşa Nuru paşaya göndərdiyi əmrdə Bakının tezliklə düşmən işğalından qurtarılaraq hərbi hərəkatın sona çatmasını istəyirdi. Çünki Almaniya və Rusiyadakı bolşevik Sovet idarəsi hərbi hərəkatın dayandırılması üçün təzyiqlərini get-gedə artırırdılar.

Nuru paşa almanların müdaxiləsi qarşısında Osmanlı hərbi qüvvələrinin Bakı üzərinə yürüşünü gizləyə bilmək üçün yeni bir təşkilatlanmaya getdi. Əvvəlcə Şərq Cəbhəsi və ya Bakı Cəbhəsi Komandanlığı quruldu. Başına da Mürsəl paşa gətirildi. Hərbi qüvvələr iki qrupa ayrıldı. Şimal qrupu, kurmay yarbay Osman bəy komandasında Şamaxı üzərindən Bakıya hərəkət edəcəkdi. Şimal qrupunu təşkil edən hərbi dəstələrindən 10-cu Qafqaz alayına yarbay Səlim bəy, 13-cü Qafqaz alayına yarbay Əhməd Rza bəy və süvari minbaşı Zihni bəyin komandirlik etməsi qərarlaşdırıldı. Bundan başqa 25, 26 və 28-ci taborlar da ehtiyat olaraq vəzifələndirildi. Bakı üzərinə yeriyəcək əsl qüvvələrin isə şimal qrupu olması qərarlaşdırıldı.[77]

Cənub qrupuna da Azərbaycan türklərindən Həbib Səlimov komandirlik edəcəkdi. Bu qrup Müsüslü-Kürdəmir-Hacıqabul-Bakı dəmir yolu xətti boyunca cənuba doğru irəliləyəcək və qarşılarındakı düşməni təmizləyəcəkdi. Cənub Qrupu Komandanlığının tərkibində Müsüslü dəstəsi, 26-cı tabordan bir piyada bölüyü, bir süvari dəstəsi, 38-ci alayın 3-cü taboru, 27-ci tabordan iki piyada bölüyü, 5-ci Qafqaz piyada istehkam bölüyü ilə 2 top və bir zirehli qatar var idi.[78][79]

5-ci Qafqaz piyada diviziyasını möhkəmləndirmək məqsədilə iyul ayının 6-da Türkiyədən bir hərbi birləşmə yola salınmışdı. Bu birləşmədə 65 zabit və 2.475 sıravi var idi. Uzun bir yol gəldikdən sonra 38-ci alay iyul ayının ortalarında cəbhə xəttinə çatdı. Bu alayın 3 batalyonu paytaxt Gəncədə qaldı. 2 batalyonu Müsüslü dəstəsinə qoşuldu, 1 batalyon da ehtiyatda saxlanıldı. Beləliklə, 38-ci alayın əsgərləri digər birliklərə paylandı. 38-ci alayın komandanı yarbay Səlim bəy şimal qrupu Komandanlığına gətirilən 10-cu alay komandiri yarbay Osman bəyin yerinə keçdi.[80]

Bakı üzərinə yeriyəcək qüvvələrin əsas hissəsini 5-ci Qafqaz piyada diviziyası və 38-ci alay təşkil edirdi. Bakının azad edilməsi üçün hazırlıqların getdiyi bir vaxtda, Almanlar şəhərin türklərin əlinə keçməsini istəmədiklərindən Türkiyə Baş Qərargahına etdikləri təzyiqi daha da qüvvətləndirmişdilər. Baş Komandan vəkili Ənvər paşa və Şərq Orduları Komandanlığı, Nuru paşaya ardıcıl təlimatlar göndərərək, Bakının tez bir zamanda düşməndən təmizlənməsini tələb edirdilər. Ancaq, Qafqaz İslam Ordusunun bir çox hərbi birləşmələri, ermənilərin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri qırğınların qarşısını almağa, asayişi təmin etməyə çalışırdı. Top və silah sarıdan korluq çəkən Türk hərbi birləşmələri cəbhə bölgəsində toplaşaraq, düşmənə sarsıdıcı zərbə vura bilmirdi. Silahın azlığından, lüzumsuz yerə atəş açılmırdı. Döyüşlərin getdiyi yerlərdə su qıtlığı olduğundan, əsgərlər arasında yoluxucu xəstəliklər yayılmışdı ki, bu da ordunun gücünə öz mənfi təsirini göstərirdi. Lakin bütün bunlara baxmayaraq, türk əsgərlərinin tezliklə Bakıya girməsi lazım idi.[81]

Qafqaz İslam Ordusu Komandanı Nuru paşa 5-ci Qafqaz piyada diviziyası komandanlığına göndərdiyi gizli əmrdə belə deyirdi:

"Almanlar Bakının Osmanlı qoşunu tərəfindən ələ keçirilməsi ilə barışa bilmədiklərindən, işə müdaxilə etməyə hazırlaşırlar. Vəhib paşa, əməliyyatın sürətlə icra edilməsini əmr edir. Bizə başqa kömək və sursat da gəlməyəcəkdir. Əsgərlərimizin yerləşdiyi mövqe susuz və insan sağlamlığı üçün əlverişsiz olmaqla bərabər, yoluxucu xəstəliklərin də ortaya çıxması işin getdikcə çətinləşəcəyindən xəbər verir. Hal-hazırda bolşevik qüvvələrinin sayı yüz mini keçməkdədir. Vaxt ötdükcə düşmənin İranda yerləşən Baratov qüvvələrindən istifadə etməsi və kənardan əlavə kömək alması mümkündür. Allahın köməyinə sığınaraq, ümumi hərəkətə şənbə günü, sübh tezdən başlamağı münasib bilirəm. Hədəfiniz Bakı olacaqdır"


Tarix: 09.01.2015 / 12:12 Müəllif: Feriska Baxılıb: 56 Bölmə: "Azərbaycan Demokratik Respublikası"