beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qafqaz İslam Ordusunun quruluşu və güclənməsi

Osmanlı dövləti ilə Azərbaycan Cümhuriyyəti arasında 4 iyun 1918-ci ildə Batumda bir Dostluq və Əməkdaşlıq müqaviləsi imzalanmışdı. Müqaviləyə Osmanlı Dövləti Ədliyyə naziri Xəlil bəy və Şərq Orduları komandanı Vəhib paşa ilə Azərbaycan Şurayı Milli rəisi Məmməd Əmin Rəsulzadə və Xariciyyə naziri Məmməd Həsən bəy imza atmışdılar. Rəsulzadə, bu müqavilə hökmlərinə görə, Qafqazdakı türk və müsəlman xalqa qarşı qətliamın bir an öncə dayandırılması üçün Osmanlı Dövlətindən hərbi yardım istədi. Başkomandan vəkili Ənvər paşa isə gələn raportlara istinadən durumun ciddiliyini anladı və Şərq Orduları Komandanlığı tərkibində olan 5-ci Qafqaz piyada diviziyasının Qafqaz İslam Ordusu sıralarına qatılması üçün əmr verdi. Bundan sonra 5-ci Qafqaz piyada diviziyası, albay Mürsəl bəyin komandirliyi ilə Gəncəyə hərəkət etdi. Bu diviziyada 9, 10 və 13-cü Qafqaz piyada alayları, 19-cu və 42-ci süvari alayları, 5-ci Qafqaz səhra topçu alayı, 1-ci və 2-ci batareyalardan ibarət olan Şnayder topçu taboru ilə 4-cü və 5-ci batareyalardan əmələ gələn dağ topçu taboru vardı. Bundan başqa xəbərləşmə, istehkam, tibbi, səyyar xəstəxana, nəfəsli orkestr, çörəkçi kimi dəstək qolları və yardımçı bölüklər ilə qruplar xidmət edirdi. 5-ci Qafqaz piyada diviziyasının tərkibində 257 zabit, 5575 əsgər və 1266 heyvan var idi. 5-ci Qafqaz piyada diviziyasından ilk olaraq Gəncə Müfrəzəsi adı verilən və minbaşı Cəmil Cahid bəyin (sonradan general Toydəmir) əmrindəki 9-cu Qafqaz alayı ilə minbaşı Zihni bəyin komandanlığındakı mürəttəb 2-ci süvari alayı, 4 iyunda Qarakilsənin şimalındakı Cəlaloğlundan Gəncəyə hərəkət etdi. Bu hərbi birliklər yollarına çıxan bəzi alman birliklərini zorla Tiflisə dönməyə məcbur etdilər. Bölgədəki erməni silahlılarından da təmizlədilər. Xalqın sıx sevgi nümayişləri altında Qazax və Tovuz bölgəsindən keçərək, 9-10 iyunda Gəncəyə çatdılar və Qafqaz İslam Ordusunun əmrinə girdilər. Diviziyanın geridə qalan hissəsi isə 15 iyuna qədər dalbadal Gəncəyə çatdı. Xalq Gəncədə türk əsgərlərini qurbanlar kəsərək böyük bir coşqu ilə qarşıladı. Şəhərin hər yanı qurtarıcı olaraq görülən Osmanlı dövləti və Azərbaycan bayraqları ilə bəzədildi. Beləcə artıq müsəlmanlar tərəfində savaşa biləcək həqiqi bir nizami ordu var idi.

Nuru paşa paytaxtdakı ermənilərin itaət altına alınması üçün əllərindəki silahlarının toplanması gərəkdiyinə qərar verdi. Minbaşı Cəmil Cahid bəy komandasındakı 9-cu Qafqaz alayı ilə minbaşı Zihni bəy komandasındakı 2-ci süvari alayı Gəncəyə çatınca bunlara Gəncə Müfrəzəsi adı verilmişdi.

Gəncə Müfrəzəsi ermənilərin silahlarını buraxmasını və idarəyə itaət etməsini təmin etmək üçün hərəkətə keçdi. Bunun üçün 10 iyunda gecə yarısından sonra Gəncə çayını keçərək şərq tərəfdə olan erməni məhəlləsini arxadan mühasirəyə aldı. Beləliklə, daha arxadakı erməni kəndləri ilə məhəllənin əlaqəsi kəsilmiş və 11 iyun sabahından etibarən mühasirə başlamış oldu. Erməni məhəlləsinin çox yaxınında olan Yelenendorfda (indiki Göygöl) isə almanlar yaşayırdı. Bunlar da ölkədəki anarxiya vəziyyətindən zərər görməmək üçün əli silah tutan gənclərdən bir milis təşkilatı qurmuşdular. Əllərində yüngül silahlarla bərabər dörd də pulemyot var idi. Gəncə Müfrəzəsi komandanları, alman milislərin başındakı səlahiyyətlilərlə görüşərək, onlarla əməkdaşlıq aparmalarını, əks halda silahlarının alınacağını bildirdilər. Almanlar türklərlə mücadilə etmələri halında zərərli çıxacaqlarını anlayınca, bu təklifi qəbul edərək Gəncə Müfrəzəsinə qatıldılar. Alman milislər Zurnabad-Hacıkənd xəttinə yerləşdirildi. Beləliklə bu kəndlərin ermənilərlə əlaqəsi kəsilərək, Gəncə Müfrəzəsinin arxası əmniyyətə alındı. Alman milis taborunun vəzifəsini layiqincə yerinə yetirə bilməsi və nəzarət altında saxlanılması üçün başçılıq etməyə komandir olaraq türk zabitlər gətirildi.

Şəhərin cənubundakı bəzi kəndlərdə nəzarət təmin edildikdən sonra 2-ci süvari alayı erməni məhəlləsinin girişinə yerləşdirildi. Burada yaxaladıqları bir neçə ermənidən məhəllənin durumu və silahlı milislər haqqında bilgi aldılar. Bundan sonra baş leytenant Səlahəddin bəy ilə Səməd bəy erməni məhəlləsinə gedərək silahlarını təslim etmələrini istədilər, ancaq ermənilər bu istəyə atəşlə qarşılıq verdilər. Bununla da kifayətlənməyib daha öncə bağların izinə yerləşdirilən militanlar yaylım atəşi açdılar və hücuma keçdilər. Heç gözlənilməyən bu hücum qarşısında 9-cu Qafqaz alayının bəzi qüvvələri geri çəkilmək məcburiyyətində qaldı. Bu hücumda Gəncə Müfrəzəsindən 13 əsgər şəhid oldu, biri zabit 7 əsgər də yaralandı. Gəncə ermənilərinin itaət altına alınmaları və silahlarını təslim etmələri üçün başladılan hərəkata qatılan türk zabitlərdən Mucip Kemalyeri, daha sonrakı illərdəki xatirəsində belə söyləyir:

"Ermənilərə təslim olmaları üçün verilən müddət dolunca ertəsi gün hərbi hərəkat başladı. Küçəyə yenicə girmişdik ki, birdən ətrafımız sarıldı. Ağacların üzərindən belə üzərimizə atəş açılırdı. İçində olduğumuz pis vəziyyətdən istifadə edən 20-30 erməni üzərimizə atıldı. Qarşı tərəf atəşi kəsmişdi. İndi heç alışqın olmadığımız küçə boğuşması başlamışdı. Zabitlərimiz tapançaları ilə atəş açır, Mehmetçik isə hələ süngü taxmağa belə fürsət tapmadan hücum edən erməniləri əzişdirirdi. Qısa sürən vuruşmada basqınçılar ortadan qeyb oldular. Biz də bu fürsətdən istifadə edərək 10-a qədər yaralımızı da götürərək yavaş-yavaş geri çəkildik. Ən öndə gedən manqanın şəhid düşən 4 əsgərinin cəsədini orada qoymağa məcbur olduq. Ermənilər isə 15-ə qədər ölü qoymuşdular".[28]
Bu hücumdan sonra erməni məhəlləsi tamamən mühasirəyə alındı. Mühasirənin başlamasından sonra bir keşiş ilə bir sivil və bir zabit minbaşı Cəmil Cahid bəyin yanına gələrək silahlarını təslim edəcəklərini, ancaq Gəncənin yerli sivil əhalisinin hücumundan qorxduqlarını bildirdilər. Cəmil Cahid bəy erməni heyətə can və mal təhlükəsizliyi təminatı verdi və silahların təslim edilməsi üçün axşama qədər vaxt qoydu. Bu arada məhəlləni mühasirəyə alan türk birliklərindən 15-ə qədər əsgərin erməni bağlarında eyni Anadolunun bir çox yeriylə Bakı, Şamaxı və başqa bölgələrdə də olduğu kimi, amansızcasına parçalanaraq qətl edildiyinə dair xəbərlər ordu qərargahına çatdı. Nuru paşa Yelenendorflu bir alman vasitəsiylə ermənilərə bir məktub göndərərək atəşi kəsmələrini və artıq müqavimət göstərmədən təslim olmalarını, əks halda məhəllənin topa tutulacağını bildirdi. Ermənilər bu məktubu da diqqətə almadılar və bir yarma hərəkatına girişdilər, ancaq süvarilər tərəfindən geri oturduldular. Ermənilərin axşam saat 17.00 – a qədər təslim olması bir daha istənildi, ancaq ermənilər müqavimət göstərdi. Bundan sonra, silahlarını vermədikləri təqdirdə saat 18-dən etibarən top atışının başlayacağı və hər kimdə silah yaxalanırsa dərhal edam ediləcəyi bildirildi. Saat 18.00 olunca, axşam olması səbəbindən hərəkatın sabah qaldığı yerdən davam etməsinə qərar verildi.

Səhər günəş çıxınca mühasirə yaxşıca daraldıldı və məhəlləyə doğru bir neçə topçu atışı atıldı. Həqiqətdə türk əsgərində top mərmisi də azdı. Nuru paşa məhəllədəki erməni irəli gələnlərinə göndərdiyi məktubda silahların ən qısa müddətdə təslim edilməsini, gün batmadan iki saat öncə silahların verilməməsi halında hərbi hökmlərin tətbiq olunacağını sərt bir dillə ifadə etdi. Türk Qafqaz İslam Ordusu Komandanlığı məhəllənin təxrib olunmasını istəmirdi. Ermənilər də silahlarını təslim etmirdi. Daha müqavimətin bir fayda gətirməyəcəyini anlayan ermənilər, nəhayət təslim olmağa qərar verdilər. Gəncə Müfrəzəsi erməni məhəlləsinə girərək 13 və 14 iyun günlərində tamamən nəzarəti ələ aldı və silahları topladı.

Gəncənin erməni məhəlləsində meydana gələn bu hadisə türk əsgərlərinin Azərbaycandakı ilk silahlı vuruşması oldu. Mehmetçik Qafqazda ilk dəfə Gəncədə torpağa tapşırıldı. Şəhidlər, silahdaşları və xalqın qatıldığı təntənəli bir mərasimlə Gəncə məzarlığında torpağa verildi. Sovet İttifaqı dövründə bu şəhidlərin məzarları dağıldığı üçün bu gün harada olduqları bilinmir.


Tarix: 09.01.2015 / 01:38 Müəllif: Feriska Baxılıb: 192 Bölmə: "Azərbaycan Demokratik Respublikası"