beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nəsib bəy Yusifbəyli

Həyatı
Nəsib bəy Yusifbəyli 1881-ci ildə Gəncə şəhərində anadan olmuşdur[1]. Orta təhsilini Gəncə gimnaziyasında almışdır. 1902-ci ildə Novorossiysk (Odessa) Universitetinin hüquq fakültəsinə daxil olmuş, amma universiteti bitirə bilməmişdir. Tələbələrin inqilabi hərəkatından qorxuya düşən çar hökuməti universtiteti müvəqqəti bağladıqdan sonra Nəsib bəy Baxçasaray (Krım) şəhərinə getmiş və burada İsmayıl Qaspiralının "Tərcüman" qəzetiylə əməkdaşlıq etməyə başlamışdır. Burada o, özü baş rolda oynamaqla Azərbaycan dramaturqlarının əsərlərini səhnələşdirmişdir.

1908-ci ildə Nəsib bəy İstanbula köçərək publisistik fəaliyyət göstərməklə bərabər "Türk dərnəyi" cəmiyyətinin təşkili ilə də məşğul olmuşdur. Az sonra Şəfiqə Soltan xanımla ailə həyatı quraraq bir müddət İstanbulda qalmışdır. 1909-cu ildə Gəncəyə qayıdaraq, şəhər bələdiyyəsində çalışmışdır. 1911-ci ildə "Molla Nəsrəddin" jurnalına və qəzetlərə məqalələr göndərmiş, "Müsəlman xeyriyyə cəmiyyəti", "Müsəlmanların maariflənməsi cəmiyyəti", "Aktyorlar cəmiyyəti"nin fəaliyyətlərində yaxından iştirak etmişdir. Bu zaman o, Məmməd Əmin Rəsulzadə ilə tanış olmuş və ictimai siyasi fəaliyyətə başlamışdır.

1917-ci ilin mart ayında Nəsib bəy Yusifbəyli öz yaxınları ilə Gəncədə "Milli Federalistlərin Türk Partiyası"nı yaratmışdır. Yeni yaradılan partiyanın əsas tələbi Rusiyanın milli ərazi muxtariyyətləri əsasında təşkili idi. 1917-ci ilin iyulunda bu partiya M.Ə. Rəsulzadənin başçılığı ilə "Müsəlman Demokratik Müsavat Partiyası" ilə birləşərək "Müsavat" adlandırılmağa başlamış və onun proqramlarında millətçi-federalistlərin əsas tələbi – Rusiyanın milli ərazi muxtariyyətləri əsasında qurulması saxlanılmışdır.

M.Ə.Rəsulzadə Müsavat Partiyasının mərkəzi komitəsinin sədri seçildikdən sonra Gəncədə partiyanın rəhbəri N. Yusifbəyli olmuşdur. 1917-ci ildə Rusiyada bolşeviklər hakimiyyətə gəldikdən sonra partiya öz nizamnaməsində dəyişiklik edərək Azərbaycanın tam müstəqilliyini tələb etməyə başlamışdır.

Nəsib bəy Yusifbəyli Zaqafqaziya Seyminin üzvü, Zaqafqaziya federativ hökumətində – maarif naziri, ADR hökumətində 1918-ci il may ayının 28-dən 1919-cu ilin martına kimi maarif naziri, 1919-cu ilin martından 1920-ci ilin martına kimi hökumət sədri, eləcə də Daxili İşlər Naziri (16 iyun 1919 – 22 dekabr 1919) işləmişdir. 1920-ci ildə Sovet Rusiyası tərəfindən Azərbaycan tutulduqdan və kommunist rejimi qurulduqdan sonra Nəsib bəy ona qarşı olan təqiblərdən yaxa qurtarmaq məqsədi ilə mühacirətə getmək üçün Bakını tərk etmiş, lakin 31 may 1920-ci ildə yolda, Yevlaxın Qarxun kəndində faciəli surətdə qətlə yetirmişdir.


Tarix: 09.01.2015 / 01:35 Müəllif: Feriska Baxılıb: 48 Bölmə: "Azərbaycan Demokratik Respublikası"