beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mir Hidayət bəy Seyidov Ailəsi

Mir Hidayət bəyin yaxın qohumlarından olan diplomat alim Ramiz Abutalıbov 2006-cı ildə Moskva şəhərində nəşr etdirdiyi kitabda ("Qodı i vstreçi v Parije") onun da haqqında yazıb. Müəllif bir maraqlı məsələni də oxuculara ilk dəfə çatdırıb: Mir Hidayət bəyin ömür-gün yoldaşının və övladlarının adlarını yazıb. 1920-ci ildən sonra onları həbs edir, sürgünə göndərir və yaşamaq üçün Ordubaddan digər yerlərə köçürürdülər. Ramiz müəllimin babası Məşədi Həmzə də böyük şair Hüseyn Cavidlə birlikdə İrkutsk vilayətinə sürgün edilib. Abutalıbovlar da Qüdsi Vənəndinin ailəsi ilə qohumdurlar. Ramiz müəllimin yazdığından məlum olur ki, onun nənəsi Rübabə xanımın doğma qardaşı Mir Fazil ağa Seyidov uzun illər yazıçı Əziz Şərifin xahişi ilə Naxçıvanın Zaviyyə məhəlləsindəki ata evində yaşayıb. Həmin məhəllənin yaşlı sakinlərinin söylədiyinə görə, 1965-ci ilədək Mir Fazil ağa sağ idi. Şəhərdə hamı ona ehtiram göstərərmiş. Həmin kitabda diqqətimizi çəkən mühüm məqamlardan biri də Mir Hidayət bəyin İrəvanski və Naxçıvanskilərlə qohumluğu oldu. Müəllif yazır ki, Mir Hidayət bəyin həyat yoldaşı Şövkət xanım İrəvanskaya olub. Biz Şövkət xanımın kimin varisi olduğunu oxuculara bildirmək istərdik. O, İrəvan varlılarından Ələşrəf bəyin qızı olub. Aparılan axtarışlar göstərdi ki, Mir Hidayət bəyin həyat yoldaşı İrəvanskaya yox, Şövkət xanım Kazımbəyova olmuşdur. Bu tarixi foto şəklin araşdırılmasında bizə Mir Hidayət bəyin nəvəsi, əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru, prorektor Oktay Abasquliyev köməklik göstərdi. O, Mir Hidayət bəyin qızı Dilarə xanımın oğludur. Yeri gəlmişkən, onu da deyək ki, Dilarə xanım Hüseyn Abasquliyevlə ailə qurmuşdu. Hüseyn Abasquliyev uzun illər Azərbaycan MK-da yüksək vəzifədə işləyib. Onların Oktay, Leyla və Kamil adlı üç övladı dünyaya gəlib. Leyla xanım sənətşünaslıq elmləri namizədi, dosentdir. Kamil isə dosent olmaqla bərabər əməkdar artistdir. Şövkət xanım Ələşrəf qızı Kazımbəyova çox qəribə və necə deyərlər, kədərli bir tale yaşayıb. 1920-ci ildən sonra onun həyatı necə olub, həbslərdən yaxa qurtara bilibmi? Bütün bunlar çox maraqlıdır və ayrıca bir yazının mövzusudur. Şövkət xanım ərinin vəfatından sonra Fərəməz Mahmudbəyovla ailə qurub. Onların izdivaclarından Şamil və Məryəm adlı övladları dünyaya gəlib. Şamil Mahmudbəyov sonralar məşhur kinorejissor olmaqla bir çox dövlət mükafatları alıb. Onun varisləri bu gün də Azərbaycan incəsənətinin və mədəniyyətinin tanınmış nümayəndələridirlər. Mətləbdən uzaqlaşmayaq. Mir Hidayət bəylə Şövkət xanımın nikahından bir oğlu və bir qızı dünyaya gəlib. Onların oğlu Mir Adil Moskvada təhsil alıb və ömrünün sonuna kimi ADU-da geologiyadan dərs deyib. Onun həyat yoldaşı Əzizə xanım Bakıda yaşayır. Mir Hidayət bəyin qızı Dilarə xanım isə Azərbaycanın məşhur memarlarından olmuşdur.


Tarix: 09.01.2015 / 01:14 Müəllif: Feriska Baxılıb: 87 Bölmə: "Azərbaycan Demokratik Respublikası"