beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mir Hidayət bəy Seyidov

Həyatı
Mir Hidayət bəy Mir Adil oğlu 1887-ci ildə Azərbaycanın ən qədim şəhərlərində birində – Gəncədə anadan olub. Onun atası Mir Adil bəy dövrünün açıqfikirli, maarifpərvər ziyalılarından idi. Bu ziyalılıq ulu əcdadlarından gəlirdi. Mir Adil bəy XIX əsr Azərbaycan ədəbiyyatında orijinal bir yer tutan və Ordubad ədəbi mühitinin fəxri Hacı Mirzə Ağarəhim Qüdsi Vənəndinin oğul nəvəsidir. Əldə edilən arxiv sənədlərindən aydın olur ki, Mir Adil bəyin atası Hacı Mir Ağa bəy Qüdsi Vənəndinin ikinci oğludur. Dövrünün alimi və din elmlərini dərindən bilən şəxs kimi Naxçıvanda və Ordubadda məşhur olub. Böyük yazıçı M.S.Ordubadi də öz gündəliyində onu "davamlı seyid" kimi yazıb. Öz varidatını maarifçilik işinə əsirgəməyən Hacı Mir Ağa bəy övladlarını da bu ruhda böyüdürdü. Mir Adil bəy də atasının bu müqəddəs işini davam etdirdi. Oğlu Mir Hidayət bəy 1906-cı ildə Gəncə (o vaxtlar Yelizavetpol adlanırdı) gimnaziyasını bitirəndən sonra onu Kazan Universitetinə oxumağa göndərir. Kazan Universiteti o illərdə Rusiyanın və Avropanın məşhur elm ocaqlarından sayılırdı. Mir Hidayət bəy bu universitetin hüquq fakültəsində təhsil almışdır. O, təhsil illərində azad ruhlu, müstəqillik duyğusu ilə yaşayan gənclərlə və müəllimlərlə yaxın dostluq münasibətləri saxlayır. Təhsilini başa vurandan sonra vətənə dönən Mir Hidayət bəy İrəvan və Naxçıvan quberniyalarında fəaliyyət göstərir. Hətta İrəvan və Naxçıvan quberniyalarının Müsəlman Milli Şurasının sədri olur. O, sonralar Tiflisə gedərək Zaqafqaziya Seymində müsəlman fraksiyasının fəal üzvlərindən biri kimi tanınır. Və bu yöndə apardığı ardıcıl iş onu Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə gətirib çıxarır. Yuxarıda dediyimiz kimi, o, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 44 nəfər Milli Şura üzvündən biri kimi fəaliyyət göstərmişdir. Onu da deyək ki, İrəvan mahalı ermənilərə hədiyyə ediləndə üç nəfər o qərarın əleyhinə səs verib. Onlardan biri Mir Hidayət bəy Seyidov olub. 1918-ci ildən başlayaraq, erməni daşnakları Naxçıvana aramsız hücumlar etdiyindən, Mir Hidayət bəy ata vətəni Naxçıvana qayıdır və babalarının müqəddəs məkanı Ordubadın yağılardan müdafiə olunmasında fədakarlıq göstərir. O, Ordubad Milli Müdafiə Şurasına ən çətin vaxtlarda sədrlik edir. Əhalini düşmənlə vuruşa ruhlandırır və bu döyüşlərdə özü də öndə gedir. Çox çətin və mürəkkəb bir şəraitdə xalqın içində olmaq isə ən böyük vətənpərvərlikdir.Arxiv sənədlərindən öyrənirik ki, Naxçıvan, Şərur, Vedibasar və Ordubadın vəziyyəti olduqca mürəkkəb və qeyri-müəyyən olsa da, xalqımız düşmənə baş əymirdi. Həmin illərin sənədlərindən bəzi xatırlamalar yerinə düşər: "Ordubad ətrafında daşnaklarla amansız döyüşlər başladı. Amansız döyüşlər Ordubadın lap yaxınlığında, şəhər qəbiristanlığında gedirdi..." Xalqımız düşmənlə qətiyyətlə döyüşürdü. Çox qurbanlar versə də, daşnak işğalçılarını məhv etmək üçün əlindən gələni əsirgəmirdi. Mir Hidayət bəyin də iştirak etdiyi Milli Şurada azərbaycanlılar öz mübarizliklərini polkovnik Reyə bildirdilər: "Xalq azərbaycanlı general-qubernatordan başqa heç kimi istəmir". Mir Hidayət bəyin qəfildən vəfatı haqda hələlik heç nə bilmirik. Ancaq onun vəfatının tarixi məlumdur. 1919-cu ildə Ordubadda vəfat edib.


Tarix: 09.01.2015 / 01:13 Müəllif: Feriska Baxılıb: 78 Bölmə: "Azərbaycan Demokratik Respublikası"