beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Göyçay savaşı

Daşnak-bolşevik qüvvələrinin qərb yürüşü
Şaumyanın liderliyindəki Bakı Soveti, türk ordusunun Gəncədə toparlanmasına fürsət verməmək üçün hərbi hərəkata başlanması istiqamətində qərar aldı. Bakı Xalq Komissarları Sovetinin Hərbi və Dəniz işləri üzrə komissarı Korqanov, 4 iyun 1918-ci il tarixində bir əmr imzalayaraq, Qızıl Ordu qüvvələrinin hərəkətə keçməsini istədi. Rus bolşevik və erməni daşnaklardan ibarət olan hərbi qüvvələrə Yevlax şəhərinə qədər olan düzlükdəki bölgələri işğal etməsi və Yevlax körpüsünü ələ keçirməsi üçün təlimat verdi. Erməni və rus dəstələri 6 iyun 1918-ci il tarixində Bakıdan yola çıxaraq toplanma yeri olan Hacıqabula doğru hərəkət etdilər. Yolları üzərindəki yaşayış məntəqələri ilə Qazıməmməd və ətrafındakı kəndləri talan etdilər. Bir çoxunu yandırıb məhv etdilər. Türklərin heyvanlarını və yeyəcək-içəcəklərini əllərindən aldılar.

Hacıqabul stansiyasında toplanmağa başlayan Qızıl Ordu qüvvələri 10 iyundan etibarən Gəncəyə getmək üzrə yola çıxdı. Qızıl Ordu qüvvələrinin qarşısında gürcü və türklərdən ibarət kiçik bir hərbi dəstə vardı. Bu dəstəyə gürcü əsilli Maqalov komandirlik edirdi. [1] Birləşmiş qüvvələr 11 iyunda Sığır stansiyasını ələ keçirdi. Şaumyan türk hərbi qüvvələrinin hələ hamısının Gəncəyə çatmadığını da xəbər almışdı. Gəncəli ermənilər isə o günlərdə türk əsgəri ilə toqquşma halındaydılar. Bakı Soveti komissarı lehinə olan bu durumdan faydalanmaq istəyirdi. [2] Sığır stansiyasının ələ keçirilməsi Şaumyanı son dərəcə ümidləndirdi. Leninə göndərdiyi teleqrafda hadisəni anladarkən belə demişdi:

"Hərbi qüvvələrimizin ön qüvvələri 11 iyunda Sığır stansiyasını işğal etmişdir. Kəşfiyyat qolumuz isə Kərrar stansiyası yaxınlarında top atəşinə tutulmuşdur. Hərbi qüvvələrimiz irəli hərəkət etməkdədir". [3]
Kürdəmirin işğalı
Qızıl Ordu hərbi qüvvələrindən birinci qol Bakı – Hacıqabul dəmir yolu boyunca qərbə doğru irəliləyərək Müsüslü stansiyasına qədər olan bölgəni nəzarət altına aldı. Digər qol isə Hacıqabuldan keçərək Kürdəmir şəhərinin önlərinə çatdı. Bölgədəki Qızıl Ordu qüvvələri burada toplanaraq, Gəncədən təxminən 150 kilometr uzaqlıqda olan Kürdəmir üzərinə hərəkət etdi. Şəhəri müdafiə etməyə çalışan Azərbaycan türklərindən ibarət milis qüvvələrinin müqaviməti bir nəticə vermədi. Qızıl Ordu qüvvələri Kürdəmir ilə buradakı stansiyanı nəzarət altına aldılar. Kürdəmirdəki bolşevik qüvvələri tam mövcudlu iki piyada taboru ilə bir dəmir yolu bölüyü, iki batareya səhra topu və bir qaubitsa batareyasından ibarət idi. [4]

Kürdəmirin düşmən qüvvələrinin əlinə keçməsi Gəncə üçün böyük təhlükə ərz edirdi. Çünki dəmiryolu boyunca irəliləyərək Yevlaxa çatmaları halında Kür çayı üzərindəki körpünü nəzarət altına alıb, Gəncə yolunu kəsmələri hər an mümkün idi. Bu da Qafqaz İslam Ordusunun şərq istiqamətində Bakıya doğru irəliləməsinə qarşı ciddi bir əngəl törədə bilərdi.


Tarix: 09.01.2015 / 01:04 Müəllif: Feriska Baxılıb: 36 Bölmə: "Azərbaycan Demokratik Respublikası"