beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cümhuriyyət tələbələri

ADR dövründə maarifə, təhsilə xüsusi önəm vermişlər. Parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunu xüsusi qeyd etmək lazımdır. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, Cümhuriyyət ideyalarının yaşamasında və xalqımızın yenidən müstəqilliyə qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynadı. Ölkədə elm və təhsilin inkişafına xüsusi diqqət yetirən Cümhuriyyət hökuməti və Parlamenti, vaxt itirmədən, bu sahədə milli kadrlar hazırlanmasının sürətləndirilməsinə xüsusi səy göstərirdi. Bu zaman Azərbaycan Parlamenti hökumətin təklifinə əsasən 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qanun qəbul etmişdi. Parlament xaricə göndəriləcək gəncləri müəyyən etmək üçün Məmməd Əmin Rəsulzadənin başçılığı ilə beş nəfərdən (Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov, Qara bəy Qarabəyov, Abdulla bəy Əfəndizadə) ibarət xüsusi müsabiqə komissiyası yaratmışdı. Komissiyanın qərarına əsasən, ali təhsil almaq üçün 45 nəfər Fransa, 23 nəfər İtaliya, 10 nəfər İngiltərə, 9 nəfər Osmanlı ali məktəblərinə göndərilmişdi. Rusiyada oxumaq üçün seçilmiş 13 nəfər gənc orada Vətəndaş müharibəsi başlandığı üçün təhsil almağa gedə bilməmişdi.

Azərbaycanda heç bir vaxt Təhsil Nazirliyi 1918-1920-ci illərdə olduğu qədər geniş səlahiyyətlərə malik olmamışdır[Mənbə göstərin]. Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının Azərbaycan bölməsi Qazaxa köçürüldükdən sonra Təhsil Nazirliyinin sərəncamında idi. Hətta Mayılov qardaşlarının teatrı (indiki M.F. Axundov adına Milli Opera və Balet Teatrı) nazirliyin tabeçilində idi. Dövlət teatrına dair məsələlərə nazirlikdə baxılırdı.

1919-cu il aprel ayının 27-də tərtib edilmiş və başqaları ilə yanaşı Üzeyir bəy və Zülfüqar bəy Hacıbəyovlara göndərilmiş məktubda oxuyuruq:

"Sizdən xahiş edirəm ki, bu il aprelin 28-də axşam saat 7-də Dövlət teatrı işləri üzrə komissiyanın iclasında iştirak etmək üçün Xalq maarif Nazirliyinə təşrif gətirəsiniz".
Nazirliyin şöbə rəisi.

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Sovet hakimiyyətinin ilk illərində bu ənənə Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov tərəfindən davam etdirilmişdir. Belə ki, onun göstərişiylə Azərbaycanda dövlət arxivi Təhsil Nazirliyinin nəzdində yaradılmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı "Azərbaycan" qəzeti də Xalq maarif Nazirliyinin tabeçiliyində olmuşdur. Qəzet səhifələrində təhsilə dair materialların tam genişliyi ilə dərc olunmasının bir səbəbi də bununla izah edilməlidir.

1919-cu il iyulun 23-də qəzet oxuculara bildirir ki, Bakıda Vəkilllər şurasının qərarı ilə korlar məktəbi açılacaqdır. "Tələbələr haqqında" sərlövhəli xəbərdə isə oxuyuruq: "Maarif nəzarəti 100 nəfər tələbəni xaricə göndərəcək. Hər tələbəyə 36.000 manat xərcləmək və 5.000 manat yol pulu hesablanıb. Cəmi 4.100.000 manat edir".

Qəzetin 31 iyul tarixli sayında "Tələbələrin nəzərinə" elanından bəlli olur ki, İsveçrəyə 51 nəfər, Fransaya 13 nəfər, Osmanlıya 4 nəfər, İtaliyaya 1 nəfər, Rusiyaya 17 nəfər, İngiltərəyə 3 nəfər, Almaniyaya 2 nəfər gənc göndəriləcəkdir.

"Azərbaycan" qəzeti səhifələrindəki materiallar və eləcə də arxiv sənədləri göstərir ki, əcnəbi ölkələrə təhsil almağa göndəriləcək tələbələrin qəbul etdiyi şərtlər H.Z.Tağıyev tərəfindən təsdiq olunmuş maddələrin əsasında hazırlanmışdır. Böyük xeyriyyəçi – milyonçunun şərtləri belə idi:

1. Hər tələbəyə təhsil müddəti ərzində 50 manat veriləcəkdir. Yay tətillərində Qafqaza gəliş-gediş xərcləri də ayrıca ödəniləcəkdir.
2. Tələbə ali təhsilini bitirdikdən sonra mütləq vətəninə dönərək öz ölkəsinə xidmət edəcəkdir.
3. Tələbə qeyri-türklə evlənməyəcəkdir.
4. Tələbə təhsilini bitirib həyata atıldıqdan sonra təhsil müddəti ərzində Hacı Zeynalabdindən aldığı pulları Xeyriyyə Cəmiyyətinə birdəfəlik və yaxud da hissə-hissə ödəyəcəkdir.
Azərbaycan parlamentinin xüsusi dövlət komissiyası H.Z.Tağıyevin maddələrini redaktə etmiş, 3-cü maddəni isə ixtisara salmışdır.

Yeri gəlmişkən, H.Z.Tağıyevin hər bir tələbəyə ayırdığı vəsait öz zamanına görə çox idi. Nəriman Nərimanovun "Borc iltizamı"nda oxuyuruq:

"1902-ci il iyunun 27-də mən, aşağıda imza edən kollec katibi Nəriman Nərimanov bu iltizamı fəxri vətəndaş Hacı Zeynalabdin Tağıyevə verirəm, ondan ötrü ki, o – Tağıyev ali məktəbdə təhsilimi davam etdirmək üçün mənə beş il ərzində, birinci iki ilin hərəsində 360 manat verir, bu da cəmi iki min iki yüz səksən (2280) manat edir və mən elmlər kursunu başa çatdırandan sonra bu məbləği tamamilə ona, Tağıyevə qaytaracağıma söz verirəm. Bu barədə imza atıram. İmza: Nəriman Nərimanov". Nəriman Nərimanov H.Z.Tağıyevin himayəsi ilə 1902-ci ildə Odessa Universitetinin tibb fakültəsinə daxil olmuşdu.

Xalqımızın digər bir görkəmli dövlət xadimi – Əziz Əliyev 1951-ci ildə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsində işləyərkən H.Z.Tağıyevin yaxşılığından dəst-xəttilə yazdığı tərcümeyi-halında bunları xatırlayırdı: "1917-ci ildə bütün fənnlərdən "5" qiymət almaqla gimnaziyanı qızıl medalla bitirdim. Təhsili davam etdirmək üçün vəsaitin olmadığına görə, maddi yardım üçün o vaxt Bakı milyonçusu Tağıyevə müraciət etdim. O, mənə 300 manat miqdarında pul göndərdi. Bu pulun bir hissəsinə anam üçün ərzaq aldım. Qalan hissəsini isə özümlə götürüb Petroqrada getdim. Attestat müsabiqəsi yolu ilə Hərbi-Tibb Akademiyasına daxil oldum".

...O zaman, 1919-cu ildə soydaşlarımızın əcnəbi ölkələrə ali təhsil almağa göndərilməsi Azərbaycan həyatında əlamətdar bir hadisəyə çevrilmişdi. Bu, hamıdan çox maarifpərvər millət atası H.Z.Tağıyevi məmnun edirdi. Onun bütün var-dövləti, zavodları, mədənləri, fabrik və balıq vətəgələri, maliyyət vəsaitləri... Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi bazasına çevrilmişdi. Xalq Cümhuriyyətinin ali qonaqlarını öz evində (indiki Azərbaycan tarix muzeyi binası) qarşılayan millət atası doxsan altı yaşını adlasa da, müsafirlərin gözünə qıvraq və gümrah bir cəngavər kimi görünürdü. "Azərbaycan" qəzeti səhifələrində tələbələr barədə verilmiş materialları qırx doqquz yaşlı Nəriman Nərimanov Həştərxanda, iyirmi iki yaşlı Əziz Əliyev Naxçıvanın Şərur rayonunda həvəslə oxuyurdular.

"Azərbaycan" qəzetinin 1919-cu il 9 dekabr tarixli sayındakı "Müsəlman tələbələrin xarici ölkələrə göndərilməsi" yazısından bəlli olur ki, hökumət bu tədbiri mütəşəkkil həyata keçirmək məqsədilə tələbələrin nümayəndələrindən ibarət təşkilat yaratmışdır. Təşkilat bürosunun sədri Teymur bəy Aslanov maarif nazirliyinin nümayəndəsi Şaxtaxtinski ilə birlikdə lazımi yol vəsiqələri almaq üçün Tiflis və Batum şəhərlərində olmuşlar. Qəzetin 1919-cu il 12 dekabr sayındakı "Tələbələrin yığıncağı" sərlövhəli xəbərdən öyrənirik ki, tələbə Bürosunun qərarı ilə xaricə yola düşən gənclərin bəzi ərzaq və digər ləvazimatla təmin olunması məsələləri həll edilmişdir. Ticarət və sənaye nazirlikləri hər bir tələbəyə 40 arşın parça, 2 cüt döşəkağı, 2 ədəd əl-üz dəsmalı, 6 ədəd yaylıq və s. vermişlər.

100 nəfər Azərbaycan türkünün Avropa ölkələrinə ali təhsil almağa göndərilməsi məsələsi ümumdövlət və ümumxalq işinə çevrilmişdi. Milli təhsil tariximizdə yeni bir səhifə açmış bu hökumət qərarına əməl olunması böyük qürur hissilə müşayət olunurdu. 100 nəfər istedadlı gəncin seçilməsi üçün Azərbaycan Demokratik Respublikası parlamentinin qərarı ilə dövlət komissiyası yaradılmışdı. Bu komissiyaya Məhəmməd Əmin Rəsulzadə başçılıq edirdi. Komissiyanın tərkibinə deputatlardan Mehdi bəy Hacınski, Qara bəy Qarabəyov, Əhməd bəy Pepinov və Abdulla bəy Əfəndizadə daxil idilər.

Komissiyaya Azərbaycan Xalq Cümhuriyyətinin banisinin sədrlik etməsi mühüm əhəmiyyət kəsb edirdi.

1919-cu il­də xa­ric­də tə­lə­bə­lə­rin təh­si­li ilə mə­şğ­ul olan dok­tor Bəhram bəy Axundov İs­tan­bul­dan Pa­ri­sə Cey­hun Hac­ı­bəy­liyə təş­viş do­lu bir mək­tub gön­də­rir.

"Əziz Cey­hun! Tə­lə­bə­lər­dən çox ni­g­a­ra­nam. İki ay­dan da bir az ar­tıq müddət­də Ba­kı­da çox ça­lış­dım. Öz əl­lə­rim­lə 200 brily­ant se­çib tə­lə­bə­lər­lə yo­la sal­dım. Sa­ta bil­di­lər, ya yox, mə­lu­ma­tım yox­du. Nə­ri­ma­nov bu ba­rə­də Ber­lin nümay­ən­də­liy­i­nə so­rğu gön­dər­miş­di. Nə­ri­ma­nın Mosk­vaya ge­di­şi ilə hər şey alt-üst olub. Sa­bah nə olac­aq deyə bil­mə­rəm. Məc­hul­luq­la üz-üzə day­an­mı­şıq. Mən on­la­rı unut­mu­ram, unut­may­ac­ağ­am da. Ba­kıya qay­ı­dan ki­mi ye­nə on­la­ra yar­dım et­məyə ça­lı­şac­am. Tə­ki oxu­sun­lar, bi­zim bu uşaq­la­ra eh­tiy­ac­ı­mız var". İmza: Bəhram Axundov


Tarix: 09.01.2015 / 01:00 Müəllif: Feriska Baxılıb: 192 Bölmə: "Azərbaycan Demokratik Respublikası"