beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Birinci Piyada Diviziyası

Birinci Piyada Diviziyası - Azərbaycan ordusunun tərkibində hərbi birləşmə. Əsası 1917-ci ilin sonlarında qoyulmuşdu. Diviziyanın formalaşması onun komandiri general-mayor Xəlil bəy Talışinskinin rəhbərliyi ilə aparılırdı. Birinci diviziyanın strukruru Əlahiddə Azərbaycan korpusunun tərkibində də saxlanmışdı. Lakin Azərbaycan hərbi hissələrinin formalaşması zəruri tələblərə cavab vermədiyindən Qafqaz İslam Ordusu komandanının 1918-ci il 13 avqust tarixli əmri ilə Əlahiddə Azərbaycan korpusunun və piyada diviziyalarının qərargahları ləğv olundu, piyada diviziyalarına daxil olan hərbi hissələr isə birbaşa Qafqaz İslam Ordusu komandanına tabe edildi. Bakının azad olunması uğrunda döyüş (1918, 15 sentyabr) uğurla nəticələndikdən sonra piyada diviziyalarının və Azərbaycan korpusu qərargahlarının bərpasına başlandı. Qafqaz İslam Ordusu komandanının 1918-ci il 23 sentyabr tarixli əmri ilə polkovnik Cəmil Cahid bəy diviziyanın komandiri təyin edildi və 1-ci, 2-ci və 3-cü piyada alayları bu diviziyanın tərkibinə qatıldı. Diviziyanın təşkilini sürətləndirmək üçün 5-ci Qafqaz firqəsinin 9-cu piyada alayı da bu diviziyanın tərkibinə daxil edildi. Alayın taborları 1-ci, 2-ci və 3-cü piyada alaylarının əsasını təşkil etdi. Türk hərbi qüvvələri 1918-ci il noyabrın ortalarından Azərbaycanı tərk edəndə, qərargahı Qarabağda olan Birinci piyada diviziyasına general-mayor İbrahim ağa Usubov komandir təyin olundu. 1919-cu il yanvarın 1-dən isə diviziyaya rəhbərlik general-mayor Süleyman bəy Əfəndiyevə tapşırıldı. Süleyman bəy Əfəndiyev 1919-cu il fevralın 21-də vəfat edəndən sonra, Cavad bəy Şıxlinski diviziyanın komandiri təyin edildi. Diviziyanın formalaşmasında və möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə Nazirlər Şurasının 1919-cu il 25 iyun tarixli qərarı ilə Cavad bəy Şıxlinskiyə general-mayor rütbəsi verildi. Diviziyanın tərkibinə 1-ci Cavanşir, 2-ci Zaqatala və 3-cü Gəncə piyada alayları daxil idi və qərargahı Gəncədə yerləşirdi. Diviziyanın alayları, başlıca olaraq, ermənilərlə təmas xəttində mövqe tutduğundan Zəngəzur ekspedisiyasında Qarabağ əməliyyatında, şimal müdafiə sisteminin yaradılmasında iştirak etmişdilər. Aprel işğalından (1920) sonra xalq hərbiyyə və bəhriyyə komissarının 1920 il 16 may tarixli əmri ilə Azərbaycan ordusunun 1-ci və 2-ci piyada diviziyalarının əsasında Azərbaycan fəhlə-kəndli birləşmiş qırmızı diviziyası yaradıldı və bununla da Birinci piyada diviziyasının varlığına son qoyuldu.


Tarix: 09.01.2015 / 00:56 Müəllif: Feriska Baxılıb: 61 Bölmə: "Azərbaycan Demokratik Respublikası"