beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Almaniya

Osmanlı Dövlətinin müttəfiqi olan Almaniya, Türk Ordusunun Bakıya girməsini heç bir zaman qəbul etməmişdi. Buna mane ola bilmədiyi kimi, türk əsgəri ilə bərabər bu hərəkatda iştirak da edə bilmədi. Bu səbəbdən Berlində böyük bir həyəcan yaşanırdı. Sədrəzəm (baş vəzir) Tələt paşa Almaniyadakı bu həyəcanı yatırmaq üçün Berlinə getdi. Türkiyənin öz gələcəyini təhlükədən qorumaq istədiyini bildirən Tələt paşa, eləcə də, Qafqazdakı türk və müsəlman xalqların yenidən təşkilatlanmasını təmin etməyə çalışdıqlarını bildirdi. Tələt paşa, Türkiyənin, Batum sülh müzakirələrində təsdiq edilən ərazilərdən başqa, hər hansı bir torpaq iddiasında olmadığını bildirdi. Tələt paşa, bu və ya buna bənzər hərəkətləri vaxtı ilə Rusiyanın da etdiyini və bunu da Balkanlarda yaşayan "Slavyan qardaşlarına və ortodoks xristianlara" kömək etmək şəklində izah etdiyini bildirdi. Türkiyənin də Qafqazdakı türk və müsəlman əsilli xalqlara əlindən gələn köməyi göstərməyə çalışdığını qeyd etdi. Alman hökuməti isə Tələt paşanın irəli sürdüyü görüşlərlə razılaşmadı. Bununla da kifayətlənməyərək, bolşevik Rusiyanın Berlin səfirindən türklərin istəkləri barədə nə düşündüklərini soruşdular. Ruslar isə buna cavab olaraq, Osmanlı Dövlətinin Zaqafqaziya hökuməti ilə sülh müqaviləsi bağlamasının mümkün olmadığını bildirdi. Bu dövlətin heç bir ölkə tərəfindən tanınmadığını bildirən rus səfiri, dolayısı ilə ölkə ərazisinin də Rusiyanın bir parçası olduğunu qeyd etdi. Türk ordusunun, rus hərbi birləşmələrinin çəkilməsinin təmin etmək üçün müddət qoymadığını irəli sürən rus nümayəndəsi, türk əsgərinin heç bir xəbər vermədən hərəkətə keçdiyini iddia etdi. Bolşevik Rusiyanın Qafqazda Azərbaycan və Dağıstan Cümhuriyyətlərinin qurulmasını arzulamadığını və bu ölkələri də tanımadığını ifadə etdi.[178]

Almanlar, Qafqazda türk hakimiyyəti və nüfuzunun artmasını heç bir zaman istəmirdi. Bu istək və arzularını Gürcüstanda və Bakının qurtuluşunda müxtəlif vasitələrlə biruzə vermişdilər. Baş vəkil (sədrəzəm) Tələt paşaya qarşı bu iradlarını Berlində açıq şəkildə söylədilər. Almanlar Tələt paşanın 10 sentyabrda verdiyi memorandumda göstərilənlərə qoşulmayacaqlarını, bolşevik rusların fikirləri ilə şərik olduqlarını bəyan etdilər. Almanların yürütdüyü siyasət, öz məqsədlərinə uyğun idi. Çünki, qərb cəbhəsində çıxılmaz vəziyyətə düşən Almaniya, bolşevik Rusiyasını narazı salmaq istəmir, qərb sərhədlərində yeni bir cəbhə açılmasını arzu etmirdi. Nəticədə, Almanlar Tələt paşanın 10 sentyabr 1918-ci il tarixli memorandumuna 12 sentyabrda verdikləri cavabda "Osmanlı Dövlətinin Qafqazda müstəqil dövlətlər qurmaq arzusunu tamamilə təqdir etməklə bərabər", Gürcüstanın tanınması Azərbaycan və Şimali Qafqaz Cümhuriyyətlərinin isə "tanınmaması" gərəkdiyini bildirdilər.

Tələt paşa Berlində olduğu müddətdə bolşevik Rusiyasının Berlindəki səfiri Yoffe ilə də görüşdü. Bakının rus bolşevik və erməni daşnak qüvvələrindən tamamilə təmizlənməsi Moskvada böyük bir çaxnaşma yaratmışdı.[179] Bolşevik liderlər, Berlin səfirinə verdikləri təlimatda, Bakı məsələsinə görə Tələt paşa ilə görüşməsini və "Bakının türklər tərəfindən Sovetlərə təslim edilməsini təmin etmək üçün" müzakirələr aparmasını istəyirdilər. Tələt paşa isə hər hansı bir torpaq parçasını bolşevik ruslara təslim etməyin mümkün olmadığını, eləcə də Türkiyənin Qafqazdakı millətlərin daxili işlərinə əsla qarışmayacağını açıq şəkildə bəyan etdi.[180]

İngilis general Deustervil Bakıdan çəkildikdən sonra, şəhərdə təxminən 3-4 min erməni silahlısı qalmışdı. Bunlar hərbi formalarını çıxarıb mülki paltar geyinərək küçələrdə türk əsgərinə pusqu qururdular. Yerli əhalinin evlərinə basqınlar edərək onları qətlə yetirirdilər. Küçə döyüşlərində hər iki tərəfdən ölənlər olmuşdu. Ancaq qısa müddətdə şəhərdə asayiş bərpa edilmişdi. Almanlar bu hadisələri təhrif edərək öz istədikləri kimi qələmə vermişdilər.

General Ludendorff xatirələrində bu barədə bunları qeyd edir:

"Bir çox sisternalı vaqonu olan Batum-Tiflis-Bakı dəmir yolu, Türkiyə ilə razılaşdırılaraq Von Kress tərəfindən işlədiləcəkdi. Əsl məsələ Bakıya necə çatmaq idi. Sovet hökumətinə qarşı göstərilən cəsarətsizlik, orada da operativ və qəti hərəkət etməmizə mane oldu. İngilislər Ənzəlidən Xəzər dənizini keçərək bizdən əvvəl Bakıya girdi. İngilislər Bakıya girməklə Kubandakı könüllü ordu (Çar tərəfdarı general Alekseyev ilə Denikinin komandirlik etdiyi və Xəzər dənizindən şimalda yerləşən Belorus ordusu) ilə əlaqəyə girdilər. Onlar Bakıda bizim əlimiz çatan yerdə idilər. Az bir qüvvə ilə uğurlu bir basqın mümkün olardı. Baş idarə Tiflisə bir neçə batalyon süvari göndərib, Nurunun birliklərini də onlara qataraq, bir basqın hazırladı. Bu birliklərin daşınması başa çatmamışdı ki, Nuru Bakını aldı. Bundan sonra da Bolqarıstan hadisələri ordularımızı Rumıniyaya daşımağa vadar etdi".[181]

Makedoniya cəbhəsi süqut etməsəydi, Qafqaz İslam Ordusunun şəhərə girməsinə rəğmən almanlar Bakıya əsgər göndərməkdə israrlı olacaqdılar. Osmanlı Dövləti isə bunun qarşısını almaq üçün hər üsula əl atmışdı. Bakıya ordu soxa bilməyən almanlar podpolkovnik Von der Goltzu 60 nəfərlik bir dəstənin müşayiəti ilə göndərmək istədilər. 26 sentyabrda Gəncəyə çatan Von der Goltz burada üç gün qaldıqdan sonra ancaq 2 oktyabrda Bakıya çata bildi. Beləliklə də Von der Goltzun Bakıdakı işlərə qarışmasının qarşısı alınmış oldu.


Tarix: 09.01.2015 / 00:52 Müəllif: Feriska Baxılıb: 171 Bölmə: "Azərbaycan Demokratik Respublikası"