beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qafqaz İslam Ordusu Bakıda

Şərq Orduları Qrupu Komandanı Xəlil paşa və ikinci Bakı hücumunu idarə edən Türk Qafqaz İslam Ordusu Komandanı Nuru paşa 16 sentyabrda Güzdəkdəki müvəqqəti Ordu Qərargahından hərəkət edərək Bakıya daxil oldular. Komandirlər, əvvəlcə Qırmızı kazarmanın yaxınlığında saat 10.00-da təşkil olunmuş rəsmi keçid mərasimində iştirak etdilər.

Mərasimdə şəhərdəki asayişi təmin edən 56-cı alaydan başqa, cəbhədə döyüşən hərbi qüvvələrin hamısı iştirak etdi. Keçid mərasiminə podpolkovnik Süleyman İzzət bəy rəhbərlik edirdi. 5 və 15-ci piyada diviziyalarından 9, 10, 13, 38, 106 və 107-ci alaylar və süvarilər, eləcə də döyüşlərdə istifadə olunan 59 pulemyot və müxtəlif çaplı 50 ədəd top da iştirak edirdi. Qalib komandirlər at üstündə mərasim meydanına daxil oldular və Süleyman bəy tərəfindən təqdim edilən raportu qəbul etdilər. Mehmetçiyin kef-halını soruşduqdan sonra, alayları tək-tək müşahidə etdilər. Daha sonra manqa qolu ilə bir rəsmi keçid oldu.

İki saat davam edən mərasimdən sonra, qəhrəman türk hərbi birləşmələri xristian qəbiristanlığının altındakı yolla irəliləyərək, sonradan Məşədi Əzizbəyovun heykəlinin ucaldıldığı meydana, oradan da indiki Fəxri Xiyabanın önündən, Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Milli Məclisinin önündəki küçələrdən keçərək, Çəmbərəkənd qəbiristanlığına, indiki Şəhidlər Xiyabanının olduğu yerə gəldilər. Qəbiristanlığın kənarındakı yolu tutaraq, Bakı Sovetinin yerləşdiyi İstiqlaliyyət prospektinə çatdılar. Xəlil paşa, Nuru paşa və Fətəli Xan Xoyski ilə bəzi dövlət adamları, bugünkü Əlyazmaları İnstitutunun yerləşdiyi binanın eyvanında qəhrəman Məhmətçiyin keçidinə tamaşa etdilər.

Qafqaz İslam Ordusunun keçdiyi yolun hər iki tərəfində yerli əhali dayanmışdı. Qadın-kişi, qoca-cavan və uşaqlar küçə və meydanlara axmışdı. Xalq sevinc göz yaşları tökür, Məhmətçiyi alqışlayır və bağrına basırdı.

Nuru paşa Bakının qurtuluşu münasibəti ilə xalqa müraciətlə bir nitq etdi. Bu nitqdə xalqın öz gündəlik işi ilə məşğul olmasını, Azərbaycan hökumətinin ən qısa zamanda vəziyyətə nəzarəti ələ alacağını və günahkarların cəzalandırılması üçün tədbirlər görəcəyini elan etdi. Nuru paşa dil, din və irq ayrılığına yol verilməyəcəyini, hər kəsin qanunlar qarşısında cavabdeh olacağını, insanların can və mal mühafizəsinin Azərbaycan hökumətinin təminatı altında olduğunu bildirdi.

İsmailiyyə Sarayının qarşısında yerləşən ikimərtəbəli otel, Nuru paşa üçün ayrıldı. Mürsəl paşa bir vaxtlar Müzəffərəddin şah Qacarın qaldığı oteldə yerləşdi. Xəlil Paşa isə tezliklə Təbrizə qayıtmalı olduğu üçün Zeynalabdin Tağızadənin evində qonaq edildi.

Nuru paşa Bakıda asayişi bərpa etmək məqsədi ilə bir əmr verdi. Bu əmrə görə əhali, ov tüfənglərindən başqa əllərində olan bütün silahları axşam saat 18.00-a qədər təhvil verməli idi. Silahını təhvil verməyənlərin güllələnəcəyi bildirilirdi. Bakının Quba, Qurubağ, Parapet, Vağzal, Bulvar meydanlarında və şəhər körpüsündə dar ağacları quruldu. Müharibə qaydalarına görə günahı olanlar buralarda edam edilirdi. Şəhərdə axşam saat 19.00-dan səhər saat 7.00-a qədər küçəyə çıxmaq qadağan edilmişdi. Beləliklə də, şəhərdə sabitlik qorunub saxlandı.

Şərq Orduları Qrupu Komandanı Xəlil paşa da Bakının azad edilməsi gününü və şəhərə girişi bu cümlələrlə ifadə edir:

"Şəhərdə gecə-gündüz silah səsləri eşidilirdi. Şəhər ingilislərin nəzarəti altında olanda, bolşeviklər və ermənilər yerli camaata qarşı böyük bir qətliam hərəkatına başlamışdılar. ġəhərin hər məhəlləsində ermənilər yerli əhalidən "cəsəd qalaları" qurmuşdular... Və bütün vəhşiliklərini ortaya qoymuşdular... Kiçik uşaqlar qala bürcləri olmuş, qadınlar ayıb yerlərindən süngülənərək öldürülmüşdülər... İndi növbə yerli camaatın idi. Onları dayandırmaq çətin idi... Düşmən qalıqları və ermənilər küçələrdə yerə sərilirdilər... Güclü hərbi qüvvələrin köməyi ilə türkləri qətl etmə "şücaətini" göstərən ermənilər, indi onlarla eyni səviyyədə olan yerli türk əhali qarşısında bir sürü kimi ovlanırdılar."
Komandirlər Bakıya girərkən xalqın duyğuları ilə ermənilərin təlaşlarını yüzbaşı Səlahəddin bəy belə ifadə edir:

"Bakıdakı erməni və ruslar əmniyyət altında olmaq istəyirdilər. Onlardan bir qrupu Xəlil paşanın yanına gəldi. Aralarında alman, erməni, rus və digər millətdən olan insanlar vardı. Halları pərişan idi. Kimi yaralanmış, kimi qorxmuşdu. Geyim və hərəkətlərindən savadlı, varlı adam təsiri bağışlayırdılar. Evlərinin qarət edildiyini, ailələrinin zorakılığa məruz qaldığını söyləyirdilər. Şəhərdə aramsız güllə səsləri eşidilirdi. Küçə döyüşlərinin davam etdiyi hiss olunurdu."

Bakının işğaldan qurtarıldığı gün Qurban bayramına təsadüf etmişdi. Xalq iki bayramı bir yerdə keçirirdi. O gün günortadan sonra 19 ilə 36 yaş arasında olan azərbaycanlı milislərdən təşkil olunmuş qazi milislər, Qurban bayramı şərəfinə, 4 günlük məzuniyyətə buraxıldılar.

Azərbaycan və Bakı düşməndən təmizlənərək əsl sahiblərinə qaytarılmışdı. Lakin Şimali Qafqazdakı Dağıstan işğal altında idi. Azərbaycanlıların yaşadığı Dərbənd, Mahaçqala və Temirxan-Şura kimi yerlərin azad edilməsi vacib idi. Qarabağ bölgəsi də ermənilərin işğalı altındaydı. Şimali Qafqaza 15-ci piyada diviziyası, Qarabağ bölgəsinə isə 1-ci Azərbaycan diviziyası hərbi hərəkət edəcəkdi.

Bakıda xidmət edən 56-cı alay tabe olduğu 15-ci piyada diviziyasına qatılaraq öz yerini 13-cü Qafqaz alayına verdi. 15-ci piyada diviziyası, Şimali Qafqaza hərəkət etmək üçün Biləcəri və Xırdalan məntəqələrində toplaşmağa başladı. 9-cu və 106-cı alaylar da 5-ci Qafqaz piyada diviziyasından ayrılaraq, 1-ci Azərbaycan diviziyasının əsasını təşkil etməklə bu diviziyanın tabeliyinə verildi. Qarabağ hərbi hərəkətinin bitməsindən sonra 9-cu alayın bu diviziyanın özəyini təşkil edəcəyi qərara alındı.[168]

Bakı sahillərində təslim olmayan beş düşmən gəmisi qalırdı. Mövcud topların atəş mənzilindən uzaqda dayanıb gözləyirdilər. Bu səbəbdən Qafqaz İslam Ordusu bu gəmilərə qarşı istifadə etmək üçün Qarsdan dörd ədəd uzun mənzilli 10,5-lik qaubitsa topu istədi. Toplar Qarsdan Biləcəri stansiyasına 30 sentyabrda gəldi

Almaniya Bakıda bir hərbi hissə yerləşdirmək istəyirdi, ancaq əvvəllər onların bu istəklərinin qarşısı alınmışdı. Bakı ələ keçdikdən sonra şəhərə girə bilmək üçün yollar axtarmağa başladılar. Gürcüstanda olan alman hərbi qüvvələri komandanı, Qərargah rəisi, podpolkovnik Qoltz, Bakının heç olmasa açıq şəhər olması üçün təbliğat aparırdı. Alman zabitləri, Bakıya hücum zamanı şəhərdə yaşayan yerli əhalinin xristianlara basqın edərək onları tamamilə məhv etmələrinin şahidi olduqları haqda, Avropa və İstanbulda əsası olmayan şayiələr yaymaqda davam edirdilər. Podpolkovnik Qoltz, Bakıda yaşayan almanların mühafizəsi üçün bir batalyon əsgər göndərəcəyini bildirdi. Bütün israrlara rəğmən, Xəlil və Nuru paşalar və Azərbaycan hökuməti bu istəyi qəbul etmədilər. Bu istəkləri də baş tutmayan almanlar, bu dəfə də Bakıya, podpolkovnik Qoltzun başçılığı altında bir əsgəri heyət göndərmək istədiklərini bildirdilər. Bu istək "az sayda personal" gəlməsi şərti ilə qəbul edildi. Böyük bir heyətlə yola çıxan Qoltzun qatarı relslər xarab olduğu üçün Gəncə yaxınlığında dayanmalı oldu. Alman zabiti yanında bir neçə zabit və sıravi ilə Bakıya çata bildi. Eyni günlərdə, Bakıda olan Avstriya hərbi heyəti isə bundan əvvəl ruslar tərəfindən Şərqi Avropada əsir alınan və Nargin adasında saxlanılan əsgərlərini götürərək, Bakıdan Tiflisə getdi.

Bakıya girən Türk ordusu xalqın qarşılaşdığı əzab və zorakılığı, qətliamı araşdırdı. ġərq Ordusu Qrupu Komandanı Xəlil paşa Bakıda yaşayan əhalinin qarşılaşdığı erməni və rus vəhşiliyini bu cümlələrlə bildirmişdi:

"Bakı ingilislərin nəzarəti altında olarkən ermənilər və bolşeviklər yerli xalqa qarşı geniş bir qətliam hərəkatına başlamışdılar. Ermənilər şəhərin hər məhəlləsində türklərin cəsədlərindən bir qala qurmuş və bütün vəhşiliklərini ortaya qoymuşdular. Kiçik uşaqlar qala bürcləri olmuş, qadınlar ayıb yerlərindən süngülənmiş və bıçaqlanmışdılar".[171]
Qafqaz İslam Ordusu Komandanı Nuru paşa isə Hərbi Nazir və Baş Komandan Ənvər paşaya 16 sentyabrda göndərdiyi raportda belə deyilirdi:

"Bakının qurtarılması əsnasında, şəhərdə asayiş təmin edilincəyə qədər, ermənilərlə yerli türklər arasında silahlı münaqişələr meydana gəlmişdi. Türk əsgərləri sabitliyi bərpa edənə qədər keçən müddətdə, bəzi qarət hadisələri də baş vermiş, ancaq bu qarət və talanı bakılı türklərin deyil, iranlı fəhlələrin törətdikləri məlum olmuşdur. Bu vəziyyət qarşısında ordunun dərhal müdaxiləsi sayəsində, qarətçilərdən 100-dən çoxu tutulub edam edilmişdir. Bu tədbirlər nəticəsində şəhərdə asayiş təmin olunmuşdur. Bundan razı qalan hər millətdən olan əhali və ziyalılar Türk Ordusuna təşəkkür etmişlər. Ancaq Bakıdakı bu qarşılıqlı münaqişə zəminində ölənlərin vəziyyətini, İran, Danimarka və İsveç Konsulluqlarının, Almaniya və Avstriya nəzdində protest edəcəkləri xəbərini aldım. Bu protestin səbəbi, bizim, şəhərdə asayişi vaxtında təmin edə bilməməyimiz fikrini ortaya atmaqla, buradakı əcnəbiləri və xristianları himayə etmək üçün Alman və Avstriya əsgərinin Bakıya gəlməsini təmin etməkdir. Bu hərəkətin Almaniyanın tərtib etdiyi bir plan olduğunu hiss edirəm. Parakuinin teleqrafla ərz edəcəyim bugünkü halı bunu sübut etdi".


Tarix: 09.01.2015 / 00:35 Müəllif: Feriska Baxılıb: 163 Bölmə: "Azərbaycan Demokratik Respublikası"