beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mühasirədə olan Bakıda siyasi və hərbi vəziyyət

Qafqaz İslam Ordusu, Bakı yaxınlığına qədər irəliləmiş və şəhəri mühasirəyə almışdı. Bakının ətraf aləmlə əlaqəsi tamam kəsilmişdi. Bakıya giriş yalnız Xəzər dənizi vasitəsilə mümkün idi. İqtidarda olan kommunist bolşeviklərin Şaumyan liderliyindəki hökuməti və 26 Bakı Komissarları iqtidarı çox çətin günlərini yaşayırdı. Şaumyan, Çiçerinə göndərdiyi bir teleqramda cəbhədəki vəziyyətin get-gedə pisləşdiyini, Bakı Sovetinin sağçı qanadından bəzi qrupların ingilisləri dəvət etmək qərarına gəldiklərini və şəhərin üzərinə hücum edən qüvvələrin nizami Türk Ordusu olduğunu bildirərək, Rusiyadan təcili kömək göndərilməsini istəyirdi. Bu aralarda Rusiyanın əlində tutduğu İdil (Volqa) boylarında üsyan qalxmışdı. Qırmızılar bölgədəki hakimiyyətlərini itirmək təhlükəsi ilə qarşılaşmışdılar. Bu səbəbdən Həştərxan və Saritsin (Volqaqrad) kimi şəhərlərin müdafiəsini təmin etmək üçün Stalin dərhal bu bölgəyə getmişdi. Stalin Saritsindən Şaumyana bir-birinin ardınca təlimatlar göndərərək, Bakının türklərin əlinə keçməməsinin vacibliyini bildirir və nəyin bahasına olursa-olsun, şəhərin müdafiə olunmasını tələb edirdi.

Bakı Xalq Komissarları və Şaumyan, Petrov silahlı qüvvələrinin də Qafqaz İslam Ordusunun qarşısında dura bilməyəcəyini başa düşürdülər. Ukrayna cəbhəsindən köməyə gələn birliyin komandir və əsgərlərinin soyğun, qarət, talanla məşğul olduqlarını düşünürdülər. Ona görə də böyük bir qorxu və təlaş içində idilər. Leninə göndərdiyi 20 iyul tarixli teleqramda, hərbi qüvvələrin say və silah yardımının artırılmasını xahiş edirdi. İstər Leninə, istərsə də Moskvadakı hərbi təmsilçilərə göndərdiyi yazılarda Qafqaza bacarıqlı komandirlər və ordu başçıları göndərilməsini rica edirdi. Lenin və Stalinin ordunun döyüş qabiliyyətini möhkəmlətmək üçün göndərdikləri ərzaq və yardım isə 23-24 iyulda artıq Bakıya çatmışdı.

Şaumyan Bakıdakı rus və ermənilər vasitəsilə türk olmayan xalqlara ünvanlanan vərəqələr yayaraq, onların milli hisslərini oyatmağa çalışırdı, əli silah tutanı cəbhəyə çağırırdı.

24 iyul tarixli bildiriş belə idi:

"Yoldaşlar! Vəhşi Türkiyə bizim üstümüzə ordu göndərmişdir. Silaha sarılan Bakı fəhlə və kəndliləri bu orduya qarşı ayağa qalxdılar və qəhrəmanca döyüşərək isbat etdilər ki, inqilab uğrunda mübarizə aparmağı və ölməyi bacarırlar. Müharibəyə gedərkən yalnız zəfəri deyil, məğlubiyyəti də düşünmək lazımdır. Biz indi məğlubiyyət anlarını yaşayırıq. Bizim yorulan və gücləndirilməyən hərbi birliklərimiz, sağ cinahda geri çəkilməkdədirlər. Ancaq bu vəziyyət çarəsizliyə və bədbinliyə səbəb olmamalıdır. Silahı ataraq düşmənin şəhərə girməsinə icazəmi verəcəyik? Xeyr, yoldaşlar! Bizim aramızda, silahı ataraq türklərin təzyiqinə baş əyməyi təklif edən satqınlar yoxdur. İndi cəbhədə yeni qüvvələrimiz var. Öz aramızda yeni birliklər qura bilərik. Bu surətlə, yorulan və geri çəkilən birliklərimiz, bir müddət dincəlmək imkanı əldə edər. Sonra yenidən gəlib silaha sarılar və düşmənlə savaşar."
Rus bolşevik və erməni daşnak qüvvələri Şamaxı yaxınlığında da duruş gətirə bilməyincə, Bakıdakı təlaş və fikir ayrılıqları daha da dərinləşdi. Bir az əvvəl qurtuluş ordusu kimi qələmə verilən Qızıl Orduya olan xalq inamı get-gedə itirdi. Bakı Soveti 25 iyulda fövqəladə iclas çağırdı. Şaumyan iclasdakı çıxışında Bakıya dəvət ediləcək ingilis hərbi qüvvələrinin, türk hərbçilərinin qarşısında dura bilməyəcəyini, tək çıxış yolunun Sovet Rusiyasında olduğunu bildirirdi. Lenin və Stalinin beş gəmi ilə 80 top, 160 pulemyot, 10 min piyada tüfəngi, 20 min top mərmisi və çox sayda geyim əşyası göndərdiyini vurğuladı. Astraxandan çıxan gəmilərin də Bakıya çatmaq üzrə olduqlarını qeyd etdi. Şaumyan, xarici ölkələrdən kömək istəmək əvəzinə, Rusiyadan yardım istəməyin daha düzgün olduğunu, üstəlik proletarların bütün qüvvələri ilə ordu və donanmanın səfərbər ediləcəyini söylədi. Görüləcək tədbirlər haqqında məlumat verdi. Buna rəğmən daşnaklar və menşeviklər ingilislərin Bakıya dəvət edilməsinə qərar verdilər. Yaranmış bu gərginlikdən bolşeviklər şok vəziyyətinə düşdülər.

Şaumyan və silahdaşları, belə olduğu halda rəhbərlikdən gedəcəklərini bəyan etdilər. Lakin buna baxmayaraq rəhbərlikdə qalmaq üçün hər yola əl atırdılar. Şaumyan Leninə göndərdiyi 26 iyul tarixli teleqramda Bakının Türk ordusunun əlinə keçməməsi və öz hakimiyyətinin davam etməsi üçün təcili olaraq nizami ordu göndərilməsini xahiş etdi.

Bakı Soveti İcraiyyə Komitəsi 26 iyulda keçirdiyi iclasda düşdükləri çətin vəziyyətdən çıxış yolu axtarırdı. Bunun üçün bəzi qərarlar verildi. 26 Bakı Komissarının verdiyi qərarlar belə idi: Bakı Sovetinin verdiyi qərarın bolşeviklərin əqidəsinə uyğun olmadığı, Biçeraxovun tabeliyində olan qüvvələrin şəhərdən çıxarılaraq cəbhəyə cəlb edilməsi və Qızıl Orduya birləşdirilməsi, Bakıda hərbi vəziyyət elan edilərək, şəhərin Donanma komissarlığının tabeliyinə verilməsi, axşam saat 10-dan sonra küçəyə çıxmağa qadağa qoyulması, xalq komissarlarının iş başında olması və bu qərarların hər vasitə ilə xalqa bildirilməsi. Şaumyan və silahdaşlarının yaydığı bildirişlərdə Bakı Soveti idarəsini devirməyə yönələn hər hansı bir hərəkətin qarşısının dərhal alınacağı bildirilirdi. Həmçinin Qafqaz İslam Ordusunu dayandırmaq üçün ordunun bütün imkanlarını səfərbər etmələri çağırışı da səslənirdi. Bakı Soveti 28 iyulda yaydığı bir əmrdə şəhərdə səfərbərlik elan etdi. Bakıda daimi və müvəqqəti yaşayan, 1885-1892-ci illərdə doğulmuş kişilər 6 ay müddətinə məcburi hərbi xidmətə çağırılırdı. Bunlardan yararlı olanları ön cəbhədə, digərləri isə arxa cəbhədə xidmət edəcəkdilər. Xidmətdən boyun qaçıranlar isə ən ağır cəza ilə cəzalandırılacaqdılar. Bakı məhəllə başçıları bu əmrin yerinə yetirilməsi üçün qərar verib kənd idarəçilərinin iki günün içində 50 nəfərlik qruplar yığaraq, bunların şəhərin kənarındakı müdafiə xətləri və istehkam mövqelərinə sövq edilməsini istədilər.

Bakı Soveti rəhbərliyi cəbhə xəttindəki əsgərlərin mənəviyyatını zənginləşdirmək üçün də cəhdlər edirdi. Korqanov, Çaparidze, Malıgin, Mikoyan, Berq və Solntsev kimi bolşvik liderlər cəbhə xəttində bəzi işlər görürdülər. Xüsusilə Çaparidze və Malıgin kimi marksist liderlər Cəngi cəbhə xəttində təxminən bir həftə qalmış, əsgərləri döyüşə ruhlandırmış, silah, ərzaq və su ilə təmin etmişdilər.

Belə qarışıq bir vaxtda ermənilərin və rusların varlı, ziyalı və savadlı təbəqəsindən ibarət olan Milli Erməni Təşkilatı bir həmlə ilə idarəetməni öz əllərinə keçirmək yollarını axtarırdılar. Bu fürsət də ələ düşmüşdü. Bu qrup özünə Mərkəzi Xəzər (Sentrokaspi) Diktaturası adını vermiş və yeni hökümət qurduqlarını elan etmişdi.

Bu qrup, Şaumyanı və 26 Bakı Komissarlarını həbs etdi. Bakını müdafiə etmək məqsədi ilə ingilislərdən kömək istədi. Kazak podpolkovnik Biçeraxov da ordu birlikləri ilə Dağıstana getmək məqsədi ilə Bakıdan ayrılmaq istəmiş və Türk Qafqaz İslam Ordusu da buna göz yummuşdu.

Moskvadakı bolşeviklərin lideri Lenin isə Qafqaz İslam Ordusunun Bakıya doğru irəlilədiyini bilincə, hər cür yola əl atırdı. Bakını itirməmək üçün avqustun əvvəllərində Almaniya ilə danışığa girdi. Lenin, türklərə qarşı, Osmanlı Dövlətinin müttəfiqi olan Almaniyadan yardım istəyirdi. Danışıqlar nəticəsində Almaniya ilə Rusiya arasında 27 avqust 1918-ci il tarixində "Brest-Litovsk Müqaviləsinə əlavə" adı verilən bir razılaşma imzalandı. Bu razılaşmaya görə Almaniya Kür çayına qədər olan Azərbaycan torpaqlarının Sovetlərin tərkibində qalmasına kömək edəcək, bunun müqabilində Bakı neftinin yarısı onlara veriləcəkdi. Eləcə də Almaniya bu xəttə üçüncü ölkənin müdaxiləsinin də qarşısını alacaqdı. Bu müqavilə bağlanmadan bir gün əvvəl isə Bakıda Şaumyan hakimiyyəti devrilmişdi. Məmməd Əmin Rəsulzadə dövlətlərarası konfrans üçün getdiyi İstanbulda, Almaniya ilə Rusiya arasında bağlanan bu müqaviləni rədd etdi. Hazırladığı protest notasını Almaniya və digər ölkələrin təmsilçilərinə verdi. Rəsulzadə notada Qafqaz xalqlarının uzun illər boyu rus əsarətində çəkdiyi acını dilə gətirdikdən sonra, Bakının Azərbaycanın ayrılmaz bir parçası olduğunu tarixi, coğrafi və iqtisadi dəlillərlə izah etmiş və belə yazmışdı:

"Bütün bu səbəblərlə, məmləkətin istiqlalını təmin etməkdən heç vaxt əl çəkməyən Azərbaycan xalqı Bakını azad etmək arzusundan heç bir şəkildə geri çəkilməyəcəkdir. Bu məsələ, Azərbaycan üçün sadəcə bir ərazi mövzusu deyil, bir ölüm-dirim məsələsi şəkli almışdır".
Şaumyan və 26 Bakı Komissarı Soveti hakimiyyətini devirən Sentrokaspi Diktaturasının dəvəti ilə 4 avqustda 70 piyada və bir neçə zabitdən ibarət olan ingilis ordusu Bakıya çatdı. Qısa müddətdən sonra diviziya generalı Deustervilin komandası altında üç piyada batalyonu Bakıya daxil oldu. İngilis ordusunda bir səhra topçu batareyası və bəzi zirehli vasitələr də var idi.

Bu ordunun sayı ermənilərin gözlədiyindən az idi. Sentrokaspi Diktaturası idarəçiliyi ən azı 30 min, heç olmasa 20 min nəfərlik ingilis ordusunu gözləyirdi. İngilis ordusunun Bakıya girməsi ermənilərin ürəyində bir ümid çırağı yandırmışdı. Türk ordusu tərəfindən də dinlənilən telefon danışıqlarında şəhəri nəyin bahasına olursa-olsun müdafiə edəcəklərini deyirdilər.

Bakı yaxınlığında şiddətli döyüşlərin getdiyi bir zamanda, şəhər sakinlərindən olan Həsənov soyadlı bir adamın yazdığı məktub Mürsəl paşaya çatdırıldı. Məktubda Bakıdakı erməni və rusların qorxu və təlaş içində olduqları, Türk Ordusunun onlarla yaxşı davranacağı təqdirdə təslim olacaqları və bu iş üçün elçi göndərməyi düşündükləri barədə yazılmışdı. Mürsəl paşa da verdiyi cavabda görüşüb danışmaq üçün ermənilərin təmsilçi göndərmələri və şəhərin təslim olacağı təqdirdə heç kimin malına və canına heç bir xətər toxunmayacağı barədə təminat verdi. Bu məktubun məzmunu Nuru paşa vasitəsilə Baş Komandan Vəkili Ənvər paşaya da bildirilmişdi. Ənvər paşa ermənilərin Bakını qeyd-şərtsiz təslim edəcəkləri təqdirdə İrəvan bölgəsinə köçürüləcəklərini bildirmişdi.


Tarix: 09.01.2015 / 00:17 Müəllif: Feriska Baxılıb: 142 Bölmə: "Azərbaycan Demokratik Respublikası"