beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qanunların qəbul edilməsi

Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul olunmuşdu. Qanunlar qızğın və işgüzar fikir mübadiləsi şəraitində müzakirə edilir, özü də yalnız üçüncü oxunuşdan sonra qəbul olunurdu.

Parlament qanunlarının hazırlanması, müzakirəsi və təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak edirdilər.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 11 komissiyası vardı.

Parlamentin fəaliyyəti xüsusi olaraq bu məqsəd üçün hazırlanmış nizamnamə – "Azərbaycan Parlamentinin nakazı (təlimatı)" əsasında idarə olunurdu.

M.Ə.Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fəaliyyətinə belə qiymət verirdi: "Millət məclisi məmləkətin bütün sinif və millətlərini təmsil edib, dövlətin tamamən taleyinə hakim idi. Onsuz heç bir əmr keçməz, heç bir məsrəf yapılmaz, heç bir müharibə başlamaz, heç bir barışıq imzalanmazdı. Hökumət məclisin etimadını qazananda qalır, itirəndə düşürdü. Ortada hakim olacaq vasitə – vəzifə yox idi. Parlament hakimi-mütləq idi".

Sovet Rusiyasının beynəlxalq hüquq normalarını tapdalayan hərbi müdaxiləsi və XI Qızıl Ordu hissələrinin qanlı döyüş əməliyyatları nəticəsində Şimali Azərbaycan yenidən Rusiya tərkibinə qatılsa da Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq hərəkatı tarixində dərin iz qoydu. Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildir.

Azərbaycan xalqının tarixində ilk Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda, bütün Şərqdə, o cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Azərbaycan Xalq Cümhuriyyəti özünün siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə, həmçinin qarşısına qoyduğu məqsəd və vəzifələrə görə də Avropanın ənənəvi demokratik respublikalarından geri qalmırdı


Tarix: 08.01.2015 / 19:35 Müəllif: Feriska Baxılıb: 27 Bölmə: "Azərbaycan Demokratik Respublikası"