beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan Demokratik Respublikası parlamenti Tarixi və yaranması

1918-ci il sentyabrın 17-də Fətəli xan Xoyski kabinetinin təşkilindən üç ay sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçdü. Bakı paytaxt elan olundu. Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyət dairəsi genişləndi.

Noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı üzərində aypara və səkkizguşəli ulduz təsviri olan üçrəngli bayraqla əvəz olundu. İctimai-siyasi, iqtisadi və mədəni həyatın müxtəlif sahələrində quruculuq işləri daha da genişləndirildi. Parlamentli respublika idarəçiliyinin hüquqi norma və qaydalarına sadiq qalan Fətəli xan Xoyski hökuməti, eyni zamanda, Müəssislər Məclisinin çağırılması üçün hazırlıq görməyə başladı. Bu məqsədlə xüsusi komissiya yaradıldı: Milli Şuranın 1918-ci il 17 iyun tarixli qərarından hələ 6 ay keçməməsinə baxmayaraq, daha doğrusu hökumətin təkbaşına hakimiyyəti davam etdirmək səlahiyyəti olduğu halda, F.Xoyskinin təşəbbüsü və müraciətinə əsasən 1918-ci il noyabrın 16-da Azərbaycan Milli Şurası yenidən fəaliyyətə başladı. Hökumətin sədri F.Xoyskinin təklifi ilə Azərbaycan Milli Şurası Müəssislər Məclisi çağırmaq işini öz üzərinə götürdü.

Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-da M. Ə.Rəsulzadənin sədrliyi ilə keçirilən iclasında Azərbaycan Parlamentçiliyi tarixinin çox mühüm qərarları qəbul olundu. O zaman Azərbaycan Demokratik Respublikası fövqəladə dərəcədə çətin və mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti son dərəcə demokratik inkişaf yolu tutdu. 19 noyabr tarixli həmin iclasda qeyd olundu ki, Azərbaycanın əhalisi yalnız azərbaycanlılardan ibarət olmadığı üçün Azərbaycan Milli Şurasında qeyri millətlər də təmsil olunmalıdır, daha doğrusu Azərbaycan ərazisində yaşayan bütün millətlər parlamentdə təmsil olunmalıdır. Azərbaycan Milli Şurası ölkə əhalisinin (2 mln. 750 min nəfər) hər 24 min nəfərinə 1 nəfər nümayəndə hesabı ilə 120 nəfərdən ibarət olmalı idi. Onlardan 80 nəfər müsəlmanları, 21 nəfər erməniləri, 10 nəfər rusları, 1 nəfər almanları və 1 nəfər yəhudiləri təmsil etməli idi. Sayları çox az olduğu üçün, parlament seçkilərində iştirak etmək hüquqları olmadığı halda, gürcülər və polyaklar da hərəsinə bir deputatla parlamentdə təmsil olunmalı idilər.

Azərbaycan Milli Şurasının 19 noyabr 1918-ci il tarixli iclasının qərarına əsasən hələ 1917-ci ilin sonlarında Ümumrusiya Müəssislər Məclisinə seçilmiş 44 nəfər türk-müsəlman nümayəndə birbaşa yeni yaradılacaq parlamentin tərkibinə daxil edilirdi. Müsəlmanlardan qalan 36 deputat və başqa millətlərin nümayəndələri yenidən seçilməli idi. Yeni Parlamentin formalaşdırılması 1918-ci il dekabrın 3-də başa çatdırılmalı idi.

Göründüyü kimi, 1918-ci ilin Mart soyqırımından hələ vur-tut yarım il keçməsinə baxmayaraq Azərbaycan parlamentində 21 nəfər erməni nümayəndəsinin iştirakına yol açılırdı. O zamankı tarixi şəraitdə atılan bu addım Azərbaycan xalqının demokratik təbiətinə, insan haqlarına nə qədər dərin hörmətlə yanaşmasına parlaq sübutdur.

Parlament demokratiyamızın bu parlaq faktı Məhəmməd Əmin Rəsulzadənin yeni parlamentin çağırılması ilə bağlı olaraq 1918-ci il noyabrın 29-da xalqa etdiyi müraciətdə də əks olunmuşdu: "... bizə fəlakət və səfalətdən başqa bir şey verməyən ədavət və ixtilafı bir tərəfə qoyaq. Tarix hamımızı bir yerdə yaşamaq məcburiyyətində qoyub. Yeni başlayan həyatın təbii məşəqqətlərini asanlıqla çəkmək üçün yaşayışımızı aqil və insani əsaslar üzərində quraq, bir-birimizi sevək, ehtiram edək. Milli və məzhəb fərqlərinə baxmayaraq, bütün Azərbaycan vətəndaşları bir vətənin övladlarıdır. Ümumi vətəndə müştərək həyatlarını qurmaq və öz səadətlərinə birlikdə yetişmək üçün onlar bir-birlərinə əl uzatmalı və yardım etməlidirlər".

Məhəmməd Əmin Rəsulzadə Azərbaycan əhalisinə müraciətdə bildirirdi ki, azlıqda qalan millətlərin və məmləkətin vilayətlərinin də nümayəndələri təmsil olunacaq yeni parlament yurdumuzun sahibi olacaq, onun müqəddəratını həll, hökumətini təşkil və mənafeyini müdafiə edəcək.

1918-ci il dekabrın 7-də saat 13-də Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında (hazırda Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı oldu. Bu, bütün müsəlman şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi.

Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə geniş təbrik nitqi söylədi.

"Müsavat" fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçildi. Paris sülh konfransına yola düşmüş Ə.Topçubaşov səfərdə olduğu üçün parlamentin fəaliyyətinə H.Ağayev rəhbərlik etdi. Parlamentin ilk iclasındaca Fətəli xan Xoyski hökumətinin istefası qəbul edildi və yeni hökumətin təşkil olunması qərara alındı. Yeni hökumətin təşkili yenidən F.Xoyskiyə tapşırıldı.

1918-ci il dekabrın 26-da F.Xoyski parlamentdə öz proqramı ilə çıxış etdi və yeni hökumətin tərkibini təsdiq olunmağa təqdim etdi. Parlament hökumətin proqramını qəbul etdi və F.Xoyskinin təşkil etdiyi hökumətə etimad göstərdi.

Azərbaycan Parlamentinin fəaliyyətə başladığı dövrdəki tariximizin çox mühüm ibrət dərslərindən biri də budur ki, Cümhuriyyət xadimlərinin, bütün xalqımızın ilk Azərbaycan Parlamentində ermənilərə 21, ruslara isə 10 yer ayırmasına baxmayaraq, onlar Parlamentin açılışında iştirak etmədilər. Bakıda fəaliyyət göstərən Rus Milli Şurası Azərbaycanın öz müstəqilliyini elan etməsilə "Vahid və bölünməz Rusiya"nın parçalanmasına yol açdığı üçün "Azərbaycanın Rusiyadan ayrılması faktını tanımadı" və Azərbaycan Parlamentini baykot etmək barədə qərar qəbul etdi.

Lakin Azərbaycanda yaşayan rus-slavyan əhalisinin təzyiqi ilə sonralar Rus Milli Şurası həmin qərarı ləğv etməyə məcbur oldu.

Həmin dövrdə Azərbaycanın müstəqilliyi ilə barışa bilməyən ermənilər də Rus Milli Şurasını müdafiə etdilər və iki aydan çox müddət ərzində Parlamentin iclaslarında iştirak etmədilər. Parlamentə qatıldıqdan sonra isə həmişə Azərbaycan dövlətçiliyinə xəyanət mövqeyindən çıxış etdilər.

Bundan əlavə, ölkədə ali hakimiyyəti öz əlində cəmləşdirmiş və sayı 100 nəfərə çatmayan Parlamentdə 11 fraksiya və qrupun fəaliyyət göstərməsi də olduqca mürəkkəb daxili və beynəlxalq şəraitdə müstəqil dövlət quruculuğuna ciddi əngəl törədirdi. Ayrı-ayrı fraksiya və qruplar bir çox hallarda özlərinin məhdud fraksiya və qrup mənafelərini ümummilli mənafedən üstün tuturdular. Məsələn, Parlamentin sosialist bloku "yoxsulların mənafeyini müdafiə etmək" pərdəsi altında, müntəzəm olaraq, Azərbaycanın Sovet Rusiyasına birləşdirilməsini təbliğ etmiş, Sovet Rusiyasında diplomatik nümayəndəlik açılması barədə qərar qəbul edilməsinə nail olmuş, nəhayət, Qızıl Ordunun ölkəyə müdaxiləsinə tərəfdar çıxmışdı ki, bu da mahiyyətcə Azərbaycan Xalq Cümhuriyyətinə qarşı pozuculuq işi aparmaqdan başqa bir şey deyildi.

Bununla belə, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti öz fəaliyyəti ərzində, o cümlədən 17 aylıq aramsız fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi ilə, qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi tarixində, xüsusən də parlament mədəniyyəti tarixində dərin və zəngin iz qoymuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentçilik tariximiz iki dövrə ayrılır: Birinci dövr – 1918-ci il mayın 27-dən noyabrın 19-dək davam etmişdir. Bu altı ay ərzində Azərbaycan Milli Şurası adı ilə fəaliyyət göstərən və 44 nəfər müsəlman-türk nümayəndədən ibarət olan ilk Azərbaycan Parlamenti çox mühüm tarixi qərarlar qəbul etmişdir. İlk Parlamentimiz 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan etmiş, ölkənin idarə olunmasını öz üzərinə götürmüş və tarixi İstiqlal bəyannaməsini qəbul etmişdir.

Azərbaycan Milli Şurasının o zaman çox mürəkkəb və həlledici bir tarixi məqamda Tiflisdə-Qafqaz canişininin iqamətgahında elan etdiyi İstiqlal bəyannaməsi Azərbaycan demokratiyası və parlamentarizm ənənələri tarixinin ən parlaq hüquqi sənədi olaraq bu gün də öz tarixi və praktiki əhəmiyyətini saxlamaqdadır.

Milli Şura dövründə Azərbaycan Parlamentinin təsis toplantısı ilə birlikdə cəmi 10 iclası keçirilmişdir. İlk iclas – 1918-ci il mayın 27-də Tiflisdə, son iclas – 1918-ci il noyabrın 19-da Bakıda keçirilmişdir. Mayın 27-də Azərbaycan Milli Şurası təsis olunmuş, iyunun 17-də isə fəaliyyətini müvəqqəti dayandırıb, 6 aydan gec olmayaraq Müəssislər Məclisi çağrılmaq şərti ilə, bütün qanunverici və icraedici hakimiyyəti Müvəqqəti hökumətə vermişdir. Xalq Cümhuriyyəti hökuməti 1918-ci il sentyabrın 17-də Bakıya köçdükdən sonra Azərbaycan Milli Şurası noyabrın 16-da öz fəaliyyətini yenidən bərpa etmişdir. Noyabrın 19-da Azərbaycan Milli Şurası həmin il dekabrın 3-də Müəssislər Məclisinin-geniş tərkibli Azərbaycan Parlamentinin çağırılması haqqında qanun qəbul etdi və öz fəaliyyətini dayandırdı. Beləliklə, Azərbaycan Parlamenti öz fəaliyyətinin bu dövründə, daha doğrusu, Milli Şura dövründə Tiflisdə, Gəncədə və Bakıda fəaliyyət göstərmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin parlamentçilik tarixində İkinci dövr və ya Bakı dövrü 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək cəmi 17 ay davam etmişdir. İlk iclas – 1918-ci il dekabrın 7-də, son iclas 1920-ci il aprelin 27-də keçirilmişdir. Bu dövrdə Parlamentin cəmi 145 iclası olmuşdur. Bütün bu iclaslarda Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti İstiqlal bəyannaməsinin müəyyən etdiyi prinsiplərə sadiq qalaraq və konkret tarixi şəraiti nəzərə alaraq ölkənin ərazi bütövlüyünü təmin etmək və müstəqilliyini qoruyub saxlamaq, insan haqları və azadlıqlarının dolğun təmin olunduğu ən müasir hüquqi-demokratik dövlət yaratmaq məqsədi daşıyan çox mühüm qanunlar və qərarlar qəbul etmişdi. Bütün bu qanunlar və qərarlar, nəticə etibarilə, hakimiyyətin üç qolunun -qanunvericilik, icra və məhkəmə orqanlarının formalaşdırılmasına yönəlmişdi.

Birinci Dünya müharibəsində böyük dövlətlərin dünyanı bölüşdürmək uğrunda mübarizəsinin həlledici mərhələyə daxil olduğu və ölkənin başı üzərini yeni işğal təhlükəsinin aldığı çox mürəkkəb bir daxili və beynəlxalq tarixi şəraitdə fəaliyyət göstərən Azərbaycan Parlamenti öz fəaliyyətinin mühüm hissəsini dövlət müstəqilliyinin qorunub saxlanmasına və Ordu quruculuğu məsələlərinə yönəltmişdi. Qeyd olunmalıdır ki, Parlamentin bu sahədə qəbul etdiyi qanun və qərarların müzakirəsində Parlament üzvləri, bir qayda olaraq, həmrəylik və yekdillik nümayiş etdirirdilər.


Tarix: 08.01.2015 / 19:34 Müəllif: Feriska Baxılıb: 96 Bölmə: "Azərbaycan Demokratik Respublikası"