beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Abuzər bəy Rzayev

Tiflis realnı məktəbini (1894) və Moskva texniki məktəbini (1899) bitirmişdir. 1899-cu ildən Musa Nağıyev və Murtuza Muxtarovun Bibiheybətdəki neft mədənlərində mühəndis, sonra mədən müdiri işləmişdir. Neft sənayesində böhranla əlaqədar olaraq 1909-cu ildə Gəncəyə köçmüş, bir müddətdən sonra Gəncə şəhər idarəsi başçısının (şəhər qlavası) müavini seçilmiş, şəhərin içməli su ilə təchizatı sahəsində səmərəli fəaliyyət göstərmişdir. Fevral inqilabından (1917) sonra təşkil edilmiş Gəncə Quberniya İcraiyyə Komitəsinin üzvü olmuşdur. Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (1918, 19 noyabr) əsasən, Gəncə şəhərindən Cümhuriyyət Parlamentinin tərkibinə seçilmişdi. Parlamentdə "Bitərəflər" fraksiyasını, 1919-cu ilin oktyabrında bu fraksiyanın parçalanmasından və böyük əksəriyyətin "Müsavat" fraksiyası ilə birləşməsindən sonra "Müsavat" və bitərəflər fraksiyasını təmsil etmişdir. Eyni zamanda, maliyyə-büdcə komissiyasının üzvü, sonralar sədri olmuşdur. Aprel işğalından (1920) sonra bir müddət Bibiheybət rayonu neft mədənlərinin müdiri işləmiş, 1920-ci il iyunun 15-də Azərbaycan Fövqəladə Komissiyası tərəfındən həbs edilmiş və güllələnmişdir.


Tarix: 08.01.2015 / 19:31 Müəllif: Feriska Baxılıb: 48 Bölmə: "Azərbaycan Demokratik Respublikası"