beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təhsil islahatları

Böyük mesenat Hacı Zeynalabdin Tağıyevin milləti üçün açdığı işıqlı yolu Azərbaycan Demokratik Repsublikası (ADR) hökuməti davam etdirdi. Cümhuriyyət parlamenti xalq maarifinin inkişafına çox mühüm təkan verən ilk tədbirlərdən birini – 1918-ci il 27 iyun tarixli qərarı qəbul etdi. Qərara əsasən Azərbaycan-türk dili dövlət dili elan edildi. Lakin ana dilini mükəmməl bilən ixtisaslı kadrların olmaması qərarın həyata keçirilməsini çətinləşdirirdi. Buna görə də inzibati idarə orqanlarında, məhkəmə işində və başqa sahələrdə Azərbaycan dilini bilən ixtisaslı kadrlar hazırlanana qədər müvəqqəti olaraq rus dilindən istifadəyə yol verilirdi. Cümhuriyyət hökuməti milli kadrların yetişdirilməsinə, bu sahədə təhsilin tamamilə yenidən qurulmasına xüsusi əhəmiyyət verirdi. Təhsil sahəsində həyata keçirilən ilk mühüm tədbir məktəblərin milliləşdirilməsi oldu. Hacı Zeynalabdin Tağıyev təhsil, maarif, mədəniyyət, mətbuatla bağlı həyata keçirilən bütün tədbirlərdə iştirak edir, son qəpiyini də əsirgəmirdi.

Azərbaycan hökumətinin 1918-ci il 28 avqust tarixli qərarında göstərilirdi ki, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin ana dilində aparılmalı və dövlət dili olan Azərbaycan dilinin tədrisi icbari surətdə həyata keçirilməlidir. Azərbaycan dilini bilməyən şagirdlər üçün üçüncü və dördüncü siniflərdə Azərbaycan dili intensiv şəkildə tədris olunurdu ki, 2 ildən sonra həmin şagirdlər artıq ana dilində təhsillərini davam etdirə bilsinlər.

Xalq təhsilini milli möhkəm zəmin üzərində yenidən qurmaq üçün ixtisaslı müəllim kadrlarına və dərs vəsaitinə böyük ehtiyac var idi. O dövrdə ölkədəki mövcud müəllim kadrları ilə bu işin öhdəsindən gəlmək mümkün deyildi. Bu vəzifəni yerinə yetirmək üçün başlıca yol Türkiyədən müəllim dəvət etmək və qısamüddətli kurslarda Azərbaycan dilində savadlı olan şəxslərdən müəllim kadrları hazırlamaq idi. 1918-ci il iyulun 23-də Azərbaycan hökuməti ölkənin tədris müəssisələri üçün Türkiyədən müəllim kadrları dəvət etmək və dərs vəsaiti tədarükü haqqında xüsusi qərar qəbul etdi. Türkiyə həyatı ilə yaxından tanış olan Əhməd bəy Ağayevin bu məqsədlə İstanbula ezam edilməsi Xalq Maarifi Nazirliyinə tövsiyə olundu. Millətinin hər dərdinə qalan Hacı yenə də xeyir işin başında oldu. Cümhuriyyət qurucuları həm onun təcrübəsindən, həm də maddi dəstəyindən yararlandılar.

Tədris müəssisələrinin milliləşdirilməsinin və genişləndirilməsinin daha uğurla həyata keçirilməsi üçün 1919-cu ilin yayında ibtidai və orta məktəblərin aşağı siniflərini müvafiq milli kadrlarla təmin etmək məqsədilə qısamüddətli pedaqoji kurslar təşkil olunur. Hökumətin qərarına görə bu məqsədlə Xalq Maarifi Nazirliyinin sərəncamına 2 milyon 390 min manat vəsait ayrılır. Bakı, Gəncə və Nuxada kişi və qadın, Şuşa, Qazax, Qusar, Salyan və Zaqatalada kişi pedaqoji kursları açılır. Hər kursda ən azı 50 nəfər müdavim təhsil alır. Kursları bitirənlərin demək olar ki, hamısına məktəblərdə müəllim yeri verilirdi. Cümhuriyyət hökuməti dərs vəsaitlərinin hazırlanması və nəşrinə də ciddi diqqət yetirirdi. Bunun üçün Maarif Nazirilyinin xüsusi komissiyası təşkil edilmişdi. 1919-cu ildə "Türk əlifbası", "Təzə elmi hesab", "İkinci il", "Yeni məktəb", "Ədəbiyyat dərsləri", "Müntəxəbat", "Türk çələngi", "Tarixi-təbii", "Rəhbər cəbr" dərslikləri nəşr olunurdu. Dərsliklərin hazırlanmasında Azərbaycan maarf və ədəbiyyatının görkəmli nümayəndələri Firidun bəy Köçərli, Hüseyn Cavid, Mahmud bəy Mahmudbəyov, Abdulla Şaiq, Camo bəy Cəbrayılbəyli, Səməd ağa Ağamalıoğlu, Fərhad Ağazadə, Ağa bəy İsrafilbəyov, Abdulla bəy Əfəndizadə və başqaları fəal iştirak edirdilər. Azərbaycan parlamentinin 1919-cu il 18 sentyabr tarixli qərarı ilə türk dilində yeni kitablar almaq üçün Xalq Maarfi Nazirliyinin sərəncamına 1 milyon manat vəsait ayrılır.

Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlər nəticəsində artıq 1919-cu ilin əvəllərində ölkədə dövlət hesabına 637 ibtidai məktəb və 23 orta ixtisas təhsilli məktəb fəaliyyət göstərirdi. Orta məktəblər arasında 6 kişi və 4 qadın gimnaziyası, 5 realnı məktəb, 3 müəllimlər seminariyası, 3 müqəddəs Nina qız tədris müəssisəsi, politexnik məktəb və kommersiya məktəbi var idi. 1919-cu ilin əvvəllərində Bakı qadın müəllimlər seminariyası kişi müəllimlər seminariyasına çevrildi. Atalar-analar artıq heç nədən çəkinmədən qızlarını məktəbə göndərirdilər. Hökumət xalqın milli ənənələr, vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayan muzeylərin, digər maarif və sənət ocaqlarının açılması sahəsində də mühüm tədbirlər həyata keçirirdi.


Tarix: 08.01.2015 / 19:19 Müəllif: Feriska Baxılıb: 127 Bölmə: "Azərbaycan Demokratik Respublikası"