beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xəzər – Ərəb müharibələrinin Azərbaycana təsiri

VIII əsrin əvvəllərində Ərəb xilafəti özünün ən qüdrətli dövrünü keçirirdi. Onun əsas rəqiblərindən olan Bizans mövcud hərbi-siyasi vəziyyətlə əlaqədar Qafqazdakı mövqelərini əldən vermişdi. Yeni şəraitdə Azərbaycan kimi mühüm strateji bazada möhkəmlənmək üçün ərəblərə yalnız onları dəfələrlə ağır vəziyyətə salan xəzərlər üzərində qələbə lazım idi. Bu işdə xəlifə Əbdülməlikin 693-cü ildən Azərbaycan, Ərminiyə və əl-Cəzirənin canişini təyin etdiyi qardaşı Məhəmməd ibn Mərvan xüsusi fəaliyyət göstərdi. Onun VIII əsrin əvvəllərində, tabeliyində olan Cənubi Qafqaz ərazisində apardığı zor siyasəti ərəblərin bu ərazidə mövqeyini daha da möhkəmlətdi, xəzərlərə qarşı yürüşə çıxmaq imkanı yaratdı.

707-708-ci ildə Məhəmməd ibn Mərvanın qardaşı oğlu, o zaman hakimiyyət başında olan xəlifə I Validin (705-715) qardaşı Məsləmə ibn Əbdülməlik Bizansda apardığı müvəffəqiyyətli döyüşlərdən sonra Dərbəndi ələ keçirmiş xəzərlərin üzərinə göndərildi. Azərbaycanın boyun əyməyən bütün qala və şəhərlərini ələ keçirən Məsləmə Dərbəndə çatdı. Lakin alınmaz divarlar şəhəri tutmağa mane oldu.

Xəzərlərə qarşı uğursuzluqla başa çatan yeni yürüş iki il sonra baş verdi. Elə həmin il Məhəmməd ibn Mərvanın yerinə Xilafətin şimal vilayətlərinin canişini təyin edilən Məsləmə, eyni zamanda Bizansa qarşı mübarizəni təşkil etməyi lazım bildi. Çünki, məhz Bizans ərəblər əleyhinə mübarizədə xəzərlərin müttəfiqi idi. Nəhayət, 714-cü ildə, gərgin mübarizədən sonra Məsləmə Dərbəndi tuta bildi. Onun qoşunları şəhəri talan edərək, Xəzər xaqanlığının ərazisinə soxuldular, lakin xəzərlərin təzyiqi altında geri çəkilməli oldular. Moisey Kalankatlının məlumatına görə, ərəb hərbi qüvvələrinin geriyə hərəkətini alban batriki Aranşahik Vaçaqanın başçılıq etdiyi yerli qoşun dəstəsi himayə etdi. Məhz bu dəstənin köməyi ilə xəzərlər basıldı.

Beləliklə, Məsləmə Dərbəndi xəzərlərdən alaraq, böyük qənimətlər və Dərbəndin alınma xəbəri ilə Dəməşqə yollandı. Ərəb ordusunun şəhəri tərk etməsi xəbərini eşidən xəzərlər isə yenidən Dərbəndə qayıdaraq, əvvəlki mövqelərini tutdular.

717-ci ildə, xəlifə II Ömərin hakimiyyəti (717-720) dövründə ilk böyük həmlə ilə Azərbaycan ərazisinə soxulan xəzərlər qarşılaşdıqları azsaylı ərəb hərbi dəstəsini darmadağın edib, Şirvanda ağalığa başladılar. Lakin Xatim ibn Numan əl-Bəhilinin başçılığı ilə xəlifənin göndərdiyi qoşun xəzərləri darmadağın etdi.

721-722-ci illərdə xəlifə II Yəzidin hakimiyyəti zamanı (720-724) qıpçaq və başqa türk tayfaları ilə birləşmiş 30 minlik xəzər ordusu yeni həmlə ilə Azərbaycanın şimal hissəsinə hücum etdi, bütün Arran torpaqlarını keçərək Ermənistan ərazisinə daxil oldu, orada olan ərəb hərbi hissələrini məğlub etdi. Azərbaycan və Ərminiyənin yeni canişini əl-Cərrah ibn Abdullah əl-Həkəmi xəlifənin əmrinə əsasən 25 minlik qoşunla xəzərlərə qarşı çıxış etdi. Yeni ərəb ordusunun hücumu xəbərini alan xəzərlər Dərbəndə doğru geri çəkildilər. Onları təqib edən əl-Cərrah tezliklə Kür çayını keçərək, Dərbəndə yaxınlaşdı və şəhərdən cənubda axan Rubas çayı sahilində düşərgə saldı. Baş vermiş döyüşdə xəzərlər ərəblərə qarşı xaqan oğlunun başçılığı altında 40 minlik qoşun çıxarsalar da məğlub edildilər. Dərbəndi ələ keçirən ərəblər şimala – xəzərlərin bir sıra qala və şəhərlərinə hücum edib, onları və o cümlədən paytaxt olan Bələncəri tutdular. Əl-Cərrah əsir tutduğu xəzərləri hələ əvvəldən ətrafında xeyli xəzər məskəni olan Qəbələ tərəfə köçürtdü.

Bu zaman Mənbicdə (Şam) olan sərkərdə Səid əl-Həraşi 30 minlik (əl-Kufinin məlumatına görə 50 minlik) qoşunla və 100 min dirhəm xərcliklə təmin edilərək Cənubi Qafqaza göndərildi. Ərəb qoşunlarının yeni başçısı "müqəddəs" müharibədə iştirak etmək istəyən bütün könüllüləri öz ordusuna dəvət etdi. Əl-Cərrahın ordusunun qalıqları da Səidə qoşuldular. Onların keçmiş xidmətlərini nəzərə alan Səid bu döyüşçülərin hər birinə 100 dinar pul verdi. Böyük bir qüvvə ilə əl-Cəzirədən keçən Səid, bir neçə günlük mühasirədən sonra Xilat qalasını xəzərlərdən təmizlədi, sonra isə düşmən əlində olan başqa qalaları da bir-birinin ardınca fəth edərək, hələ də xəzərlərin əlində olan Bərdəyə çatdı. Gevondun məlumatına görə, ərəblər xəzərləri "tamam əzərək, sələflərinin cəsurluğu şərəfinə hələ indi də əl-Həraşinin dəstəsində saxlanılan təsvirli mis bayrağı onların əlindən aldılar". Bərdədə, habelə Azərbaycanın başqa yerlərində Səidin ordusuna xeyli könüllü qoşuldu. Xəzər talanından, ardı-arası kəsilməyən müharibədən cana doymuş adamlar əllərindən gələn köməyi ordudan əsirgəmədilər. Çox keçmədən Səidin qoşunları Bərdədən Beyləqana, ordan isə Varsana çəkilmiş xəzərləri izləyə-izləyə əvvəl Beyləqanı, sonra isə Varsanı azad etdilər. Ərəblərin yaxınlaşdığından xəbər tutan xəzərlər Balasacan düzündən keçərək Bacarvana doğru geri çəkildilər. Varsan və Bərzəndi arxada qoyub Ərdəbildə qərarlaşan ərəblər, bütün əyalətin ərazisinə səpələnmiş, xeyli əsir və qənimətlə müsəl-man ordusundan uzaqlaşmağa çalışan xəzərləri izləməyə başladılar. Səidin döyüşçüləri xəzər qoşunlarının bir neçə dəstəsini ləğv edib, onların əsir tutduqları müsəlmanları və qarət etdikləri qəniməti geri aldılar. Xəzərlərə qarşı mübarizəyə Varsandan, Beyləqandan, Bərdədən, Qəbələdən və Azərbaycanın başqa yerlərindən çoxsaylı könüllü dəstələri qoşuldular. Ərəblərlə xəzərlər arasında həlledici döyüşlərdən biri Bərzənd yaxınlığında baş verdi. Qələbə qazanan Xilafət qoşunları əsir alınmış bütün müsəlmanları azad etdilər. Beyləqan yaxınlığında çay sahilində baş verən qanlı döyüş pərən-pərən dəstələrdən yığılmış xəzər ordusunun məğlubiyyəti ilə nəticələndi; onların başçısı – xaqan oğlu öldürüldü. Ərəblər dənizə doğru qaçan xəzər ordusunun qalıqlarını yalnız Şirvan torpaqlarınadək təqib etdilər. Buradaca qərarlaşaraq, xəlifə Hişamın əmrini gözləməyə başladılar.

Elə həmin il xəlifə öz qardaşı Məsləməni yenidən Azərbaycan və Ərməniyyə canişini təyin etdi. Yeni əmr və tapşırıqla Bərdəyə gələn təzə canişin dərhal Şirvana doğru hərəkət edib ərəblərə tabe olmaq istəməyən Şabran qalasını mühasirəyə aldı. Neçə gün davam edən mühasirədən sonra əlləri hər şeydən üzülmüş şabranlılar aman istədilər.

Əl-Cərrahın şimala, Səməndərə doğru hərəkəti, ərəblərin əvvəlki döyüşlərdə əsir düşmüş ailəsini özünə qaytardıqları Bələncər hakiminin xəbərdarlığı ilə dayandırıldı. Onun verdiyi xəbərə görə, ərəblərin təzyiqini dəf etməyə hazır olan xəzərlər yeni qüvvələr səfərbər etmişdilər. Azərbaycana qayıdan əl-Cərrah qışı Şəki vilayətində keçirtdi. Elə buradan da xəlifəyə qasid göndərib kömək istədi. II Yəzidin ölümündən sonra hakimiyyət başına gəlmiş yeni xəlifə Hişam kömək göndərəcəyini vəd etdi, lakin bununla yanaşı əl-Cərrahın yerinə əvvəllər bu vəzifədə olmuş öz qardaşı Məsləməni təyin etdi.

726-727-ci illərdə xaqan oğlunun başçılığı altında yenidən Arranı keçərək Azərbaycana soxulan xəzərlər, Xəzərin cənub sahili vilayətlərində ağalıq etməyə başladılar. Lakin çox keçmədən əks-hücumla irəli atılan ərəblər rəqiblərini Araz çayının o tayına qovaraq, onları geri çəkilməyə məcbur etdilər.

Sonrakı iki ildə Məsləmə Azərbaycan ərazisindən Dəryal keçidi vasitəsilə xəzərlərə qarşı iki dəfə yürüş təşkil etdi və qənimətlə geri qayıtdı. 729-cu ildə xəlifə onu geri çağıraraq, Azərbaycan və Ərminiyənin canişini vəzifəsinə yenidən əl-Cərrahı təyin etdi. Beləliklə, VIII əsrin 20-ci illəri qarşılıqlı hücumlar şəraitində keçdi.

730-731-ci ildə xəzərlər və başqa türk tayfaları xaqanın oğlunun başçılığı ilə 300 minlik qoşunla Dərbənd, Dəryal və başqa keçidlərdən Azərbaycan ərazisinə soxulub, yolları üstündə olan şəhər və kəndləri yandırmağa, hər yeri qarət etməyə başladılar.

Hələ də kömək ala bilməyən əl-Cərrah Şəki vilayətindən çıxaraq Bərdəyə, oradan Beyləqana yollanır, sonra Araz çayını keçərək, Varsan və Bacarvan vasitəsilə Ərdəbilə yetişir. Burada düşərgə salan əl-Cərrah kiçik həmlələrlə xəzər dəstələrinə hücumlar edir, sonra isə yenidən Ərdəbilə qayıdırdı.

Ərəb qoşunlarının qərargahı haqqında bir gürcü knyazından məlumat ala bilmiş xaqan oğlu öz ordusunu Kür və Araz çaylarından keçirərək Varsana gəlir, şəhəri tutaraq, bütün əhalini qılıncdan keçirtdirir. Yol boyu qarşılarına çıxan hər yeri və hər şeyi qarət edib yandıran xəzərlər, nəhayət, ərəb qoşunlarının yerləşdiyi Ərdəbilə yaxınlaşırlar. Xəlifənin yardım göndərmək vədinə hələ də ümidini itirməyən əl-Cərrah, ordusunu Ərdəbildən çıxarır. Savalan dağı yaxınlığında bir neçə gün davam edən qanlı döyüşdə xəzər istilasından təngə gəlmiş yerli sakinlərin köməyinə baxmayaraq, ərəblər üstün rəqib qüvvəsi tərəfindən məğlubiyyətə uğradıldılar; əl-Cərrah başda olmaqla bütün qoşun məhv edildi. Onun bütün əmlakı, arvad-uşağı, xidmətçiləri düşmən əlinə keçdi. Neçə günlük mühasirədən sonra çətinliklə ram edilən Ərdəbil işğal olundu, igid müdafiəçiləri qətlə yetirildi, şəhərin qadın və uşaqları isə əsir aparıldı. Qısa bir müddətdə Azərbaycanın, Arranın və Ermənistanın bir çox şəhər və kəndlərini ələ keçirən xəzərlər, orta əsr ərəb salnaməçisinin yazdığına görə, "öldürməyə, qarət etməyə, yandırmağa və zorakılığa" başladılar. Xilafət üçün yaranmış bu təhlükə bütün qüvvələri səfərbərliyə almağa, xəlifəni xəzərlərə qarşı yeni ordu yaratmağa məcbur etdi.

Buradan Dərbəndə yollanan Məsləmə şəhər divarları yanında düşərgə saldı. Şəhər hakimi ərəbləri qarşılamağa çıxdı. Dərbəndin qalasında yerləşmiş xəzər qoşun hissələri isə heç bir maneəyə rast gəlmədən şəhəri tərk etdilər. Xəzərləri sərhədyanı zonadan da çıxarmağa nail olan Məsləmə ətraf yerlərin dağlı hakimlərindən xərac alaraq, öz qoşunlarını Xilafətin şimal vilayətlərindən olan Arranın hüdudlarından kənara – xəzərlərin Bələncər, Vəbəndər və Səməndər şəhərlərinə tərəf yeritdi. Ərəblər və xəzərlər arasında qanlı döyüş bir neçə gün davam etdi və ərəblərin qələbəsi ilə başa çatdı. Geri qayıdan ərəblər yenidən Dərbənd qalasında sığınacaq tapmış min xəzər ailəsini mühasirəyə aldılar. Uzun mühasirədən sonra qala ərəblərin əlinə keçdi. Məsləmə bu dəfə də qaladakı xəzər ailələrinin Dərbənddən çıxıb getməsinə maneçilik törətmədi.

Dərbənd sərhəd vilayətində ərəblərin mövqeyini möhkəmlətmək məqsədilə Məsləmə Dərbəndi dörd qismə (sektora) bölüb, bunların hər birində Dəməşqdən, Himsdən, eləcə də Fələstin, Şam və əl-Cəzirənin başqa yerlərindən olan 24 min ərəb döyüşçüsü yerləşdirdi. Məsləmənin tapşırığı ilə möhkəmləndirilmiş, silah və ərzaqla təchiz edilmiş Dərbənddə müsəlman icmasının başçısı Mərvan ibn Məhəmməd təyin olunur. 732-733-cü ildə Azərbaycan, Ərminiyə və əl-Cəzirənin amili vəzifəsi də ona tapşırılır. Məsləmə özü isə, görünür, növbəti hesabat üçün Dəməşqə, xəlifə sarayına yollanır. Əl-Kufinin məlumatına görə, Məsləmənin getməsindən xəbər tutan xəzərlər yenidən Dərbənddən şimalda olan torpaqlarına qayıdırlar. Xəzərlərlə qalibiyyətli müharibə aparmaq üçün arxa cəbhənin möhkəmliyinin vacib olduğunu dərk edən Mərvan, Cənubi Qafqazın Xilafətin real müttəfiqinə çevrilməsi zərurətini də yaxşı başa düşürdü. Bu baxımdan onun Xilafətin şimal ərazisi hesab edilən Qafqazda apardığı siyasət əvvəlki canişinlərinkindən fərqlənirdi. Erməni və alban knyazlarının tam itaətinə nail olmuş Mərvan, çox keçmədən, zor gücünə başqa Cənubi Qafqaz xalqlarını (gürcüləri, lakzları – ləzgiləri və b.) da özünə tabe edir. Arxa cəbhədən nigarançılığı üzülən Mərvan 120 minlik qoşunla Bərdənin 40, Tiflisin isə 20 fərsəxliyində yerləşən, mənbələrdə Kasak (Kasal) adlandırılan yerdə düşərgə salır.

737-ci il ərəb-xəzər müharibələri tarixinə ən gərgin dövrün başlanğıcı kimi daxil olur. Ərəblərin şimala doğru hücum əməliyyatlarına başçılıq edən Mərvan xəzərlərin üzərinə iki istiqamətdən – Dərbənd və Dəryal keçidlərindən yürüş təşkil etmək qərarına gəlir. Dərbənd qoşununa şəhərin rəisi Üseyd (Əsəd) ibn Zafir əs-Sulami, Kasakdan Dəryal keçidi vasitəsi ilə hücum edən qoşuna isə Mərvan özü başçılıq edirdi.

Hücum ərəblərin tam qələbəsi ilə nəticələndi. Aman istəyən xaqan hətta islam dinini qəbul etməyə də razılıq verdi. Ərəb mənbələrinin məlumatına görə (əl-Bəlazuri, əl-Kufi və b.) ərəblər nəinki xəzərlərin yaşadıqları ərazini tutdular, eləcə də Xəzər ölkəsi hüdudlarından çıxaraq, onun qonşuluğunda yaşayan əs-səkləb tayfalarına və başqa "kafirlərə" hücum etdilər. Əl-Kufi yazırdı: Mərvan "daha sonra səkləblərə və onlarla qonşuluqda yaşayan başqa cinsdən olan kafirlərə hücum etdi, onlardan 20 min ev adam əsir tutdu, sonra irəli gedərək, Səkalib (hərfən: Səkləblərin) çayına yetişdi".

Xəzər xaqanı islam dinini qəbul etməyə boyun olsa da, müsəlmançılıq burada yayılmadı. Belə ki, Mərvanın əsas məqsədi heç də xəzərləri doğru din yoluna gətirmək deyil (bunun üçün heç lazımi imkan da yox idi), onların belini qırmaq, gözlərini qorxutmaq, Xilafətin Qafqazdakı işğal zonasından onların ayağını kəsmək idi. Beləliklə, Xilafətin xəzərlər üzərində qəti qələbəsini nümayiş etdirən 737-ci il döyüşü başa çatır. 40 mindən çox xəzər əsiri evindən-eşiyindən edilib, Samur və Şabran çayları arasındakı əraziyə köçürülür.

Təmtəraqla Bərdəyə gətirilən gəlin islamı qəbul etdi, Quranı öyrəndikdən sonra Yəzidin arvadı olmağa razılıq verdi. Lakin iki il keçmiş onun özü və Yəziddən olan iki oğlu vəfat etdi.

Xaqan qızının qəfil ölümü ərəblərə qarşı yenidən inamsızlıq yaratdı. Bu işdə Yəzidi və onun yaxın adamlarını günahlandıran xəzərlər 763-764-cü ildə böyük bir qoşunla Cənubi Qafqaz ərazisinə hücum edib, alban və gürcü vilayətlərini, o cümlədən yerli salnaməçinin alban vilayətləri sırasında adlarını çəkdiyi Hecerini (Ecerini), Kambehcanı (Kambisenanı), Şakeni (Şəkini), Xozması (Xaçmazı), Balasakanı və b. yerləri tutdular, saysız-hesabsız sürü və ilxıları apardılar. Xəzərlərin bu, dəfəki hücumları olduqca güclü idi. Çox keçmədən Şirvan torpağında xəzərlərlə üzləşən Yəzid, ona kömək göndərilməsinə baxmayaraq, məğlub edilir və Bərdəyə qaçır.

Bu xəbər xəlifəyə çatanda o, Yəzidə bir daha kömək göndərir. Yəzid yeni qüvvələrlə Kürü adlayaraq Dərbəndə doğru istiqamət götürür və şəhərin müdafiəsini təşkil etmək qərarına gəlir. Az qala bütün Arranı fəth edən xəzərlər ərəblərin Dərbənddəki müdafiə xətlərini yara bilmədilər, qala ərəblərin əlində qaldı, xəzərlər isə Cənubi Qafqazı tərk etməli oldular.

O dövrün salnaməçiləri və tarixçiləri VIII əsrin 60-cı illərinin ortalarında xəzərlərin Cənubi Qafqaz ərazisinə daha bir neçə yürüşü haqqında məlumat vermişlər. Bundan sonra VIII əsrin sonlarınadək xəzərlər bu ərazidə görünmədilər. Yalnız həmin yüzilin lap son ilində, xəlifə Harun ər-Rəşidin (786-809) hakimiyyəti dövründə, xəzərlər Arran ərazisinə yenidən müdaxilə etdilər, kiçik ərəb hərbi dəstələrinin müqavimətini qıraraq, Kür çayının sahillərinədək irəlilədilər.

Ərəb tarixçisi əl-Kufi xəzərlərin bu müdaxiləsini o zaman Dərbənddə baş verən hadisələrlə əlaqələndirir: Dərbənd əhalisi şəhər hakiminin başçılığı ilə qiyam qaldırmış, ərəblərə xərac verməkdən imtina etmiş, nəhayət xəzərləri yardıma çağırmışdı. Dövrün digər mənbələri (ət-Təbəri, İbn əl-Əsir və b.) bu rəvayəti başqa cür işıqlandırsalar da, fakt özlüyündə qalır: VIII əsrin son ilində xəzərlər ərəblər üzərində son ciddi qələbəyə nail ola bilirlər.

İki gəlmədən biri üçün qələbə, digəri üçün məğlubiyyət olan belə qanlı döyüşlər torpaqları yağı tapdağı altında qalan yerli əhali üçün zülm, iztirab və əziyyətdən başqa bir şey deyildi.

Bununla da xəzərlərin bir əsrdən çox ardı-arası kəsilməyən soyğunçu yürüşlərinə demək olar son qoyulur. Yalnız hələ də xəzərlərin qüdrətinə inanan yerli hakimlər ara-sıra köhnə müttəfiqlərini ərəblərə qarşı birgə mübarizəyə dəvət edirdilər. Hətta IX əsrin sonları, X əsrin əvvəllərində, Cənubi Qafqaz ərazisində müstəqil feodal dövlət qurumlarının yarandığı dövrdə də baş verən lokal xarakterli bu çıxışlar nəticə etibarı ilə Xilafətin Qafqazdakı mövqeyini sarsıdan amillərdən oldu. Beləliklə, obyektiv olaraq, müsəlmanların şimala doğru yollarını bağlamış Xəzər xaqanlığı, rusların və digər xalqların da Şimali Qafqaz tərəfdən müsəlman torpaqlarına müdaxilə etmələrinə mane olmuş, bufer dövləti rolunu oynamışdır.


Tarix: 07.01.2015 / 16:55 Müəllif: Feriska Baxılıb: 122 Bölmə: Azərbaycan Ərəb Xilafətinin tərkibində