Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan faşizmə qarşı müharibədə

Azərbaycan hərbi əməliyyat meydanına çevrilməsə də müharibənin əvvəlindən axırınadək onda fəal iştirak etdi. Azərbaycanın bütün maddi və mənəvi sərvətləri, insan qüvvəsi faşizmə qarşı müharibəyə cəlb edildi.

Müharibənin ilk günlərində Azərbaycanda 4 mindən çox oğlan və qız faşizmə qarşı vuruşmaq üçün könüllü surətdə cəbhəyə getməkdən ötrü hərbi komissarlıqlara müraciət etdi. Avqust ayına qədər təxminən 123 min nəfər xalq qoşunu dəstələrinə yazıldı.

1941-ci ilin sonunda xalq qoşunu dəstələrində 187 min nəfər döyüşçü vardı. Onlardan 30 min nəfərdən çoxu qadınlar idi.

1941-1945-ci illərdə Azərbaycanda Sovet Ordusu sıralarına 640 min nəfərədək səfərbər edilib cəbhəyə göndərildi. Onlar da sabiq SSRİ məkanında yaşayan digər xalqların nümayəndələri ilə çiyin-çiyinə faşizmə qarşı savaşda iştirak etdilər.

Müharibənin ən ağır illərində azərbaycanlı əsgər və zabitlər od, alov püskürən cəbhələrdə, o cümlədən Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belorusiya, Pribaltika respublikaları uğrunda döyüşlərdə cəsarətlə vuruşmuş, faşist ordu hissələrinə mətanətlə müqavimət göstərmiş, onların hərbi texnikasını və canlı qüvvəsini məhv etmiş, işğal edilmiş yaşayış məntəqələrinin azad edilməsində, Berlinin süqutunda fəal iştirak etmiş, bu yolda çoxları ölümləri ilə ölümsüzlüyə, əbədiyyətə qovuşmuşlar.

Azərbaycan əsgərləri 1941-ci ilin payızında Leninqrad şəhərinin müdafiəsi uğrunda döyüşlərdə ön cəbhədə dayanmış, bütün ölkə vətəndaşları ilə çiyin-çiyinə faşist ordusuna cəsarətlə müqavimət göstərmiş, əhalinin təhlükəsizliyini qorumuşlar. Təyyarəçi Hüseynnbala Əliyev Leninqradı düşmənin hava hücumundan qoruyarkən 17 ölümcül yara alsada, təyyarəsini yerə endirə bilmişdi göstərdiyi şücaətə görə ölümündən sonra o,döyüş ordeninə layiq görüldü. Moskva, Leninqrad və Stalinqrad ətrafında döyüşlərdə azərbaycanlılar düşmənin çoxsaylı canlı qüvvə və güclü hərbi texnikası ilə üz-üzə dayanmış, faşist ordusuna qarşı irimiqyaslı və dağıdıcı hərbi əməliyyatlar keçirmişdilər.


Tarix: 07.01.2015 / 16:35 Müəllif: Feriska Baxılıb: 37 Bölmə: Azərbaycan İkinci dünya müharibəsində
loading...