beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şumerlə əlaqələr

Dastanlara görə Uruk (Şumer şəhər dövləti) ilə Aratta arasında əlaqələr gah düşmənçilik, gah dinc, gah dostluq xarakteri daşıyır. En-Merkar (Uruk hökmdarı) Arattanın Uruka tabe olmasını tələb edir. Aratta hökmdarı da öz növbəsində Uruku Arattaya tabe etmək üçün tədbirlər görür. Lakin sami tayfaları Uruk şəhərini mühasirə edən zaman En-Merkar hərbi yardım almaq üçün Aratta hökmdarına müraciət edir. Şumerlər Uruk şəhərindəki məbədləri bərpa etmək üçün tikinti materiallarına, qiymətli metal və daşlara ehtiyac duyurdular. Uruk hökmdarı En-Merkar bu materialların Arattadan gətirilməsini istəyirdi. O, Aratta hökmdarı ilə yazışmalar aparır, qasidlər göndərir və hətta bu ölkəyə səfər edir. Şumerlə Aratta arasında bəzən siyasi rəqabət güclənirdi. Aratta hökmdarı En-Sukuşsiranna En-Merkardan onu ali hakim kimi tanımasını tələb edir. En-Merkar isə ona əks tələb göndərir. Belə olduqda En-Sukurşiranna şuranı toplayır. Şura üzvləri ona En-Merkara tabe olmağı məsləhət görürlər. Aratta hökmdarı bu təklifi rədd edir və kahini Urqirunnunanı Uruku tutmağa göndərir. Lakin son məqamda kahin məğlub olur. Buna baxmayaraq yəqin ki, En-Merkar Arattaya bir müttəfiq kimi baxırdı. Sami tayfaları Şumeri narahat edən zaman o, məhz Aratta hökmdarından kömək diləmiş və bu məqsədlə Arattaya Luqalbandanı göndərmişdi.

Şumer-Aratta əlaqələri "En-Merkar və Aratta hökmdarı" dastanında nisbətən geniş əks olunmuşdur. En-Merkar Aratta hökmdarına qasidlə xəbər göndərir ki, o, Şumerə tabe olsun və məbəd tikintisi üçün material göndərsin. Əvəzində En-Merkar Arattaya taxıl göndərəcəyini vəd edir. Aratta hökmdarı Şumerə tabe olmaq tələbinə qarşı qasidə belə cavab verir: "Mən ali kahinəm, təmiz əl (ilahə İnanna) tərəfindən təyin olunmuşam... Xoş sifət İnanna həqiqətən məni Arattaya, "saf ənənələr ölkəsinə" gətirdi, məni sanki böyük darvaza kimi, dağlarda onun önünə qoydu. Məgər Aratta Uruka tabe ola bilərmi? Aratta Uruka boyun əyməyəcəkdir!" Qasid En-Merkarın adından Aratta hökmdarına hədə-qorxu gəlir: "Qasid, Arattanın ali kahininə de ki, onun şəhərinin (əhalisini) vəhşi göyərçinlər kimi, ağacdan hürküdərəm, onları quş kimi yuvada tutaram, satılmış (qul) kimi mən onu öldürərəm, dağılmış şəhər kimi onun toz-torpağını yığaram. Arattanın əhalisini Engi (şumerlərin müdriklik və yeraltı sular tanrısı) lənətə gətirmişdir... Ona (Arattaya) qarşı İnanna hiddətlənmişdir". Aratta hökmdarı En-Merkarın hədələrinə məhəl qoymadı və qasid vasitəsilə onunla mübahisəyə girişdi, münaqişəni sülh yolu ilə həll etmək istədi. Aratta hökmdarı qasidə cavab verdi ki, "Arattada göz yaşə çilənir, su burulur, un tökülür, ölkədə qurbankəsmə, dua, ibadət vardır, nə beş adam, nə on adam (yəni çox adam) vardır. Uruk necə dağlara qarşı çıxış edə bilər? Sənin ağan silaha sarılmaq istəyir, mən isə təkbətək vuruşmağa (yaxud mübahisəyə) çağırıram". Aratta hökmdarı ölkənin məharətindən, qəhrəmanlığından danışır, onu dağlara qaranlıq yayan axşam şəfəqinə, üzü parıltı ilə dolu olan və göyə qalxan aya, dağlara çəpər olan ağaclara bənzədir və En-Merkardan taxıl göndərməsini tələb edir. Eyni zamanda En-Merkar tələb edir ki, Aratta hökmdarı onun yanına gəlsin, sonuncu isə En-Merkarın Arattaya gəlməsini təklif edir. Qaynaq bu haqda yazır: "O, torbaları ayırdı, içini taxıl ilə doldurdu... Yükü eşşəklərə yüklədikdən sonra ağa, müdrik kahin, Uruk şəhərinin ali hökmdarı, Kulabın (Urukun dini məhəlləsi) ali kahini Aratta yolu ilə taxılı göndərdi. Adamlar qarışqa kimi torpağın dəlik-deşiyindən çıxıb Arattaya getdilər. Ali hökmdar Arattaya, özgə ölkəsinə gedən qasidə dedi: "Qasid! Arattanın ali hökmdarına de ki,... lacivərdi bir ağac kimi qoy əlinə alsın, Arattanın ali hökmdarı qoy mənim yanıma gəlsin".

En-Merkar qarşıya Arattanı siyasi cəhətdən Uruka tabe etmək məqsədini qoymuşdu. Aratta hökmdarı sonralar lacivərdi və digər materialları İkiçayarasına göndərdi, lakin onun itaətkarı olması tələbinə məhəl qoymadı.


Tarix: 06.01.2015 / 19:33 Müəllif: Feriska Baxılıb: 103 Bölmə: Aratta