beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

4cü hissə.
4cü hissə.

Həsənqulu: Atət-ə qanımız fəda. Atət-in hökmünə, kəramətinə inanmayan kafirdir!

Hamı: (Bir ağızdan) Kafirdir!

Təsye: Məgər eşitməmisiz ki, Atət olan yerdə sülh var, əmin-amanlıq var, demokratiya var. Bax, İraqda, Əfqanıstanda demokratiyanı, əmin-amanlığı bizlər yaratdıq. Atət olan yerdə kimsə kimsənin toyuğuna nəinki daş ata bilməz, heç kiş də deyə bilməz! Avropanın istəyi nədir?

Hamı: (Bir ağızdan) Nədir?

Təsye: Avropanın istəyi odur ki, siz qansız-qadasız yaşayasız, xoşbəxt yaşayasız. Avropalılar kimi yaşayasız!

Bir cavan: Cənab Təsye, bu düzdürmü ki, Avropada kişi kişi ilə evlənə bilər, mavilər böyük vəzifələrə təyin edilə bilər.

əli bəy muəllim: Ə, tərbiyəsiz-tərbiyəsiz danışma. Kişi Parisdə ev-eşiyini, arvad-uşağını buraxıb bizdən ötrü düşüb çöllərə. Sən də ağzına gələni danışırsan, təhqir edirsən.

Bir cavan: Vallah təhqir eləmirəm. O gün qəzetdə oxudum ki, Parisin yeni meri mavidir. Televizorda eşitdim, özü də öz dilindən.

Həsənqulu: Ə, rədd ol burdan! Cənab Təsye, fikir verməyin siz Allah! Bizim ümidimiz sizlərdir, Atət-dir. Yaşasın Atət.

Hamı: Yaşasın Atət! Urra! Təsye! Təsye! Təsye!

Mir Bağır Ağa: Ay camaat, sakit, sakit! Qoyun kişi sözünü desin! Buyurun, cənab Təsye!

Təsye: Əziz qaçqın və məcburi köçkün qardaşlarım! Məsələ belədir ki, Ermənistan Qarabağı birdən-birə deyil, mərhələ-mərhələ boşaltmağa razılıq verir. Mənim sizlərlə görüşümün məqsədi də odur ki, sizinlə bir ümumi razılığa gələk. Görək nə deyirsiz. Hansı şəhərdən, hansı kənddən başlayaq.

Bir qoca: Ya cənab Təsye! Sənə mənim bu qurumuş canım qurban. Mən öz kəndimizi səndən istəyirəm. Bax, bu dar gün üçün saxladığım qızılları da sənə bağışlayıram. Halal xoşun olsun!

Təsye: Siz nə edirsiz? Mən sizin üçün Rəfaelli deyiləm ki, rüşvət alım.

Bir qoca: Səni and verirəm Roma Papasına, əlimi geri qaytarma!

Həsənqulu: Cənab Təsye! Bu rüşvət deyil, hədiyyədir. Evimizə gələn qonağa hədiyyə verməsək özümüzü çox narahat hiss edərik. Bu bizim milli mentalitetimizdir. Özü də Roma Papasının canına and verdi! Götürməsən Papanın xətrinə dəyər. (Qocaya işarə edir ki, sakitcə qoy cibinə. Qoca sakitcə qızıl torbasını qoyur Təsyenin cibinə. Təsye də özünü elə aparır ki, guya bilmədi)

Təsye: Hər bir millətin milli mentalitetinə hörmət eləmək biz Avropalıların şərəf işidir. Siz bizim məcburi köçkün və qaçqın qardaşlarımızsız. Heç bir hədiyyənizə ehtiyacımız yoxdur. Biz sadəcə insanlıq borcumuzu yerinə yetiririk. Əli bəy-müəllim, kağız qələmi götür, hər kəsin istədiklərini bir-bir yaz.

(Adamlar hərəkətə gəlirlər. Hamı Əli bəy-müəllimə tərəf axışır)

Təsye: Basabasa salmayın. Növbə ilə, bir-bir. (Hamı geri çəkilir.)

əli bəy muəllim: Ə, bir-bir, ədəb ilə. Ayıbdı, bizi biabır eləməyin. Özünüzü görməmiş kimi aparmayın. Hamıya növbə çatacaq. İndi bir-bir deyin yazım.

Təsye: Cənab Həsənqulu, birinci sən buyur. Cənab Brat sizin kəndinizin birinci azad olunmasını məndən məxsusi xahiş edib.

Həsənqulu: (Gəlir qabağa, başı ilə minnətdarlığını bildirir). Əli bəy-müəllim, yaz. Birinci Fatmanisəgilin kəndini yaz. Qamışlı.

əli bəy muəllim: (Yazır) Qa-mış-lı.

Həsənqlu: Sonra yaz, Narınclar.

əli bəy muəllim: Narınclar niyə? Narınclar sizin kənd deyil ki?

Həsənqulu: Atamgilin kəndidir. Sonra yaz... (Yer-yerdən səslər gəlir)

Məşədi kAzım: Həsənqulu, bəlkə cijingilin də kəndini deyəsən? Bəs burdakılar adam deyil?

Təsye: Tələsməyin, hamıya vaxt çatacaq.

Məşədi kAzım: Həsənqulu düz adamdı, qoy birinci biz yetim-yesirin kəndlərini desin də.

Həsənqulu: Sənə borc deyil, mən kimi birinci deyirəm, kimi ikinci.

Məşədi kAzım: Yox, borcuma qalıb. O Bratdı-nədi sənin dostundu. Cənab Təsye sənin evinə düşüb deyin, birinci sənin qohum-əqrəbalarıyın kəndləri azad olunmalıdı?(irəli yeriyib stolun üstə bir dəsmal qoyur) Yaz, Əli bəy-müəllim, yaz! Bizim kəndi yaz! Camışlı. (Əli bəy-müəllim Təsyeyə baxır, Təsye də dəsmala, başı ilə işarə edir ki, yaz).

əli bəy muəllim: (Yazır) Ca-mış-lı.

Baxşəli: Məşədi Kazım, nə boş-boş danışırsan. Niyə əzizimiz Atət-in işini zora soxursan? Bizim kəndimizi azad eləməmiş sizin kəndi necə azad edə bilərlər. Kəndinizin yolu bizdən keçmirmi?

Həsənqulu: Baxşəli düz deyir. Cənab Təsye! Siz Camışlını necə azad edə bilərsiz Baxşəligilin kəndini azad etmədən?

Təsye: Cənab Həsənqulu, necə yəni Atət bunu bacarmaz. Səndəmi Atət-in qüdrətinə şəkk edirsən?

Həsənqulu: Əstəğfürullah! Sadəcə vəziyyəti deyirəm.

Məşədi kAzım: Yox, birinci bizim kənd azad olunacaq.

Kərbəlayı Vəli: Çəkilin görüm. (o da bir dəsmalı sanballayıb qoyur Əli bəy-müəllimin cibinə). Birinci bizim kənd azad olunmalıdır.

Mir Bağır Ağa: Niyə birinci sizin kəndləriniz azad olunmalıdır, siz göydən düşmüsüz?! Bəlkə biz göbələyik, yerdən çıxmışıq?! Vallah, bir mərəkə qopararam Atət nədi, BMT-də yer yerindən oynayar. (yaxınlaşır Təsyeyə, qucaqlayıb öpür, öpəndə də cibinə nə isə basır). Cənab Təsye, siz bunlara fikir verməyin. Birinci bizim kəndi qaytarın. Sən öl, həyətdə bir çəllək tut arağı basdırmışam ki, Napoleon konyakı onun yanında qələt eləyir. Sənə orda bir qonaqlıq verəcəm ki, yüz il dadı damağından getməyəcək.

Təsye: Əli bəy-müəllim yaz.

əli bəy muəllim: Ə, kəndinizin adı nədi?

Mir Bağır Ağa: Tuğ!

Baxşəli: Cənab Təsye, atam-anam sənə qurban. Düz iyirmi il əziyyət çəkib güc-bəla ilə bir ev tikmişdim. İndi gəlib düşmüşəm bu ilanmələməz çöl-biyabanda on baş ailə bir çadırda qırılırıq. Ağcaqanadlar yardım paylayanlar kimi qanımızı necə sorursa damarlarımızda qan da qalmayıb. Birinci bizim kəndi azad elə. (yavaşca Təsyenin qulağına pıçıldayır) Bayaqkı azdırsa, bir az artırım.

Mir Bağır Ağa: (Baxşəlinin qolundan tutub bir kənara fırıldadır). Ə, pulun çoxdu? Sənin canın candı, bizimki camış gönü?! Dedim ki, birinci bizim kənd azad edilməlidi, vəssalam!

Kərbəlayı Vəli: (Cumur Mir Bağır ağaya). Ə, qoluzorlu çıxmısan?! Atan yaşda kişiyə əl qaldırırsan?! Sən öl, baxmaram Qaçqınkomda işləyirsən, səni deşik-deşik edərəm.

əli bəy muəllim: (Araya girir). Ə, bizi Atət-in gözü qabağında biabır eləməyin. Belə eləyirsiz deyin Qarabağı ala bilmirik ey!

(Baxşəli də cumur Mir Bağır ağaya, Heydər müəllim də Baxşəliyə qahmar çıxır).

Heydər müəllim: Ə, namərdlər, mənim kəndçimi tək görmüsüz. Siz ölün, bu dəqiqə baxmaram Atət-ə-MAtət-ə, bağırsaqlarınızı yerə tökərəm.

(Bu dəfə Həsənqulu girir araya).

Həsənqulu: Boynunuzu yerə soxum. Bizi bu boyda kişinin yanında biabır elədiniz, Allah sizi biabır eləsin.

Təsye: (əsəbləşir). Camaat! Ay camaat! Əl saxlayın. Mən qan kəsməyə gəlmişəm, qan tökməyə yox. Əgər bu dəqiqə davanı kəsməsəniz çıxıb gedəcəm Pağiyə. O ermənilər, o da siz! Gedin özünüz öz kəndinizi azad edin.

(Hamı dayanır və qorxa-qorxa geri çəkilir)

Həsənqulu: Cənab Təsye, bizi çevir balalarıyın başına, keç günahımızdan. İcazə ver gedək bir az fikirləşək.

Təsye: Yaxşı, get fikirləş.

Heydər müəllim: Cənab Təsye, bizi yetim qoyma. Nə səhvimiz var düzəldərik. İcazə verin öz aramızda sakitcə məsələni yoluna qoyaq.

Təsye: Yaxşı, get sən də fikirləş.

Baxşəli: Cənab Təsye! Səni and verirəm Pan Ki Munun o əziz canına, bizi bağışla. Bir işdi oldu, bir də olmaz. Vaxt ver gedək bir fikirləşək, bir götür-qoy edək.

Kərbəlayı Vəli: Cənab Təsye, neyləyək, Allah hamımızın hövsələsini əlindən alıb. Bir qələtdi elədim. İcazə verin gedim mən də bir az fikirləşim.

Təsye: Yaxşı, gedin hamınız fikirləşin, görək birinci haranı azad edək. (Kərbəlayi Vəli və Mir Bağır ağa qəzəblə bir-birinə baxa-baxa gedirlər. Camaat başlayır azalmağa)

Həsənqulu: Mən də gedim kişiyə axşam tədarükü görüm.

Təsye: Əli bəy-müəllim, sən də cənab Həsənqulu ilə get, gör axşam məni kim masaj edəcək. Mən də bir az tək qalım, yorulmuşam.

(Hamı gedir, İsgəndər gəlir)

İsgəndər: Hamı getdi fikirləşməyə bu meydan pəhlivan meydanıdır. Hünər istər ki, İsgəndər kimi bir igid gəlib dursun bu meydanda və desin (ucadan) Cənab Təsye, hər nə qədər ki, bu ölmüş dirilər durur. Sizlər kef partladacaqsınız. Xa, xa, xa! Hamı getdi fikirləşməyə. (əlini uzadır Təsyeyə) Cənab Təsye, mən ölüm, əl ver! Lotusan ə, əl ver!

Təsye: (ucadan) Mən sənə əl vermərəm, sərxoşsan...

İsgəndər: Cənab Təsye, siz gərək şükür edəsiniz ki, mən içirəm. Əgər mən şərab içməsəm, ağlım başımda olar, birdən gözümü açıb görərəm ki, həftədə bir, ayda bir bizim bu şəhərciyimizə Avropadan bir lotu gəlir, bu millətin başının altına yastıq qoyur. Gələndə cındırlarından cin hürkür, gedəndə pyerkardenləri göz çıxarır. Bir xanım vardı, ağbirçəklik eləyirdi, gələndə İstanbul çarşısından aldığı paltarla gəlmişdi, gedəndə brilyantın içində alışıb yanırdı. Mən ölüm lotusan, əl ver dost olaq! Xa, xa, xa!

Təsye: Cəhənnəm ol! Bu dəqiqə bir telefon açaram, gəlib səni götürüb atarlar ermənilər tərəfə, illərlə Qırmızı Xaç da ala bilməz.

(Təsye gedir, İsgəndər onun ardınca baxır və sonra hər iki yumruğunu yuxarı qaldırıb ucadan deyir)

İsgəndər: Kaş mənim bu qollarımda Rüstəm pəhlivan kimi bir qüvvət olaydı. Yapışaydım sizin ayaqlarınızdan və ataydım göyün üzünə, başıaşağı gəlib kal qarpız kimi paqq eləyib dağılaydınız (və özü paqq eləyib atılır göyə). Ya da ayaqlarınızdan tutub ataydım belimə, ağızlarınız hara düşə-düşə. Tfu şarlatanlar (kefli kimi ufuldayır) Buuy! Ədə, vallah mən elə pəhlivanam ki, bu zapa-zupa dözürəm. Xa, xa, xa! (Bir siqaret yandırır, yavaş-yavaş gəlib durur Təsyenin dayandığı yerdə) Bunlar yoxdu, barı cəhənnəm, heç olmazsa bu Təsye kimi mənim elə bir qüdrətim olaydı, ölmüş dirilərlə danışa biləydim. Ax! Əgər olsa idi, üzümü tutardım bu ölmüş dirilərə çığırardım. Ey binəvalar! Soruşardılar, nə deyirsən ey İsgəndər? Onda mən bu ölmüş dirilərə deyərdim, gəlin bu Kefli İsgəndərə qulaq asın. Bir yaxşı-yaxşı düşünün və nəsihətimi qəbul edin. Və əgər məndən soruşsanız ki, niyə? Mən sizə cavab verməyə hazıram. İnanın mənə. Allah Mirzə Cəlilə min rəhmət eləsin! Bu Təsyelər, bu Bəsyelər, Petkalar var ey! Bunlar Şeyx Nəsrullahdan da betərdilər. Bunlardan Qarabağı dirildən olmaz! Bunlar Qarabağı ona görə öldürməyiblər, sizi çöllərə ona görə salmayıblar ki, sonra dirildələr qayıdıb gedəsiniz evinizə-eşiyinizə. Bunlar Qarabağı ona görə öldürüb sizi çöllərə salıblar ki, özləri kef eləsinlər. Gəlsinlər, sorsunlar aparsınlar. Ağsaqqallıq eləsinlər. Ayda bir gəlsinlər, sizləri başlarına yığıb məzələnsinlər, başınızı qatsınlar, ruhunuzu işğal eləsinlər. Yoxsa birdən ayılıb görərik ki, bunlar Şeyx Nəsrullahlardı. Özümüz də başımıza çarə qılarıq. Qalxarıq ayağa, qabağımıza keçənləri tapdalayıb çıxıb gedərik evimizə-eşiyimizə. Gəlin bu Kefli İsgəndərə qulaq asın! Bu Bemtedi, Atətdi, MAtətdi-nədi, bunlardan bizə imdad yoxdu. Bəsdi bunların quşun götürdük! Ey binəva ölmüş dirilər! Gəlin bu Kefli İsgəndərin sözlərinə qulaq asın! Çıxın gedin evinizə-eşiyinizə!


Tarix: 09.06.2015 / 12:13 Müəllif: Aziza Baxılıb: 200 Bölmə: Aqil Abbas - "Ölülər"