beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nağıl tortu

Tərkibi:

xəmir üçün:
5 x.q. un
5 x.q. şəkər tozu
3 yumurta

krem üçün:
170 q kərə yağı
90 q şəkər pudrası
70 q qatılaşdırılmış süd
kakao tozu
qida boyaları

sirop üçün:
80 ml su
4 x.q. şəkər tozu
1 ç.q. ağ desert şərabı

bəzək üçün:
bir ovuc sukat

Hazırlanma qaydası:

Əvvəlcə sobanı 180 dərəcə qızdırın. Düzbucaqlı sinini azca əridilmiş kərə yağıyla yaxşıca yağlayın, üzərinə un səpin. Unun artığını sinini üzüaşağı tutmaqla boşaldın.

Unu ələyin. Bir ləyənçədə yumurtaları şəkər tozu ilə mikserlə çalın. Şəkər tozu tam əriyincə və kütlənin həcmi təxminən 2,5 dəfə artınca çalın. Ehtiyatla unu əlavə edib tez qarışdırın.
Xəmiri hazırladığınız siniyə tökün. 30-35 dəqiqə, qızılı rəng alanadək bişirin. Bişən zaman sobanın ağzını açmayın, yoxsa biskvit yaprıxar. Hazır biskviti əvvəlcə sinidə soyudun, sonra çıxarıb çevrilmiş ələyin, yaxud dəmir şəbəkənin (adətən, sobanın içində olur) üzərinə qoyub quruması üçün bir gecə saxlayın.

Sirop üçün tavaya su və şəkər tozu tökün, qaynara düşənədək qarışdırın, şəkər əriməlidir. Hazır siropun ağzını örtüb soyudun, sonra şərab əlavə edib qarışdırın.

Qurumuş biskviti hər tərəfdən iti bıçaqla kəsib düzbucaqlı forma verin. Çox iti bıçaqla eninə üç korja bölün. Artıqları xırdalayın və tavada qızılı rəng alanadək qovurun.
Siropu biskvitə hopdurun.

Krem üçün mikserlə yağla şəkər pudrasını çalın. Qatılaşdırılmış süd əlavə edib yenə çalın. İki hissəyə bölün. Bir hissədən 2 x.q. ayırıb kənara qoyun. O biri hissəni kakao tozu ilə qarışdırın. Ayırdığınız 2 qaşıq kremi isə qida boyaları ilə qarışdırın: birini qırmızı, o birini yaşıl rənglə, beləliklə, 4 rəngdə krem alınacaq: ağ, qəhvəyi (şokoladlı), qırmızı və yaşıl.

Korjların arasına ağ krem çəkib üst-üstə yığın. Kənarlarına şokoladlı krem çəkin və qovurduğunuz biskvit qırıntılarını səpin. Ortasına zolaq-zolaq şokoladlı krem çəkin (bunun üçün xüsusi konditer şprisi ucluğundan istifadə edin), yaşıl kremlə yarpaq, qırmızı kremlə gül çəkin, ara-bərədə isə sukatları yerləşdirin. Vəssalam! Nağıl kimi tort hazırdır!

Nuş olsun!


Tarix: 08.12.2012 / 14:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 640 Bölmə: Şirniyyatlar