beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Böyük yaradana
Böyük yaradana

Ey böyük Yaradan, ey qadir Allah!
Doğulduq...İşlətdik nə qədər günah?
Coşdu içimizdə saysız diləklər,
İblis hiylələrlə doldu ürəklər.
Öncə nizə, qalxan, qılınc yaratdıq,
Ov tək bir-birinin köksünə atdıq.
Əsirlər ötdükcə coşdu ehtiras,
Vəhşi əlimizlə quruldu min yas.
Bizə Əzrayılla əcəl göndərdin,
Miskin cəsədləri torpağa sərdin.
Böldün bəndələri neçə qisimə,
Sonda məzar qıydın yalnız cisimə.
Anlaya-anlaya öləriyik biz,
Tanrı hüzurunda qatlamadıq diz.
Vəhşi tək hey qırdıq biri-birini,
Sən bizdən qorudun haqqın sirrini.
Böyük Yaradanım, səbr ilə yerə,
Hey dinlər göndərdin inansın hərə.
Sonuncu dininsə oldu pak İslam!
Müqəddəs peyğəmbər Mühəmməd-salam.
O gül çöhrəsinə nur bəxş eylədin,
Quranı köksünə Sən nəqş eylədin.
Ərəb səhraları, Məkkə, Mədinə,
Tapındı rəhminə, tapındı dinə.
İslamın işığı dünyanı tutdu,
Diz çöküb səcdənə, özün unutdu.
Fəqət, parçalandı cahanda dinlər,
İnsan da bu sitəm içində inlər...
Xaçpərəst, müsəlman, yəhudi, yezdi...
Torpaq, su üstündə el-eli əzdi.
Böyük Yaradanım, töküldü qanlar,
Məzara gömüldü əcəlsiz canlar.
Sənsə yüksəklikdən baxıb bəndənə,
Saldın ölərləri çox çəndən-çənə.
Qopartdın yerlərin min yol bağrını,
Məzara döşədin acı, ağrını.
Neçə yurd torpağın altında qaldı,
Hökmünlə bəndələr min yol alçaldı.
Gah sellər yaratdın, gahsa zəlzələ,
Qurdun ölərlərə, ey Tanrım, tələ.
Unudub qəzəbi, coşdular yenə,
Bəzən xor baxdılar Haqqa və Dinə.
Qılınclar gülləylə əvəz olundu,
Tanklarla, toplarla qeyrət alındı.
Basıldı vicdanlar raketlər ilə,
Cahanda hökm etdi iblis və hiylə.
Sənsə qəh-qəh çəkdin ünsüz fələkdən,
Güldün bəndələrə min yol ürəkdən.
İnsanlar dinlərlə fitnə qurdular,
Savaşa yollandı saysız ordular.
Qanlar su yerinə axdı dünyada,
Atdılar namusu, qeyrəti oda,
İsanın, Musanın müqəddəs ruhu,
Böyük Mühəmədin(s) naləsi, ahı.
Qırdı dünyamızı hey qəzəb ilə,
Məzara göndərdi min əzab ilə.
Bizsə unutqanlıq yolunu tutduq,
Allahı, Quranı, Haqqı unutduq.
Özümüzü səndən qüdrətli bildik,
Sildik içimizdən inamı, sildik.
Namus da, qeyrət də qiymətdən düşdü...
Bəndənin ayağı hər dəm sürüşdü.
Ölüm-qapımızda gülləyə döndü,
Söndü evimizin çırağı, söndü.
Böyük Yaradanım, adil hökmünlə,
Döndərdin ağılı, ürəyi külə.
Allahım, ey Tanrım, yuvam-məmləkət,
Başının üstündə qara fəlakət.
Yağı evimizə tökür gülləni,
Qurur torpağıma min bir hiyləni...
Yanır diri-diri ana, bacılar,
Dolaşır yurdumda ağrı-acılar.
Sitəmdən usanmış, könlümüz talan,
Yenə taxtı-tacda oturub yalan.
Hökmylə namərdi bütə döndərir
Tülkünü quduza, itə döndərir.
Adilim, Kərimim, Haqqım, İlahi,
Qoyma məhkəməsiz naleyi-ahi,
Müqəddəs hökmünlə özün divan qur,
Yalanın, fitnənin sən boynunu vur.
Bir azca işıq ver qaranlıq yurda,
Amandır, quzunu tapşırma qurda.
Hökmü-fərmanınla zülmət nur olsun,
Yetər, içimizə halallıq dolsun.
Böyük Yaradanım, ümidim sənə,
Şahlıq quşu göndər sadiq ölkənə.
Ayılıb binəva millət yuxudan,
Özün qurtar onu qara-qorxudan.
Bu Şadiman sənə sadiq bəndədi,
Özün də görürsən yaman gündədi.
Gəl qoluzorluğu vermə yetənə,
Son qurbanlıq eylə məni Vətənə!
Hazıram, cismimi məzara göndər,
AZƏRBAYCANIMA AZADLIQ GÖNDƏR!!!


Tarix: 01.06.2015 / 10:43 Müəllif: Aziza Baxılıb: 329 Bölmə: Şirinxanım Kərimbəyli