beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Diri ölü
Diri ölü

Qəbrim kənddədi, özüm şəhərdə yaşayıram. Nə sözümə, nə də üzümə şübhə ilə baxmayın. Mənəm-mənəm deyən kişinin evi də olmalıdır, qəbri də. Şərt deyil ki, qəbirdə yatasan. Qəbirdi də, durub özü üçün. Səndən yemək istəmir, içmək istəmir. Bilirəm, maraq sizi bürüdü. Əslində bu qəbir məsəli, doğrudan da, maraqlı məsələdir. Söz düşüb, danışım. Bir vaxt Türkiyəyə gedib-gəlirdim. Xırda-para alver eləyirdim. İki dənə ağızı açıq sumkam var idi. Burda aldığımı orda, orda aldığımı burda satırdım. Bir müddət beləcə qəpik-quruş dalınca gedib-gəldim. Soruşmadan məsləhət verib yol-ərkən öyrədənlər bir gün məni duyuq saldılar ki, bir başa fabriklə əlaqə yaradıb aldığını bilavasitə istehsalçıdan alsan, xeyli ucuz başa gələr. Tövsiyə ağlıma batdı. Beləcə də elədim. Aradım, axtardım bir fabrik atdım. Sahibinə yaxınlaşıb dedim: Sən türk, mən türk. Çətir mənə mal ver, aparım məmləkətimdə satım, özüm bir qazananda, sənə min qazandırım... Görünür, ―Sən türk, mən türk‖ kəlməsini yerində istəmişdim. Sahibkara möhkəm təsir elədi, kövrəldi, gözləri doldu. Sərhədlər təzə açılmışdı, çəkilən hsrətlərin yeri hələ soyumamışdı. --Verim, -dedi, - abi, apar məmləkətində sat, özün min qazan, mənə bir qazandır. --İki sumka mal istəyirəm, - dedim, - pulum azdı. -Ayıb deyimi, -dedi, -bu nə söhbətdi! Götür sumkalarını doldur, apar sat. Pulu qayıdanda verərsən. Sumkalarımı ağzınadək təpdim. Bir-birinə bağlayıb xurcun kimi çiynimə aşırdım. Bu gündən etibarən sumka-xurcun çiynimdə getdim, gəldim, getdim, gəldim, getdim, gəldim... Bu minvalla da tərəf-müqabilimin möhkəm etimadını qazandım. Evimin ünvanını verib evinin ünvanını aldım, yəni fürsət düşsə, qonağım olun. Bir gün dolu sumkalarla gedib dolu ciblə qayıdanda, türk abim üzümə mehribancasına gülümsünüb.. -- Mən sənə çox inanıram, - dedi, - kendim kadar inanıram. --Təşəkkür edirəm, -- dedim. --Sən niyə bu sumkalarla əziyyət çəkirsən?! Gəl sənə bir kanteyner mal vurum, sat, gəl, bir də vurum. Vurdu.Satdım. Vurdu. Satdım. Bir də vurdu. Bir də satdım. Bu vurha-vurda türk kardeşimin mənə inamı birə beş artdı. --Gəlsənə--dedi,- bir ələ sənə bir neçə kanteyner mal vurum. --Vur1 –dedim Vurdu. Nə az, nə çox, düz iki yüz min dollarlıq mal vurdu. Xımır-xımır satdım, xırdını kəsdim. Di gəl, bir bu qədər pulu türkə verməyə nə əlim gəldi, nə də ürəyim qıydı.

Fikirləşdim, belə al-ver mənim nəyimə gərəkdir! Az qala milyonçuyam.Yaxşısı budur, türkün adını da, Türkiyənin yolunu da birdəfəlik unudum.hər şeyin bir sonu var. Məqamı çatmışkən bu işə son qoyum. Vətənimdə özümə layiq bir iş açım, iki kişi içində adım-sanım olsun. Həyatın qaydası belədir, bir şeyin sonu o biri şeyin başlanğıcı deməkdir. Böyük-böyük işlərə girişməyə başladım. Türk abimi unutdum, lakin o məni unutmadı. Məktub yazıb ünvanıma göndərdi ki, abi, sənə nə oldu, harda itibbatdım? Bir neçə məktubuna cavab vermədim. Gördüm, məktubun ardı-arası kəsilmir, açıqlanıb cavab yazdım: Bir səbrin olsun, abi ( ta qanacağın olsun yazmadım, hərçənd o bundan da betərini qazanırdı), bir az naxoşlamışam, sağalaram, sənə çatacaq pulu da gətirib gələrəm. Aradan bir ay keçmiş yenə yazdı, abi, necəsən, gəlirsənmi? Bildim əlçəkən deyil, yazdım, gələ bilmirəm, vəziyyətim get-gedə ağırlaşır. Yazdı, onda mən gəlim, həm sənə baş çəkim, həm də pulun mənə çatacaq faizini götürüm. Onda öz-özümə ömrümdə ilk dəfə -ay səfeh- dedim, ünvanı o əclafa niyə verirdin ki, o da gəlmək fikrinə düşsün, bir bu qədər halal qazancı təhlükə altda qoysun. Özünü işə salmısan ( bu yerdə hirsini boğa bilməyib özümə ―axmaq‖ da dedim), indi beynini də işə sal. Hələ ki, gec deyil, bir çıxış yolu tap. Bir neçə gün düşündüm, daşındım, bir yana bir şey çıxara bilmədim. Çarəsiz qalıb yazdım, abi gəlmə, halım çox pisdir, bəlkə də səni heç tanıya bilmədim. Bu məktubum onu çox narahat etdi. Yubanmadan yazdı, üç gündən sonra yola düşürəm, uçağa bileti artıq sifariş vermişəm, gəlim, pulumun faiziylə birlikdə səni də götürüm İstanbula, burada müalicə edim. Olmadı. İş lap əngəlləşdi. Üç günə bir çıxış yolu tapmalı idim. Yaxşı-yaxşı düşünməyə də vaxt qalmırdı. Ağıl-ağıldan üstündür deyirlər. Mətbəxdə qurdalanan ömür-gün yoldaşımı çağırıb dedim, arvad neynəyək, üç günə türk parasının dalınca gəlir. Bir şey fikirləşməsək, pul gedəcək. Arvad: --Qorxma, özünü ələ al, -dedi, - ölümdən başqa hər şeyin çarəsi var. Arvad ―ölüm‖ sözünü dilinə gətirəndə, beynim ildırım sürətiylə aydınlaşdı. --Ölüm hər şeyin çarəsidir! – deyə sevincimdən qışqırdım. -- Türk abinı öldürəcəksən?- arvad xoflu heyrətlə soruşdu. -- Özüm öləcəm, arvad! – dedim. --Sən nə danışırsan, ay kişi? – arvad yerindən sıçradı, - başına hava-zadmı gəlib?! --Hava niyə gəlib! – dedim, - mən ölüm, əla fikirdi, özüm öləcəm!.. -- Vay evim yıxıldı!- Arvad iki əlli başını budadı. --dayan, - dedim, -arvad, qonum qonşunu tökmə. Sübh o başdan gedək köhnə qəbirstanlığın ətəyində xəlvət təzə bir qəbir düzəldək, üstünə el adətiylə başdaşı da qoyaq. Türk gələndə deyərsən, srağagün öldü, dəfn elədik, bu gün üçüdür... Aparıb həmin qəbri də göstərərsən.

--Boy ay kişi!—mənim ağlımın çevikliyinə heyran qalan həyat yoldaşım əlini üzünə çəkdi. --Dayan! Hələ bu harasıdı! Qəbir üstə bir ağız dil deyib ağlayarsan, - deyə sözümə davam etdim, --deyəsən, gənc yaşımda dul qaldım, kimsəsiz qaldım. Halıma acıyacaq, dadıma çatacaq kimsəm yoxdu... al-verdən qazandığı pulları hələ sağ ikən mis qazana qoyub bəd gözdən nəzərdən iraq gizlin bir yerdə quyu qazıb gizlətmişdi. Evin həndəvərini eşim-eşim elədim, tapa bilmədiiim!deyə üstünə tərəf ulayarsan... İnandırıcı ulaya bilsən, görərsən, para aparmağa gələn türk, hələ üstəlik yasıma pul da atacaq. Dost borcu olaraq, qayıdanbaşı Türkiyədən qırxıma, ilimə yardım da göndərə bilər. --O gələndə bəs sən harda olacaqsan? – Arvad qadına məxsus bir sual da verdi. --Əlbəttə qəbirdə olmayacam, - dedim, - bir-iki çolpa qızardarsan, bir şüşə tut arağı götürüb yuxarı mərtəbəyə çəkilərəm, qonaq qayıdıb gedənə qədər yeyibiçib kef elərəm... Qazanmamışammı?... --Bəlkə türk axşama getmədi?– arvad soruşdu. -- İnanıram, axşama qalsın, -dedim, - o da harda,? Yaslı dul qadının yanında ... --Qalım desə? – arvad bic-bic gülümsündü. --Qalası olsa da , evdə qalmaz, - dedim, - onlarda adət deyil, gedib rayon mərkəzində mehmanxanada qalar. Hər şeyi fikirləşdiyimiz kimi elədik. İki gündən sonra türk abim gəldi, xanımı da yanımda idi. Ölüm xəbərimi eşidəndə, qurudu qaldı. Ikinci mərtəbənin pəncərəsindən baxırdım. Arvad bir az təntidi, evə dəvət eləmədi, dedi, gedək qəbir üstdə. Həyətdəncə dönüb getdilər. Yoldaşım ağı deyib ağladıqca, abim bərk kövrəlib xeyli hönkürə-hönkürə ağlayıb. --Nigaran olma, - içini çəkə-çəkə arvadıma deyib, - kendisi ölüb, kardeşi ölməyib ki?! Nə lazım, Türkiyeden vaxtaşırı hep bir şeyi göndərəcəm. Ordaca çıxarıb yasəvəzi verdiyi iki yüz dollardan başqa yeddimə də, qırxıma da, hətta ilimə də xeyli yardım göndərdi. Beş ilə yaxın ailəmizə uzaqdan-uzağa kömək əlini uzatdı. Axırıncı dörd ildi ki, heç nə gönərmir. Incimirəm. Mən onu başa düşürəm. O da məni kimi iş adamıdı. Min bir qayğı başını qatır. Elə hey dostunun dul qadınını düşünə bilməz ki?! O vaxtdan doqquz il keçir. Kim bilir, bəlkə o da öldü. Xanımı dul qaldı. Mən də kömək əlimi uzadardım, amma Türkiyəyə tərəf uzadacağım əlim bağlıdır. Özüm şəhərdə yaşasam da, onlar üçün ölmüşəm, qəbrim kənddədi.


Tarix: 08.06.2015 / 16:23 Müəllif: Aziza Baxılıb: 192 Bölmə: İmir Məmmədli