beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

4-cü hissə...
4-cü hissə...

Məmləkətin ucqar kəndlərindən olan Qonqal kəndindəki köhnə dostumgilə düşən kimi hiss etdim ki, bu ailənin əvvəlki ab-havasında nəsə dəyişiklik var. Doğma ailə durumunda nəsə bir yadlıq sezilir. Bilirdim ki, dostum Cümşüdün bir oğlu,bir qızı var,uşaqlar çoxdandır şəhərdə məskunlaşıblar. Amma ailədəki qalabalıqdan heç cür baş aça bilmədim. Sanki ailə içində ailə yaşayırdı. Çox uşaqlı küıfət süfrə açılanda ev sahibləri ilə birlikdə süfrə arxasında ədəb-ərkənlə əyləşir,ortalığa gələn yeməklərdən doyunca yeyir,ağızlarını silir,dinməz söyləməz öz otaqlarına çəkilirdilər. Uşaqlar hərdən şuluqluq eləyəndə ,analarının səsini eşidirdim:-―ay uşaq,dinc olun,evdə qonaq var!- (güman ki,məni nəzərdə tuturdu) uşaqlar da həmin saat sakitləşirdilər. Axşam televizorda xəbərlər proqramı başlayanda ,ər də,arvad da kirmişcə gəlir,televizoru açır,diqqət kəsilirdilər. Öz valideynlərinin arxasınca kiçik yaşlı uşaqlar da olduqları otaqdan iki bir,üç bir çıxıb televizorun önündə bardaş qurub elə qulaq asırdılar,elə bil,ölkə xəbərlərinin məğzini –mənasını artıq başa düşürlər. Xəbərlər qurtaran kimi əvvəlcə valideynlər,onların arxasınca uşaqlar da durub öz otaqlarına keçirdilər. Cizgi filmi gedəndə balacalar,teleserial olanda isə uşaqların anası çıxıb ekranın qabağında dinməz-söyləməz otururdu. Film qurtaran kimi yenə səssiz-səmirsiz durub öz otaqlarına keçirdilər. Bu müəmmalı adamları üç gün müşahidə edəndən sonra,dördüncü gün dözə bilmədim,dostumdan soruşdum: - Bunlar kimlərdir? Heç adama yovuşmurlar. Cümşüd köks ötürdü,siqaretin tüstüsünü ciyərlərinə çəkib,üzümə mənalı-mənalı baxdı,amma dinmədi. - Arvadın qohumlarıdı?-deyə yenə soruşdum. Dostum yenə dinmədi,amma bu dəfə başını qəmli-qəmli buladı ki,yox arvadın qohumları deyil. Yenə araya sükut çökdü. Maraq məni rahat buraxmadı: - Qaçqın qohumlardandılar?- yenə soruşdum. - Dostum siqaretdən bir qüllabda vurub yenə başını buladı. Artıq mənim sualım qalmadı. Soruşmadım.Amma Cümşüd yarıpıçıltılı səslə dilləndi: - Bu sirri mənimlə arvadımdan başqa heç kəs bilmir, on üç ildi qarnımda saxlayıram.Heç kəsə deməmişən amma sənə deyəcəyəm. Maraq məni bürüdü.Oturduğum kətili ev sahibinə tərəf sifcindirdim. - Səni etibarlı adam kimi tanımışam,- sözünə davam etdi,- bilirəm ki,ağzından çıxmaz... - Əlbətdə çıxmaz,- dedim,- daşdan çıxarsa,məndən də səs çıxar. - Çıxsa,- dedi,- mənim də evimi yıxarsan,bunların da. - İstəyirsən, and içim ,- dedim. - And – filan lazım deyil,- dedi,- onsuz da içimi yeyirdi, on üç ildi amanımı kəsmişdi,danışmağa bir etibarlı adam axtarırdım,kənddə elə adam yoxdu sirrini açasan,ürəyini boşaldasan...

- Hə,de görüm,səbrim tükəndi. Dostum mənə tərəf əyildi: - Keçmiş iqtidarın tərəfdarlarıdır,- daha da pıçıltılı səslə dedi. - Kimin?- qeyri-ixtiyari soruşdum. - Keçmiş prezidentin,- dostum köks ötürdü,- on üç il bundan əvvəlin söhbətidir,elə onda da bu zaman olardı,söz vaxtına çəkər,deyiblər. Təzə qaş qaralmışdı. Gördüm inək gəlib çıxmadı. Əyin – başımı geyib malı axtarmağa getdim.Qaranlıq düşəndə tapıb qabağıma qatdım.İnək darvazanın ağzına təzəcə çatmışdı ki,o gördüyün döngədən bir qara maşın çıxıb düz qabağımda saxladı. Öz-özümə düşündüm,kimdir bu sarsaq oğlu sarsaq,malı hürkütdü.İnəyi qaytarıb darvazadan keçirərkən maşından bir nəfər kişi düşdü,boğuq səslə məni çağırdı. -Ay dayı,bir bəri dur!-dedi. Sümüyüm sancdı.Amma xoflandığımı biruzə verməyi özümə rəva bilməyib yaxınlaşdım.Kişi qoluma girdi: -Maşında iki nəfər var,- dedi,- bir bəy , bər də bir xanım,qaçan prezidentin tərəfdarlarıdır.Bunları bir neçə gün sən öz evində gizlətməlisən...Allah qoyar,prezident öz vəzifəsinə ,yəni yenidən iş başına qayıdar,sənin də zəhmətin itməz. Udqundum.Sözün düzü,qaçan prezidentə hörmətim var idi.Bir də niyə olmasın,prezidentdi,istər qaçsın,istər dursun, hörmət etməlisən. Maşından düşən kişi udqunduğumu görüb əlavə etdi: -Fikir çəkmə,bu günlərdə gəlib aparacağıq. Araya sükut çökdü. -Adın nədir? Kişi soruşdu. -Cümşüd.- dedim. -Hə , Cümşüd dayı,nə deyirsən? -Nə deyim!? Qonaq Allah qonağıdır,özü də prezidentin adamlarıdı,deyirsən. -Hə,prezidentin yaxın adamlarıdır. -Nə deyirəm,buyurub düşsünlər.Bu ev ,bu da – mən... Mən bunu deyəndə , kişi qolumu buraxdı,maşına yaxınlaşdı.Arxa qapını açıb içərdəkilərə nəsə dedi.Ordan bir nəfər cavan kişi və bir gənc xanım düşdü.Mənə alçaq səslə salam verib yanımda durdular. Qonaqları gətirən kişi bir də mənim qoluma girib kənara çəkdi: -Amma haa!.. Bunları ayrı-ayrı otaqlarda yerləşdirməlisən...Yaxşı tanışlıqdan başqa ,bir-birilə elə bir əlaqələri yoxdu...Oldu? -Olar.- dedim. -Da , xudahafis,- kişi bu sözü deyib , maşına oturdu,qara maşını yerindən sürətlə üzdü.Qaldıq tanımadığım qonaqlar və mən . -Bəs uşaqlar?- səbirsizlik edib əhvalatın sonrasını gözləmədən soruşdum. -O zaman uşaqlar yox idi,elə ikisi idi,uşaqlar sonra oldu,- ev sahibi yenə köks ötürüb sözünə davam etdi,- bir söz,prezidentin adamlarını evə gətirdim,yan-yana ayrı-ayrı otaqlarda yerləşdirdim. İnsafən, deməliyəm ki,o gündən bu günə qədər özlərini çox mədəni aparırlar. Yemək verərsən yeyərlər,verməzsən, heç nə deməzlər,otaqlarına çəkilib nə vaxt süfrə arxasına dəvət edəcəyini
gözləyərlər. Onu da deyim,əvvəl başdan lap çəkinə-çəkinə davranırdılar,get-gedə alışdılar,indi evin adamları kimidirlər. Xülasə, bir gün keçdi ,bunları aparacaq adam gəlmədi,iki gün,beş gün,on beş gün keçdi heç kəs gəlmədi. Bir ay keçdi gələn olmadı,bir il keçdi, heç bir xəbər çıxmadı. On il keçdi bunlara yiyə çıxan olmadı.On üçüncü ildir ki,bunların aqibəti ilə ,taleyi ilə maraqlanan adam yoxdu. Mənsə,həmin o bədnam gecə bunları gətirən adamdan bir ünvan- telefon almadım ki, gətirdiyi qonaqları xatırladam ,yadına salam. Nə biləydim...Elə bildim,bir gecə qalarlar,uzaq başı bir-iki gün qonaqlayarıq, sonra gəlib apararlar,prezidentin adamlarıdır,başlarından keçməyiblər ha...Özləri də bir şey demirlər. Gördüyün kimi ,kirimiş,dilsiz – ağılsız mal kimi dolanırlar... Bir ay olardı bizə məskunlaşandan ,bir gecə,bilmirəm,gecənin nə vaxtı idi,arvad məni dümsükləyib şirin yuxudan oyatdı: -Eşıdirsənmi?- deyə pıçıltıyla soruşdu. Dinşiyib diqqət kəsildim. Eşidirəm nədi,az qala ev uçsun,sanki kimsə qonaq qadın olan otaqda dəmir çarpayını dağıdır. Sözün düzü,bərk qorxdum. Elə bildim,iqtidar duyuq düşüb gəlib yazıqları zorla aparırlar. Dedim,evim yıxıldı,ta mənimki keçdi... Gördüm, dəmir çarpayının səsi get-gedə güclənir. Ap-aydın eşidirəm, çarpayının başı hiddətlə divara dəyir, sanki divardan deşik açmağa səy göstərirlər. Yarı yuxulu yerimdən sıçradım,həmin otağın qapısını açmağa cəhd etdim,arxadan bağlı idi. Həyəcanla səslədim ki: -Ayə kimsən? Mənim evimdə nə gəzirsən? Mənim qonaqlarımdan nə istəyirsən? Çarpayının dəhşətli səsi xrıp kəsdi. Araya qulaq batırıcı sükut çökdü. Dedim,ocağım qaraldı, yəqin faciə baş verdi,prezidentin adamlarını öldürdülər. Odur ki, otağın qapısını hiddətlə döydüm. Qapıya güclü təpik zərbələri də endirdim.- Açın qapını!- deyə qışqırdım. Cavabında qonaqlardan kişi tayının səsi gəldi: -Narahat olmayın,Cümşüd dayı,hər şey qaydasındadır. Duruxdum. Yuxulu gözlərimi ovdum.Sonradan-sonraya işin nə yerdə olduğunu anladım,nələt kor şeytana!- deyib yerimə uzandım. Gördüm, işi bizim arvad da duyub,için-için gülür. Səhər yeməyinə çıxanda üzümə baxmağa utanırdılar.İkisinin də üzü pörtmüşdü.Xanımın başı yerdən qalxmırdı. Çayımızı içəndən sonra qonaq kişi: -Cümşüd dayı,- deyə sözə başladı,- sizə bir şey deyəcəm, amma bizi düz başa düşün. -Niyə başa düşmürəm,ay bala,- dedim,- insan deyilikmi!? - Cümşüd dayı,- kişi tayı ürəklənib sözünə davam etdi,- biz bir - birimizi sevirik. Əgər siz etiraz etməsəniz ,evlənmək istəyirik... -Mən kiməm etiraz edim?- səmimi təəccüblə soruşdum. -Necə yəni kimsiniz?!- qonaq sualımı sualla qarşıladı.

-Mənə nə dəxli var,- dedim,- öz işinizi özünüz bilərsiniz. Prezidentin adamlarısınız,mən sizə göstəriş verəmmərəm ki?! Evlənmək istəyirsiniz evlənin.Allah mübarək eləsin !... -Cümşüd dayı,sizə dəxli var,siz ev yiyəsisiniz... -Ev yiyəsi olanda nə olar...Evlənmək fikrinə düşmüsünüz,özünüz bilərsiniz,inşallah,bu yaxınlarda gəlib apararlar, evlənərsiniz... -Siz bizi anlamadınız ,Cümşüd dayı,- kişi tayı dedi,- biz elə burda evlənmək istəyirik. -Burda?! – mən udqundum,- burda necə ola bilər?! Sizin burda qalmağınızı heç kəs bilmir, nədə bilməməlidir. -Eybi yoxdu,- yenə kişi qonaq dedi,- öz aramızda eylərik, kəbinimizi də siz kəsərsiniz,xeyir-duamızı da verərsiz.Sözün kəsəsi,gəlinin də valideyni siz olarsın , bəyin də . İkisi də gülümsündü. -Bu necə ola bilər?- deyə soruşdum. -Ola bilər,- bəy dedi,- elə bil evinizə həm gəlin gətirirsiniz,həm də qız köçürürsünüz. -Nə deyirəm,evlənmək istəyirsiniz,evləndirək...- dedim. Uzun sözün qısası,kasıblığa baxmayaraq bir az bazarlıq elədim,bizim arvad təzə gəlinlə baş-başa verib toy tədarüki gördülər,xonça bəzədilər,evi sələqəsahmana saldılar,axşamına dörd adamlıq gözəl bir toy süfrəsi açdılar. Məlum səbəbə görə toya heç kəsi dəvət edə bilmədim. Bir xudmani toy məclisi qurduq. Yedik-içdik,xeyir-dualarını verdik.Təzə ailənin şərəfinə badə qaldırdıq.Bəy bir az dəmlənəndən sonra –Ay bəy, toyun mübarək - deyə özü özünə mahnı oxudu.Gəlin də ona qoşuldu,ağız - ağıza verib xeyli oxudular, masanın üstündə dəf vurdular,bizi də oynatdılar,özləri də oynadılar.Adam azlığını nəzərə almasaq,toy gözəl keçdi... Həmin gecədən etibarən yataq otaqlarını birləşdirdilər,dəmir çarpayıları bəridəki otaqda yan-yana qoydular. O yandakı otağı isə əvvəlcə qonaq otağı eylədilər,sonrasa həmin otaq döneb oldu uşaq otağı. Toydan ay yarım keçmiş bizim arvad dedi,gözün aydın ,ay kişi, gəlinin boyuna uşaq düşüb. Sözün düzü,sevindim.Belə şeyə kim sevinməz! Gün keçdi ay dolandı, dünyaya gözəl bir qız uşağı gətirdi. Elə burda , evdəcə doğdu, əvəçiliyini də bizim arvad elədi. Sonra bizim dili yanmış qarı deyib,bir uşaq azdı ,qıza bir qardaş da lazımdı. Aradan az keçmiş gördüm,qadın tayının yenə qarnı dombaldı.Doğdu,yenə qızı oldu. Etiraf edim ki,ikinci uşağa da sevindim. Ailə də körpə yaxşı şeydi. Elə bil insanı cavanlaşdırır. Bircə,gecələr oyanıb saatlarla ağlamağı olmayaydı. Bir vaxtdan sonra gördüm, gəlin yenə hamilədi.Uşaqların köbəknənəsindən ,yani bizim arvaddan soruşdum,bu nə xəbərdi? Dedi,bunu da doğub daha doğmayacaq. Oğlan istəyir,bacılar qardaşsız olmaz. Doqquz ayın tamamında doğdu,oğlu oldu,buna da sevindim,hər necə olursa olsun, oğlan oğlandı.Bizim arvad dedi,pir kimi oğlandı,adını Pirvəli qoyaq.

Gəlin dedi,yox,uşaq biz burda sirli yaşayarkən dünyaya gəldi,adını Sirəli qoyacam. Uşağın atası etiraz etdi,dedi,elə ad eşitməmişəm. Fəqət xeyli mübahisədən sonra arvadın suru yeridi. Rahat nəfəs aldım.Güman etdim ki,daha doğmaz.Məndən nə gedir,doğur, doğsun,amma ev onsuz da daracaqdı,uşaqların sayı artdıqca lap dözülməz olurdu. Günlərin bir günü görəndə ki, gəlinin qarnı yenə dombalıb,gözlərimə inanmadım. Cin vurdu kəlləmə. Bizim arvadı yana çəkib qəti etirazımı bildirdim: -Üç uşaq bəs deyil ?! Oğlan deyirdilər,oğlanları da oldu!... -Ay kişi,neynəsin,boyuna düşüb...- deyə arvad dil - ağız eylədi. -Canına çor eləsin! Gedib abort etdirsin! -Hara getsin? Yazıq evdən eşiyə çıxa bilmir ki! Nə isə,doğdu.Qızı oldu.Adını mənim xahişimlə Bəsdi qoyduq.Danmaram,bu uşağın dünyaya gəlməsinə sevinmədim. Qoy Allah günahımdan keçsin. Nə qədər qəribə olsa da, nəhs günlərin birində qadın tayını yenə qarnı burnunda gördüm.Abır – həyanı buraxıb diqqətlə baxdım. Azı beş-altı ayın içində olardı. -Doğmasın!Abort eyləsin!-Bizim arvadı yenə xəlvətə çəkib qətiyyətlə dedim. -O yazıq da abort ümidi ilə növbəti uşağa qalır.- dedi. -O nə deməkdir?- qeyzlə soruşdum. -Hər dəfə elə bilir, bu gün-sabah öz adamları gəlib aparacaqlar.O da gedib şəhərdə abort etdirəcək.Gəlmirlər,gecikirlər,uşağın vaxtı ötür,neynəsin... -Bəs mən neyniyim!?- dedim,- nolsun ki, hörmətli adamların adamlarıdır!... törəyib artmalarına etiraz etmirəm,amma məni də başa düşsünlər gərək.Bu boyda külfətə baxa bilmirəm...Onları gətirəndə cəmi iki nəfər idi,mən iki nəfəri öhtəmə götürdüm,özü də iki günlük,bu da olsun iki aylıq,iki illik,ta demədim ki,ömürlük onlara tərəfdarlar yetişdirəcəm...Bəsləyəcəm...Bu prezidentin adamları ola nə var...Adam bir təhər dözərdi.Gedib icra başçısından yardım diləyərdim. Bunların mövcudiyyətini açıb ağartmaq olmur.Sabah bilsələr , adamın nənəsini yandırarlar. Deyərlər,sən nə haqla qaçmış prezidentin adamlarını çoxaldırsan!... -Yaxşı,yaxşı,- arvad sözümü kəsdi,- bir başladın ,sözünün axırı görünmür... -Sözümün canı budur,apar ayrı adnan abort elətdir. -Ay kişi,hara aparım,tanıyan-zad olar,evimiz yıxılar,- arvad etiraz etdi,- bir də,bu gün sabah doğmalıdır,ona abort eliyəllər? Bir azdan doğurdan da doğdu,yenə qızı oldu,bu dəfə də mənim təklifimlə adını Kifayət qoydular. Yenə başladıq şad-xürrəm yaşamağa,növbəti çağanı bəsləməyə. Ay kişi,sən bir həyasızlığa bax! Kefimin kök vaxtında bir də görəm,gəlin yenə qarnını dombaldıb. Olmadı,evdə növbəti dava-dalaşdan sonra yenə doğdu. Bir oğlu da oldu. Adını Sirvəli qoydular. Külfətin sayı artdıqca mənim vəziyyətim ağırlaşırdı.Bilmirdim , nə edim,bu artımın qarşısını nə ilə alım. Bilirsən indiki dövrdə çoxsaylı ailə nə deməkdir. Təzə-təzə özümə gəlirdim ki, gördüm qadın tayı yenə hamilədir. Utanmağı buraxıb,gözümlə qarnına işarə edib:

-Yenə? – deyə soruşdum. Gəlinin üzü azca pörtdü: -Bəli,- dedi. -Qızım,yetər!- dedim. -Qız olsa , sizin xətrinizə adını Yetər qoyacam,- dedi və üzümə irişdi. O an ona çox şey demək istədim,amma deyə bilmədim. Yetər sözünü demişdim,Odur ki,bununla da kifayətləndim. Doğdu.Köbəknənəsi bayıra çıxıb dedi,qız oldu. Uşağın atası heç kefini pozmadı.Buna anamın adını qoyacam dedi. -Elə şey yoxdu,- dedim,- anasıyla da danışmışıq, körpənin adını qoyduq Yetər.- Sonra cəsarətimi toplayıb gözümü prezidentin adamının gözünə zilləyib əlavə etdim,- həm də bütün mənalarda yetər! -Mən də onu deyirdim,- dedi,- anamın adı da Yetər idi. Bundan artıq heç nə demədi.Belə başa düşdüm ki,mənim nə dediyimi anladı. Ondan sonra bir il keçir.Şükr, hələki, boyuna uşaq –filan düşmür.Görünür,özlərinə nəzarət eyləyirlər. İnanarsan,uşaqların içərisində mənim üçün ən sevimlisi Yetərdi.Bəlkə də,sonbeşik olduğundandı. -Demək, gələn-mələn olmadı?- qeyri-ixtiyari soruşdum. -Xeyr,heç kəs gəlmədi,-Cümşüd bunu deyib köksünü ötürərək bir siqaret də alışdırdı,- qaçan prezident də vəfat etdi,ondan sonra,səhv etmirəmsə,hakimiyyətə dördüncüsü gəldi. Bunların dalınca isə gələn olmadı ki,olmadı. Dövran dəyişir,hakimiyyət dəyişir,bunları yadına salan , xatırlayan belə yoxdu.Ümidlərini üzmürlər,gözləyirlər,deyirlər gəlib aparacaqlar.Sözün düzü,mən də inanmıram ki,bunları burda qoysunlar.Gətirib mənə təhvil verən adam var axı!Yəqin gətirdiyi kimi də gəlib aparacaq.Amma artıq gəldikləri maşına sığmazlar.Kiçik bir avtobus lazımdır.- dostum siqaretin tüstüsünü ciyərlərinə çəkib,köksünü ötürdü,- nə bilim , hələ ümidimi üzməmişəm,elə bilirəm, bir gün gəlib aparacaqlar. -Aparmasalar?- soruşdum. -Apararlar...-ev sahibi yarı inamla dedi,- aparmasalar da ,ailədi, yaşayır...Odur ki,dolanış çətindi...Kişi tayı üzə çıxıb balalarına ruzi qazana bilsəydi, mən də bir rahat nəfəs alardım...Görək , Allah kərimdi,əlbət bir yol açar,gəlib apararlar.- ah çəkib ayağa qalxdı,- dur,içəri keçək,hava xeyli soyudu,gecədən keçib, bir çimir yuxulayaq...Amma bir gün gəlib bunları aparsalar, Yetərsiz bərk darıxacam...- deyib qapını arxadan bağladı.


Tarix: 09.06.2015 / 11:57 Müəllif: Aziza Baxılıb: 254 Bölmə: İmir Məmmədli - "Sazlı sözlü sibir"