beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

2-ci hissə...
2-ci hissə...

- Oxu deyirsiniz, oxuyum,- atam bunu deyib telli sazı basdı sinəsinə, aldı görək nə dedi: - Gəl, a balam, heeeeey! Başına döndüyüm Karapet qağa, Bu gün iki ürək dönübdür dağa. Oğlum qız istədi, getməm uzağa, Erməni qızını almağa gəldik. Azərbaycan dilini və mahnısını yaxşı bilən Karapet: - Ayə, çal, gör mən nə deyirəm, - dedi. Aldı Karapet: Novruz, tüpürmərəm saqqala, bığa, Arvad evə olar dirək, onurğa. Qızım doğar sizə yeddicə dığa, Azəri oğluna verirəm qızı. Karapetin cavabında aldı atam, görək nə dedi: Nə xaxol istərəm, nə rus, nə gürcü, Erməni olsun qoy, talemin bürcü. Mənə kifayətdir, evin bir küncü, Erməni qızını almağa gəldik. Söz bu yerdə tamam oldu. Alışdıq, verişdik. Əhmədin qızı üçün gətirdiyim nişan üzüyünü öz əlimlə Haykanuşun barmağına taxdım. Toy gününü təyin etdik. Xizəyimizə oturub itləri evimizə tərəf hayladıq. Sonra eşitdim, Əhmədgildə elçimizi gözləyiblər... gözləyiblər... Gəlmədiyimizi görüb paltarlarını soyunmadan yatıblar. Səhər Haykanuşu nişanladığımızı biləndə, sevgilimin qəzəblənən əmisi qızı götürüb Gəncəyə aparıb ki, orada əsli nəcabəti bəlli olan bir azərbaycanlıya ərə versin. Sən də bayaqdan üstümə düşmüsən ki, özümüzünkülərdən bir qız tapmadınmı, gedib özgədən aldın? Sizinki, deyirsən, nəsilliklədir, nədir!? Atanın rusla evlənməyi azmış kimi, özün də gedib erməni qızı almısan! Qoy, heç kəs heç kimi mühakimə etməsin. Ya qismət, deyib, yola düşəndə, kimin qənşərinə nəyin çıxacağını heç kəs əvvəlcədən bilmir.

Yeddiqatlı məsələlər O gecə səhərə qədər yatmadım. Bütün gecəni ATƏT–in Minsk qrupu üzvlərinin xəbərlər proqramındakı çıxışı barədə düşündüm. Onların dediklərini vidio kaset kimi xəyalımda dala-qabağa fırladım. Yenədə baş aça bilmədim, onlar nə dedilər, bu yaxınlarda iki tərəfli görüş olacaq, ya olmayacaq? Bu müşkül məsələ bir yana qalsın, insanı daha da çaşdıran qəlizliyin ikinci qatıdır. Deyirlər ikitərəfli görüş... Ay kişilər, əlbətdə, görüş iki tərəfli olar! Bir tərərfli görüş ola bilməz ki!? Birtərəfli görüş olsa olsa, sevənlərdə ola bilər, o da xəyalən, yəni sevənin biri fikrə dalıb arzusunda olduğu vüsalı təsəvvürünə gətirəndə. Ta münaqişədə bulunan iki yağə düşmənlər arasında yox! Yaxşı, buna da razıyam. Olsun, neçə tərəfli deyirsən, olsun, amma doğurdan olsun və yaxud olmursa, o da doğurdan olmasın. Ancaq onları diqqətlə dinləsəm də, biləmmədim, bu bir cüt tərəfli görüş (az qala yanılıb vüsal demişdim) olacaq dedilər, yoxsa olmayacaq? Ilk baxışda bu sual elə də qəliz sual deyil, amma insan ona baş vurduqca, dərinləşir, dərinləşdikcə də qəlizləşir. Elə qəlizləşir ki, dolaşıqlarını açmaq mümkün olmur. Adama deyərlər, ə, bu nə problemdir ortaya atırsan? Xəbərləri diqqətlə izləmək lazımdır! Kişilər ya deyərdilər, görüşəcəklər, ya da deyərdilər, görüşməyəcəklər. Şuluq uşağın üzünə təpinən kimi üzümə təpinənlərə deməliyəm ki, sizə elə asan gəlməsin. ATƏT-in Minsk qrupunun hər bir üzvü yüksək səviyyəli diplomatdır, diplomatın hər sözünü elə asanlıqla anlamaq mümkün olsa, ta onun nəyi diplomat oldu. Onların qurduqları cümlələrin qəlizliyindən neçə dəfə belə anlaşılmazlıqla üzləmişik. Bir dəfə yenə xəbərlər proqramına verdikləri müsahibədə üzlərində müəammalı ifadə nə isə dedilər. Bütün ailəliklə oturduq, dediklərini gecə yarıya qədər təhlil elədik, qızğın müzakirə açdıq. Arvadla mənim izahım daban – dabana zidd olduğundan, az qaldım inatkar arvadı kötəkləyəm də. Sonra nəhlət şeytana deyib, əsəbimdən əsən sağ əlimi, sol əlimlə tutdum və bər –bərk sıxdım ki, yaranan fürsətdən istifadə edib, nəzarətdən çıxmasın. Xülasə, həmin gecə qızğın mübahisədəön sonra uşaqlarda dediyimi qismən təsdiqlədiklərindən, mənim sözüm keçdi. Belə bir nikbin qənaətə gəldik ki, Minsk qrupunun cəfakeş üzvləri deyiblər, qarşı tərəf işğal olunan əraziləri qeyd-şərtsiz boşaltmağa, aldığı kimi də qaytarmağa hazırdır. Bunu yəqinləyəndən sonra, bir sevinmək sevindik, bir sevinmək sevindik, gəlki görəsən! Qonşulara da haray çəkdik, onlar da ATƏT diplomatlarının sözlərini təxminən biz izah etdiyimiz məzmunda izah etmisdilər. Məhləyə töklüşdük. Səhərə qədər yatmadıq, kasıbçılıq da olsa, evdən hərə bir şey gətirdi, ərazi probleminin qan tökülmədən həll edilməsini təmtaraqlı şəkildə qeyd etdik. Məhləmizdən göyün yeddinci qatına feyerverqlər də ünvanlandı, uşaqlar şad xəbər üçün xüsusi olaraq saxlayırlarmış. Amma sən saydığını say, gör gözünə döndüyüm fələk nə sayır. Səhər məlum oldu ki, usanmadan qayğımızı çəkən üçlük diplomatiya dilində deyirmiş ki, hələ Atət işğalçının kim olduğunu müəyyənləşdirməlidir. Kim bilir, bəlkə işğalçı torpaqları zəbt edən tərəf deyil, həmin torpaqlardan didərgin düşən tərəfdir. Bu yerdə dönüb deyə bilərsiniz, didərgin düşən xalq torpağı necə zəbt edə bilər? Elə beynəlxalq təşkilatların da üstündə baş sındırdıqları sual budur. Bunun cavabını tapsalar, daha yerdə qalana nə var ki! Yerdə qalan deyəndə, başqa qəliz suallar da var. Məsələn, xocalı soyqırımını rus-erməni hərbi birləşmələri törətdi, yoxsa rusu, ermənini sivil bəşəriyyətin gözündən salmaq məqsədi ilə Xocalı cammatı bilərəkdən, qəsdən özü qırılıb!? Bax, belə-belə mürəkkəb məsələrdir ki, mötəbər təşkilatları çaş-baş salıb. Nə isə ... Beləcə bir gecəlik şənlik səhər burnumuzdan gəldi. O gecə yenə düşdüm növbəti deyim-rebusun ağuşuna. Nə qədər götür-qoy eləsəm də, heç vəch ilə müəyyənləşdirə bilmədim, hörmətli Minsk qrupu görüşəcəklər dedi, yoxsa görüşməyəcəklər dedi. Beləcə daxilimdəki fikir çaxnaşmasında səhəri diri gözlə açdım. Səhər tezdən əl –üzümü yumamış məhəlləyə çıxdım ki, bir görüm məhlə uşaqları nə fikirdədilər, diplomatik üçlüyün eksklüziv müsahibəsindən necə çıxır, görüşəcəklər, ya yox. Məni tələm-tələsik dartıb bayıra çəkən çöldən eşidilən hay-küy olmasaydı, bəlkə də özümü səliqə-sahmana salıb məhləyə elə çıxardım. Həyət qapısını açan kimi gördüm, küçədə iki nəfər qonşu əlbəyaxa olub. Biri höcətləyir Minsk qrupu tərəflər görüşəcəklər dedi, o birisi inadlaşıb deyir, öz qulağımla eşitdim, dedi görüşməyəcəklər. Görüşəcəklər dedi! Görüşməyəcəklər dedi! Görüşəcəklər dedi! Görüşməyəcəklər dedi! Bunların çığırtısına- bağırtısına o biri qonum-qonşu da töküldü. Onlar da bayıra çıxan kimi horuldaşa- horuldaşa iki yerə bölünüb davaya qoşuldular. Bədnam müsahibənin məzmununu ―görüşəcəklər kimi başa düşən qonşular görüşəcəklər deyən kişinin tərəfini ―görüşməyəcəklər kimi başa düşənlər görüşməyəcək deyən kişinin tərəfini tutdular. Bu ana kimi mehriban yaşayan qonşular bir an içində düz yarıbayarı rəqib tərəflərə, sonradan məlum olduğu kimi düşmən tərəflərə bölündülər. Məni kimi tərəddüd içində bitərəf mövqe tutan cəmi beş –altı nəfər var idi. Biz araya sülh salıb onları sakitləşdirməyə, aralamağa cani-dildən səy göstərsək də, cəhdlərimiz bir nəticə vermədi. Mübahisə get – gedə qızışdı. Axırda elə davaya, elə dalaşa çevrildi ki, bəlkədə heç o itən torpaqların uğrunda belə canfəşanlıqla dava olmamışdı. Sağ olsun neytral qalan qonşulardan kimsə başa düşdü ki, vaxtında ciddi müdaxilə olub. Münaqişədə iştirak edən tərəfləri aralamasalar, qan tökülə bilər, arada adam ölə bilər. Başa düşən kimi də götürüb polisə zəng elədi, ayə qoymayın, camaat bir-birini qırır, dadımıza çatın! Polis özünü çatdırana kimi, başı yarılan, qolu qırılan oldu. Oldu, olanı danmağın nə mənası... Polis briqadası havaya atəş açan kimi dava səngidi, dalaşanlar aradan çıxmaq istədilər, amma gec oldu. Hər tərəfdən düz yeddi kişi həbs elədilər. Biz bitərəflərin də adlarını yazdılar, dedilər, istintaq və məhkəmə zamanı şahid ismində dindiriləcəksiniz. Polislərin başcısı zəng elədi, təcili yardım çağırdı, xəsarət alanları xəstəxanaya çatdırdılar. Odu –budu düz yeddi aydı istintaq gedir. Şahidləri də dəfələrlə dindirdilər, amma müttəhimi zərərdidəni heç cür müəyyənləşdirə bilmirlər. Müəyyənləşdirə bilmirlər, çünki bunun üçün əvvəlcə fikriqəliz diplomatların nə dediklərini dəqiqləşdirməlidirlər. Əşyayi-dəlil kimi müstəntiq Minsk qrupunun həmin çıxışının lent yazısını da gətirdi. Kaseti maqnitafona qoyub düz yetmiş yeddi dəfə dala-qabağa fırladılar, yenə də baş aça bilmədilər, diplomatik üçlük nə deyib. Respublika səviyyəli ekspertiza da keçirtdilər, bu nadir tədbir də bir nəticə vermədi. Ekspertiza prosesində iştirak edən yüksək səviyyəli mütəxəssislərin fikirləri də iki yerə haçalandı, bir qismi dedi, hörmətli üçlük görüşəcəklər söyləyib , digər qismi dedi, yox canım, ap aydın görüşməyəcəklər söyləyib. Beləcə məsələ, yəni cinayət işi hələ də açıq qalır, istintaq davam edir, nə ilə qurtaracağını heç kəs əvvəlcədən deyə bilməz. Bu səhər qanımı bir xəbər də qaraltdı. RTR – dən verdilər. Dedilər, Fransa parlamentinin erməni soyqırımı ilə bağlı üzdeəniraq qərarından dərhal sonra, tarixi həqiqəti frasızlara sübut etmək üçün həm Türkiyədən, həm də Azərbaycandan tarixcilərdən ibarət böyük nümayəndə heyyəti özünü Parisə çatdırıb. Onlar gedəndən iki aydan çox keçir. Diktorun dediyinə görə, elə axırıncı iki aydır Fransanın büdcəsi bu iki ölkədən gedən tarixcilərin ödədikləri pulun hesabına dolur. Nümayəndə heyətinin fədakar üzvləri təkidlə erməni soyqırımını tanımırıq və sizi də tanımamağa çağırırıq dedikcə, fransızlar öz türk həmkarlarının sözünə əməl etmək əvəzinə, onları böyük miqdarda məbləğlə cərimələyiblər. Bunları tanımırıq, sizi də tanımamağa çağırırıq cümləsini təkrarladıqca cərimənin məbləği birə - beş artır. Televiziyanın verdiyi məlumata görə, Fransaya haqməramlı nümayəndə heyətini göndərən hər iki dövlət bu ölkəyə, keçən ay yarım milyard dollar ödəməli olub. Bir yandan da durduqları yerdə həbsə düşən qonum- qonşunun dərdi... Adam bilmir, saqqız kimi uzanaz istintaq haçan yekunlaşacaq, məhkəmə nə vaxt olacaq. Məhkəmə olsaydı heç olmasa onların yarısını qazamata, yarısını evə göndərərdilər. Kişiləri həbsdə olan arvadlar evdə tək qalıb, bayatı quraşdırıb yanıqlı-yanıqlı ağı deyirlər. Yazıqların ağı deməkdən başqa əllərindən nə gəlir! Keçən ay polis idarəsinin qabağında dinc piket-aksiya keçirdilər. Amma gözlənildiyi kimi oda bir nəticə vermədi. Maraqlıdır ki, məhbus arvadlarının qapıda –bacada ağlaya-ağlaya dedikləri bayatılar da, həbsdəki ərlərinin fikirləri kimi, formaca eyni olsa da, məzmun baxımından daban-dabana ziddir. Məsələn: Əzizinəm, hörüşlər, Yaşıl otdu hörüşlər. Diplomatlar dedilər, Olacaqdı görüşlər.

Digər tərəf: Əzizinəm, hörüşlər Quruyubdur hörüşlər. Diplomatlar dedilər, Olmayacaq görüşlər. Mən bilmirəm, görüşəcəklər ya, görüşməyəcəklər. Bir onu yəqin bilirəm ki, bu məsələdə bitərəfəm. Vaxt keçdikcə, ATƏT-in Minsk qrupunun mübahisəli müsahibəsi barədə yaxşı-yaxşı düşündükcə, bu məsələdə bitərəfliliyimi lap yəqinləşdirirəm. Daxilimdə keçirdiyim iztirablara baxmayaraq, məhkəmədə də neytral şahid kimi dindiriləcəm.

Dördüncü vaqon Əsəd adi metro qatarına bənzər qatarda uzun yol getdi.Ucu-bucağı görünməyən qaranlıq tuneldən keçən bu yol çox əngəlli oldu.Qatar stansiyalarda dayanandan bir də tərpənənə qədər daş-daşı kəsirdi.Əsəd tələsirdi,amma hara tələsdiyini özü də bilmirdi.Bir onu bilirdi ki,yeddi vaqondan ibarət bu qatarın dördüncü vaqonunda oturub.Lap başdan tərpənəndə məlahətli mələk səsi vaqonların divarlarındakı dinamiklərdən elan etdi ki,birinci,ikinci,üçüncü və yeddinci vaqonlar Cənnətə gedir.Beşinci və altıncı vaqonlar isə- Cəhənnəmə. Məlahətli mələk səsi Əsəd oturduğu dördüncü vaqon barədə heç nə demədi. Bu qeyri-müəyyənlik Əsədi lap qıcıqlandırırdı.Yaxşı,bu dördüncü vaqon heç yana getmirsə,bəs hansı cəhənnəmə gedir? Vaqonlar ağzına qədər təpili idi,nəfəs almaq olmurdu.Əsəd bilmirdi nə baş vermişdi,hardasa kütləvi qırğın olmuşdu,müharibə başlamışdı,yoxsa növbəti təxribat əməliyyatı uğurla həyata keçmişdi.Bilmirdi nə olmuşdu ki,bu vaqonlarda belə basa-bas yaranmışdı. Hələ hər şeydən hali olan sərnişinlərin dediklərinə görə və tez-tez ―qapıları buraxın,qatarı gecikdirmiyin,qışqıran sürücünün sözlərinə rəğmən arxadan düz 613 bu cür yeddi vaqonlu qatar gəlirdi,hamısı da ağzınadək təpili,əgər yoluna vaxtında davam etməsən,arxadan gələn qatar səni vurub cəhənnəmdən bir az o yana vasil edə bilər. ―Üçüncü vaqonda qapıları buraxın,qatarı gecikdirməyin!- sürücü stansiyada növbəti vaqonun ünvanına qışqırırdı.Əsəd heç cür başa düşə bilmirdi,üçüncü vaqonun sərnişinləri niyə qapını tutub qatarı gecikdirirdilər,onlar ki,Cənnətə gedirdilər!? ―Üçüncü vaqon,qapını buraxın,qatarı gecikdirməyin,Cənnətin darvazası bağlanar,bayırda qalarıq.Sürücü yenə dediyini deyirdi. Qapını tutan da inadından dönmürdü ― Ə beləsi Cənnətdə nə gəzir,gərək tutasan peysərindən basasan Cəhənnəmin yeddinci qatına!- artıq səbr kasası dolmaqda olan Əsəd öz-özünə fikirləşdi,amma heç nə demədi.Kimə deyəcəkdi,ətrafdakıların susanı susmuşdu,susmayanları müxtəlif əcnəbi dillərdə danışırdılar. ―Ə,qapını burax dedim sənə! sürücünün səsi sərtləşəndə qapılar şaqqıltı ilə birbirinə dəydi.Görünür qapını tutan qorxub qapını buraxdı. Qatar yenə üz qoydu qaranlıq tunelə.Amma qabağda görünən işartı yenə də o dünya nuru deyildi,sadəcə növbəti stansiyanın işığı idi. Əsədin səbri tükənmişdi,həm də bərk tələsirdi,amma hara tələsdiyini hələ də bilmirdi.Başının üstünü kəsdirən ingilis xanımları da qatar yırğalandıqca məst edici ətir yaya-yaya az qala üstünə aşırdılar. Əsəd bilirdi,anlayırdı ki,durub öz yerini onlardan birinə versə,yaxşı olar,bu həm də qəbul edilmiş davranış qaydalarına uyğun gələr.Amma durmurdu,ürəyinin dərinliyində qorxurdu,yol uzun olsun,mənzil başına qədər bu tünlükdə ayaq üstə qalsın.Bir yandan da dayanacaqdan – dayanacağa qapını tutanlar qatarı bərk gecikdirirdilər.Bəlkə də,o dünyanın baş darvazasının açıq vaxtına gedib heç çatmadılar,beləcə geri dönəsi oldular,onda belə çıxır ki,Əsəd ayaq üstə gedib,ayaq üstə qayıtmalı olacaq.Kimə görə,dillərini bilmədiyi bu əcnəbi xanımlara görəmi? Əsədin durub qadınlara yer verməməsinin iki başqa səbəbi də var idi.Birincisi,bu gün 8 mart deyil ki, mütləq qadınlara hörmətlə yanaşsın,qadınlar bayramına hələ xeyli var.İkincisi,ingilislərdən nə görüb ki,hələ durub onların xanımlarına yer də versin.Bunların kişiləri deyildimi, deyirdilər,rusu içinizdən çıxarın,gəlib Qarabağ problemini sizin xeyrinizə həll edəcəyik.Aha , çıxardıq nə oldu,xeyrimizə həll etdilərmi? Demə,dava yorğan , üzr istəyirəm nöyüt davasıymış!..- Əsəd ikinci səbəbi bir neçə dəfə ürəyində döyüşdürüb yerini rahatladı.Ölsələr də durub yerimi verən deyiləm.Rus xanımları olsaydılar yenə hə,heç olmasa Rusetdə olarkən onlardan bir xoş üz,bir nəvaziş görmüşəm.Bunlardan nə görmüşəm ? durmaram, vəssalam!-Qərarını qatar növbəti stansiyaya çatar- çatmaz qətiləşdirdi. ―Beşinci vaqonda qapıları buraxın,qatarı gecikdirməyin!- yenə sürücünün kobud səsi eşidildi. Əsədin yadına düşdü ki,beşinci vaqon cəhənnəmə gedir.Buraxmayacaqlar- öz –özünə fikirləşdi. ―Beşinci vaqon, qapıları buraxın!-― sürücü səsini qaldırdı,- cəhənnəmin darvazası bağlanacaq,bu şaxtada çöldə qalacaqsınız. ― Bəlkə,şaxtadan qorxub buraxarlar!- Əsəd fikirləşdi.Ey dadi-bidad, yayın bu bürküsündə şaxta nə gəzir,deyəsən sürücü onlara səkkiz gəlir- fikrində sürücünün fırıldağının üstünü açıb məmnunluqla ətrafa boylandı.Boylandı deyəndə söz xətrinə dedim,əslində ətrafı elə basqın idi,qatar yırğalandıqca qarınları onun burnuna toxunan sərnişinlərin qurşaq hissəsindən başqa heç nə görə bilmədi. ― Bu nə tünlükdü,ilahi,- yenə qeyri-ixtiyari basa-bas mövzusuna qayıtdı,olmaya bu zavallılar kütləvi şəkildə quş qripinə yoluxublar,bu eşalonlar da bədnam qripin nəticəsidir?yox ola bilməz,quş qripinə hələ bir neçə il var,nəsə başqa bir fəlakət baş vermiş olacaq...- Bunu da qətiləşdirib yerini lap rahatladı. Yerini rahatlasa da, ara-sıra başında fırlanan bir fikir onu rahat buraxmırdı: ―Yaxşı, bəs dördüncü vaqon hara gedir? Fələyin Cənnətlə Cəhənnəmdən başqa elə bir məkanı yoxdur ki,dördüncü vaqonu ora qəbul etsin.Bəs mən hara tələsirəm? Tələsdiyim faktdır,amma hara tələsdiyim bir fakt kimi hələ mövcud deyil- onu bu fikirlərdən yenə sürücünün səsi ayırdı. ―Yeddinci vaqon qapını burax,qatarı gecikdirmə! Əsəd oturduğu vaqonda müxtəlif şayiələr gəzirdi: Kimi deyirdi pilotdu qapını tutan,kimi deyirdi baş mühasibdir,kimi də deyirdi yox, bir nəfər italyandır.Birincilər höcətləşib pilotdu, deyə sözlərini göyərdirdilər. Əsəd çaş-baş qalmışdı, pilot yerin yeddinci qatında nə gəzir?pilot göydə olar.Qapını tutan baş mühasibdə ola bilər, bir nəfər italyanda.Amma onlar qapını niyə tutsunlar,yeddinci vaqon Cənnətə gedir,getmək istəmirdilər, minməyəydilər,Cənnətə getmək məcburi deyil ki...Cəhənnəmi desən deyərəm hə ! ―Bu qatarda hər şey məcburidi,könüllü şeylər arxada qaldı...- Əsəd ,özündən asılı olmayaraq,yanında oturan fransız qızının fikrini oxudu. Cənnət məcburi ola bilməz!- fikrindəcə fransız qızına cavab verdi.Yaxşı,mən Cənnət kimi bir qızam,özümü məcburən istətməsəm ,məni istəyərsənmi?- fransız qızı fikrindəcə soruşdu.İstəyərəm yox,dərdindən ölərəm,- Əsəd qızla söhbəti fikrindəcə davam etdirdi,- amma qorxuram bu axirət yolunda günah olar,Cəhənnəmə düşərəm. Onsuz da bizim vaqonun son mənzili məlum deyil...- qız fikirləşdi.Elə məni qorxudan da odu,- Əsəd qızın cavabında fikirləşib mənalı-mənalı ona tərəf baxdı,of ay xanım,cənnətə gedən vaqonda otursaydığ,mənzil başına çatana qədər min bir oyundan çıxardım...Ta etdiklərimə görə cəhənnəmə vasil ediləcəyimdən qorxmazdım...Min bir oyun dedin,yadıma 1001 gecə düşdü,- qız Əsədin fikrnin cavabında fikirləşdi,- amma inanarsanmı,dünyadan elə gedirəm,ilk gecənin ləzzətini belə dadmamışam. Necə,səni kimi gözəl qız!...- Əsəd fikrində heyrətləndi,- ola bilməz ,sənin oğlanın olmasın... Eh,- fransız gözəli fikrində ah çəkdi,- var idi, bir nəfər holand rəfiqim var idi ,amma onun özü də xanım kimi bir şey idi,gözü sənin təki kişilər də qalmışdı... Tfu! Sənin kişiliyinə!- Əsəd fikrində həmin holandın ünvanına tüpürdü. ―Hə,nə deyirsən?- qız fikrində Əsədin gözlərinin içinə ehtirasla gülümsünə-gülümsünə soruşdu.Yox,xanım,- Əsəd fikrində qəti etirazını bildirdi,- xətrinə dəyməsin, axirət dünyasına çata-çatda o qələti eləyə bilmərəm... ― Özün bilərsən...- fransız qızı bunu fikirləşib Əsədə arxa çevirdi. Əsəd fikrini özündə çəmləyib gördü,qatar ağla gəlməz sürətlə gedir.Demək,qapını buraxdılar.Sürətlə getmək yaxşıdır,Əsəd bərk tələsir,amma bu dördüncü vaqonun hara getdiyini axirət dünyasının beşaddımlığında belə heç kəs bilmirdi. Qatar tuneldən sıvrılıb vıyıltı ilə çıxdı.Ətrafı gözqamaşdırıcı,xoşhallandırıcı nur bürüdü.Qatar gedə-gedə vaqonlar açıldı,hərəsi bir istiqamətə yönəldi.Əsəd gedən vaqonların arxasınca dördüncü vaqonun pəncərəsindən qəribə bir nisgillə baxdı,içindən həm Cənnət həm də Cəhənnəm həsrəti keçdi. Dördüncü vaqonu əvvəlcə dalana çəkdilər.Dedilər,yuxarıda götür-qoy edirlər, yerini müəyyənləşdirirlər. Uzun götür-qoydan sonra qabağına bir ―teplavoz qoşub gəldiyi yolla geriyə,fani dünyaya sarı yola saldılar. Əsəd geriyə qayıtmağına peşman deyildi,o yana tələsdiyi kimi,indi də bu yana tələsirdi.Amma yanındakı fransız afətini fikrində nə qədər qılıqlasa da , onun könlünü ala bilmədi,qız bərk küsmüşdü,heç vəchlə razılaşmadı.Qız Əsədin qılıqlarının cavabında bircə dəfə köntöy-köntöy bunu fikirləşdi: ―Bayaq Cənnət qapıları sənin üzünə taybatay açıq idi,girəydində!amma yox, cəhənnəm əzabından qorxdun !... Əsl kişi Cənnət eşqinə Cəhənnəmdən qorxmaz!Mənim gözümdə səninlə o holland dılğırının arasında heç bir fərq yoxdur! Siz bir sikkənin iki üzüsünüz!... Əsəd ,üzü o yana gedəndə qızın təklifinə yox dediyinə görə bərk peşmançılıq hissi keçirirdi,geri fani dünyaya qayıdacağını bilsə,yox deməzdi. Amma ingilis xanımlarına durub yer vermədiyinə şad idi,bu hiss onun qəlbindəki peşmançılıq hissini yumşaldaraq Əsədə təskinlik və təsəlli verirdi.

―Hörmət qazanmalısan ki,hörmət görəsən...- yuxudan sərsəm oyanan Əsəd bilmədi, bu sözlər onlara aiddir,yoxsa yanında oturub börünü dümsükləyən öz ömür-gün yoldaşına. - Dur , düşürük! - Bu qəribə yuxunun təsiri altında öz qaramat arvadına yol aça-aça metro vaqonundakı tünlüyü yaran Əsəd qapının ağzına çatanda təəssüf hissi ilə fikirləşdi: ―Üzü o yana gedəndə,gərək fransız qızına yox deməyəydim,harda qırılardı,qırılardı...


Tarix: 09.06.2015 / 11:57 Müəllif: Aziza Baxılıb: 275 Bölmə: İmir Məmmədli - "Sazlı sözlü sibir"