beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

“Səni sevirəm” deməzdən əvvəl özünüzdən soruşun

İnsan ailə qurmazdan əvvəl özünə bir sıra suallar verməli və onlara məntiqi cavablar tapmalıdır.
Özünüzdən sevginin nə olduğunu soruşmusunuzmu? Sevgi nədən yaranır? Onun əvvəli olduğu kimi sonu da varmı? Əgər vermisinizsə, bütün bunlara hansı cavabları tapmısınız? İslama görə, sevgi həyat yoldaşını Allaha xatir sevmək, Allaha xatir hörmətini gözləmək, yersiz qısqanmamaq, etibarını qoruyub saxlamaq, imanını gücləndirmək, güzəştə getmək, dedi-qoduya yol verməmək, hərtərəfli təmin etmək və daxildəki "mən"i "biz"lə əvəz etməkdir. Belə bir sevginin əvvəli olsa da sonu həyatın sonu ilə qurtarır.
(Hədis)

“Səni sevirəm” deməzdən əvvəl özünüzdən soruşun.

mən səni sevirəm
Onu hansı gözəl xüsusiyyətlərinə görə sevirəm? Varlı olduğu üçünmü? Valideyinlərinin tanınmış şəxsiyyət olduqları üçünmü? Özünün cəmiyyətdəki mövqeyi üçünmü? Nə üçün…?
İslama görə həyat yoldaşının yeganə üstünlüyü onun din və imanıdır. Şan-şöhrət, var-dövlət bəzi hallarda xoşbətliyə səbəb olsa da heç vaxt bədbəxtçiliyin qarşısını ala bilmir. Xədicəni (Peyğəmbərin (s.ə.s) zövcəsi) Xədicə edən onun tükənmək bilməyən sərvəti deyil, güclü imanı ilə Həzrət Muhəmmədi (s.ə.s) Allaha xatir sevməsi oldu.

Bəlkə də bunları oxuyub sizdə belə bir sual yaranacaq. Filan mömin neçə illərdir namazı qılır, amma həyat yoldaşını az qala qarğalara da qısqansın. Bax burda səhviniz var. Gəldiyiniz qənaət düzgün deyil. Çünki Quran bizim üçün ən gözəl nümunə hansısa mömini deyil, insanların ən şərəflisi Həzrət Məhəmmədi (s.ə.s) və onun məsum Əhli-beytini qərar vermişdir. Bir anlıq həzrət Əlinin (ə) və həzrət Fatimənin (ə) ailə həyatını vərəqləsəniz hər şeyi başa düşəcəksiniz.

Bir yerdə yaşamaq qərarına gəldikdən sonra özünüzdən soruşun.
Öz istəyimlə ailə qururam yoxsa valideyinlərimin?
Ümumiyyətlə ailə həyatına hazırammı?
Bir-birimizi olduğumuz kimi qəbul edirikmi?
Onun xoşuna gəlməyən xasiyyətlərimi dəyişə biləcəyəmmi?
Onun xasiyyətlərinə dözə biləcəyəmmi?
Harada və necə yaşayacağıq?

Dinimiz heç nədə zorakılığa yol vermədiyi kimi ailə qurmaqda da tərəflərin razılığını əsas şərt bilir. Qızlar ata və ya babalarının razılılıqlarını almalı və onların icazəsi olmadan ərə getməməlidirlər. Əlbəttə bunun da bəzi şərtləri var. Oğlanlar da valideynləri ilə məsləhətləşməli və onların razılıqlarını almalıdırlar. Bütün bunlar əxlaqi baxımdan böyük əhəmiyyət kəsb edir. Valideynlərin də təklifinə hörmətlə yanaşmalı, amma istər mənfi olsun istərsə də müsbət tez qərara gəlmək lazım deyil.
Hazırlıq deyildikdə həm fiziki, həm də ideoloji hazırlıq nəzərdə tuturuq. Cinsi yetkinliyə çatıb yalnız şəhvani istəkləri aradan qaldırmaq üçün ailə qurmaq müsəlmana yaraşmayan xüsusiyyətdir. Bir sözlə cinsi yetkinliklə yanaşı ideoloji yetkinlik də əsas şərtdir. Ailə həyatının tam fərqli və özünəməxsus çətinliklərini dərk etməli, yalnız bundan sonra qərar vermək lazımdır. Yoxsa sonraki peşmançılıq bir fayda verməz.

Bir-birinizi olduğunuz kimi qəbul etmək üçün ilk növbədə özünüzü olduğunuz kimi nümayiş etdirməlisiniz. Evlilikdən əvvəl bir xasiyyətə və sonradan başqa bir xasiyyətə yiyələnmək ikiüzlülüyün və riyakarlığın əlamətlərindəndir.

Həyat yoldaşınızın xoşuna gəlmədiyi xasiyyətlərinizə diqqət yetirin, əgər onun iradları məntiqi olarsa, çətin də olsa dəyişin. Bununla heç nə itirməz əksinə, onun etibarını qazanmış olarsınız.

Xasiyyətlər müxtəlif ola bilər, amma baxır nədə və necə? Məsələn, həyat yoldaşınız marçıldadaraq yemək yeyirsə və bu sizin üçün dözülməzdirsə çalışın bunu ona mülayim tərzdə çatdırasınız .O ki qaldı harada və necə yaşamağınıza bu da olduqca mühüm məsələdir. Evlilikdən əvvəl əliniz ağzınıza çatmalıdır ki, ailə qurduqdan sonra da başqasının da qarnını doydura biləsiniz. Aza qane olmaq və qənaət etmək imanın əlamətlərindəndir.

Evlilik barədə hər hansı bir qərara gəldikdə özünüzə belə bir sual verin. Mənim istəyim Allahın istək və razılığı ilə üst-üstə düşürmü? Ailə qurmazdan əvvəl özünüzdən soruşun.
Mən onu sevirəmmi? Sevincli və kədərli günlərində ona həmdəm ola biləcəyəmmi?
Ad günlərimdə mənə hədiyyə almadıqda ona olan sevgim azalmayacaqmı?
Biz bir-birimizi xoşbəxt edə biləcəyikmi?
Bir-birimizin valideynləri ilə yola gedə biləcəyikmi?
Onun təminatına qane olacağammı?
Sevginiz Allaha xatirdirsə demək sevginiz həqiqi sevgidir. Belə olduqda yaxşı və pis günlərində onunla olmağı özünə borc biləcək və bundan əsla narahat olmayacaqsınız. Xoşbəxtliyi təmin edən isə qarşılıqlı anlaşma, güzəştdir. Öz valideynlərinizə necə qayğı göstərirsinizsə, həyat yoldaşınızın da valideynlərinə qarşı eyni qayğı nümayiş etdirin və Allaha xatir onların razılığını qazanmağa çalışın. Təminatınız qənaətbəxş olmadıqda heç bir nəticə verməyəcək dedi-qodular əvəzinə həzrət Fatimənin sadə həyat tərzini gözünüz önünə gətirin. Bir anlıq onun cehizinin 23 əşyadan ibarət olduğunu yadınıza salın.

Ailənin bir o qədər də sadə quruluş olmadığı artıq sizə bəlli oldu. Sadə olmamaqla yanaşı həm də məsuliyyətlidir. İctimai sabitliyin təmin olmasına səbəb olduğu üçün Quran müsəlmanlara bu işdə maddi vəziyyəti yaxşı olmayanları evləndirməyi sövq edir (ayə). Peyğəmbər (s.ə.s) bu haqda buyurur. (Evlənmək mənim sünnətimdəndir)

Uşaq dunyaya gətirməzdən əvvəl özünüzdən soruşun.
Dünyaya gətirəcəq övladımızı saxlamaq və onu layiqincə tərbiyə etmək iqtidarındayıqmı?
Həyatımızın kökündən dəyişəcəyinə hazırıqmı?
Uşağı saxlamaqda həyat yoldaşıma kömək edə biləcəyəmmi?
Övladımızın qız və ya oğlan olması səmimiyyət və sevgimizin zəifləməsinə səbəb olmayacaqmı?
Çox təəssüflər olsun ki, bir çox hallarda tərəflər bu haqda düşünmür və ilkin planlaşma olmadan övlad dünyaya gətirir və onun tərbiyəsinə ya lazımi vaxt ayıra bilmir, ya da ümumiyyətlə buna maddi, fiziki və psixoloji baxımdan hazır olmurlar. Bu da bir çox hallarda ailələrin dağılmasına və günahsız körpələrin uşaqlar evinə atılmasına səbəb olur. Dinimizin bu barədə xüsusi göstərişləri var. Övlad sahibi olmağa hazır olan valideynlər cinsi yaxınlıqdan hələ çox-çox əvvəl qəbul etdikləri qida məhsullarına xüsusi diqqət yetirməli, stress və əsəbdən uzaq olmalıdırlar. Cinsi yaxınlıqda olmazdan bir neçə gün əvvəl oruc tutmaları, bir neçə dəqiqə əvvəl isə Quran və xüsusi dualar oxumaları tövsiyə olunur. Uşaq qadın tərəfindən dünyaya gəlsə də kişi də ona qulluq etməkdə və həyat yoldaşına köməklik etməkdə, hətta ananın südü olmadıqda uşaq üçün süd anası tutmaqda vəzifəlidir. Nəyi əkərsən, onu da biçərsən prinsipini qəbul edib "qadına nə üçün qız doğdun?" deyilməməlidir. "Abort"a gəldikdə isə dinimizdə buna yalnız bir halda icazə verilir. O da uşağın ananın canını ölüm təhlükəsi ilə üz-üzə qoyduğu haldır. Bundan qeyri halda abort haram və böyük günahlardan hesab olunur.

Ayrılmazdan əvvəl özünüzə belə bir sual verin.
Doğurdanmı müştərək ailə həyatımızı heç cür qoruyub saxlaya bilmərik?
Ayrılmaq istəmirəmsə buna nə qədər səy göstərirəm?
Səhvlərin aradan qaldırılmasına imkan yaradırıqmı?
Boşanmağımızın səbəbi nədir? Maddi təminatsızlıq? Cinsi zəiflik? Xəyanət? Yoluxucu xəstəlik? Dinsizlik, qısqanclıq yoxsa nə?
Boşanmaqla qarşıya gələn çətinliyi aradan qaldıra biləcəyikmi?
Bəs uşaq? Tək başına onu necə tərbiyə edəcəm? Onu sağlam, əməli saleh və imanla tərbiyə edib böyüdüb boya başa çatdıra biləcəyəmmi?

Yaranan çətinliyin mahiyyətinə diqqət yetirin və çətinliyin həllində hər şeyə qadir olduğunuzu özünüzə təlqin edib Allahdan kömək diləyin. O sizi tək qoymaz. Tərəf müqabilinizin səhvlərini aramazdan əvvəl özünüzün buraxdığınız səhvlərə də diqqət yetirin. Sonra özü-özlüyünüzdə boşanmanıza səbəb olan amili müzakirə edin. Maddi təminatsızlıq çətin olsa da dözüləsidir, buna görə ailəni dağıtmağa dəyməz. Allaha təvəkkül edin və Peyğəmbərin (s.ə.s), məsum imamların və səhabələrin sizin durunuzdun qat-qat aşağı olduğunu nəzərə alıb onlardan ibrət alın. Boşanmağa səbəb olan cinsi zəiflik və ya yoluxucu xəstəlikdirsə, yaşadığımız zamanda bunun da həlli tapılıb. Tez qərar verib yuvanızı uçurmayın. Belə bir qərarı yalnız tibbin aciz qaldığı yerdə verin. Yox əgər buna səbəb olacaq xəyanət, dinsizlik və ya qısqanclıqdırsa, yenə də ilk növbədə özünüzə nəzər salın. Həyat yoldaşınızın sizi qısqanmasına səbəb olan xoşagəlməz hərəkət və ya danışıq tərziniz ola bilər. Yox əgər yersiz qısqanırsa bu da boşanmağa səbəb olmamalıdır. Ona olan sədaqətinizlə bunu ona sübut edin. Əvvəl-axır bir gün başa düşəcək. Sizə xəyanət edirsə bunun səbəblərini araşdırın. Onu nədə razı sala bilmədiyinizi götür-qoy edin. Başqasının olmasını istəmirsinizsə özünüz ona sahib çıxın. Dinsizlik çox ciddi məsələdir. Həyat yoldaşınızı vaxt aşırı məscidlərə aparın, dini söhbətlərə sövq edin, dini savadı olan dostlarınızdan bu işdə kömək və məsləhət istəyin, onlarla ailəvi dostluq edin, namaz qılıb onu da namaz qılmağa təşviq edin. Göstərilən səylər heç bir nəticə vermədikdə onu axirət əzabı ilə qorxudun. Bu da bir nəticə vermədikdə əgər həyat yoldaşınız İslamdan çıxıb kafir olmuşsa boşanın, yox əgər İslam dinində qalıb dini ayinləri yerinə yetirmirsə bu halda yenə də ona fürsət verin.


Tarix: 25.12.2014 / 18:30 Müəllif: Aziza Baxılıb: 408 Bölmə: Xoşbəxt ailə