beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanın ilk telekommunikasiya peyki orbitə çıxarıldı

“Azerspace-1” peyki startdan 34 dəqiqə sonra daşıyıcı raketin gövdəsindən ayrılıb

Bakı vaxtı ilə saat 1:35 radələrində Fransız Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılan “Azerspace-1” peyki startdan 34 dəqiqə sonra daşıyıcı raketin gövdəsindən ayrılıb. ABŞ-ın “Orbital Sciences” korporasiyası tərəfində STAR-2 platforması əsasında hazırlanmış “Azerspace-1” peyki orbitə Fransanın “Arianespace” şirkətinin yüksək etibarlılığı ilə seçilən “Ariane-5” daşıyıcı raketi ilə buraxılıb.

Azərbaycanın ilk telekommunikasiya peyki Malayziyanın “Measat Satellite Systems” şirkəti tərəfindən istifadə olunan və “Azərkosmos” ASC-yə icarəyə verilən 46 dərəcə Şərq uzunluq dairəsində geostasionar orbitdə yerləşəcək.

01.51
Azərbaycanın “Azerspace-1” ilk telekommunikasiya peykinin orbitə buraxılması prosesinin canlı izlənilməsi üçün Kuala Lumpurda Malayziyanın “Measat Satellite Systems” (MEASAT) şirkətinin ofisində tədbir keçirilir.

Mərasimdə Malayziya hökumətiniin nümayəndələri, Azərbaycanın Kuala Lumpurdakı səfiri Tahir Kərimov və səfirliyin əməkdaşları, MEASAT şirkətinin rəhbər şəxsləri iştirak edirlər.

MEASAT şirkəti “Azerspace-1” layihəsinin həyata keçirilməsi, peykin idarəsi üzrə texniki heyətin ixtisas səviyyəsinin artırılması, kosmik sənayeyə dair təcrübə mübadiləsi kimi bir sıra mühüm işlərdə “Azərkosmos” ASC ilə ilk gündən yaxından əməkdaşlıq edir. Digər tərəfdən MEASAT şirkəti “Azərkosmos”un təklif etdiyi xidmətlərdən istifadə edəcək əsas müştəri qismində çıxış edir.

1992-ci ildə Malayziyanın sabiq Baş naziri Mahathir Mohamadın təşəbbüsü ilə təsis edilən şirkətin ilk süni peyki 1996-cı ildə orbitə buraxılmışdır. Daha sonra fəaliyyətini genişləndirməyə başlayan şirkət yerli tələbatla yanaşı, dünya ölkələrinin də sifarişlərini yerinə yetirir. Malayziya ilə yanaşı, Asiya və Afrikaya, o cümlədən Sakit okean hövzəsində yerləşən regionlara yüksək keyfiyyətli peyk xidmətləri və həlləri təklif edən şirkətin peyklərinin əhatə dairəsi bütövlükdə 145 ölkəni və dünya əhalisinin 80 faizinin yaşadığı geniş bir coğrafiyanı əhatə edir. Hazırda şirkətin orbitdə 4 süni peyki istismardadır.


01.45

"Ariane-5″ raketdaşıyıcısı ilə "Azerspace-1" peyki orbitə buraxıldı. Bir neçə dəqiqə sonra raketin gövdəsindən ayrılması gözlənilir.

00.23

Azərbaycanın “Azerspace-1” ilk telekommunikasiya peyki bu gecə Bakı vaxtı ilə saat 2:20 radələrində Fransız Qvianasında yerləşən Kuru kosmodromundan - Qviana Kosmik Mərkəzindən orbitə buraxılacaq.

Artıq peyk orbitə çıxarılmaq üçün tam hazırlıq vəziyyətinə gətirilib.

“Azerspace-1” peyki ABŞ-ın “Orbital Sciences” korporasiyası tərəfindən istehsal olunub. Peyk kosmik orbitə Fransanın “Arianespace” şirkəti tərəfindən hazırlanıb və yüksək etibarlılığı ilə seçilən “Ariane-5” daşıyıcı raketi ilə çıxarılacaq. Peykin kosmodromdan startından təqribən 33 dəqiqə sonra raketin gövdəsindən ayrılacağı gözlənilir.

Azərbaycanın ilk telekommunikasiya peyki Malayziyanın “Measat Satellite Systems” şirkəti tərəfindən istifadə olunan və “Azərkosmos” ASC-yə icarəyə verilən 46 dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşəcək və Şərqi Avropa, Şimali Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunun 50-dən çox ölkəsini birləşdirən geniş kosmik məkanda mühüm rol oynayacaq.

Çəkisi 3,2 ton olan peykin resurslarının 20 faizi Azərbaycanın tələbatını ödəmək üçün istifadə olunacaqdır, qalan 80 faizi isə dünya bazarlarına ixrac ediləcək. Artıq peykin resurslarının 40 faizinin satışı üçün şərti müqavilələr imzalanıb. Peykin idarə olunması üçün Azərbaycanda regional idarəetmə mərkəzi və ehtiyat idarəetmə mərkəzi yaradılmışdır. Regional idarəetmə mərkəzindən təkcə Azərbaycanın deyil, digər ölkələrin region üzərindən uçan peyklərinin də idarə olunması üçün istifadə ediləcək.
Kosmik texnologiyalar üzrə çox vacib məsələ olan milli kadrların hazırlanmasına xüsusi diqqət yetirilmişdir. Son üç ildə orta yaşı 25-28 olan təxminən 30 nəfər ABŞ, Fransa və Malayziyada peyklərin idarə olunması üzrə uzunmüddətli kurs və təlimlər keçib.

Xatırladaq ki, prezident İlham Əliyevin “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” sərəncamı, həmçinin “Kosmik sənayenin yaradılması və inkişafı üzrə” Dövlət Proqramının təsdiq edilməsi ölkədə kosmik sahənin inkişafına xüsusi zəmin yaradıb. Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin, o cümlədən digər çoxməqsədli peyklərin orbitə çıxarılması ilk növbədə informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması və informasiya təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda, ölkədə yeni iqtisadi sahələr üzrə mövcud insan ehtiyatları və intellektual potensialın inkişaf etdirilməsi, elm tutumlu yeni layihələrin həyata keçirilməsi və nəticə etibarilə innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması istiqamətində aparılan işlər arasında xüsusi və strateji əhəmiyyəti ilə seçilir.


Tarix: 08.02.2013 / 20:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 370 Bölmə: Tarixdə bu gün