beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

20 YANVAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ... - EKSKLÜZİV

Etibar Məmmədovun hər yerdə inandırıcı tonla dediyi sozlər düşdü yadıma - "biz silahlanmışıq, rus qoşunları Bakıya girsələr, layiqli cavablarını alacaqlar"

Yanvarın 17-si və 18-i, iki gün dalbadal Moskvanin "Vremya" xəbərlər proqraminin axşam buraxılışında Azərbaycanla baglı belə bir məlumat getdi: "..M.S. Qorbaçov Azərbaycanda yaranmış vəziyyəti prezident Buşla nuzakirə edib. Buş, Rusiya rəhbərliyinin az itki verməklə vəziyyəti nizama salacağına əmin olduğunu bildirib".

Siyasətdən və diplomatiya əlifbasından az-çox başı çixan şəxs mərkəzi televiziya ilə verilən bu xəbərin Azərbaycan müxalifət qüvvələrinə ciddi bir xəbərdarlıq olduğunu anlayır. Bu xəbəri eşitdikdə AXC rəhbərliyinin ona nə reaksiya verdiyi mənim üçün maraqlı olduğundan, siyasi cəhətdən ayıq olan bir dostumla bərabər o vaxtkı Çapayev kuçəsində yerləşən gərərgaha getdim. Əbulfəz Elçibəy ve İsa Qəmbərlə görüşüb söhbətə başlayan kimi, onların belə bir xəbərdarlıqdan xəbərləri olmadığını anladım. Onlar bir onu dedilər ki, bizim müdafiə komitəmiz məşğul olur bu məsələlərlə.

"MÜdafiə komitəsi" dediklərinə Etibar Məmmədov, Nemət Pənahov ve Rəhim Qazıyev rəhbərlik edirdi və onlar o zamankı Leytenant Şmidt zavodunun mədəniyyət evində qərargah yaratmışdılar. Dostumla birbaşa ora getdik. Bu 3 nəfərin heç birinin yerlərində olmadığını dedilər bizə (Çox guman ki, yalan idi - müəl:). Birisi bizə dedi ki, sözümüzü ona da deyə bilərik. Və əlacsız qalaraq ona məsələni başa salmağa çalışdıq ki, "az itki" ifadəsi çox abstraktdır və söhbət əslində "vəziyyətin nizama salınmasına" Amerikanın razılıq verməsindən gedir.

Heç nə anlamadığını gözlərindən oxudum və çarəsiz qalaraq oranı tərk etdik. Ümidimiz o idi ki, AXC rəhbərliyini məlumatlandırdıq və onlar özləri taktikada ciddi dəyişiklik edəcəklər. Heç bir əlavə xəbər gəlmədiyindən, həmin gün işdən sonra bir avtobus kirələyərək, işlədiyim idarənin 28 nəfər işçisi ilə Salyan kazarmalarının yuxarı qapısı qarşısında mənə həvalə edilmiş mövqeni tutduq. AXC rəhbərliyindən yeni bir göstəriş gələcəyinə inanaraq, səbrsizliklə gözləyirdim. Bilirdim ki, nə olsa, bu gecə olacaq, ABŞ hər halda "az itkiyə" razılıq vermişdi. Sabaha qalsaydı, ən azı 10 dəfə daha artıq itki olacaqdı. Çunki ayin 20-si gündüz saat 2-də Bakida və rayon mərkəzlərində bütün hakimiyyət strukturlarının AXC tərəfindən zəbt ediləcəyi haqqında şaiyələr gəzirdi və təbii ki, bunu Moskva da bilirdi. Hücum sabaha saxlanılsaydı, daha büyük qüvvə ilə, bütün Azərbaycan ərazisi istila edilməli olacaqdi. Gecə saat 11 radələrində dostumun maşını ilə vəziyyəti öyrənmək məqsədilə Mərkəsi Komitə binasi qarşısına getdik. Orada olan camaatdan Etibar Məmmədovun, "İrandan 300 min kömək gəlir" - dediyini eşitdik. Kütlə psixologiyasının praktikada nə demək olduğunu orada gözümlə gördüm. Hamı-cavanı, qocası, ziyalısı, ağsaqqalı- bu mümkün olmayan məlumata inanmiş, durub gözləyirdi. Təcili öz "postuma" qayıtdım, orada duran yük maşınlarının birinin üstünə çıxaraq, çıxış etməyə başladım.

Dedim ki, bu gün burada dəhşətli hadisələr baş verəcək. Çox xahiş edirəm, heç olmasa qadınlar, uşaqlar, yaşlılar nə qədər ki, metro bağlanmayıb, təcili buraları tərk etsinlər! Orada sıra ile durmuş 10-15 avtobus sürücülərinə muraciət edərək xahiş etdim ki, bu adamları ən yaxındakı metrolara daşısınlar. Mənim həyəcanlı çıxışım həqiqətən muəyyən qədər təsir etdi - cəmi bir neçə nəfər, amma çox aktiv olaraq ailələri, qadınları, uşaqları avtobuslara doldurmağa başladılar. 10-15 dəqiqənin içində oralar xeyli boşaldı. Amma məni söyənlər, agent adlandıranlar da az deyildi. Gecə 12-yə 20 dəqiqə qalmiş, dostumla bərabər maşınımla yenidən MK-nin binası qarşısına baxmağa getdik. Hamı durub gözləyir, kimsə tribunadan mikrofonla çıxış edirdi, xalqın axıra qədər durmasını təkidlə xahiş edirdi.

Bu zaman xəbər gəldi ki, Dəniz Vagzalı tərəfdə nələrsə baş verir. Maşını o istiqamətdə sürdüm və tezliklə güllə səslərini eşitdik. Bir az yanılmışdım, düşünürdüm ki, bunlar səhərə yaxın hücum edəcəklər ki, xalqın çox hissəsi dağılışmış olsun. Maşını təcili öz postum tərəfə sürdüm, lakin oraya daha yaxınlaşa bilmədim. Yagış kimi yağan güllələrin içindən birtəhər Inqilab kuçəsinə çıxdım. O zamanın Lenin prospektinə keçib, dolayı yolla dostumu evinə çatdırmaq istəyirdim. Onun maşını qalmışdı indiki Lider TV binasının yaxınlığında. Lenin prospekti ilə də irıliləmək mümkün olmadı, Makrsın heykəlindən Xutor tərəfə girərək, 200 metrə yaxın sürdüm, lakin qarşıda silahlıların bizə atəş açdıgını görərək, döngələrin birinə sürərək, saxladım. Piyada olaraq dostumu Yasamalda yerləşən evlərinə qədər müşaiyət etdim. Geri qayıdanda nələr gördüyümü bir daha xatırlamaq istəmirəm. Zeytunluqların içi ilə birtəhər keçib, evimə yetişəndə gece saat 3-10 idi. Həyat yoldaşım və 3 uşagım yatmayıb, ağlaya-ağlaya qapının ağzında durub, yolumu gözləyirdilər.

Mənzilim 9 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşdiyindən, balkondan demək olar ki bütün şəhər görünürdü. Onlar şəhər üzərində uçan milyonlarla işıq saçan avtomat ve pulemyot güllələrinin, tank səslərinin, çiğırtı-bagırtıların şahidi oldular və bunu heç vaxt unutmayacaqlar. Səhər saat 7-də şəhərdə nələr baş verdiyini öyrənmək və dostumun maşınını yoxlamaq məqsədilə evdən çıxdım. Piyada olaraq İngilab küçəsinin Tbilisi prospekti ilə kesişdiyi dairəyə gəldim. Yerdən meyitlər, parçalanmış bədən hissələri hələ yığışdırılmamışdı...

Bir neçə dəfə başımın üzərindən güllə atıb, yerə yatmağımı tələb etdilər. Təpiklədilər, ciblərimi hər dəfə axtardılar. Pulemyotu alnıma dirədilər, amma gözlərinin içinə baxdıgımı görüb, atmadılar. Bir yüksək rutbəli zabit mənə tez evə getməyi məsləhət görəndə, onunla danişa bildim - utanıram da deməyə, göz yaşlarımı saxlaya bilməyib, niyə belə vəhşilik etdiklərinin səbəbini soruşdum. Dedi ki, onlara məlumat verilmişdi ki, "AXC xalqı silahlandırıb və bizə silahlı müqavimət göstəriləcək".

Etibar Məmmədovun hər yerdə inandırıcı tonla dediyi sozlər düşdü yadıma - "biz silahlanmışıq, rus qoşunları Bakıya girsələr, layiqli cavablarını alacaqlar". O saat da düşündum ki, yəqin Müdafiə Komitəsinin hər üç rəhbəri indiyə öldürülmüş olarlar. Sonra tam ayrı şeylər çıxdi ortaya. Mən olanları yazdım, qiymətləndirmək sizlərə qalir.


Tarix: 20.01.2013 / 16:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 901 Bölmə: Tarixdə bu gün