beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gecikmişdi...

Yağış yağırdı. Adi gün idi deyəsən… Amma yox! Bu yalnızca yağış deyildi. Bu sevgiyə lənət oxuyan gəncin fəryadı idi. Yox! Bu adi gün də deyildi, bu onun yaddaşına əbədi həkk olunacaq həyatının dərsini aldığı gün idi! Sükan arxasında özünü bilməz halda oturmuşdu, yollar da ona həmişəkindən uzun gəlirdi. Saçları dağınıq idi, alnına tökülmüşdü. Heç nəyi görmürdü gözü. Nə elədiyindən bixəbər tələsirdi harasa. Hava getdikcə qaranlıqlaşır, alatoranlıq bürüyürdü ətrafı. Siqareti siqaretə calayan cavan itirdiyinin nə demək olduğunu indi anlayırdı deyəsən. Şəhərin işıqları həmişə olduğu kimi yenə də və daha artıq süni gəlirdi ona. Yeni bir siqaret. Hər dəfə pəncərədən atdığı bitmiş siqaretin alatoranlıqda közərmiş başlığı küləyin istəyi, müqaviməti ilə yaş asfaltda yolunu, istiqamətini bilməz halda diyirlənirdi. Gənc də siqaretinə bənzəyirdi bu uzun və geniş yollarda. Sadəcə onun istiqaməti artıq müəyyənləşmişdi axı. Çatmışdı artıq tələsdiyi yerə. Əslində isə gecikmişdi. Gecikmişdi çox şeyə, bəlkə də hər şeyə. Gələcəyinə gecikmişdi, sevgisinə gecikmişdi. Dəyərini bilmədiyi bu gün ağ gəlinlikdə idi. Gecikmişdi cavan. Sevginin mənasını indi anlayırdı o deyəsən. Gecikmişdi amma. Dayandı. Ağ gəlinlikli qızın gözlərinə baxmağa cürət eləmədi. Əslində bilmirdi ki, cürət edib baxsaydı da artıq, gördüyü həmişəki o mehriban gözlər olmayacaqdı. Vağzalı sədaları alıb apardı sevgisini ondan. Bəlkə də, elə özü əli ilə verdi..
Siqaretin tüstüsü, boğazında düyümlənən qəhər sevgisinin qədrini bilməyən sevgiliyə dost idi bu gün. Bu gecə şəhərdə bir gənc gecikmişdi. Əlində siqaret, fikrində dumanlı xatirələr...


Tarix: 19.11.2013 / 04:10 Müəllif: Akhundoff Baxılıb: 189 Bölmə: Sevgi varmı?