beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gece Oxusu......Moller 1Bolum

Elə adamlar var ki, görüşdüyün andan onlara adıyla müraciət edirsən. Maks da belələrindəndir. Elələri də var ki, bəyəndiyinə görə yox, özlərinə qarşı nifrət oyatdıqlarına görə diqqətini cəlb edirlər.

Nifrət o qədər böyüyür ki, hətta maraqlı hadisələrə vəsilə olur; siz vaxtaşırı bu adamların yanına qayıdaraq, onların qəlbindəki titrəyişləri öyrənməyə, özünüzü canıyanan göstərməyə çalışırsınız. Halbuki, bu mərhəmətdən sizdə əsər-əlamət belə, yoxdur. Köməyə ehtiyacı olan adamlara, dərdlərinə şərik olduğumuza görə yox, qayğılarının, nigaranlıqlarının bizi anlaşılmaz hisslərə bürüdüyünə görə əl tuturuq.

Maksın ilk dəfə məni bulvarda saxladığı gecəni çox yaxşı xatırlayıram. Köntöy görünüşü, özünü aparması məndə ikrah yaratmışdı. Kinoya tələsirdim. Birdən qarşımda bu kədərli yəhudi sifəti peyda oldu. Kibrit istədi. İstənilən halda, nəsə istəməsi sadəcə, bir bəhanəydi. Bunu dərhal anladım. Ürəyimdə fikirləşdim, indi durub həyatının kədərli səhifələrini vərəqləyəcək.

Onun həyat hekayəsini dinləmək istəmirdim. Saymazyana münasibət göstərirdim. Kobudluq da demək olar. Belə rəftarımı heç vecinə almırdı: sifətimə zəli kimi yapışıb, qopmaq istəmirdi. Həyat hekayəsini danışmağa macal vermədən, cibimdəki qəpik-quruşları çıxarıb ona uzatdım. Dedim bəlkə hirslənib gedər. Amma yox, zəli kimi yapışdı yaxamdan.

O vaxtdan mənə elə gəldi ki, Maks addımbaaddım məni izləyir. Onunla qarşılaşmağıma təsadüf kimi baxırdım. Zamanla bədgümanlığa qapıldım. Axşamlar küçəyə çıxarkən, özümdən asılı olmadan, beynimdə cərgəylə suallar düzülürdü: “Görəsən hara gedim? Filan yerə getsəm, Maks orda olmaz ki?” Gəzməyə gedərkən, bilərəkdən elə rayonları seçirdim ki, ora gəlmək Maksın heç ağlına gəlməzdi. Elə ya belə həmişə eyni yerlərə getdiyini düşünürdüm: turistlərin axışdığı böyük bulvarlara, Monparnas, Monmartr rayonlarına. Gecə düşərkən, Maks ağlımdan tamamilə çıxdı. Adət etdiyim yolla evə qayıdarkən, Maksı büsbütün unudurdum. Və budur, mehmanxanaya çataçatda, tale bizi qarşılaşdırdı. Fantastika! Həmişə gözləmədiyim anda qarşıma çıxırdı. Hardan gəldiyini anlamırdım. Üzündəki dəyişilməz ifadəylə görüşə gəlirdi. Elə biləsən, xüsusi olaraq mənim tamaşa etməyim üçün hazırlanmış maskanı üzünə taxıb. İçəridən şam kimi işıldayan kədər, bədbəxtlik, iztirab çırağına bənzər maskası həmişə üzündəydi. Sinaqoqdan oğurlamışdı elə bil. Ağzını açan kimi, nə deyəcəyini bilirdim. Sözləri tələffüz edərkən, ucadan qəşş edib gülürdüm. Maks bu gülüşümü dostluğun əlaməti kimi yozurdu.

- Miller, de görüm vəziyyət necədir? – o, uzun illərin tanışı kimi soruşdu. Bu sözləri tələffüz edərkən, çöhrəsinə geniş təbəssüm qondu. Birdən şam kimi içindən yanıb əriməyə başladı. Sonra üzünə xəfif bir təbəssüm çökdü. Adəti üzrə, növbəti sözlərini dedi: – Miller, bilirsən bu vaxtlar başıma nələr gəlib? – Yaxşı bilirdim ki, bu müddət ərzində ona heç nə olmayıb. Amma təcrübəmdən onu da bilirdim ki, tezliklə biz Maksla hardasa oturacaq, bu müddətdə güya onun başına bir xeyli hadisə gəlibmiş kimi, görkəm alacağıq. Ötən müddətdə ayaqqabıları yırtıq-sökük olurdu, bunun da adını “başıma iş gəlib” qoyurdu. Hətta havanın isti-soyuq olması da, bir günlük iş tapmaq ehtimalı kimi, onun həyatında hadisəyə çevrilirdi. Maraqlısı bilirsinizmi nədir? Onun başına ancaq pis hadisələr gəlirdi. Başqa cür ola da bilməzdi. Dərin bir bədbinlik hissinə qapılırdı. Hər şeyin daha pis olacağını özünə təlqin edirdi. Elə də olurdu.

Maksa, onun dükənməz iztirablarına elə isinişdim, təbiət hadisəsi kimi, dünyanın bir parçası kimi, qayalar, ağaclar, ayaqyolular, fahişəxanalar, ət sallaqxanaları, meyvə dükanları və sayr kimi onu qəbul etdim. Küçələrdə Maks kimi minlərlə adam dolaşır. Bütün bu adamlar isə Maksın simasında təcəssüm olunurdu. Maks həm İşsizlik demək idi, həm Aclıq, həm Kasıblıq demək idi, həm Ümidsizlik, həm Məğlubiyyət demək idi, həm də ki, Həqarət. İstənilən birisini, əlinə qəpik-quruş verib, başımdan edə bilərdim. İstənilən birisini! Ancaq Maksı yox! Maksa elə bağlanmışdım ki, ondan ayrılmağım mümkün deyildi. Köynəyimin içinə soxulmuş taxtabitidən də yaxınıydı mənə. Zəli kimi dərimə yapışıb, qanıma işləmişdi. O, danışarkən, diqqətlə qulaq asa bilmirdim ona. Dediyi birinci sözü eşitməyim yetərdi ki, sonsuza kimi danışıb onun fikrini davam etdirim. Danışdıqları həqiqət idi. Acı həqiqət. Hərdən, bu həqiqətə hamının sahiblənməsinin yalnız bir yolu olduğunu düşünürdüm – Maksı başıaşağı səkiyə qoyub, ətrafdakıların onu dinləməsinə şərait yaratmaq. Bəs görəsən bu təcrübəmin axırı nolacaqdı? Heç nə. Heç nə olacaqdı. Adamlar qulaqlarını tıxayıb acı həqiqəti eşitmək istəmirlər. Bunun səbəbi, özlərinin də elə həmən həqiqəti danışmalarıdır. Amma Maksın fərqliliyi bu həqiqətləri ucadan danışmasındaydı. Onun dilindən səslənən həqiqətlər inandırıcıdır. Sanki Maks bu həqiqətləri çatdıran ən son instansiyadır. Həyatı boyunca olmazın əzablar çəkdi. Əzabın simvoluna çevrildi. Ona qulaq asmaq qorxunc idi. Maks özü-özünü əzablarının içində basdırdı.

İnsanı simvol kimi qəbul etmək daha sadədir, nəinki fakt kimi. Maks mənim üçün əbədiliyin, dəyişməz mövcudluğun simvolu idi. Dünya heç nəyi dəyişməyəcək. Heç nəyi! Maksı səkinin üzərinə başıaşağı vəziyyətdə qoymaq axmaqlıqdır. Bilirsiniz bu nəyə bənzəyir? Adamlara deyirsən ki: “Maksın hansı vəziyyətdə olduğunu görmürsünüzmü? Səninləyəm, ey dünya!” Əlbəttə görürlər. Dünyadan gizlənməyə, ona fikir verməməyə çalışırlar. Maks mənə yaxınlaşan zaman qəlbimdə elə bir hiss tüğyan edirdi, sanki bütün dünyanı sinəmə sıxıram, sanki bütün dünya burnumun ucundadır. “Yox, Maks, sənin düşünə biləcəyin ən yaxşı şey, beyninə bir güllə çaxmaqdır. Məhv elə özünü! Bu, yeganə çıxış yoludur”. Amma dünyadan qurtulmaq düşündüyünüz qədər sadə deyil. Maks hamının içindədir. Maksı öldürmək üçün, bütün kişiləri, qadınları, uşaqları, bütün ağacları, evləri, bitkiləri, bütün heyvanları, ulduzları məhv etmək lazım gələrdi. Maks bizim qanımızdadır. Maks – hamımızın xəstəliyidir.

Mən Maks haqqında uzaq keçmişdən qalan xatirə kimi danışıram. Halbuki söhbət, ötən il Venaya getməzdən əvvəl mənnən ünsiyyətdə olmuş, heçnəsiz boşuna buraxdığım adamdan gedir. Göndərdiyi son məktubunda yalvarırdı ki, ona “dərman” gətirim. Xəstə olmasından, mehmanxanadan qovulmasından yazırdı. Məktubunu oxuyarkən, buraxdığı qrammatik səhvlərə uğunub gedirdim. Bununla belə, bir dəqiqə də olsun, məktubda yazılanların tamamilə həqiqəti əks etdirdiyinə şübhə etmirdim.

Ancaq Maksa görə əlimi ağdan-qaraya vurmayacağıma söz verdim. Allahdan Maksın ölməsini diləyirdim. Qəmişini məndən çəkməsini arzulayırdım. Beləcə bir həftə keçdi. Maksdan səs-soraq çıxmadı. Rahat nəfəs almağa başladım. Ümid etdim ki, mənə bel bağlamağın lazım olmadığını anlayıb. Bəs birdən ölüb? Ölür ölsün, qalır qalsın, nə işim var?! Bir istəyim vardı: məni rahat buraxsın.

Maksın yoxluğa qərq olması aydın olduqdan sonra, onun haqqında yazmaq qərarına gəldim. Elə dəqiqələr olurdu ki, onu görmək, haqqında təəssüratlarımı bölüşmək istəyirdim. Onunla görüşmək arzum o qədər böyük idi, hətta gəlməsi üçün bir neçə dəfə pul ödəməyə belə razıydım. Təəssüflər olsun ki, “dərmanlar” haqqında son məktubunu tulladım! Əlimdə olsaydı, Maksı həyata qaytara bilərdim. İndi boş yerə kədərləndiyimi anlayıram: Maksın dedikləri yaddaşıma hopdu… Sadəcə, o zamanlar yəqin bu haqda yazmağa hazır deyildim.

Bu hadisədən sonra bir neçə aylıq Parisə getməyə ehtiyac duydum. Maks barəsində nadir hallarda, hansısa uzaq bir keçmişin gülməli, mənasız epizodları kimi düşünürdüm. “Görəsən sağdırmı? İndi nə işlə məşğuldur?” Beynimdə bu cürə suallar dolaşmırdı. Təsəvvürümdə əzab çəkən cismani varlıq kimi yox, dəyanət simvolu kimi qaldı.

Gecələrin birində, Parisə qayıtdıqdan sonra, tamam başqa bir adamın sorağında şəhəri gəzirdim ki, birdən qarşıma kim çıxsa yaxşıdır?! Əlbəttə, bizim bu Maks.

- Miller, de görüm vəziyyət necədir? Niyə görünmürsünüz?!

Maks dəyişməmişdi. Amma üzünü saqqal basmışdı. Əynində təmtəraqlı ingilis kostyumu vardı. Başına enli velür şlyapa qoymuşdu. Qəbirdən xortdamış adama oxşayırdı. Şlyapanın aşağı əyilmiş kənarları onu manekenə bənzədirdi. Maksın gülümsər çöhrəsi dəyişməmişdi. Məni əvvəlki tək həyatsevərliklə çulğalanmış geniş təbəssümlə qarşılamadı. Göylərdə sayrışan, sönməmişdən əvvəl son dəfə parıltı saçan uzaq-uzaq ulduzların işıltısını xatırladırdı. Üzündəki cod tüklər solğun simasına daha əzablı ifadələr qatırdı. Ətrafdakı adamları diksindib-hürküdən, zəif şəfəqlər kimi baxışlarından süzülən iyrənc üz ifadəsini saqqalı ört-basdır edirdi. Tədricən üzünün ifadəsini yorğunluq əvəz edir, yorğunluq isə öz növbəsini kədərə verirdi. Nə qədər qəribə görünsə də, indi Maksa elə də yazığım gəlmir. Sadəcə yöndəmsiz, köntöy bir adamdır: həm iztirab çəkmiş adamdır, həm də iztirab adına karikaturadır. Məncə bununla bağlı özünə hesabat vermir. Əvvəlki coşqunluqla danışmır: deyəsən, özü-öz sözlərini haqlı saymır. Həyatdan yalnız vərdişkar olduğuna görə şikayətlənir. Sözlərinə əvvəlki tək gülməyimi gözləyirmiş kimi bir təəssürat yaranır. Əslində o, özünə də gülür. Sanki haqqında bəhs etdiyi Maks tamam başqa adamdır.

Əynindəki gözəl ingilis kostyumunu ona hansısa ingilis Venada hədiyyə etmişdi. Bir əmması var ki, kostyumun içində üzürdü! Bu kostyumda özünü gülməli və əlləmayaq hiss edirdi. Axı bu cür gözəl ingilis kostyumunda gəzdiyi üçün daha ona heç kəs inanmır! Köhnə-yırtıq parusin tuflilərinə baxdı. Bu tuflilər geyindiyi kostyuma, başına qoyduğu şlyapaya yaraşmırdı. Deməyə hazır idi ki, tuflilər onsuz da ayaqlarına rahatdır, amma digər tuflilərinin çəkməçidə olduğunu, geri almağa isə pulunun olmadığını dedi. İngilis kostyumu onun növbəti bədbəxtliyinin təcəssümü oldu. Bahalı parçadan hazırlanmış kostyumunu barmaqlarımla yoxlamağım üçün dirsəkləndi. “Ötən müddət ərzində” başına gələn hadisələrdən, Venaya necə gedib çıxmasından, hansı şəhərdə yeni həyata başlamasından, Venada Parisə nisbətən özünü daha pis hiss etməsindən xeyli danışdı. Venadakı yeməkxanaların təmizliyini həvəssiz də olsa etiraf etməkdən yayına bilmədi. Əgər cibində bir qəpik pulun yoxdursa, nəyə gərəkdir o təmizlik? Vena gözəldir, təmizdir, elə təmizdir ki! Maks hələ də özünə gələ bilmirdi. Bir əmması var: orda hamı dilənçilik edir. Buna baxmayaraq, gözəl və təmiz şəhərdir. “Hərdən adam ağlamaq istəyir”, – o, əlavə etdi.

“Maraqlıdır, görəsən, hələ çox danışacaq?” – düşündüm. Dostlarım qıraqdakı kafedə məni gözləyirlər, həm də bir adamı axtarıb tapasıyam…

- Hə, Vena… – fikrim dağınıq halda danışıb, gözucu kafenin artırmasına baxırdım.

- Yox, Vena yox! Bazel! – o, qışqırdı. – Bazel! Venadan bir ay əvvəl çıxmışam, – onun səsini eşidirdim.

- Hə, hə, bəs sonra noldu?

- Sonra noldu?! Miller, sizə dedim axı, onlar mənim sənədlərimi götürdülər. Dedim axı, adını da qoydular ki, turistəm!

Onun cavabını eşidərkən gülməkdən uğunub gedirdim. Maks da həmişəki kimi kədərli-kədərli gülürdü.

- Yox, siz hələ təsəvvürünüzə bir gətirin: mən – turistəm! – Məyus-məyus qımıldanırdı.

Əlbəttə, Maksın bədbəxtlikləri bununla bitmirdi. Bazeldə onu qatardan düşürtdülər. Sərhədi keçməyinə icazə vermədilər.

- Onlara dedim ki: “Söhbət nədən gedir? Bəlkə nəsə qanun pozuntusuna yol vermişəm?”

Az qalmışdı unudam, Maks bütün həyatı boyu ehtiyatlı hərəkət etməyə çalışırdı. Necə olmasa da, onu qatardan düşürdürlər və Bazeldə heç nəsiz buraxırlar. Nə edəsən? Tanış bir adama rast gəlmək ümidiylə mərkəzi küçəylə gedirdi, birdən üstündə yazı olan lövhə görür: “Yəhudi pansionu”. İçəri keçir. Çantasını əlindən buraxmayaraq, bir fincan kofe sifariş verir. Həyatının kədərli səhifələrini danışmağa başlayır. Pansiondakı adamlarsa, belə boş-boş şeylərə görə narahatçılığa əsas görmürlər.

- Əsas odur ki, siz qayıtdınız, – deyərək aradan çıxmaq istədim.

- Nə mənası var?! Axı indi turist vizam var. Bu vizayla necə işləyə bilərəm, Miller! Əynimdə bu cür kostyum ola-ola, kim mənə dilənçilik etməyə icazə verər?! Yox, mən tufanası dağılmış insanam. Görəsən niyə bu qədər mədəni görünürəm?!

Onu başdan-ayağa nəzərdən keçirdim. Haqlıdır, görünüşü çox mədənidir. Ağır xəstəlikdən sağalmış adam kimi, sağalmağına şaddır, amma üzünü qırxmağa taqəti yoxdur. Hələ şlyapasına bax bunun! Çox bahalı şlyapadır. Ağırdı. Astarı ipəkdəndir! Bu şlyapasıyla yəhudi gettosunu təcəssüm etdirirdi. Heç saqqalını demirəm. Əgər saqqalı bir az uzun olsaydı, Praqanın, Budapeştin yəhudi məhəllələrində dolaşan kədərli, səxavətli, ehtirassız kabuslara bənzəyərdi. Bir sözlə, mömindir. Hətta yanları əyilmiş şlyapası da mehriban görünür.

Təsəvvürünüzə gətirin: Yəhudilərin Purim bayramı. Yaxşı şərabın təsirindən şən əhval-ruhiyyə yoxdur. Üzlərini azacıq təraş etmiş, kədərli yəhudi sifətləri. Başlarında enli şlyapalar. Şamlar yanır. Ravvin müqəddəs kitabdan ayələr oxuyur. Qalareyadakı boş yerlərdən dəhşətli külək vıyıldayır. Hər yerdə şlyapalar. Çərçivəsi yuxarı əyilmiş şlyapalar. Kədər və iztirab üzərində istehza.

- Yaxşı, əsas odur ki, qayıtdınız, – mən təkrar edib, onun əlini sıxdım.

Əlimi əlinin ovcunda saxladı. İndi də Bazeldədir. Yəhudi pansionunda. Ona sərhəddi necə xəlvəti keçmək lazım olduğunu öyrədirlər. Sərhədçilər addımbaşı izləyirlər. Maks heç özü də bilmir sərhəddi necə keçdi.

Maks bələdçiylə hansısa bir ağacın qırağında görüşdü. Heç kəs onların yolunu kəsmədi. Maks təhlükənin sovuşduğunu anlayıb, irəli getdi.

- Budur, – o, dedi, – mən yenə də Parisdəyəm. Necə də iyrənc şəhərdir! Heç olmasa, Venada təmizlik var. Orda, doğrudan, professorlar və tələbələr çörək növbəsinə düzülürlər. Amma buranınkılar hamısı dilənçidirlər, üstlərini bit-birə basıb. İndi görəcəksən, onların mükafatları taxtabitilər olacaq.

- Elədir ki var, Maks. – Yenə onun əlini sıxdım.

- Miller, bilirsiniz necədir, hərdən mənə elə gəlir dəli oluram. Axı mən yuxuya həsrət qalmışam. Səhər saat altıda oyanıb özümə iş axtarıram. Səhər şəfəqləri ətrafı bürüyərkən, evdə qala bilmərəm. Küçəyə çıxmalıyam. Hətta əgər səhər yeməyi yemək istəsəm belə, əvvəl gəzişməliyəm, adamları görməliyəm. Daha tək-tənha qala bilmərəm. Miller, siz allah, deyin görüm mənə nolub belə? Sizə Venadan məktub göndərəsiydim ki, biləsiniz: Maks sizin haqqınızda düşünür, amma sizin ünvanınızı unudub. Miller, Nyu-Yorkda vəziyyət necədir? Burdan yaxşıdır? Yox? Orda da böhrandır? İndi hər yerdə böhrandır. Böhrandan qaçmaq olmaz. Nə iş var, nə yemək. Bu əclaflarla axı necə mübarizə aparasan? Miller, hərdən elə qorxuram ki…

- Qulaq asın, Maks, indi getməliyəm. Narahat olmayın, siz canınızı məndən belə tez qurtara bilməyəcəksiniz… Hər halda, yaxın müddətdə…

Bu sözlərimi təbəssümlə qarşıladı.

- Miller, – o, dedi, – siz elə yumşaq, elə xoşbəxt insansınız. Sizinlə olmaq həmişə xoşdur. Sizinlə lap elə dünyanın sonuna gedərəm…

Aramızdakı bu söhbət üç gün əvvəl olmuşdu. Dünən günorta kiçik bir kafenin artırmasında oturmuşdum. Girişdən uzaq bir küncdə. Əlyazmamı oxumaq üçün belə bir yeri qəsdən seçmişdim. Qarşımdakı masanın üzərində iştah açan içki vardı. İki-üç qurtum aldım. Əlyazmamı oxumağa başladım. Oxuyub ortasına çatırdım ki, tanış səs eşitdim:

- Miller, de görüm vəziyyət necədir?

Həmişəki kimi, Maks hörmət əlaməti olaraq təzim edərək yanımda durmuşdu. Həmən təbəssüm, həmən şlyapa, həmən cəlbedici kostyum, həmən parusin tuflilər. Üzünü qırxmışdı.

Əyləşməyə dəvət etdim. Onun üçün sendviç və bir bakal pivə sifariş verdim. Əyləşib yeni kostyum şalvarını nümayiş etdirməyə başladı: şalvarı kəmər əvəzinə, iplə bağlanmışdı. “Kəmərinə”, çirkli parusin tuflilərinə nifrətlə baxıb, “ötən müddətdə” başına gələn hadisələri nəql etməyə başladı.

- Dünən, – o, dedi, – bütün günü yeməyə bir şey tapmadım. Ağzıma heç çörək qırıntısı da dəymədi.

Sonra uğur onun üzünə güldü: hansısa turistlərlə qarşılaşdı, onlar da Maksa içki təklif etdilər.

- Mən hörmət əlaməti olaraq imtina etmədim. Axı elə ilk görüşdəcə onlara ac olduğumu deyə bilməzdim. Elə hey gözləyirdim görüm bunlar nə vaxt yemək yeyəcəklər. Amma görünür bu əclaflar artıq yemişdilər. Bütün gecə boyu onlarla içdim. Mədəm boş idi. Bir təsəvvürünüzə gətirin bütün gecəni ac qalmaq nə deməkdir?!

Bu gün Maksı əzizləmək istəyirdim. Oxuduğum əlyazma kefimi açdı. Çox gözəl alınıbdır… Hələ də özüm yazdığıma inanmıram.

- Maks, sizin üçün köhnə bir kostyumum var. Əgər istəsəniz, bizə gedə bilərik.

Maksın gözləri şam kimi işıldadı. Bundan sonra ingilis kostyumunu yalnız bazar günləri geyəcəyinə məni əmin etdi. Bizim evdə ütü varmı? – görün onun dərdi nəydi. Mənim kostyumumu ütüləmək istəyirdi…. bütün kostyumlarımı. Deyirdim, ütüm-zadım yoxdur. Amma daha bir kostyumum olacaq bu yaxınlarda. (Yadıma düşdü ki, kimsə bu yaxınlarda mənə kostyum verəcəyinə söz verib) Maks cuşa gəlmişdi. Belə çıxır ki, onun üç kostyumu olacaq. Maks hələ bizə getməyib, amma xəyalında kostyumları ütüləməyini canlandırırdı. Onun kostyumları yaxşı ütülənmiş vəziyyətdə olmalıydı. Amerikalı, şalvarındakı ütülənmiş qırışlardan tanınar. Bir də yerişinə görə tanınar. Məni də bu sıraya aid etdi. Həm də amerikalının əlləri həmişə cibində olur. Fransızın isə yox.

- Sizə daha bir kostyum veriləcəyinə əminsinizmi? – o, məndən soruşdu.

- Demək olar ki, əminəm, Maks… Bir sendviç də yeyin. Bir stəkan için.

- Miller, – o, dedi, – siz düzgün istiqamətdə düşünürsünüz. Mənə nə verməyiniz yox, nə verəcəyinizi düşünməyiniz vacibdir. Sizin yanınızda kuraj yaranır.

Kuraj fransız sözüdür. O, vaxtaşırı fransız sözcüklərini dövriyyəyə buraxmağı sevir. Məsələn, velür şlyapa. Bu sözlərdən heç nə anlamaq olmur. Əsas da “miserе” sözündən. Yəqin bu sözdən cümləbaşı istifadə edən fransız hələ anasından olmayıb. Beləliklə, mənim yanımda olarkən onda kuraj yaranır. Və o, yenə də təkrarlayır: səninlə dünyanın lap o başına da olsa gedərəm. Nə deyim axı, elə ya belə pis görünmür. (Mənsə həmişə ondan canımı necə qurtarmaq haqda düşünəcəm!) Amma bu gün hər şey yaxşıdır. Maks, bu gün sizdən ötəri, nəyəsə desəniz gedərəm! Axı bu yazıq avam hardan bilsin ki, ona təklif etdiyim kostyum mənim üçün necə dəyərlidir. O isə mənim genişqəlbli olduğumu sanır. Qoy elə düşündüyündə qalsın! İstəyirəm bu gün məni ilahiləşdirsin. Bunun səbəbi isə cəmi bir neçə dəqiqə əvvəl oxuduğum əlyazmamdır. Öz yazdığım özümə elə xoş gəldi ki, özüm-özümə vuruldum.

- Garcon! Bir qutu siqaret – роur lе mоnsiеr!

Maks üçün sifariş verdim. Buranın müsyosu ancaq Maksdır. Yenə həmişəki təbəssümlə baxdı mənə. Maks, sizin kurajınız hara qeyb oldu? Bu gün mən səni səmalara qaldıracam, sabah isə düz cəhənnəmin dibinə atacam. Ay Allah, gör daha bir günümü yenə bu əclafa sərf edəcəm, sonra isə edəcəyim hərəkətə görə cavabdeh deyiləm! Ondan qurtulacam! Bu gün sözünə qulaq asacam, dost… İstəyirsən bütün günü mahnı oxu. Özümü sözəbaxan uşaq kimi aparacam, sonra isə, məni qınama, dənizə tullayacam səni!

- Maks, bir stəkan da verimmi? Utanmayın, cəmisi bir stəkan! Bir dənə də sendviç yeyin!

- Miller, mənə elədiyiniz yaxşılıqları özünüzə rəva gördüyünüzə əminsinizmi?

Lənətə gələsən, özü yaxşı bilir ki, ona kömək etmək mənə ar gəlmir. Əks halda, onu yola verərdim. Ümumiyyətlə, bu adamın özünü aparmaq tərzi bu cürdür. Məni bulvardakı dostlarıyla bir tutur. Elə biləsən, bunun çevrəsindənəm. Bəlkə də məni çevrəsinə salıb, nə bilmək olar?

Gözlərindəki yaşlar məndə şübhə oyadır. Göz yaşları! Timsahın göz yaşları! Mirvari dənəsidir hər biri! Deyirəm, daxil olasan bu gözlərin içinə və aydınlaşdırasan necə işləyir bu gözyaşardıcı mexanizm!

Əla gündür. Ətrafımızda nağıllar dünyasından gəlmiş gözəllər üzür. Maraqlıdır, görəsən Maks onlara diqqət yetirirmi?

- Qulaq asın, Maks, açıq danışın, kiminləsə vaxtaşırı cinsi əlaqədə olursunuz?

- Necə necə?! – o, soruşdu.

- Özünüzü karlığa vurmayın. Deyirəm, heç olmasa hərdən kimisə şəpləyirsiniz? Bəlkə “şəpləmək” nədir bilmirsiniz?

Maks gülümsədi. Həmişəki kimi kədərli təbəssümlə gülümsədi. Arzuolunmaz vəziyyətinə baxmayaraq, belə suallar verdiyimə təəccüblənirmiş kimi, qıraqdan mənə baxırdı.

Görəsən doğrudanmı bu cür kasıb, əzablara saxsınmış Maksı belə suallar düşündürə bilərdi? Təsəvvürünüzə gətirin ki, bu cür fikirlər vaxtaşırı onun beynini məşğul edir. Axı bu təbiidir, o, deyir. Digər tərəfdənsə, on frankla nə etmək olar axı? Bütün bunlardan sonra özünə çox nifrət edir. O, çox böyük məmnuniyyətlə…

- Əşşi, sizi başa düşürəm, Maks. Nəyi nəzərdə tutduğunuzu çox yaxşı başa düşürəm…

Maksı özümlə nəşriyyata apardım. Qapının ağzında gözlədi. Bir topa kitabla çıxdım. Maks bu kitab topasını əlimdən qapdı. İstəyirdi nəsə köməyi dəysin.

- Miller, mənə belə gəlir siz nə vaxtsa məşhurlaşacaqsınız, – o, dedi. – Axı bu cür kitab yazmaq heç də vacib deyil. Gərək baxtın olsun.

- Haqlısan, Maks, gərək bəxtin gətirsin, başqa heç nə.

Biz Rü-de-Rivolinin küçələrində gəzişirdik. Haradasa yaxınlıqdakı kitab mağazalarının birində kitabım satılırdı. Oyuncaq evə bənzəyən bu kiçicik mağazanın vitrinlərində nəfis tərtibatda kitablar satılırdı. Maksın vitrin şüşəsindən mənim kitabımı görməsini istəyirdim. Necə reaksiya verəcəyi maraqlıydı.


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 481 Bölmə: Sevgi varmı?