beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tenha Xanima Gece Oxusu.Qoxu

Qoxu

- Alabaş?!…
Alabaş adını elə bil quyu dibindən eşitdi. Adından qabaq gəlib burnuna yetişən mərhəm qoxu yaddaşında nəyisə oyatdı. Və sonra adı gəlib Alabaşın qulağına çatdı. Alabaş dayandı. Səs gələn tərəfə boylandı. Üz-gözünü tük basmış qoca bir kişi, yanında başına qara kəlağayı örtmüş bir qadın yolun o biri üzündə dayanıb Alabaşa baxırdı.
- Alabaşdı, vallah, Alabaşdı…
Kişi yanındakı qadını yolun o biri üzündə dayanıb onlara sarı baxan itin Alabaş olduğuna inandırmaq istəyirdi.
Arvad inanmaq istəmirdi.- Ay Qədir, bəri gəl! Alabaş buralarda nə gəzir… İtdi də… İt itə oxşayar… İndi Allah bilir Alabaş hansı ermənin gülləsinə tuş gəldi.
Qadının səsi Alabaşa qırıq-qırıq çatırdı. Amma elə bu da, Alabaş burnuna dəyən o mərhəm qoxu kimi, bircə anın içərisində yorulub əldən düşmüş yaddaşında tufan qopartmağa bəs etdi.
Alabaş sahibi Qədir kişini nə vaxt tanıdı, necə tanıdı, bilmədi. Bir də özünü yolun bu biri üzündə, Qədir kişinin ayaqları altında gördü. Qədir kişi ilə Alabaş qol-boyun oldular. Küçənin tən ortasında bir oyun başladılar, gəl görəsən…
Sənəm arvad gözlərindən tökülən selin-suyun qabağını saxlaya bilmədi. Adamlar ayaq saxlayıb bu qəribə mənzərəyə heyrətlə tamaşa eləməyə başladılar.
- Sən bura necə gəlib çıxmısan, Alabaş?! Ay allahın heyvanı? Qorxmamısanmı minaya düşərsən?!… Erməni gülləsinə tuş gələrsən? Bu boyda yolu necə gəlmisən, Alabaş, Alabaş?…
Alabaş handan-hana Qədir kişidən əl çəkib Sənəm arvadın əlini, ayağını, ayağının altındakı torpağı, tozu duz kimi yalamağa başladı, asfalta üz qoyub, aşağıdan yuxarı üzünə baxa-baxa, zingildəyə-zingildəyə Sənəm arvadın başına dolanmağa başladı…

* * *
Qədir kişi evini-eşiyini, malını-mülkünü yekə maşına yükləyib Ağdama sarı yol başlayanda Alabaş o maşının arxasınca çox qaçdı, amma maşına yetişə bilmədi. Gözdən itəndən sonra da özünü maşına yetirmək ümidi ilə bir xeyli yol yordu. Ən nəhayət, taqətdən düşdü, şöngüyüb ləhləyə-ləhləyə maşın gedən yola uzun müddət baxdı. Maşının həmişəlik getdiyinə əmin olandan sonra bir-iki ağız hürdü. Əslində buna hürmək də demək olmazdı, elə beləcə, bir-iki ağız zingildədi və gəldiyi yolla geri qayıtmağa başladı.
Alabaş öz yuvasına bir də üç gündən sonra gəlib çıxdı.
Hələ yalı aşıb kəndə girməmiş havadan aldığı qəribə qoxu Alabaşı yerə mıxladı; iy ona dəşhətli dərəcədə tanış gəlirdi, amma o bu iylə harda, nə vaxt, hansı şəraitdə rastlaşdığını xatırlaya bilmirdi.
Alabaş yaxşı anlayırdı ki, it olan məxluq həm də ona görə itdir ki, iyi iydən ayırır, başını qaldırıb adamlırın, yaxud heyvanların, lap elə itlərin də üzünə baxmadan, qarşısındakının, yaxud ondan beş addım qıraqdakının kim olduğunu görürmüş kimi iyindən ayırd edir.
Alabaş yaşadığı bu yeddi-səkkiz illik ömründə öz sahibindən savayı heç bir adamın üzünə baxmamışdı.
Adamlaırı elə iyindən tanımışdı.
O, əvvəl bu iyin haradan gəldiyini müəyyənləşdirmək istədi; təpənin üstündə şöngüyüb, burnunu o yan – bu yana tutdu, havanı iylədi və ən nəhayət, anladı ki, iy kənddən gəlir.
Alabaş təpəni aşıb kəndə girdi.
Kənddə xeyli təzə adam vardı, hamısından da Alabaşın təpənin üsütündə hiss etdiyi iy gəlirdi. Alabaş özünü it kimi tanıdığı gündən bəri ilk dəfə idi ki, eyni iyin bu qədər adamdan gəldiyinin şahidi olurdu.
İyin eyniliyindən, ya nədənsə Alabaşın başı hərlənirdi. Hiss edirdi ki, bir – birindən fərqləndirmək üçün adamların iyi daha ona bəs etmir, o, adamlarda iydən başqa daha nəsə axtarıb tapmalıdır.
Yoxsa səməlik azarına düçar olmaq olardı.
Alabaş başını qaldırıb ilk dəfə adamların üzünə baxdı.
Adamların əksəriyyəti saqqallı idi.
Alabaş özünü yuvasına güclə yetirdi. Başını qolları üstünə qoyub bir xeyli yuvasındakı doğma, ilıq, ancaq ona məlum olan mərhəm iyi ciyərlərinə çəkdi. Bir balaca özünə gəldi.
Alabaş heç cürə anlaya bilmirdi ki, kəndin adamları hara gediblər. İyləri bir-birindən fərqlənməyən bu adamlar hardan gəlib kəndə doluşublar.
Kənddən hamı çıxıb getmişdi. Bircə Hövanes кirvədən savayı. Hövanes kirvə ailəsiylə öz evindəydi.
Alabaş hərdən, kəndin adamları üçün lap darıxanda, gedib Hövanes kirvəni tapırdı, yalmana-yalmana üz-gözünü Hövanes kirvənin ayaqlarına sürtürdü, Hövanes kirvə də belə vaxtlarda itin başını tumarlayıb, yalnız Alabaşın eşidə biləcəyi bir səslə donquldanırdı:
- Ha, Alabaş, bu sansan? Darıxırsan?! Darıx, Alabaş, darıx. Allah baisin evini yıxsın …
Alabaş xüsusən Hövanes kirvənin kiçik qızı Haykanuş üçün əldən-ayaqdan gedirdi.
Haykanuşdan Qədir kişinin oğlu Cəlalın iyi gəlirdi. Bəlkə də buna görə Haykanuşu görəndə it olan məxluq bir oyun çıxarırdı, gəl görəsən; qanad açıb uçmaq istəyirdi, dil açıb danışmaq istəyirdi. Qız da bunu bildiyindən evdən eşiyə çıxanda mütləq səsləyinb, harada olsa, Alabaşı tapırdı. Haykanuş kəndə doluşmuş topqarasaqqal oğlanların arasından Alabaşla birlikdə keçib gedirdi. Alabaş da hansı oğalının ürəyindən nə keçdiyni o saat iyindən hiss edirdi. Buna görə də yaxınına kimi buraxıb-buraxmamaq məsələsini Haykanuş bir qayda olaraq Alabaşın öhdəsinə buraxırdı və ən qəribəsi də bu idi ki, Haykanuş həmişə Alabaşın seçimindən razı qalırıdı.
Hamı kimi Calal da kənddən çıxıb getmişdi.
Haykanuş gözünü yollardan çəkə bilmirdi. Cəlalın həsrəti Alabaşı Haykanuşun əzizinə çevirmişdi. Hərdən bərk darıxanda Haykanuş Alabaşla söhbətə başlayırdı.
- Bu ciyəri yanmışlar nə vaxt çıxıb gedəcələr, ay Alabaş?
Əvvəllər Haykanuş bu sualı Alabaşa gündə bir neçə dəfə verirdi. Amma vaxt ötdükcə Haykanuş yavaş-yavaş suallar arasındakı müddəti uzadırdı. Və hətta deyəsən son zamanlar sualı tamamilə unutmuşdu.
Sualı unutmuşdu, amma Alabaşı unuda bilməmişdi.
Alabaş hər dəfə Haykanuşun yanına düşüb kəndə çıxanda ətraf top saqqalılarla dolu olurdu. Haykanuşu görən top qara saqqallıların iyi bircə anın içində kəndi başına götürürdü. Haykanuş olmasaydı, Alabaş çətin ki, bir bu qədər iyə tab gətirəydi. Haykanuşun iyi o biri iylərə qarışanda elə bil o iylərin ürəkbulandıran təsiri bir az yumşalırdı, Alabaş kəndi təkbaşına dolaşanda çəkdiyi əziyyəti çəkmirdi.
Top qara saqqallılar kəndə gəldikləri gündən kefləri yuxarıydı, nəşəliydilər. Hər addımda Haykanuşa söz atırdılar. Haykanuş da ürəyində hər atılan sözə diksinirdi. Və hər dəfə diksinəndə Alabaş Haykanuşun iyinə o adamların iyinin qarışdığını hiss edirdi.
Bu Alabaşı dəli eləyirdi.

Yad adamlar Alabaşın yaşadığı həyətə girəndə, o, yuvasında idi. Alabaş əvvəl adamları həyətə buraxmaq istəmədi. Amma adamlar onu heç veclərinə də almadı. Hay-küylə otaqlara doluşdular, həyətdəki quyudan su çəkib üz-gözlərini yudular, sap-sarı saralmış salxımlardan dərib yedilər və evdə yaşamağa başladılar…
Evin təzə sakinləri özləri ilə həm də Alabaşın zəhləsini tökən o iyi həyətə gətirdilər. İy tədricən həyət-bacaya, ev-eşiyə, ota, çiçəyə, yarpağa, suya hopmağa başladı. Və gəlib Alabaşın yuvasının ağzında dayandı. İy həyəti başına götürəndən sonra bağ-bağçada gəzməyin heç bir ləzzəti qalmadı. Ona görə də Alabaş gündüzləri adətən ya Hövanes kirvənin həyətində, ya da dağda, daşda keçirir, bir də gecə keçəndən sonra həyətlərinə qayıdırdı.
Yuvasna girib gözünü yuman kimi qulağına arı səsi gəlirdi…

* * *

Qədir kişi arı dəlisiydi. Dünyanın o başından onun evinə bal almağa gəlirdilər. Həyətə girən hər bir adamın iyi həmişəlik Alabaşın yaddaşında həkk olunub qalırdı. Qədir kişinin ocağına bir dəfə ayaq basan adam yüz il sonra bu evə qayıtsaydı, Alabaş onu iyindən dərhal tanıyardı.
Qədir kişinin Alabaşın bu şakərindən xəbəri vardı. Elə ki Alabaş qulaqlarını şəkləyib maraq içində gözlərini ala qapıya dikirdi, Qədir kişi o dəqiqə başa düşürdü ki, həyətə kimsə təzə adam yaxınlaşır.
Alabaş kəndin bütün adamlarının iyini bir-birindən asanlıqla ayırırdı. Çox zaman elə bu iydən də kimin kim olduğunu bilirdi. Gündüzər, xüsusən də gecələr kimin haradan, necə, hansı əhvalla keçdiyini Alabaş qədər kəndin heç bir iti bilmirdi. Bəlkə də kənd adamlarının Alabaşın səsini bütün başqa itlərin səsindən daha az eşitmələrinin də sirri bunda idi.
Kəndin o biri itləri adamların iyini Alabaş kimi bir – birindən ayıra bilmədiklərinə görə qaş qaralan kimi hər bir qaraltıdan vahiməyə düşür, axşamdan başlayan səslərini sübhə qədər kəsmək bilmirdilər. Səs-səsə verib hürüşən itlər təkcə adamların deyil, Alabaşın da zəhləsini tökürdü. Alabaşa görə adamların iyini bir-birindən fərqləndirməyən it it deyildi, toyuq kimi bir şeydi.
Alabaşın hürüşü təkcə Qədir kişini deyil, həm də Hövanesi sərvaxt edirdi. Alabaş səsini çıxaran kimi Novanes kirvə çəpərin o üzündən Qədiri səsləyirdi:
- Ara, a Qadir, orada nə oluf elə?…
Ya da birbaşa Alabaşa üz tuturdu:
- Nə oluf, ay Alabaş?
Alabaşın nişan verdiyi hər təzə adamı Hövaneslə Qədir kişi həmişə bir yerdə qarşılayıb, bir yerdə də yola salırdılar.

* * *

Səhərin çoxdan açılmasına baxmayaraq Alabaş hələ də yuvasındaydı, qalxıb harasa getməyə heç həvəsi yox idi. Onsuz da yuvasına qədər gəlib çıxan bu zəhlətökən iy kənddən qıraqda da hiss olunmağa başlamışdı. Ona görə də Alabaş öz yuvasından savayı heç yerdə rahatlq tapa bilmirdi. Bir gözü ilə mürgü döyən Alabaş o biri gözü ilə yuxulu-yuxulu ətrafı nəzərdən keçirirdi.
Alabaş Hövanes kirvəni həyətlərinə girən görəndə şadlığnıdan yerə – göyə sığmadı, hər cür qorxu – hürkünü yaddan çıxarıb, özünü Hövanes kirvəyə yetirdi.
Elə bil Hövanes kirvə Alabaşı birinci dəfəydi ki, görürdü. Alabaşın çiçəyinin çırtlamasına baxmayaraq, Hovanes kirvə Alabaşı qarşısında hoppanıb-düşən görəndə əməlli-başlı çaşdı, bir xeyli pərtlik içərisində nə edəcəyini bilmədi, yenə də ancaq Alabaşın eşidə biləcyi bir səslə mızıldandı:
- Ha, Alabaş, sən hala burdasan?…
Hovanes kirvədən səs çıxdığını eşidən Alabaş cavab olaraq zingildədi və birdən-birə Alabaşın yadına düşdü ki, adamlar köçüb gedəndən bəri bu cür zingildəməyib, az qala öz zingiltisini unudub. Elə bil Alabaşın zingiltisi də adamlara qoşulub çıxıb getmişdi. İndi Hövanes kirvənin həyətə qədəm basması ilə qayıdıb gəlmişdi.
Hоvanes kirvə gəldiyi kimi qayıdıb getmək istəyirdi ki, həyətin o başından evin təzə sahibi onu səslədi. Hövanes kirvə bir gözü səsdə, bir gözü Alabaşda çar-naçar canını dişinə tutub səsə tərəf addımladı.

Təzə qonşusu Hovanes kirvəylə hal-əhval tutdu. Sonra onların hər ikisi Alabaşın sahibinin qurub düzəltdiyi talvarın altında oturdular. Alabaş da on-on beş addımlıqda şöngüyüb onların hərəkətlərinə göz qoymağa başladı.
Evin təzə sahibinin hər tərəfindən Alabaşı dəli eləyən o iy axıb tökülürdü. Bu Alabaş üçün təzə şey deyildi. Amma Alabaş uzaqdan o iyin Hövanes kirvəni də yumşaldıb, öz ağuşına aldığını görəndə içərisindən ulartıya bənzər qəribə bir çığırtı keçdi. Alabaş ağrıdı və bu ağrıdan yaxa qurtarmaq üçün quyruğunu ağzına alıb çeynəmk istədi və quyruğunu tutmaq üçün yerində fır-fır fırlanmağa başladı.
Evin təzə sahibi Alabaşa işarə ilə soruşdu:
- Sənin itindir?
Hövanes kirvə tutuldu, heç nə demədi, sualdan yayınmaq istədi.
Evin təzə sahibi bir də xəbər aldı.
- Sənin itindir? Amma səhərə qədər bizim həyətdən əl çəkmir…
Hovanes kirvə sualdan qaçmağın mümkün olmayacağını başa düşdü:
- Yox, mənim itim deyil.
- Bəs onda səni görəndə niyə belə atılıb düşür?
Hovanes kirvə sakitcə cavab verdi:
- Bu evin sahibinin itidir.
- Ara, de, daha türk itidir də… Müsəlman itidir… Bu itin bu kənddə qalması bizim hamımız üçün xatadır… – bunu deyib evin təzə sahibi əlinə yekə bir daş aldı və Alabaşa tərəf tulladı. Alabaş bu söhbətdən hələ baş açmamış üstünə gələn daşdan yayınmaq üçün qırağa sıçradı. Bu da evin təzə sahibinin gözündən yayınmadı:
- Gör, necə cəlddir?
Hirs-qığılıcım tökə-tökə Alabaşın içərisini dalayıb keçdi. Alabaş hiss elədi ki, ürəyi bulanır. İt olan məxluqun iydən ürəyinin bulanması bu dünyanın görünməmiş işlərindən biriydi. Alabaş quyruğunu tutub çeynəməklə bu iydən yaxa qurtarmağın daha mümkün olmayacağını anladı. Ürək bulanmasını canından çıxarmaq üçün yerindən götürüldü.

Kənddən necə çıxdığını bilmədi. Bir də onda özünə gəldi ki, dağ, daş, ot, su, çığırlar dost-doğma bir havanın içərisindədir.
Ürəyi ağzına gəlirdi.
Ləhləyə-ləhləyə dayandı.
Yerə sinib başını qolları üstünə qoydu və gözlərini yumdu.
Haardansa arıların səsi gəlirdi.

* * *

Qabaqda Qədir kişi, arxasınca Sənəm arvad, Sənəm arvadın da arxasınca Alabaş gedirdi. Bakının tən ortasında, asfaltın üstündə bir yarım saat qol-boyun olandan sonra Alabaş birdən hiss etməyə başladı ki, haradansa, lap yaxından, kənddə qoyub gəldiyi o iy yenə burnuna gəlir.
- A kişi, bir dayan, ayaqlarım qırıldı. Burdan Yasamala payi-piyada gedəcəksən? Bu avtobuslardan birinə əl qaldır, bəlkə bizi götürdü.
Qədir kişi dayandı. Gözünün ucu ilə əvvəl arvadına, sonra Alabaşa baxdı.
- Bəs, Alabaş?
- Nə, Alabaş? – Alabaş Sənəm arvadın səsindən diksindi. Sənəm arvadın səsi qart idi. Bayaq gözünün yaşını sel eləyən adam elə bil heç bu deyildi.
- Nə Alabaş? Alabaşı da özünlə yataqxanaya aparmaq istəyirsən?
Qədir kişi anladı ki, bir az da keçsə, bu səsin sahibinin qarşısında duruş gətirə bilməyəcək. Ona görə də avtobuslardan birinə əl qaldırdı. Avtobus o dəqiqə dayandı. Qədir kişi əvvəl arvadına kömək edib avtobusa qaldırdı. Sonra özü qalxdı. Alabaşı da arxasınca səslədi:
- Gəl, Alabaş.
Avtobusda aləm bir-birinə dəydi.
- Bu nədi, a kişi? Özün bəs deyilsən, hələ iti də avtobusa mindirirsən?
Qədir kişi səsinə ağsaqallıq ahəngi verib, avtobusdukaları dilə tutmaq qərarına gəldi.
- Nolar, a bala, itdi də. Allahın iti. Siz avtobusa itnən heç minmirsiniz?
- Bizim itlərimz yüz dəfə həkim nəzarətindən keçir. Daha sənin itin kimi…
Kimsə ayağı ilə itələyib Alabaşın qabaq ayaqlarını avtobusun pilləkənindən üzdü. Qədir kişi sərnişinlərin Alabaşı avtobusa buraxmayacaqlarını anlayıb maşından düşdü.
Sənəm arvadın səsi avtobusu başına götürdü:
- A kişi, iti qoy qalsın. Min maşına…
Sürücü mübahisənin uzanacağını görüb məsələyə müdaxilə etmək qərarına gəldi.
- Ay xala, siz hara gedirsiniz?
- Yasamala?…
- Ay xala, bu avtobus Yasamala getmir…
- Bəs hara gedir?
- Hon-konqa… Yasamala getmək üçün arxadakı avtobusa minmək lazımdır.
Sənəm arvad sürücünün sözünə inandı. Ayağını yerə basan kimi avtobusdakıların ağız-ağıza verib qəribə səslər çıxara-çıxara güldüklərini eşitdi və anladı ki, sürücü onu aldadıb. Səsi küçəni başına götürdü:
- Allah sənin əzizlərinin tifağını dağıtsın, ay Qədir,
necə ki dağıdıb. Allah sənin qardaşlarının ocağını söndürsün, necə ki söndürüb. Ay it oğlu it, sən özün itsən də… daha iti neynirsən?… Sən qarnına çörək tapırsan ki, iti də boğazına şərik edirsən?…
Qədir kişi yalvarmağa başladı:
- Ay arvad, bu itdi, adam deyil ha!… Özü öz başını birtəhər dolandıracaq.

Yox, doğrudan da haradansa o zəhlətökən iy əməlli-başlı gəlməyə başlamışdı. Alabaş diksindi. İy Sənəm arvaddan gəlirdi. Yox, təkcə Sənəm arvaddan yox, iy həm də Qədir kişidən gəlirdi.
Alabaşın ürəyi bulanmağa başlamışdı.

* * *

İt sürüsü bir-birinə qarışmışdı.
Hamı bir-birini dibib parçalayırdı. Küçük özünü kolluğa dürtüb titrəyə-titrəyə bu dəşhətli mənzərəyə tamaşa edirdi. Nə baş verdiyini heç cürə anlaya bilmirdi. Küçüyün anası, yekəpər qancıq, üstünə hücum çəkən itlərə divan tuturdu. Hər dəfə ağzını açıb, dişlərini itlərdən hansınınsa bədəninə pərçim edir, qanlı bir parça qoparmayınca altına aldığı itdən əl çəkmirdi.
Yekəpər qancığın özü də al-qan içində idi.
Küçüyü ürəkbulandıran bir iy boğmağa başlamışdı. O dünyaya gəldiyi gündən bu iyi heç bir vaxt, heç bir yerdə hiss etməmişdi. Və bu iy bir-birini didib parçalayan bütün itlərdən, daha çox isə anasından gəlirdi.
Ən nəhayət, it döyüşü başa çatdı.
Bir-birini didib parçalayan itlərdən hər biri bir tərəfə qaçdı. Meydanda küçüyün yekəpər anası qaldı. Qancıq dayandığı yerdə şöngüyüb qalib nəzərlərlə ətrafı nəzərdən keçirdi. Kolun içərisinə sığınıb gizlənmiş küçüyü gördü. Və ona sarı addımlamağa başladı…
Küçük anası ilə birlikdə ona yaxınlaşan o dəşhətli iyə davam gətirmədi. Götürüldü. Anası bir az küçüyün ardınca qaçdı. Amma hər dəfə yaxınlaşanda, küçük dəlicəsinə zingildəməyə başladı. Yekəpər qancığın ayaqları bir-birinə dolaşdı və çökdü.
Bəlkə də küçüyün ondan niyə qaçdığını anladı.
Küçük qaçıb yalı aşdı.
Daha o zəhlətökən iyin burnuna gəlmədiyni görüb dayandı.
Haradansa arıların səsi gəlirdi.


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 354 Bölmə: Sevgi varmı?