beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqli Hekayedir...

Dünən sənin telefonun öldü. Ölən
yalnız adamlar olmur ki... Telefon
nömrələri də ölür. Ömrün boyu çox rəqəmləri
unudacaqsan: paoportunun
nömrəsini, axırıcı işində aldığın
maaşını, dostunun avtomobilinin
nömrəsini, aya qədər olan məsafəni,
yaşadığın şəhərin əhalisinin sayını. Başqa rəqəmləri. Hamısını
unudacaqsan. Bircə bu beş rəqəmdən savayı. Bu beş
rəqəm, özü də məhz bu ardıcıllıqda
səninçün ən əziz hədiyyə idi. Beş
rəqəm, onun səsi və telefon
dəstəyindən gələn bənövşə ətri. Bəzən mən qara telefonun dəstəyini
elə qaldırırdım, elə bil royalın qapağını
qaldırıram. Bəzən bu qara dəstəyi elə
qoyurdum, elə bil tabutun qapağını
örtürəm. İndi bu nömrə yoxdur. Yəni ki, var,
amma mənimçün yoxdur. Mənimçün
bu nömrə indi yasaq ərazidir. Barmağımın altında telefon dairəsində
yerləşən bu beş rəqəm indi mənim
üçün keçilməz bir məsafədir -
kilometrdir, millər, parseqlər. Mən bu məsafənin beşdə dördünü
keçə bilərəm - dörd rəqəmi yığa
bilərəm, amma heç vədə son rəqəmi -
beşincini yığmayacağam. Sənin
nömrən bağlı qapıdır - açarını
itirmişəm. Səni görməyə də bilərdim. Zəng
edirdim, səsini eşidir və deyirdim:
əzizim, əlin niyə belə soyuqdur? Səni görməyə də bilərdim, amma
məsafədən belə duyurdum. Sahil
kəndlərinin sakinləri dənizi
görməyəndə belə onu duyduqları
kimi. İndi isə dəniz qeyb oldu. Yoxa çıxdı. Min dəfə təkrar olunan əhvalat mən,
sən, bir də o, əlbəttə. Amma bir də
telefon. Hər şey Rasimin toyundan
başlandı. Firuz tostunu davam etdirirdi: - Biz beş yoldaş idik. Lap o filmdəki
kimi, yadınızdamı: onlar beş nəfər idi. Mən, Kamal, Murad, Rasim, Seymur. Bizi
bir-bir fəth etdilər, bir-bir
boyunduruğa saldılar. Bax, bunlar
saldı - bizim xanımlar. hələ evdə də bir
çətən külfətimiz var - oğul-uşaq. Bəli, külfət bizi basdı, yaman basdı -
hamı gülüşdü. - Bu gün də biz Rasimi
itiririk. Heyf ondan. Əlbəttə, mən zarafat edirəm. Xoşbəxt
olun Fəridə, Rasim. Mən sizə çoxlu
səadət, cansağlığı, uzun ömür
arzulayıram. Oğullu, qızlı olasınız. Amma sizin
sağlığınıza içmişik, yenə içəcəyik. İndi
bu badələri mən axırıncı ikidin
saqlığına - bizim canımız-ciyərimiz
Seymurun sağlığına qaldırmaq
istəyirəm. Subaydı-sultandı. Sağ ol, var ol, bülbül ol, qəfəsdə olma. Hamı mənə baxırdı, külüşlərin və
badələrin cingiltisi arasından tanış
üzləri görürdüm - dostlarımın üzlərini.
Üzlərdə sevincli, bir qədər də təəccüblü
ifadə vardı. Qonaqlar dağılışanda biz hamımız -
Firuz, Kamal, Murad arvadlarıyla, bir də
mən tək, bir yerdə çıxdıq. Biz yatmış
şəhərii gecəli küçələriylə addımlayırdıq
və birdən Firuzun arvadı mənim
qoluma girdi: - Yaxşı, Seymur, sənin toyunu haçan
eləyirik? - Uzaq gələcəkdə. - Belə niyə? Yoxsa sən bu naqqalın
sözlərinə inanırsan? - O, şıltaq bir
nəvazişlə ərinin böyrünə qısıldı. - Elə
bilirsən ki, ailə həyatı cəhənnəmdir. Firuz: - Özünə layiq qız tapa bilmir, - dedi. - Doğrudan? Uşaqlar, eşidirsiniz? Gəlin
Seymura bir qız tapaq. Səninçün
Bakının ən gözəl qızını tapsaq,
evlənərsən? — Mütləq, - dedim, - ancaq bir şərtlə.
Gərək, bax elə bu saat, bu dəqiqə
tapasınız. Yoxsa fikrimi dəyişərəm. — Kamal: -Gözümün işığı, - dedi, - gecənin bu
vaxtında sənə hardan qız tapacağıq?
Küçədən tapmayacağıq ki... həm də
gecənin bu vaxtında küçələri gəzən
qızı almazsan yəqin. - Bəli, - dedim, - tamamilə doğru
buyurursunuz. Odur ki, bu söhbəti
xətm edək. - Mənim bir təklifim var, gəlin Seymura
telefonla qız tapaq. Budur, bax,
avtomat da var. - Gözəl fikirdir, - dedim, - amma iki
qəpikliyim yoxdur. Hər tərəfdən mənə
iki qəpikliklər uzatdılar. Budkaya
girdim. - Nömrəni deyin. Firuz: - Əşi, ağlına gələn nömrəni çək, - dedi.
- Məsələn... - birdən o, sözünü yarımçıq
qoydu. - Yox, qardaş, keçəl suya
getməz. Birdən qayınananla yola
getmədin, yapışacaqsan mənim
xirtdəyimdən. - Qorxaq, - dedim, - məsələ də
bundadır. Evlənmək ciddi işdir. Heç kəs
məsuliyyəti boynuna götürmür. Kamal,
bəlkə sən deyəsən. - Mənim bir təklifim var, - deyə Firuzun
arvadı sözə qarışdı. Onun həmişə bir
təklifi olurdu, - heç kəs boynuna
məsuliyyət götürmək istəmir. Gəlin
onda məsuliyyəti bölüşək. Hərə bir
rəqəm desin. Firuz: - Əla, - dedi. O həmişə arvadının
təkliflərini bəyənirdi. - İki. Mən iki
çəkdim. Firuzun arvadı: — Doqquz, - dedi. — Kamal: - Sıfır, - dedi və arvadına baxdı, - sən
de. — Mən? Nə deyim, bilmirəm... yaxşı,
dörd. — Murad: - Beş, - dedi. Bircə Muradın arvadı heç nə deyə
bilmədi, çünki dəstəkdən artıq kəsik
siqnallar eşidilirdi. - Nişanlım yatıb, dedim. hamı gülüşdü.
Mən dəstəyi asdım. Yolumuza davam etdik, yavaş-yavaş
dağılışdıq, hərə öz evinə getdi və mən,
nədənsə, özümü çox tənha hiss
elədim. Dəniz bağına qayıtdım, uzun müddət
adamsız bulvarı dolandım, qaranlıq
dənizə və uzaqdakı rəngbərəng
buylara baxırdım, birdən zəng
elədiyim telefon nömrəsi yadıma
düşdü. Gecə saat iki idi. Mən yaxındakı avtomat budkasına
girdim, yarığa iki qəpiklik saldım və
nömrəni yığdım. Telefonun dəstəyindən qadın səsi
eşidildi. Yuxulu səs də deyildi, belə -
azacıq yorğun, azacıq da təəccüblü. - Bəli. - Salam. - Salam. Kimdir? - Mənəm. Gəlin tanış olaq. Mən sillə kimi üzümə vurulacaq sərt
cavab gözləyirdim. Ya da elə bilirdim
ki, üzünə çırpılan qapı kimi dəstək də
birdən asılacaq. Amma nə söydü, nə
asdı. Səsi əvvəlki kimi sakit idi. - Axı tanışlıq üçün vaxt bir az gecdir. - Gecdir? Xeyr, əsla! Əsil vaxtdır. Mən
bu saat ən yaxın bir yoldaşımın
toyundan çıxmışam. Bu, mənim
axırıncı subay dostum idi. Mənə elə
gəlir ki, bu gün onun toyu yox, yası
idi. - Vay, vay, vay. Elə niyə deyirsiniz? Bəs
siz özünüz evli deyilsiniz? - Yox. Bəs siz ərdəsiniz? O güldü. - Tanışlığın elə birinci dəqiqəsindən
hər şeyi bilmək istəyirsiniz? - Bağışlayın, siz allah. Elə bilməyin ki,
mən telefon xuliqanlarındanam. Yox,
nədənsə, təklikdən bağrım çatlayır.
Odur ki, dedim zəng eləyim, bir adamla
danışım. - Bəs mənim nömrəmi hardan
tapdınız? - Təsadüfən. Ağlıma gələn rəqəmləri
yığdım, vəssalam. - Əcəbdir. - Bilirsiniz, bir az içmişəm, odur ki,
özümü çox yalqız hiss eləyirəm. - Olur, eybi yoxdur. - Sizinlə görüşə bilərik? - Yox, bax, bu baş tutan iş deyil. Gəlin
belə danışaq. İndi gecdir. Gedin evinizə, yıxılıb yatın.
Səhər duracaqsız, bütün dərdi-qəminiz
uçub gedəcək. Görərsiz. - Axı mən sizi görmək istəyirəm, heç
olmasa danışmaq istəyirəm sizinlə. - Telefonumu ki, bilirsiniz. Sabah
ayılandan sonra yenə də görsəz ki,
mənimlə danışmaq istəyirsiz, zəng
eləyin. - Doğrudan? - Doğrudan. Gecəniz xeyrə qalsın. - Xeyrə qarşı. Sabah sizə zəng
eləyəcəyəm. Gülməlidir vallah, amma dəstəyi asıb
boş, adamsız küçələrlə addımlayarkən
mənə elə gəlirdi ki, daha mən də tək
deyiləm. Mənim də kimimsə var. Səhərisi gün, təbii ki, mən zəng
eləmədim. Bütün günü yüz əlli iki min
işlə məşğul oldum və hər şeyi
unutdum. Bir neçə gündən sonra iş
planının müzakirəsində laboratoriya
müdirimizlə möhkəm toqquşdum. O həm də mənim elmi rəhbərim idi. Müzakirədən sonra Firuz məni evlərinə
apardı. Biz onunla bir institutda
işləyirdik. Yolda o mənim başıma ağıl
qoyurdu, deyirdi ki, cırtqoz olma, hər
şey üçün partlama. Əgər haqlısansa da həqiqəti ifadə və
müdafiə etməyin müxtəlif formaları
var. Hamını özünə düşmən eləməklə
heç kəsi inandıra bilməyəcəksən. Bir
az rəftarın olsun, qılığın olsun. Görürsən ki, biri düz danışmır. Denən
ona ki, siz, görünür məsələyə hərtərəfli
nəzər salmamısınız, mənə elə gəlir ki,
bu məsələyə bir də baxsanız, mənimlə
razılaşarsınız. Yoxsa sənin kimi: siz heç bir şey
qanmırsınız, nadansınız, cahilsiniz. Ona
görə də... - Ona görə də, - dedim, - sənin bu
siyasətçiliyin lap məni boğaza yığıb. - Yaxşı, görürəm ki, səninlə adam kimi
danışmaq olmaz. Gedək bizə çay
içməyə... Firuzun arvadı: - Bilirsən, - deyirdi, - heç birimiz onu
öyrətməmişik. Bilmirəm heç bu sözləri
hardan bilir, özü tapıb, deyir: anna,
atta. O bir yaşı təzə tamam olmuş
oğullarından danışırdı Firuz o biri
otaqda ev paltarlarını, məstlərini
geyinib gəldi. - Doğrudan, - dedi, - qəribədir. Bilirsən
mən təzə bir nəzəriyyə icad eləmişəm.
Mənə elə gəlir ki, dili uşaqlar
yaradıblar. Böyüklər yox, məhz
uşaqlar. Biz - böyüklər də onların
düzəltdiyi sözlərdən istifadə edirik. Seymur əmisi, de görüm, harda belə
şirin bala görmüsən, kimin belə oğlu
var, hə?.. Nə qədər eləyirdim telefon nömrəsini
yada sala bilmirdim. İkinci yarısı
yadımda idi, əvvəlindəki iki rəqəmi də
yadımda idi, üçüncü rəqəm sıfır idi, bəs
ikinci - yadıma sala bilmirdim ki,
bilmirdim. - Bura bax, Səmayə, o axşam sən
hansı rəqəmi dedin? - Hansı axşam? Nə rəqəm? İzah etməli oldum. Bir yığın zarafata,
gülüşə, fərziyyəyə, məsləhətə qulaq
asmalı oldum. Ələ saldılar, doladılar,
başıma ağıl qoydular. Amma hamısı bir
yana - qapıdan çıxanda Səmayə dedi: - Hə, yadıma düşdü: doqquz. Mənim
trolleybusumun nömrəsidir. - Allo. Salam. Mənəm. - Salam. Kimdir? - Nə tez unutdunuz. Yadınızda, mən
sizə zəng eləmişdim. Üç gün bundan
qabaq. Elə bu vaxtlar idi. - Onda səsiniz başqa idi, - dedi və
istehzayla əlavə etdi, - ya bəlkə bu
səfər danışan başqa adamdır. Keçən
səfər evlənənin başqa dostu təklikdən
şikayət edir. Məşğulətçin telefon
macəralarına qurşanmısız. O, sərt və kəskin danışmağı bacarırdı. - And olsun ki, mənəm. Yəqin keçən
səfər səsim sərxoş səsi idi, onunçun
tanımadız. İndi necə, tanıyırsınızmı? - Hə, indi tanıdım. Mənə elə gəldi ki,
başqa adamdır, bağışlayın, - o,
arxayınlıqla güldü. - Deməli, bu gün
ayıqsınız. - Yüz faiz. Ayıq vaxtımda zəng elədim
ki, mənim haqqımda yanlış
təsəvvürünüz olmasın. Sonra elə
bilərsiz içkibazam. İldə-ayda bir dəfə
içirəm. - Yaxşı ki, zəng elədiniz, yoxsa bu
axşam mən də yaman darıxırdım.
Radiom xarab olub. - Siz həmişə belə kec yatırsınız? - Hə, mən kecə yarısına qədər radioya
qulaq asıram. Amma bu gün radiomun
lampası xarab olub, lap dəli kimiyəm. Dəstəkdən piano səsi eşidilirdi. Lap
uzaqdan eşidilirdi. - Siz suallara cavab verməyi sevmirsiz,
amma deyin, kimdir bu keçə vaxtı
piano çalan? - Aa, - o güldü. - Bizdə deyil,
qonşudadır. Bir zəhlətökən qızdır ki,
səhərdən axşamacan çalır. Divarlar
nazikdir, bu qammalar məni lap
cəzana yetirib. Radiom işləyəndə heç
olmasa eşitmirəm onun çalmasını. - Radioyla nəyə qulaq asırsınız ki? - Efir evimin içi kimidir. Bax burda
həmişə kecə konserti var - elə bil mən
onun radio-dalğaları üzərində gəzən
barmaqlarını görürdüm - burda da
kəsik-kəsik melodilərdir, uzaq
okeanların üstündən uçub gəlir. Burda həmişə tufan uğuldayır, burda
da anlamadığım bir dildə danışırlar.
Burda həmişə səs-küy olur.
Konferansye zarafat edir, camaat
gülür, əl çalır, mən sözləri başa
düşmürəm, amma hamı gülür, fit verir, əl çalır, mən də şənlənirəm. Burda da nə isə intim bir verilişdir.
Kişiylə qadın lap yavaş, pıçıltıyla
danışırlar, mikrofonda nəfəslərinn də
eşidirəm. Radio qəribə şeydir. Elə bil bütün
dünya mənim otağımdadır. Dünyanın
gecəsi. Göy, melodiyalar, dramlar,
təyyarələr... - Təyyarələr niyə? - Qulaq asın, - dedi. Başa düşdüm ki,
susub dinləyir, Mən də qulaq verdim
və bir qədər sonra təyyarə uğultusu
eşitdim. Görəsən bu təyyarə bizim evin
də üstündən keçəcəkmi? Görəsən
onun evi hansı səmtdədir, şəhərin hansı tərəfində? - Radioyla təyyarələr qohumdurlar,
eləmi? - deyə qəfilcəyə soruşdu. -Hardan qohumdurlar ki? - Səmadan, - dedi və yenə susdu. İndi
dəstəkdən təyyarə uğultusu deyil,
yenə də bayaqkı kimi yeknəsəq
qammalar eşidilirdi. - Mən elə hey danışıram, danışıram, siz
isə susursunuz. Siz də mənə bir şey
danışın. Özüm də özümə təəccüblənə-
təəccüblənə, bilmirəm heç niyə: mən
bu yad adama heç kəsə
danışmadıqlarımı danışmağa başladım. İşdəki çətinliklərimdən, köhnə dostum
Firuzla günü-gündən
uzaqlaşmağımızdan, elmi rəhbərimi
neçin sevmədiyimdən, müzakirədə
ona ağzımdan çıxanı dediyimdən və
başqa-başqa bu kimi şeylərdən. Ona heç bir dəxli olmayan şeylərdən. Niyə mən bunları məhz ona
danışırdım? Özüm də bilmirəm. Amma
özümü saxlaya da bilmirdim. Birdən özümə gəldim. Tələsik onunla
xudafizləşib dəstəyi asdım. Evimə tərəf addımlaya-addımlaya
düşünürdüm. Düşünürdüm ki, bunu
kimə danışsam inanmaz. Doğrudan da
tanımadığın, üzünü belə görmədiyin
adama qəlbini necə açmaq olar. Mən
onun haqqında nə bilirdim? heç nə. Bircə onu bilirdim ki, kecələr o, radio
dinləməyi sevir, qonşusu isə pianoda
qamma çalır. Bu hekayənin iştirakçılarından biri -
telefondur. Mən telefon haqqında bir
neçə kəlmə demək istəyirəm. Son
vaxtlar mən telefonlar barəsində çox
düşünürdüm: onlar mənə qəribə və
müxtəlif cür görünürdülər. Bizim laboratoriya müdirimizin
otağında - masanın üstündə qara bir
telefon aparatı var. Hər dəfə bu
aparata baxanda mənə elə gəlirdi ki,
onun xətti dinamik məftilinə oxşayır. Müdirin daima nigaran, daima təlaşlı,
qorxu çəkən gözlərinə baxanda mənə
elə gəlirdi ki, bu telefonu onun otağına
gec partlayan mina kimi qoyublar. O
hər zəngdən, hər hərəkətdən
diksinirdi. Yəqin ona elə gəlirdi ki, bu mina -
telefon hər dəqiqə bəd bir xəbərlə
partlaya bilər. Bir gün zəng eləyib ona
deyəcəklər ki, səni işdən çıxarıblar,
yaxud arvadın qaçıb... Kanselyariyamızda da telefon vardı.
Amma diski rəqəmsiz, bağlı, qara bir
dairə idi, elə bil möhürlənmişdi. Mənə
elə gəlirdi ki, bu telefon təkərsiz maşın,
ünvansız məktub kimi köməksiz və
acizdir. O, sanki mütiliyin, asılılığın, passivliyin,
təşəbbüssüzlüyün rəmzi idi - sənə
zəng vura bilirlər, amma sən heç kəsə
zəng vura bilmirsən. Bu tipli telefonların müqabilində
telefon avtomatlar da mövcud idi.
Telefon avtomatlar disksiz telefonların
tam əksi idi. Sən zəng edə bilirsən,
amma sənə cavab verə bilmirlər. Zəng elə ağzına gələni de, lap söy, kim
səni tapacaq? Telefon avtomatlar -
cəzasızlığın, məsuliyyətsizliyin,
özbaşınalığın rəmzi idi. Onların
üstünlüyü bombardmançı təyyarənin
silahsız gəmi üzərindəki üstünlüyünə oxşayırdı. Bilsəniz evimdə telefon olmamasına nə
qədər hayıfsılanırdım. Əlimə keçən iki
qəpikləri Hacı Qara kimi xəsisliklə yığır,
gizlədirdim. Tanış-bilişdən iki qəpik
toplayırdım, imkan düşən kimi ayrı
pulu xırdalayıb iki qəpiklik alırdım. Hər gecə ona zəng eləyirdim. Həmişə
də gec zəng eləyirdim. Bu, vərdiş və
adət halını almışdı. Bu söhbətlərə alışmışdım - onun bir az
yorğun, bir az istehzalı, bir az kədərli
səsinə, divar dalından eşidilən
yeknəsəq qammalara, radionun güclə
sezilən nəfəsinə, təyyarə uğultusuyla
dolu pauzalara. Mən indi onun haqqında bəzi şeyləri
öyrənmişdim, amma çox az şey.
Bilirdim ki, adı Mədinədir, tək yaşayır. Bilirdim ki, gözləri qonurdu,
çəkməsinin nömrəsi otuz beşdir.
Bundan artıq heç nə bilmirdim. Bir dəfə soruşdum: - Neçə yaşındasınız? - Eh, qoca qarıyam, nəvələrim,
nəticələrim var, - dedi və mən onun
cavan səsindən duydum ki, məni
dolayır. Və bir də bildim ki, nə
yaşından danışmaq istəyir, nə işindən,
nə də ailə vəziyyətindən. Mən də inad edib soruşmurdum. O özü
də bu barədə məndən bir şey
soruşmurdu, amma bilirdi ki, iyirmi
doqquz yaşım var, subayam, elmi
idarədə işləyirəm. Bircə adımı bilmirdi. Nədənsə ona əsil
adımı deyil, başqa ad demişdim:
Rüstəm. Niyə? Bilmirəm. Bəlkə onun da
əsil adı Mədinə deyildi, başqa idi. - Axı biz haçan görüşəcəyik? - Neylirsiz görüşməyi? - dedi. - Bəyəm
belə pisdi? Sizi bilmirəm, amma
mənimçün bu telefon söhbətləri çox
xoşdur. Həyatıma nə isə təzə bir şey
gətirir. Mənə xoşdur ki, müəyyən
saatlarda zəng gözləyirəm. Zəng eləyən adamı heç tanımıram,
üzünü də görməmişəm, ona görə də
onunla açıq danışa bilirəm, o da
ürəyindəkiləri mənə deyə bilir. Məni heç vaxt görməyib, heç təsəvvür
də eləmir ki, necəyəm. Məgər bu
pisdir?! Görüşərik, bir-birimizi
bəyənmərik, hər şey də pozulub
gedər. Əgər bir-birimizi bəyənsək belə yenə
hər şey dəyişər, adiləşər, bayağılaşar.
Gəlin əlaqələrimizi elə bu şəkildə
saxlayaq. İnandırıram sizi, bu, daha
yaxşıdır. Ondansa işinizdən danışın. O məsələ necə oldu? Davanızı deyirəm?
Ötüşdü? - Yox. Ərizə vermişəm, gedirəm ordan. - Hara? - Hələ bilmirəm. Siz nə məsləhət
görürsünüz? O, cavab vermədi və mən təyyarə
uğultusunu eşitdim. Yeni ili Firuzgildə qarşılayırdıq. Təzə
bəylə gəlin - Rasimlə Fəridə də
gəlmişdilər. On ikiyə on dəqiqə qalmış
masanın arxasına keçdik. Masanı
Firuzun arvadı, başqa arvadların
iştirakıyla çox yaraşıqlı düzəltmişdilər. Mən hamıdan kec gəlmişdim, soyuq
idi, qarlı-çovğunlu küçədən sonra evin
istisi, işığı adama daha xoş gəlirdi. Saat on ikini vurdu, bir-birimizi
qucaqlayıb öpdük, hamıya, hamıya
xoşbəxtlik, səadət arzuladıq və Firuz
dedi ki, bu il tarixi il olacaq - Seymur
evlənəcək. Biz bir qədəh də içdik və
Firuz məni kənara çəkdi. O, axşamdan içmişdi, lap dəm idi və
qədəhin böyründən tutub tək bir
mənim sağlığıma tost deyirdi. Özü də
ancaq mənə deyirdi. - İçirəm sənin sağlığına. Həmişə belə
olasan. Mərd, prinsipial, amma bir az
da ülfətli, qılıqlı, rəftarlı. Həyata açıq
gözlə baxasan. Bilirəm ürəyində mənə
gülürsən, bəlkə də nifrət edirsən. Elə bilirsən ki, mən də bax bütün
bunlardan - o par-par parıldayan təzə
mebelini göstərdi, - ya da Səmayənin
şubasından ötrü mənliyimi satmışam.
Yox. Mən heç bir vaxt vicdanımın
əleyhinə getmərəm, heç vədə elə söz demərəm ki, vicdanım onu qəbul
eləməsin. Buna əmin ola bilərsən. Amma… - o,
pauza verdi, - amma gərək adamın ağlı
başında olsun. Xoruz kimi atılmasın
hər dəqiqə ortalığa. Elə yer var gərək çəkiləsən, güzəştə
gedəsən, elə yer də var ki, gərək
qabarasan, sözünün üstündə
möhkəm dayanasan. Bəzi xırda işlərdə
güzəştə getmək lazımdır ki, böyük
işlərdə ketməyəsən. - Bəlkə də sən haqlısan. Amma
mənimçün bu haqq-hesab çox qəliz
məsələdir, burda geri çəkil, orda irəli
çıx, mən belə idmandan baş çıxara
bilmirəm. O, əlini yellədi: - Ay-hay. Yaxşı, gəl içək. Yeni ildən
harda işləyəcəksən? - Qəzetdə, - dedim. - Dünəndən əmrim
verilib. - Özün bilən yaxşıdır, amma məndən
soruşsan nahaq getdin. O, royalın arxasına keçdi, çalmağa
başladı, arvadı da oxudu. Bizim
radionun son mahnılarından. biri idi.
Birdən mənim yadıma qammalar,
sonra nsə radio düşdü. - Tost demək istəyirəm, - dedim. Hamı təəccüblə mənə baxdı, bilirdilər
ki, mən heç vaxt tost-zad deyən
deyiləm. - Bax, biz hamımız burdayıq, bir yerdə,
kefimiz də sazdır. Gəlin amma
fikirləşək görək bu axşam tək qalanlar
neyləyir? Məsələn, növbətçilər, yol
baxıcıları. - Kim, kim? - deyə ordan-burdan
səsləndilər. - Yol baxıcıları deyirəm. Bəli, o yol
baxıcıları ki, qatarların cədvəlini əzbər
bilir, təpə-tənha daxmalarından kecə
vaxtı, qarda-çovğunda yola çıxıb
qatarları ötürürlər. Rasim: - Dinməyin, deyəsən aşnamız dəmdir, -
Hamı bərkdən gülüşdü. Firuz tez mənə
baxdı və ayağa durdu: - Dayanın, dayanın, - dedi. - Deyəsən
xətrinə dəydi. Xahiş edirəm
gülməyəsiz, məsələ ciddidir. Deməli,
yol baxıcılarının sağlığına, eləmi
Seymur? Hamı qədəhləri qaldırdı. - Yox, - dedim, - mən yol baxıcılarının
sağlığına demək istəmirdim. Sözümü
ağzımda qoyduz. Mən başqa bir
adamın sağlığına içmək istəyirdim və
bax, əgər dolayıb eləsəz, məndən
inciməyin. - Pah atonnan. Yaxşı, de gəlsin... - Mən bir adamın, bir tək-tənha, yalqız
adamın sağlığına içmək istəyirəm. İndi
o, oturub radionun qabağında. O,
bütün radiostansnyaların proqramını,
cədvəlini bilir. Yol baxıcısı qatarların
qarşısına çıxan kimi o da efirdəki konsertlərin qabağına çıxır. Bütün
dünya onun otağındadır, bütün bu
dünyayla birlikdə o necə təkdir... Mən bir qurtuma qədəhi başıma
çəkdim. Hamı səssiz-səmirsiz içdi, təəccüblə
baxışdı, amma bir şey demədi. Bir
azdan sonra isə başqa şeylərdən
danışmağa başladılar. Mən dəhlizə çıxdım, nömrəni yığdım və
dinləməyə başladım. Dəstək susurdu.
«Bu da sənin yol gözətçin - deyə
düşündüm. - Nahaq sən onun dərdini
çəkirsən. O da yəqin hardasa yeni ili
qarşılayır. Niyə də qarşılamasın axı?» Sonra mən yenə zəng elədim. İstədim
ki, yeni ilini Moskva vaxtıyla təbrik
eləyəm. Cavab çıxmadı, bir saatdan
sonra yenə zəng elədim, Praqa
vaxtıyla yeni ilini təbrik etmək istədim,
yenə hay vermədi. Bir saat da keçdi, yenə zənk elədim. Hansı vaxtla yeni il
idi bilmirəm, bəlkə Qrinviç vaxtıyla. Nəhayət, səhər altının yarısında,
küçədəki avtomatdan zəng eləyəndə
cavab çıxdı. - Sizi Atlantik yeni iliylə təbrik edirəm, -
dedim. Yəqii ki, nə demək istədiyimi
başa düşmədi, mən də izah eləmədim. - Sizsiz? İndicə girmişəm qapıdan. - Bilirəm. Bütün gecəni sizə zəng
vurmuşam. - Rəfiqəmgildəydim. - Dəxli yoxdur, - dedim, -yeni ildə mən
sizə vacib bir şey demək istəyirəm. Mən
sizi sevirəm. Özü də dəliçəsinə sevirəm. - Belə de. - O güldü. - Əcəb şad
xəbərdir. Yeni il pis başlamır. - Siz mənim əzizim, gözümün işığısınız,
bilmirəm hansı sözləri demək lazımdır,
amma mən heç kəsi belə sevməmişəm.
Bilirəm, sizə gülməli gəlir, axı biz heç
bir-birimizi görməmişik. Amma
neyləmək, bu belədir ki, var. Mən sizsiz yaşaya bilmərəm. - Daha doğrusu, mənim telefonumsuz,
- dedi. - Bilirəm, bu sözlər havayı
söhbətdir, amma hər halda onları
eşitmək xoşdur. İlk dəfə idi ki, bizim söhbətimizi
qammalar müşayiət etmirdi. Səhər
açılırdı. Mən vaxtilə musiqi məktəbində
oxuduğuma görə ağlıma belə bir
bənzətmə gəldi - həyatın xromotik
qamması - ağ və qara pərdələrin - gündüzlərin və gecələrin, yaxşı, işıqlı
günlərin və pis, qaranlıq günlərin
ardıcıllığı... - Mən sizi haçan görəcəm axı? Amma
siz düz deyirsiniz, görüşməyək. Bu
məhəbbətin ən gözəl formasıdır, bir-
birimizə telefon xətləriylə bağlanmışıq.
Gözəl əlaqədir. - Birtərəfli əlaqədir, - dedi, - o, mənada
ki, mənə zəng edə bilirsiz, amma mən
sizə yox. - Bəli, ona görə də mən sizi
görməliyəm. Ünvanınızı deyin bu
saatca gəlim ora. - Xahiş edirəm sizdən, dedi və səsində
ağrı duydum. Xahiş edirəm bu sevinci məndən
almayın. Belə təklifi mənə çoxları edir.
Siz də etsəz, sizinlə də salam-kalamım
kəsiləcək, - susdu, sonra əlavə etdi, -
amma sizə mən çox isnişmişəm. Siz ilk
adamsınız ki, ərimin ölümündən sonra özümə yaxın, məhrəm bilirəm. Yanvarın ikisində təzə işimə gəldim.
Bütün günü böyük bir materialı
redaktə etdim, işin axırına yaxın
makinaçıya verdim. Dedim ki, mütləq
səhərə hazır edin. Kanselyariyanın
qabağında böyük bir siyahı asılmışdı - işçilərin familiyaları və telefon
nemrələri. Mən gözucu bu siyahıya nəzər saldım
və birdən diksindim - elə bil
tanımadığım adamlar içində tanış bir
sifət görmüşdüm. - Vəlizadə kimdir? - deyə xəbər aldım. - Bizim makinaçıdır. İndicə material
verdiz e, ona... Nədir ki? Mən pəncərədən baxdım. Qonur gözlü
makinaçı pilləkənlərlə aşağı düşürdü.
Dikdaban çəkmələri - tuk-tuk-tuk, -
pilləkəndə səslənirdi və mən bilirdim
ki, onun çəkməsinin nömrəsi otuz
beşdir. Bu, lap nağıla oxşayırdı. Tale bizi bir
idarədə rastlaşdırmışdı, amma o hələ
bu barədə bir şey bilmirdi. İndi o,
makinasında mənim verdiyim böyük
materialı yazarkən heç ağlına da
gətirmir ki, bu materialı ona mən vermişəm, yəni, bilir ki, mən vermişəm,
amma bilmir ki, mən oyam, yox, daha
doğrusu, necə deyim, mən - mənəm. Mən özümü saxlaya bilmirdim, bu
yeniliyi ona çatdırmaq istəyirdim,
avtomatdan ona zəng elədim. İlk dəfə
belə erkən zəng vururdum və telefon
susurdu. «Zərər yoxdur, həmişəki
vaxt zəng edərəm, qoy sürpriz olsun». Gecə ona zəng vurdum. - Salam. İki saat bundan qabaq sizə
zəng eləmişdim. - Belə tez niyə? Rəfiqəmgildə idim.
Əlimdə işim vardı, onlarda işləyirdim. Gülüşümü güclə boğaraq: - Nə işdi ki? - deyə soruşdum. - Evə iş götürmüşəm. Təzə müdirimizin
tapşırığıdır. - Təzə müdir? - Hə, bu gün idarəmizə təzə şöbə
müdiri gəlib. - Yox əşi, - mən yenə də gülməkdən
özümü küclə saxlayırdım, Hə, necədir
təzə şöbə müdiriniz? - Nə deyim vallah. Nə isə məni açmadı.
Çox təkəbbürlüdür. Düzdür, ilk
təəssüratla çətindir demək, amma, hər
halda... Mən quruyub qaldım. Bu variant heç
mənim ağlıma gəlmirdi. - Niyə xoşunuza gəlməyib ki? - Əşi, heç, birinci təəssürat çox vaxt
səhv olur. Bəlkə də yaxşı adamdır. hər
halda özünü belə tox tutur. Hündür, göyçək oğlandır. Sifəti də
gözəldir, amma bir az forsludur
deyəsən... Adama elə bil yuxarıdan
aşağı baxır. Danışanda da belə əmrlə
danışır: sabaha çap eləyin. İlk dəfə olaraq o öz peşəsi haqqında
ağzından söz qaçırtdı. Amma mən bu
sözdən yapışıb, onun peşəsini
soruşmadım, axı onsuz da bilirdim. - Bəs sizin işiniz nə oldu? - deyə
soruşdu. - Təzə işə düzəldiniz? Onda mənim ağlıma da gəlmədi ki,
qəribə bir oyun başlayıram, amma ani
olaraq hansı daxili qüvvəsə məni
saxladı və belə cavab verdim: - Yox, bilirsiz, fikrimi dəyişdim. Köhnə
yerimdə qaldım. Səhərsə ilk dəfə Mədinəni, mənim
Mədinəmi gördüm. Yəni dünən də
görmüşdüm onu. Amma dünən bu
sifət başqa sifətlərdən biri idi, xoş,
yapışıqlı bir sifət idi, amma xüsusi bir
şeylə ayrılarından fərqlənmirdi. Adi bir sifət... Bəlkə hətta ona gözəl də
demək olardı, amma nə isə solğun,
tutqun bir gözəllik idi bu. Bütün bunlar
dünən idi. Bu gün isə hər şey bambaşqa idi. Onun
çap etdiyi kağızlara baxa-baxa oğrun-
oğrun özünə də nəzər salırdım. Onun
məna yad olan zahiri görünüşüylə bu
qədər yaxın, doğma məhrəm səsi
arasında, real varlığıyla telefon varlığı arasında bir ahəng, uyğunluq
axtarırdım. Mən onunla çox mehriban, həssaslıqla
davranırdım və çox maraqlanırdım
görüm o bu dəyişikliyi duyurmu? Bunu bilmək üçün axşamı
gözləyirdim. Telefon saatını. - Deyirdim də sizə, ilk təəssürat çox
vaxt aldadıcı olur. Sən demə belə
mehriban, belə həssas adammış ki... - İkinci təəssürata da çox inanmayın. O
da aldadıcı ola bilər. - Yox, yox, dünən onun gözlərinin
içinə baxa bilməmişdim. Bu gün
baxdım - «görəsən haçan baxıb ki,
mən sezməmişəm», - deyə düşündüm.
- Bilirsiz gözləri nə təmizdir, ağıllıdır. - Qısqanıram sizi ha, - dedim. Bu oyun belə başladı. Mən artıq bu
oyunun qaydalarını da bilirdim. O isə
hər şeydən bixəbər idi. Artıq mən heç bir şey edə bilməzdim.
hadisələr mənim nəzarətimdən,
ixtiyarımdan çıxmışdı. Poçt qutusuna
atdığın məktub kimi. Bu oyunun öz çətinlikləri vardı. Gərək
bütün sözlərini, ifadə, düşüncə tərzini
dəyişdirəydin. Telefonda bir adam
olaydın, işdə başqa. Hərəsinin də öz
aləmi, öz davranışı, öz psixologiyası. İşdə mən tamam başqa adam idim.
Xeyirxah, amma arada pərdə
saxlayan, bir qədər özünü çəkən.
Telefonla o mənə mənim barəmdə
danışırdı, hər hərəkətimi, hər
addımımı, üzümün hər ifadəsini təhlil edirdi. Çox vaxt söhbəti mən özüm salırdım,
amma axır vaxtlar hiss edirdim ki,
mənim söz açmağıma heç ehtiyac
qalmır. O özü hvvəslə Seymur
müəllimdən danışır. Rüstəmlə uzun-
uzadı telefon söhbətləri zamanı danışır. Amma Seymurla heç vaxt Rüstəm
barəsində danışmırdı. Ümumiyyətlə,
onun telefon həyatı haqqında heç
kəsin təsəvvürü yox idi. Mən bilmirdim sevinim buna, ya
kədərlənim. Bəzən mənə elə kəlirdi ki,
onun bu barədə heç kəslə
danışmamasına səbəb tam bir
laqeydliyi, biganəliyidir. Bəzən də
əksinə düşünürdüm. Düşünürdüm ki, o bunu ən titrək, ən
əziz, ən sirli bir hiss kimi gizlədir, heç
kəsə açmaq istəmir. Qəribə şey idi - elə
bil duyğularım qatmaqarışıq
düşmüşdü. Təsəvvür edin, Seymur kimi mən onu
telefon həyatına qısqanırdım. Gecə
telefon söhbətlərində isə məni -
Rüstəmi onun Seymur haqqında uzun-
uzadı söhbətləri əsəbiləşdirirdi. Bir dəfə ona: - Gəlin, - dedim, - bir-birimizə «sən»
deyək. Axı çoxdan tanışıq. - Yaxşı, gəl, - deyə telefondan cavab
eşitdim. - Sağ ol, gecən xeyrə qalsın, - dedim
və uşaq kimi sevindim ki, indi Mədinə
mənimlə «sən» deyə, onunla isə «Siz
deyə danışır. Birdən ağlıma gəldi ki, ilk dəfə özüm
haqqında, özümün ikinci «Məni»
haqqında özgə bir şəxs kimi
düşünürəm. - Mənə elə gəlir ki, sən bir balaca
ondan gəsirsən? - Nə bilirsən? - deyə işvəylə cavab
verdi, - bəlkə o məndən bir balaca
kəsir. Mən hirslə dəstəyi asdım. Üç gün ona
zəng eləmədim. İşdə isə o gün həvəslə mırt vururduq.
İdarənin köhnə işçilərindən biri mənə
yanaşdı: - Əbəs yerə özünü yorma, - dedi və
gülümsündü, hələ heç kəs bizim bu
balaca xanımın qəlbini fəth eləyə
bilməyib. Hər üçümüz güldük, Mədinə gedəndən
sonra müsahibim dedi: - Rahibə kimi bir şeydir. Heç kəs onun
ürəyinə yol tapa bilmir. Vəfalı arvad
imiş. Əri neçə il bundan qabaq həlak
olub. Öyrəndim ki, əri təyyarəçi imiş, göydə
həlak olub. O gün işdən gec çıxmışdım. Qapıdan
çıxanda eşitdim ki, Mədinə makinada
nə isə yazır. Onun uzun nazik
barmaqları vardı və o, makinada
yazanda adama elə gəlirdi ki, pianoda
çalır. Gecə ona zəng elədim. - Salam. - Salam. Deməli, sənin özündən
çıxmağın da varmış. O gün niyə
dəstəyi çırpdın? Sənin açığına bu gün
Seymur məni evə ötürdü. - Necə? - deyə mən təəccüblə
soruşdum və təəccübümün
səmimiyyətinə inana bilərsiniz. - Elə, işim çox idi. Gec çıxdım. O da
məni ötürdü. Çünki mərifətli adamdır. «Daha doğrusu, mərifətsiz, gicin
biridir» - deyə düşündüm. Kül ağlıma,
elə gec qalmışdı, mən də vidalaşıb
getdim, fikrimə gəlmədi ki, ötürüm». Ancaq mən başqa şeyi də anlamışdım.
Başa düşmüşdüm ki, onu ötürmək
istəsəm, Yox deməz, hətta bəlkə ona
xoş gələr. Bəlkə də acıqla deyirdi,
telefonu çırpdığım üçün məni -
Rüstəmi hirsləndirmak üçün deyirdi. - Deməli, o mənə - telefon tanışına da
laqeyd, biganə deyildi. Ancaq bunu
necə biləsən? Bunu bir vaxt bilə
biləcəyəmmi? Gümanlar, fərziyyələr nçində çaşıb
qalmışdım. Amma bircə şeyi dəqiq
dərk etmişdim və odur ki, gələn səfər
o işdən gec çıxanda nə etmək lazım
olduğunu bilirdim. Biz gediş-gəlişi azalmış adamları
seyrəlmiş küçələrlə keçirdik və mən
ondan soruşdum: - Bəs işiniz olmayanda axşamlar
neyləyirsiz? - Evdə otururam, - dedi. - Elə tək-tənha oturursunuz evdə? - Bəli, nədir ki?.. Oxuyuram, radioya
qulaq asıram. Görəsən radio haqqında danışdıqlarını
indi də danışacaqmı? Amma tamam
başqa məsələdən söz saldı və mən
bununçun ona minnətdar idim. - Bu da mənim pəncərəm, - deyə
üçüncü mərtəbəni göstərdi. - Bəlkə pilləkən qaranlıqdır, qoyun sizi
yuxarıyacan ötürüm. - Yox, - dedi. Amma mən geri çəkilmək istəmirdim, - Bəlkə məni evinizə dəvət edəsiz? - Məmnuniyyətlə. Amma indi gecdir, -
o, saatına baxdı və mən hiss elədim ki,
əsəbiləşir. - Gecdir? Siz belə tezdən yatırsınız? - Yox, amma... - o, narahat idi, söz tapa
bilmirdi. - Yaxşı, indi ki, mənə bir stəkan çay
vermək istəmirsiniz, gəlin bir az da
gəzişək, hava alaq. O dinmədi. Biz bir neçə dəfə onların
evlərinin başına hərləndik. Mən yaman
getmək istəyirdim onun evinə. Telefon
söhbətlərindən mənə bu qədər tanış
olan bu ala-işıq mənzili, radionu,
yumşaq kürsünü görmək istəyirdim. Bəlkə də o gün məni evinə dəvət
etsəydi, hər şeyi ona deyəcəkdim. Ancaq dəhliz qapısının qarşısında
ayrılarkən o, əlini tələsik mənə uzatdı. - Yaxşı, hələlik Seymur müəllim. Çox
sağ olun. Gecəniz xeyrə qalsın. Gülümsündü, cəld çevrilib qaçdı. Mən onun addım səslərini dinləyirdim
və birdən hər şeyi başa düşdüm. Başa
düşdüm ki, o niyə tələsir, əsəbiləşir,
tez-tez saata baxırdı. O, telefon
zənginə gecikməkdən qorxurdu.
Mənim zəngimə. Bir neçə gündən sonra bizim məsul
katib istehsalat müşavirəsində axmaq
bir çıxış elədi. Mən söz aldım və onu birtəhər elədim.
O mənə cavab vermədi və birdən
mənim yazığım gəldi bu kişiyə. Neçə
ildir qəzetdə işləyir, yəqin hələ heç kəs
onunla bu tonda danışmayıb. Özü də
adam içində. Müşavirədən sonra mən özümü
narahat hiss elədim, əvvəla ona görə
ki, tamamilə haqlı deyildim, ikincisi ona
görə ki, Firuzun məsləhətlərini
xatırladım, üçüncüsü də ona görə ki,
bu işdən də getmək istəmirdim. Axı Mədinə burda işləyirdi. Nə isə
məsul katibin otağına getdim,
üzrxahlıq elədim. Gecə Mədinəyə zəng eləyəndə bilirdim
nədən danışacaq. - Bilirsən, Rüstəm, - onun səsində bir
canlanma, həvəs vardı, - bizim Seymur
bilirsən neçə mərd adamdır. Bu gün
mən olmamışam, amma hamı danışır
ki, müşavirədə durub məsul katibi
birtəhər eləyib. Yaş yuyub, quru sərib. Ağzından
çıxanı deyib. Bilirsən, hamı bundan
danışır. Axı hələ indiyə kimi onun bir
sözünü iki eləyən olmayıb. Özü də bu qədər adamın içində kişini
biabır eləyəsən. - Bilirəm, - dedim, - bu tipdə adamları
mən yaxşı tanıyıram. İclaslarda alovlu
nntqlər deyirlər, adamların içində
basıb - kəsirlər, amma sonra təklikdə
kedib üzr istəyirlər. Yəqin sənin
Seymurun da iclasdan çıxıb gedib o kişinin yanına, şahidsiz-zadsız yıxılıb
ayağına, başlayıb yalvarmağa. O, kədərli səslə: - Axı belə niyə danışırsan? - dedi. -
Niyə sən onu sevmirsən? - Ona görə ki, sən onu sevirsən. Mən
də səni sevirəm. - Çox gözəl. Hamımız bir-birimizi sevək
də. - Əlbəttə, sən zarafat elə. Bəla ondadır
ki, onunla sən görüşürsən, üzbəüz
danışırsan, kinoya gedirsən. - Kinoya? Nə bilirsən ki, onunla kinoya
gedirəm. - Niyə də getməyəsən? O güldü. Görünür bu fikir ona xoş idi. - Mənimlə isə ancaq telefonla əlaqə
saxlayırsan. - Axı biz səninlə danışmışdıq. - Sən mənim haqqımda ona bir şey
demisən? - Nə danışırsan? Mən bu barədə heç
kimə, heç vaxt bir kəlmə də
deməyəcəyəm. Mənimçün bu, necə
deyim, - o bir an susdu, söz axtardı, -
müqəddəs bir şeydir. Səhərisi günü biz onunla kinoya
getmişdik. Film sınaqçı pilotlar
haqqında idi və Mədinə qəhərlənmişdi.
Bəlkə buna görə onda qəlbini
boşaltmaq ehtiyacı vardı və biz
bulvarla evə qayıdarkən o mənə həlak olmuş ərindən danışırdı. Deyirdi ki, bizim bütün ömrümüz
göydə keçdi. Göydə tanış olduq. O
pilot idi, mən adicə sərnişin. Sonra mən stüardessa işləməyə
başladım ki, həmişə onunla olum.
Evləndik. Bakıdan - Moskvaya,
Moskvadan - Bakıya uçurduq və
təyyarədə xəlvət guşə tapıb
öpüşürdük. Sonra boynuma uşaq düşdü,
məzuniyyətə çıxdım. Axırıncı dəfə onu
trapa qədər ötürdüm. Ayrılanda onların dodaqları arasında
məsafə yox idi, amma bilmirdilər ki, bu
məsafə həyatla ölüm arasındakı
məsafədir. Əbədi göylə, onun heç bir
vaxt qayıtmayacağı əbədi göylə - yer
arasında, Mədinənin onu daim gözləyəcəyi yer arasındakı məsafə. Təyyarə yerindən tərpənəndə Mədinə
onun arxasınca su atdı. Yəqin aviasiya
tarixində ilk dəfə idi ki, müasir hava
laynerinin ardınca, min il bundan
qabaqkı adət üzrə su atırdılar. Sonra o,
göyə qalxdı. Sonra yağış yağdı. Mədinə ayaq saxladı, nəyəsə qulaq
verməyə başladı. Bir qədərdən sonra
bu uğultunu mən də eşitdim və başa
düşdüm ki, o bu səsi hamıdan qabaq
eşidir. Biz göydə hərəkət edən
rəngbərəng işıqlara baxırdıq və Mədinə dedi: - Onun qəbri ordadır. Arvadlar ərinin
qəbri üstə qəbiristanlığa gedir, mən də
göyə baxıram. Sonra Mədinə mənə danışdı ki, bəzən
axşamlar aerodroma gedir, elə belə bir
kənarda dayanır, düşən, qalxan
təyyarələrə tamaşa edir. Sonra dedi ki,
uşaq da ölü doğuldu, ərinin bu
yadigarı da qalmadı. Mən əlimi onun üzünə çəkib
yanaqlarındakı göz yaşlarını sildim,
sonra dəli kimi onu öpməyə başladım. O: - Yox, yox, yox, lazım deyil, - deyirdi
və mən hiss edirdim ki, get-gedə o bu
sözləri daha böyük çətinliklə deyir. Mən onu ötürdüm və dərhal zəng
elədim. Səsi həyəcanlı və hətta bir qədər şən
idi və mənim bütün romantiklərə -
havada, yerdə, dənizdə həlak olmuş
bütün biçarələrə yazığım gəldi. - Bilirsən, - dedim. - İndi işdə də
onunla «sən» deyə danışırdıq, - dünən
biz ayrılan kimi sənə zəng elədim,
telefonun məşğul idi. Gecənin o
vaxtında kiminlə danışırdın belə? Mən heç gözləməzdim. Onun rəngi
qaçdı, sifəti gərginləşdi. Amma tez
özünü ələ aldı və dedi: - Yəqin ayrı yerə düşmüsən. Mən gələn
kimi yatdım... - Dünən səni yuxumda görmüşəm. - Qəribədir, həyatda heç bir vaxt
görmədiyin adamı yuxuda neçə
görmək olar? - Səsini görmüşdüm yuxuda. Bir də
«Nerinqa» radionu. - «Nerinqa»nı yenə təsəvvür edə
bilərəm, amma səsimi necə görmüsən,
heç ağlıma sığışdıra bilmirəm. Səncə,
mən necəyəm? heç məni təsəvvür edə
bilirsənmi? - Əlbəttə. Hündür boylu, uzun qıçlı,
uzun saçlı - mən onun əsil görkəminə
uyğun olmayan şeyləri deyirdim. - Afərin sənə, - dedi. - Lap düz
təsəvvür edirsən. İndi mən hər gecə
sənin yuxuna girəcəyəm. - Yəqin sən tək mənim yuxuma
girmirsən... - Yenə başladın? - Yox, bilirsən, deyirlər Məhin Banu hər
gecə yüz kişinin yuxusuna girirmiş.
Sənin tiracın neçədir? - Mən bircə nüsxəyəm və ancaq sənin
yuxuna girirəm. Sən mənim gözümün
işığısan. - Hədsiz dərəcədə minnətdaram. - Bura bax, gözümün işığı, bir
məsələni səninlə məsləhətləşmək
istəyirəm. Amma, xahiş edirəm,
özündən çıxma, hay-küy salma,
telefonu da atma. Mən bu söhbəti üç gündü gözləyirdim.
Üç gündü təəccüblənirdim ki, niyə bu
barədə danışmır. - Qulaq as. Amma əvvəl yanına gətir
validol qoy. - Yaxşı, ürəyimi çəkmə. - Yaxşı. Üç gün bundan qabaq Seymur
mənə təklif elədi ki, ona ərə gedim.
Ürəyin getmədi ki? - Yox, - dedim. - Nə cavab verdin ona? - Hələ heç bir cavab verməmişəm.
Səninlə məsləhətləşmək istəyirəm. Axı
sən mənim ən yaxşı, ən əziz
dostumsan. Ən əziz adamımsan. «Qadın psixologiyası qəribədir.
Başqasına aşiq olan kimi sən ən yaxşı
dost, ən yaxın adam olursan». - Lazım deyil - dedim və ən qəribəsi bu
idi ki, mən səmimi deyirdim. - heç kəsə
getmə. Ya da mənə gəl. Mən səni
sevirəm. Ay allah, kaş telefonla
evlənmək olaydı. O qəhqəhə çəkdi. Bir qədər əsəbi və
süni gülürdü. - Ağıllı oğlan ol. Axı sən hələ lap
balaca uşaqsan. - Mən? Nə bilirsən, sən ki, məni
görməmisən. - Mən hiss edirəm. Hər şeydən hiss
edirəm, sənin səsindən, xasiyyətindən,
mənə əlaqəndən. Yalvarıram sənə,
həmişə belə qal, böyüməyə tələsmə. - Nə bilirsən, bəlkə mən sənin
Seymurundan böyüyəm. - Yox, yox əzizim. Qadın hissləri heç
vaxt aldatmır. Bu lap məzhəkəyə
oxşayırdı, amma mənim gülməyə
həvəsim yox idi. Nə isə doğrudan da
ağrı, kədər, intizar duyurdum. - Lazım deyil, Mədinə, - deyirdim. - Bəs
mən nə edəcəm? Axı ərin icazə
verməyəcək ki, gecə sənə zəng vurum. - Fikirləşib bir şey taparıq. Axı telefon
əlaqəsi xəyanət deyil, günah deyil. O
vaxta sənin də evində telefon olacaq,
mən özüm sənə zəng eləyəcəm. Axı ona necə başa salaydım ki, bu heç
bir vaxt mümkün olmayacaq. - Məni başa düş, - deyirdi, səsi ciddi və
kədərli idi, - bax, - siz kişilər hərdən
təklikdən, tənhalıqdan şikayətlənirsiz.
Mənim lap gülməyim tutur, çünki siz
əsil təkliyin nə demək olduğunu heç
vaxt başa düşə bilməzsiniz. Elə təklik ki, onu yalnız qadın başa
düşə bilir. Gecə ayılırsan, divarlar
üstünə gəlir... nə isə, qəmli şeylərdən
danışmayaq. Sən nə desən, onu
edəcəm. İstəyirsən yox deyim. Mən ona nə deyə bilərdim? O susdu,
sonra mən təyyarə uğultusu eşitdim və
başa düşdüm ki, bu özü elə cavabdır.
Heç bir vaxt bizim heç birimiz - nə mən
- Rüstəm, nə də mən - Seymur onun
həlak olmuş ərinin yerini tuta bilməyəcəyik. O axşam işdən sonra ilk dəfə məni
evinə dəvət etdi. Mən dəhlizi və
mərtəbəni bilirdim, amma mənzil
qapısını tanımırdım. Qaranlıqda başqa
qapını döydüm. Açan olmadı. Kibrit çəkdim və qapının üstündə not
vərəqində yazılmış «Açar qonşudadır»
sözlərini oxudum. Not kağızını görən
kimi qammalar yadıma düşdü və
bildim ki, qapını çaşdırmışam. Çönüb
qarşıdakı qapını döydüm. «Nerinqa» radiosu, yumşaq kürsü,
torşer - hər şey eynilə mən təsəvvür
elədiyim kimiydi. - Bu saat, Seymur, sənə əntiqə musiqi
tutacam, - dedi. - Sən qulaq as, mən də
çay qoyum. Sonra mən onu öpürdüm, qucaqlayır,
oxşayırdım. Hiss edirdim ki, ona
qadınlığı xoş və çətin bir ağrıyla
qayıdır. Divar dalında lap yaxınlıqda qamma
çalmağa başladılar, birdən o mənim
əllərimin arasından çıxdı və nəyəsə
qulaq asmağa başladı. Mən də dinləyirdim. Bilirdim ki, bir neçə
saniyədən sonra mən də bu uğultunu
- təyyarə uğultusunu eşidəcəyəm.
Amma heç bir töyyarə - filan yox idi.
Birdən başa düşdüm ki, Mədinə nəyə
qulaq verir. Mədinə telefonu dinləyirdi. Bu vaxtlar o zəng edərdi. - O, - yəni mən. Bilirdim ki, o daha zəng eləməyəcək,
daha heç bir vaxt zəng eləməyəcək,
amma bir an mən də şübhələndim,
mən də gözlədim və mən də möcüzə
arzuladım - istədim, telefon səslənsin. Telefon susmuşdu.


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 781 Bölmə: Sevgi varmı?