beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tenha Xanima Gece Oxusu.Aldaniwlar Weheri

Saat çoxalıb gün artdıqca biz şəhərdən uzaqlaşırdıq. Nə yaxşı ki, şəhərdən qaçmaq ağlıma gəlmişdi. Bu cırhacırda burda qalmaq, od tutub yanmaq axmaqlıq olardı lap. Amma dünənin təsiri hələ də keçməmişdi. Bir az ürəyim bulanırdı, bir az. O da qorxudan. Uşağa qalmaqdan qorxurdum. Ayrı heç nə narahat etmirdi məni. Ərə gedəndə tikilib getmək olardı. Amma onun uşağını saldırmağa gücüm olmazdı. Bir də o uşaq gec-tez doğulmalıdı onsuz da. İndi lazım deyil sadəcə. Ərə gedərəm, uşağı da ər pərdəsi altında böyüdərəm. Hər halda ondan doğulacaq yavrumu abort stolunda qoyub gələ bilmərəm.
Bu günsə baş götürüb gedirəm buralardan. Aldadıram hamını. Elə bilirlər isti qovur məni. Guya dözümüm yoxdu. 1-2 ay gözləyib sonra qayıdacağam. Uşağa qalmasam, qayıdacağam. Yoxsa…Dünən mamanı aldatdım…ilk dəfə. Dedim şəhərdə gəzirəm. Onun qucağına girməzdən əvvəl də telefonu söndürdüm. Sevdim onu dünən…adam kimi…qadın kimi…kişi kimi… Gəlinlik paltarımı soyundum həmişəlik…onunçun… hisslərim bakirədir indi ancaq. İtirdim mən də…
İtirmək həmişə incidib adamı. Heç vaxt itirdiyi bir şey üçün üzülməyən adama rast gəlməmişəm də. Amma bu itki elə gözəl duyğuydu ki. Sarılmışdım ona. Öpürdü məni… O necə sevimli, necə əziz…
Dünən də qorxurdum. Düzü, o an ağlıma hamiləlik gəlmirdi. O anın qorxusu başqaydı. Nə də olmasa ilk dəfə idi. Qorxusu olmalıydı. Qızlıqdan qadınlığa bir an varmış. Hələ dünənin dünənindən bu görüşün sonunu təsəvvür edirdim. Bilirdim nəsə olmalıdı. Bilirdim. Hazır da getmişdim. Gəlin kimi… İllərin həsrətini, yanğısını büküb bir küncə atacağıma qərar vermişdim. Arzu olunduğumu da bilirdim, sevdiyindən əminəm. Amma qızlıq və qadınlıq körpüsünün bu qədər asan, rahat və bir anlıq olduğunu ağlıma gətirə bilməzdim. Çünki bu an yalnız və yalnız bir dəfə yaşanır. O da yalnız və yalnız onunla yaşana bilərdi…
- Xanım qız, burda düşsək, pis olmaz ki? Heç insafdan deyil bura qədər gəlib əyləmədən keçib gedəsən. Gəl bir hovur saxlayım maşını. Sən də düş əl-üzünü yu.
Şoferin əttəkön və çeynənmiş sözləri məni yazımdan ayıltdı. Etiraz etməyin yeri yox idi. Başımla razılaşdığımı bildirib könülsüz maşından endim. Yol kənarında yolçularçun nəzərdə tutulmuş kranlara yaxınlaşıb soyuq su ilə əllərimi yudum. Yaş əllərimi qollarıma çəkdim. Ürəyim sərinlədi. Daha üzümdəki narazılıq da itməyə başlamışdı. Tərləməmişdim. Burnuma tər qoxusu dəydi. Dönüb yanımda bizim maşının şoferini gördüm…
…Dünən çox tərləmişdi. Qapını açıb hava almasaydı, istidən ürəyi dayanacaqdı. Əvvəlcə çantamdan yaş solfetlər çıxarıb tərini sildik. Sonra bir dəftər də çıxarıb yelləməyə başladım (Qəribədir, o an dəfətərin ona yazılan bir qalaq şeir toplusu olduğu da gözümdən yayınmadı). O sezməyəcək dərəcədə gülümsədim də. Ayaqlarımı qaldırıb pəncə üstə dayanıb qalın, qırmızı dodaqlarından öpdüm. O özü balaca körpə kimidir… Yavaş-yavaş özünə gəlirdi. Amma bu kifayət etmədi. Bayıra çıxıb təmiz hava almalıydı. Bir az sonra Bakının qaranlıq küçələriylə yuxarı yola doğru addımlayırdım…
- Həmişə burdan keçəndə burda mütləq dayanıram. Sərinləməsən yola davam eləmək çətin məsələdir.
Kişinin ağzı da pis qoxuyurdu. Üzümü yana çevirə-çevirə yenə də başımı yelləyib guya ki, gülümsədim. Bu, gülümsəməkdən daha çox “iyvermiş ağzıvı yumsan, pis olmaz” demək idi.
Maşına yaxınlaşıb getmək istədiyimə işarə etdim. Şofer də, digər yolçular da elə mənim kimi davrandılar. Nəhayət ki, yol boyu da mənasız “siyasi” və “qlobal” “problemlərilə” başımı aparan bu boşboğaz kişi ağzını yumdu. Deyəsən, yorulmuşdu. Ya da mənim ifrit sifətinə bənzər simamdan ehtiyatlanıb daha az danışmalı olduğunu anlamışdı. Amma hər halda sevindirici hal idi. Mən yenə də yazmağa davam edirdim.
Burda məni ilk sevindirən şey gəldiyimdən 6-7 saat sonra rastlaşdığım saat oldu. Əslində otağa yerləşən andan bu saatı görmüş, işləmədiyini eşitmiş və hətta təəssüf də etmişdim. Dolablara gətirdiyim pal-paltarı boşaldıb həyətə düşdüm. Isti təndir çörəyi və pendirin uzaq yoldan sonra yeri var idi. Əlqaf elədim. Bir də axşama yaxın qalxdım otağıma. Bir az kitab oxumaq istəyirdim. Kamal Abdullanın “Yarımçıq əlyazması”nı götürüb uzandım. Saata baxdım. İşləmədiyini unutmuşdum. Saat işləyirdi. Özü də düz 6-nın yarısı idi. İxtiyarsız yerimdən durub saata baxdım. Hə, düpbədüz işləyirdi. Güldüm… Həmişə ən çox qorxduğum şey saatımın yatması olmuşdu. Belə vaxtlarda həmişə pis nə isə olurdu. Sevindim. Xarab saat, əslində mənimçün asılmış bu saat işləməyə başlamışdı, özü də qaldığı yerdən yox, əsl işləməli olduğu vaxtdan.
Gecəni rahat yatdım. Ya yol yormuşdu məni, ya da qoyub gəldiklərim. Oyananda yarıaçıq qapımın şəffaf pəncərələrindən gün düşürdü üzümə. Ayıldım. Yuxulu deyildim. Harda olduğumun da fərqindəydim. Deyəsən hamı yatmışdı. Saata baxdım. 7-dən beş dəqiqə keçirdi. Durdum. Otağımın qapılarını açdım. Yel vurdu hər tərəfdən. Elə xoş hava vardı ki. Son vaxtlar kənd həyatına artan marağım yenidən baş qaldırdı. Ürəyimdə “heyif deyil kənd, nə var e şəhərdə” dedim.
Otağımın divarları rəsmlərlə bəzədilmişdi. Başımın üstündə İçəri şəhərin görüntüsü olan şəkil vardı. Sol tərəfimdə dağınıq saçlarını toparlayan yuxulu qadın, sağ tərəfimdə arxasını mənə çevirmiş yataqda uzalı gecə köynəyində başqa bir qadın görünürdü. Sağ divarda iki daha böyük tablo asılmışdı. Biri Bakının, digəri də indi adını çəkmək istəmədiyim, yerləşdiyim şəhərin mərkəzi küçəsinin görüntüsüydü. Sol divardasa iri bədənnüma güzgü vardı. Bütün olaraq məni göstərirdi. Özümə baxdım. Bir az yorğun, bir az da qurtulmuş kimiydim. Azadlığa çıxmışdım elə bil.
Foyeyə çıxdım. Burda da divarlar şəkillərlə süslənmişdi. Hər birinə ayrı-ayrılıqda baxa-baxa yan otaqlardan birinə çatdım. Burda qızlar qalırdı – qohumlarım. Qapı açıq idi. Içəri girdim. Qızlar hələ yatırdılar. Onlara məhəl qoymadan divarlardakı şəkillərə baxmağa başladım. Bu otaqda daha çox tipik və qədimi azərbaycanlı qadınların rəsmləri, ümumiyyətlə, milli kaloritli şəkillər asılmışdı. Otağın bayıra açılan qapısını açdım. Günəşi içəri buraxdım. Balkona çıxdım. Kənd ayağımın altına sərilmişdi. Qızlardan kimsə oyandı. Yuxulu qıyıq gözləriylə “nə tez durmusan, nöş xortdamısan?” dedi. “Yat hələ, durma, elə-belə durmuşam, ayıldım durdum, gedib yatıram indi” – cavab verdim.
Öz otağıma qayıtdım. Yerimə uzandım. Çarpayımın yanındakı kiçik dolabın üstündə gecədən qoyduğum sudan süzüb içdim. Sonra da kitab oxuya-oxuya yuxuya getmişəmmiş. Günortaya yaxın səhər tezdən addımlarımın səsinə oyanan qıyıq gözlü qız həyətdən adımı çəkib oyadırdı məni. Yəqin səhərin “intiqamı” idi.
O günü yaxşı yola verdim deyə bilərəm. Günortadan sonra bağa getdik. Bir az əyləndik də. Ürəyim də bulanmadı. Rahat idim. Axşam ona zəng elədim. Xoş rəftar karıma gəldi. Bir az da yaxşı oldum. Gecəni deyəsən qızlarla uzun-uzadı söhbətdən sonra yatmışam.
Artıq beş gündür ki, burdayam. Özümü yaxşı hiss edirəm. Yavaş-yavaş döşlərimin üstündəki, boynumdakı göylər də saralır. Burda soruşan olmadı da. Deyəsən heç kəs fikir verməyib. Vaxtı yola verdikcə hisslərim də soyumağa başlayır. Xatirələrim də uzaqlaşmaqdadır. Əslində Bakıdan qaçma səbəblərimdən biri də bu göyərmə məsələsidir. Anam duyuq düşməməlidir. Özümə gəlirəm…
Gecə yatmazdan əvvəl hamama girdim. Soyuq duş istəyirdim. Yaxşı təsir elədi. Güzgüyə baxdım hamamda. Elə bil ilk dəfə idi qadın bədəni görürdüm. Və onun bədənini xatırladım. Həyatımda ilk dəfə idi ki, qadın bədəni ilə kişi bədənini qarşılaşdırırdım. Maraqlı idi…onun bədəni…Özümü güzgü önündə qucaqladım. Gözlərimi qapadım. Dodaqlarını hiss edirdim…əllərini…öpüşlərini… Kimsə qapını döydü. “Gec çıxaceysan? Burda sular qəfil kəsilir aaa” – səsə ayıldım elə bil. “Çıxıram indi” – bu da məndən gəldi.
Elə bu dəqiqə zəng eləmişdi. Daha doğrusu, on dəqiqə bundan əvvəl etdiyim zəngə cavab verə bilmədiyindən indi etmişdi zəng. Sevindim… Deyir “neynirsən?”. Deyirəm “Pivə içirəm. Bayaq da çaxır içirdim. “Səninəm”ə də qulaq asdım, yadıma sən düşdün. Həm də səninçün hekayə yazıram”. Deyir “Yaxşı da… Denən daha mən bu gecə yatmıyıceyam ki”. Gülürəm, deyirəm “Yooooooo, qorxursan ki, səhərə qədər zəng edərəm, mesaj yazaram?”. Gülür, deyir “Hmmm.”. Bu dəfə ucadan gülürəm, hiss edirəm ki, gülüşüm xoşuna gəlir. Dalıyca deyirəm “Darıxırsan mənimçün?”. Deyir “Bə nə?”. Deyirəm “Çoox?”. Deyir “Hmm”. Deyirəm “Mən də. Özü də lap çox”. “On beş dəqiqəyə ordayam” – zarafat eliyir. “Yalançı!” – cavab verirəm. Axırda da öpür – çoxlu-çoxlu (“Bilirsən nə qədər?…” – “Çoox?” sualıma o cavab verir), mən də öpürəm, sonra sağollaşırıq. Sonra da bura köçürürəm danışdıqlarımızı. Bu yerdə də hekayənin bu qismi yazılır.
Qohum qızlardan biri bayaq qonşu qızından danışırdı. Bizim həyətdən baxanda hasarın üstündən onların evinin divarına vurulmuş güzgü görünür. Qız deyir ki, bayaq elə təsadüfən o tərəfə baxıbmış, görübmüş ki, qonşunun azyaşlı qızı güzgünün önündə durub öz-özünə oynayırmış. Dodağına pamada çəkib ora-burasını düzəldirmiş. Bu da burdan uca səslə qızın adını çağırıb. Qız da diksinib özünü itirib. Pərtliyini gizlətmək naminə “Oynayırdım” deyib.
Bunu qohum qız danışanda qaş qaralırdı. Bir də gördük yağış başladı. Yağış nə yağış. Ucundan tutub göyə qalxmalı. Biz də qızlarla bu gün içmək istəyirdik. Süfrə düzəltdik. Şam elədik. Şərab içdik. Hamıdan çox məni tutdu. Axmaq bir gülmək gəldi mənə. Həyətdə çalışan ustanı o ki var dolayıb güldüm. Bir az sonra başgicəllənməm keçdi və mən indi də siqaret istədim. Qalxıb otağımın sol qonşusu qohum oğlanın dolabının üstündəki qutudan bir siqaret götürdüm. Bunu ancaq tualetdə çəkmək olardı. Pillələri tez-tez enib mətbəxdən kibrit də götürüb həyət tualetinə yollandım. Heç kəs fərqinə varmadı. Içəri girər girməz ürəyim bulandı. Başım bu dəfə daha fərqli fırlandı. Gözlərim də qaraldı. Bir neçə an qapının dəstəyindən tutub dayandım. Özümə gəldim. Yox, edə bilmədim. Yadıma qəzetin son nömrəsində siqaretlə bağlı verdiyim material düşdü. Alimlər araşdırmışlar ki, siqaret uşaqların sağlam doğulmasına mane olur. Körpəyə çox ziyandı. Bir sözlə, etmədim.
Başgicəllənməm üç gündür ki var. Ürək bulanmam da həmçinin. Dünən ev sahibəsi bir az narahat da oldu. Yaxşı yeyə bilmirdim. Bu günkü səbəbimsə içki ola bilərdi deyə düşünüb heç nə demədi. Nigaran qalıb həkimə yollaya bilərlər məni. Özü də ən pisi Bakıya – tanış həkimlərdən birinin yanına. Ona görə də, bir az da ehtiyatlı davranmalıyam. İki gün də keçsin bir bəhanə edib mərkəzə gedəcəyəm – aptekə. Test alıb yoxlayaram. Müsbət nəticə göstərsə, təcili Bakıya qayıdıb, təhsil hazırlığına başlamalıyam. Qarnım böyümədən çıxıb getsəm, yaxşı olar. Uşağın atasını da gedəndən sonra xəbərdar edərəm. Əsas məsələ anamdır. Onu doqquz ay yola vermək lazımdır. Tez-tez məktub yazaram, zəng edərəm. Ara-sıra pul yollaram. Həm işləyərəm, həm də mətbəələrdən birində çalışıb bir təhər dolanaram. Qurumun rəhbəri də çox şeyi öz boynuna götürüb. Çətin olmaz.
Yuxarıda yazdıqlarımı gecə yatmazdan əvvəl götür-qoy eləmişəm. Demək olar ki, hər varianta addım hazırdı. Qalır ancaq sabah bir bəhanə tapıb evdən çıxmaq.
Qonşu otaqda qalan qohum oğlan özü apardı məni mərkəzə. Xoşbəxtlikdən aptekə mənimlə girmədi. Yəqin qadınların xüsusi günlərçün tədarükü-zadı kimi başa düşdü. Yaxşı oldu.
İnanılmaz nəticə! Test hamilə deyilsən dedi. Bilmədim sevinim, yoxsa kədərlənim. Hər halda indi arzuolunan son idi. Rahat nəfəs aldım. O gündən bu yana içimdə azca da olsa qınaq vardısa, hamısı yox oldu. Öz-özümə gülümsədim. Bakı üçün burnumun ucu göynəyirdi… Noolsun ki, istidi….?!
Bilmirəm, amma bunu hekayə adıyla “Sənə yazmışam” deyib, ona oxutdurum, ya yox…


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 323 Bölmə: Sevgi varmı?