beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tenha Xanima.Gece Oxusu 21 Noyabr

Çoxları bilir, Eyvaz müəllim imtahanda tələbələri nə çox sıxır, nə də onlara həddən artıq güzəşt edir. Zaçotu ümumiyyətlə soruşmadan yazır. Amma hərdən tələbələrə, əsas da, qızlara internetdən çırpışdırıb yazdıqları sərbəst (əslində, qeyri-sərbəst) işlərə aid sual verəndə başlayırlar şikayət etməyə: ”Ay məllim, siz düz eləmirsiz e. Eldar məllim soruşmadan doqquz-on bal yazır, siz isə sual verirsiz”. O isə ürəyində Eldar müəllimi yüngülcə söyüb tələbəyə deyir: “Ay qız, demaqoqluq eləmək əvəzinə, zəhmət çək, internetdən istifadə elə, Axundov kitabxanasına getməyə ərinirsənsə. Mən sənin vaxtında kitabxanada kataloqların tozunu uda-uda….” Bir sözlə, şikayətləri qulaq ardına vurub çoxuna altı, yeddi, səkkiz, doqquz, nadir hallarda on bal yazır. Bilməyənlər üçün: təzəcə keçdiyimiz Bolonya sisteminə görə 9, 10 bal keçmişin beş, 7, 8 bal dörd, 5, 6 bal üç, 3, 4 isə iki qiymətidir.

Amma bəzən də ovqatının saz olan vaxtı soruşmadan doqquzları yapışdırır. Onda tələbələr sevindiklərindən az qalırlar Eyvaz müəllimin o üz, bu üzündən öpsünlər. “Məllim, bir dənəsiz. Sizdən olmaz”. Anlayır ki, tələbələr tək ona yox, doqquz-on yazan bütün “məllim”lərə (“Bir dənəsiz”, “yeksiz”) bu cür yaltaqlanırlar.

Eyvaz müəllim keçən il İzmirdən gəlmiş Nihat adında istiqanlı, mehriban, həlim səsli, bir az da sadəlövh magistrant tələbəyə dərs deyirdi. Həmin qrupda türklərdən “dəhşət” zəhləsi gedən Esmira belə bir dəfə müəlliminə pıçıltıyla demişdi ki, türk də olsa, çox super uşaqdır.

İlk dərsdə savadlı, səviyyəli tələbə olduğu bilindi. Hər gün CNN-Türk, Habernet, Reuters.com-la dünyada, öz ölkəsində baş verənləri izləyir, sonra dərsdə həvəslə özü kimi informasiya xəstəsi olan sevimli müəlliminə bir-bir oxuduqlarından, eşitdiklərindən danışırdı. İkisi də Kafka, Folkner, Markes fanatıydı. Nihata görə Orxan Pamuk “harika bir yazar” idisə, bir “türk kibi” erməni məsələsindəki mövqeyinə görə “ondan nefret ediyordu”. Dərs vaxtı arada bir-biriylə yarıanadolu, yarıazərbaycan türkcəsində siyasətdən, ədəbiyyatdan, futboldan danışa-danışa vaxt öldürürdülər.

Üçüncü dərsdə, seminarda Nihatla Türkiyə-Rusiya münasibətlərindən, Ərdoğan hökümətinin Kürd Açılımı proqramından, axırda Sürix protokolundan danışdılar və mübahisə başladı. Müəllim deyirdi ki, Türkiyə heç düz eləmədi, tələbə isə əmin idi ki, “Büyük Millet Meclisi protokolu ratifikasiya etməyəcək”.

- Hocam, Türkiye hiç bir zaman Azerbaycanı yalnız birakmaz.
- Deyirsən də. Bəs Sürix protokolu? – Eyvaz acı-acı gülümsədi.
- Büyük Millet Meclisi onu ratifikasiya etmiyecek.
- Ha-ha-ha. Nasıl ratifikasiya etmiyəcək, Nihatcim? – Eyvaz müəllim istehzayla gülüb dedi. – O cür sənədə imza atıblar. Üstəlik, dış işləri bakanları səviyyəsində, başlarının üstündə Lavrovla Hillari Klinton dayanmışdı. Sən Ərdoğanın mətbuat katibi kimi danışma, reallıqdan danış. Boynuna al ki…
- Bakarız, hocam. Erdoğan sadece manevra yapıyor.
(Doğrudan da, Türkiyə parlamenti o protokolları, bildiyiniz kimi, ratifikasiya etmədi.)
Nihat dördüncü dərsdən sonra iki dəfə dalbadal Eyvaz müəllimin dərslərinə gəlmədi. Yeddinci dərs, mühazirənin ortasında qapını döyüb auditoriyaya girdi. Beş dəqiqəlik tənəffüs vaxtı dediyi ilk söz bu oldu:
- Eyvaz hoca, üzr dilerim, iki derse katılamadım .
- Olmaz böylə, Nihatcim, bir dəfə qayıb yazmadım, dedim, bəlkə işin çıxıb, gələn dəfə gələrsən dərsə, – Eyvaz hoca, düzü, əsəbiləşmişdi. – Amma keçən dəfə yazdım. Gəlmiyəcəksənsə, mobil nömrəmi bilirsən, zəng elə, ya sms yaz, öncədən xəbərdar et məni.
- Siz kayıb yazın, bunun hiç bir sakıncası yok. Haklısız, hocam. Size bunu önceden söylemem lazımdı. Okey, şimdi durumu anlatayım size. Kendim burda Osmanbey mağazasında çalışıyorum. Universitede eyitim harcı sorunum var, benim kendi harclarım, universteye tüm derslere katılmak bana çok zor. Rica ederim, mümkünse, kayıb yazsanız da, dekanlıqda benimle ilgili sadece hiç bir şey söylemeyin. Zaten kendileri biliyorlar.
Nihat bunları çəkinə-çəkinə desə də, Eyvaz anladı ki, qayıb məsələsinin həqiqətən “sakıncası” yoxdu. Üstəlik, arxayın-arxayın danışması semestrin sonunda o qayıbların “qeyb olacağı” mənasına gəlirdi.
- Yaxşı, kəndiləri bilirsə, sən demişkən, sakıncası yoxdu. – Eyvaz sakitləşdi. – Onda, heç olmasa, semestrin sonunda iki-üç dəfə dərsə gəl, auditoriyada görün, rektorluqdan gələn olar, yoxlama-filan olar. Yəni sənin özünə görə deyirəm.
- Olur, hocam, şirketden izin alıb son iki-üç ders gelirim.

Eyvaz hoca çox vaxt işləyib, özlərini, ailələrini dolandıran türk, qeyri-türk, bakalavr, magistr tələbələrə güzəşt edir, jurnala mümkün qədər az “q”, “н/б” (qayıb, не был(а)) yazmağa çalışır, imtahanda belələrinə yüksək qiymət yazmasa da, aşağı bal verib kəsmirdi. Gecə növbəsində işləyən tələbə səhər birinci dərsə gəlməyəndə, dekan müavini onu jurnalda qayıb yazmadığına görə tənbeh edəndə, Eyvaz müəllim yalandan “bağışlayın, gözümdən qaçıb” deyirdi.

Nihat söz verdiyi kimi semestrin son üç dərsin birincisinə gəldi, üstəlik, on sərbəst iş də yazıb gətirdi. Müəllim bir-ikisini başdan ayağa oxudu, gördü ki, “copy, paste” (internetdən köçürmə) olsa da, arada öz fikirlərini də yazıb.
- Doqquz yazıram, qane edir? – soruşdu.
- Ciddimi söylüyorsunuz? – Nihatın gözləri işıqlandı.
- Qane eləmir? – Eyvaz bic-bic gülümsədi.
- Yok, yok, hocam. Dokuz bana çok, yani sekkiz de yazsaydınız…

Müəllim qələmini götürüb 9 yazıb yanında imzasını qoydu.

- Ooo, çox sağ olun, hocam, siz beni machup etdiniz . O zaman ben size Osmanbeyden bir gömlek hediye olarak getiririm.
- Hmm, rüşvət təklif edirsən? – hoca gülə-gülə dedi.
- Ya olurmu, hocam, rüşvet nə demek. Bu sadece hediye, rüşvet o zaman olurdı ki, siz kendiniz benden gömlek talep edeydiniz. Beyazmı, siyahmı? Ya zevqinize uyğun olanı varsa?..
- Yox, sağ ol, Nihat. Allah razı olsun, mən sənə bu doqquzu tam ürəklə yazdım. Evdə gömləyim çoxdu. Rüşvət məsələsini də şaka yapdım.
- Hocam, beyaz gömlek size yakışar, takım elbisesiyle, yani azerilerin kastyum dediyi elbiseyle geyseniz. Konferanslara-filan…
- A kişi lazım deyil.
- Onda kot getirerim size.
- Nə?
- Kot, ha, sizin cins şalvar dediyiniz var ya?

Cins şalvardan da imtina etdi. Amma Nihat yenə öz dediyindən əl çəkmədi, dedi, gələn dərslərin birində ya gömlek gətirəcək, ya da kot…

Eyvaz müəllim on ilə yaxın idi univestitetdə dərs dediyi, – onu tanıyan, ondan-bundan soruşub öyrənən tələbələr bilirdi ki, müəllimlərinin rüşvətlə heç bir münasibəti, salam-əleykümü yoxdur. Nihat da, sözsüz, o biri tələbələrdən Eyvaz müəllimin belə şeylərdən uzaq adam olduğunu soruşub öyrənmişdi. Köynəyi də rüşvət kimi yox, hədiyyə kimi ona vermək istəyirdi… Müəllim isə…

Buna oxşar hadisə bir neçə il əvvəl baş vermişdi. Yay semestrində mexaniki zaçot aldığına görə üçüncü kursda oxuyan Nailə müəlliminə bir köynək gətirmişdi, götürməmişdi Eyvaz, – anlamışdı ki, qızın məqsədi bir həftə sonra imtahanda ondan mexaniki də olmasa, çətinlik çəkmədən “beş” qoparmaqdır. Aralarında balaca mübahisəyə oxşayan bir şey olmuşdu, – Nailə paketi (üstündə “Pierre Cardin” yazılmışdı) ona uzadıb: “Xahiş edirəm götürün. Nə olar, bu rüşvət deyil ki, hədiyyədi”, – demişdi, müəllim isə qızın əlini geri qaytarmışdı: “Yox, yox, Nailə, elə şey ola bilməz. Sən ki, məni yaxşı tanıyırsan”. Bir neçə dəqiqə davam edən hücum-müdafiə oyununda müəllim qələbə çalmışdı. Bir həftə sonra imtahanda Eyvaz tutuquşu kimi əzbələyib danışdığı cavabdan sonra elə də çətin olmayan üç əlavə sualdan ikisinə cavab verə bilməyən Nailəyə dörd yazmaq istəyəndə, qız etiraz eləmişdi, qiyyə çəkmişdi: ”Nə danışırsız, məllim, mən əlaçıyam, qırmızı diploma gedirəm”. Mübahisə başlamışdı, axırda “Siz nə qəddar adamsız”ın ürəyini yumşaltmaq üçün göz yaşı töksə də, xeyri olmamışdı. Müəllim “vedmost”a , dalınca qiymət kitabçasına dörd yazanda Nailə hönkür-hönkür ağlayıb auditoriyadan çıxhaçıxda “Siz heç düz eləmədiz, məllim!” – demişdi. Sentyabrda, dərs başlayanda Nailə bir neçə ay dəhlizdə müəllimini görəndə, salam verməməkçün üzünü yana çevirmişdi, ya da yerə baxmışdı.

İndi vəziyyət bir az başqa çür idi. Eyvaz elə hədiyyəsiz də Nihata yaxşı qiymət yazmaq fikrindəydi. Həm bu oğlana rəğbəti varıydı, həm də o semestr tələbələrin çoxuna güzəşt etmək ovqatındaydı.

Amma bir yandan da Osmanbeyden gömlek eşqinə düşmüşdü. Gömlek olmasa, kot da, yəni cins şalvar da gedərdi. Nihata dediyi kimi əslində nə köynəyə, nə də şalvara ehtiyacı varıydı. Amma Osmanbəy şirkətinin adını (brend, keyfiyyət) eşidəndə şeytan nəfsini qıdıqlamışdı, bərk umsunmuşdu, həsrətlə hədiyyəni gözləməyə başlamışdı.

Bir də, Nihat düz deyirdi, köynəyə, cins şalvara rüşvət demək olmazdı. Əgər müəllimi ondan tələb etsəydi, ya işarəylə işlədiyi şirkətdən “Mənə şalvar, ya köynək təşkil elə” desəydi, bu, olardı rüşvət. Bir də tək köynək, ya cins şalvar Azərbaycan ölçülərinə görə “hörmət” sayılmırdı. Kostyum hədiyyə etmək istəsəydi – (lap köynəksiz, qalstuksuz), bu olardı başqa məsələ, – Osmanbəydə babat kostyumun qiyməti iki yüz-üç yüz manatdan aşağı olmur.

O ki, qaldı Nailə məsələsinə, onda tələbə qız imtahandan bir həftə qabaq beş almaqçün Pier Cardindən (bəlkə də Çin malıydı) köynək alıb gətirmişdi, götürsəydi, gərək beş yazaydı, onda bu olardı rüşvət. Bu dəfə isə Eyvaz müəllim özü Nihata yüksək bal yazmaq ovqatındaydı, gömləksiz-filansız. Bu dəfə gömlək məsələsi rüşvət kimi yox, hədiyyə kimi ortaya çıxmışdı.
Sonda Eyvaz müəllim yenə tərəddüd edirdi: birdən son iki dərsin birində köynək gətirsə nə edim? Götürüm, yoxsa geri qaytarım, zorla da olsa? Sözsüz ki, tələbələrin yanında versə, götürməzdi. (Elementar etikası çatsa, Nihat bunu tələbələrin yanında etməməliydi). Bəs həmin qrupdakı uşaqların gözündən uzaq, dərsdən sonra versə? ”Ya Nihatcım, olmaz böylə” deyə-deyə, itələşə-itələşə axırda… Ən azından… Götürmək istərdi… Bir neçə dəqiqəlik naz-qozdan sonra hədiyyəni götürüb, təşəkkür edib Nihata deyərdi: “Ama heç kim bilməsin ha, yanlış anlarlar”.

Nihat söz verdiyi kimi seminara gəldi. Əliboş. Düzü, müəllim təəccübləndi, bir az da dilxor oldu, çünki bu tələbə yalançı, gopçu tiplərdən deyildi. Amma özünü sındırmadı Eyvaz, dilxorçuluğunu büruzə vermədi…

Seminarda Türkiyə futbolunun zəifləməsindən, trener Qus Hiddinkin yığma komandadan qovulmağından, Edib Canseverin, Nazim Hikmətin şeirlərindən, Türkiyənin Suriyaya hərbi müdaxilə edib-etməyəcəyindən, Amerika, İsrail İranı bombalayarsa, Ərdoğan hökümətinin tutmalı olduğu mövqedən danışdılar. Dərsin sonunda müəllim xatırlamaya oxşayan, amma elə də asan başa düşülməyən bir jest etdi. Kollokvium üzrə jurnala iki 9, bir 8 bal yazsa da, tələbə jesti tutmadı.
Sonuncu dərsə Nihat yenə əliboş gəldi. Neçə illərdi bir dəfə də olsun tələbələrdən rüşvət almayan Eyvaz hoca əməlli-başlı əsəbiləşmişdi. “Söz vermisənsə, yerinə yetir, ya da yalandan gömlək demiyəydin, səndən gömlək istiyən varıydı”,- ürəyində tələbəsinə təpindi.

Üç gündən də bir evdə arvadı soruşurdu: “Bəs, nə oldu köynək?” Daha çox da anası: “A bala, hərdən bir köynəkdən söhbət sal, yadına düşəcək. Kak raz, elə sənin ağ köynəyinin varatniki yeyilib”. “Borcu-zadı var mənə?” – oğul əsəbi-əsəbi etiraz edəndə anası yenə: “Bir köynəklə kasıb düşməz. Camaat imtahanda dörd qiymətə yüz manat alır, sən nəyə görə müftə beş yazmalısan. Bir də dedim axı, bir köynəklə sənin o tələbən kasıb düşməz. O boyda Osmanbəy şirkətinin buxalteridi. Sən hələ bir dəfə zarafata sal de ki, özün də yüz faiz bəy olarsan, bəy verdiyi sözə əməl edər” – öz dediyindən əl çəkmirdi, üstəlik, oğlunun bir ildən çoxdu boğazı yeyilmiş köynəyi toya, konfransa geyməyini biabırçılıq adlandırmışdı. Elə bil Nihat müəlliminə yox, anasıyla arvadına köynək söz vermişdi.

Eyvaz artıq dərsin əvvəlində özünə söz vermişdi ki, sifətinə ciddi, bir az da zəhmli ifadə verəcək, tələbəsi gülümsəsə belə, sifətinə təbəssümü yaxın qoymayacaq.

- Salam Aleykum, – quruca salam verdi.
- Aleykum salam. Nasılsınız hocam?
- Yaxşıyam sağ ol. Sən necəsən? – bacarmadı, özünü bir təhər məcbur edib gülüməsədi. Amma eyni vaxtda da düşündü ki, bəlkə Nihat onun yalançı təbəssümünün mənasını başa düşər.
- Hamd olsun, iyiyim.

Suriyaya qarşı BMT-nin son sanksiyalarıyla bağlı sullar verdi, soruşdu ki, İrana hücum nə vaxt olacaq, hücum olsa, cümhurbaşkanı İlham Əliyev nə yapacaq, Sarkisyan nə yapacaq və s. və s.

Suallara cavab verə-verə hocası ilk dəfə olaraq tələbəsinə sual vermədi. İçindənsə zarafata salıb “Ya Nihatcim, gömlek getirecekdin, ne oldu?” soruşmaq keçirdi. Elə bilirdi, cavabında “Ya hocam, getireceyim, mutlaka getireceyim” kimi bir şey deyəcək. O isə qayıdıb deyəcəkdi: “Boş ver ya, şaka yapdım”. “Ən yaxşısı odur ki, özümü soyuq, etinasız göstərim”, – qərarına gəldi. Nihat müəlliminin soyuq, quru davranışını hiss etdi, amma səbəbini, deyəsən, hələ də başa düşmədi. Və əlverişli sükut yaranan kimi müəllim risk edib ona bir növ istiqamətləndirici sual verdi (bir növ niyyətini çatdırdı):

- Çalışdığın şirkətdə işlərin nasıl? İşində bir zorluk-filan varmı?
- Bir az zor. Amma yetiririm. Şimdi bazi hesap işleri var, bitirmek üzereyim.
- Patronun necə adamdı? Səni başa düşürmü?
- Iyi insandı. Bir-birimizi iyi anlıyoruz. Azeriler demişkən, yola verir beni.
- Önəmli olan da budur.
- Evet, ona ne lazım, işini zamanında yapmak. Benim de işim paramı almak.
- Lap yaxşı, lap yaxşı.

“Yox, tutmadı”. Uzun müddətdi müəllimi qıdıqlayan şeytan, bir də anasıyla arvadının köynək məsələsi ilə bağlı tez-tez baş-beynini aparmaları axırda onu mətləbə gətirib çıxardı:
- Nihatcim, bir şey soruşum səndən.
- Buyurun hocam.
- Yeni il öncəsi sizin mağazalarda endirim olacaqmı?
- Tabii, olacak. Şirketimizde bayram öncesi her zaman indirimler oluyor.

Bunu deyəndən sonra Nihat birdən duruxdu, deyəsən, verdiyi söz yadına düşdü. Xoşagəlməz sükut yarandı. Tələbə fikrə getdi, sonra sifətinə məzlumluq ifadəsi çökdü. Və birdən nədənsə, qəribə-qəribə gülümsədi. Düzü, müəllim tələbəsinin bu cür tutulacağını gözləmirdi, ona görə pis oldu, işarəylə danışdığına görə peşman oldu. “Bəlkə imkanı yoxdu, nə olsun söz verib, ola bilsin, köynək söz verəndə imkanı varıymış, indi isə borca düşüb, ya sadəcə, imkanı yoxdu. Evdə ən azı beş-altı köynəyim, bir o qədər şalvarım ola-ola bununla utanmaz-utanmaz “namyok”la danışıram… Ən azından ağ rəngdə olmasa da toya kastyumluq geyiniləsi üç-dörd köynəyim var. Məcburdu toya ağı geyinim”. Ürəyindən “Ay Nihat, gömlək məsələsini unut, ürəyinə salma, köynəkdən bolam, iki dənə də kotum var, göy, qara” – demək keçdi. Ağlına gələn ilk “temayla” tez sükutu pozdu:
- Ya sence, Orta Doğuda bir müslüman NATO-su kurula bilermi?
- NATO-mu? – Nihat fikrə getdiyindən sualdan diksinən kimi oldu, hocasının mövzunun dəyişməsi ona ləzzət elədi, canlandı, – Bence mümkün. Yani Erdoğan genellikle NATO-ya sadıktır. Ama ayni zamanda Erdoğan Mısır, Libya, başka bölge ülkeleriyle NATO kibi bir örgütün kurulması işinə katkıda buluna bilir.
- Sence bu kolay bir işmi?

Hər ikisi gözəl bilirdi ki, hoca yersiz və axmaq sual verib, bəlliydi ki, müsəlman ölkələrinin NATO-sunu qurmaq “kolay” iş deyil. Sadəcə, hər ikisinə az öncə Osmanbey şirkəti, bayram endirimləri söhbətinin sıxıntısından çıxmaq lazım idi, buna da nail olmuşdular.

- Tabii kolay degil, hocam, – Nihat tez cavab verdi. – Bu strateji, uzun sürecli bir iş.
- Sen Ahmet Davutoğlunun “Strateji derinlik” kitabını okudunmu? – Eyvaz əvvəlki sıxıntını bir az da unutdurmaq üçün başqa mövzuya adladı.
- Okudum, – sevincək cavab verdi. – Hatta iki kez okudum. Siz okudunuzmu, hocam?
- Evet okudum, – müəllim yalandan dedi. Düzdü, həmin kitabdan evdə varıydı, amma vaxt tapıb oxuya bilməmişdi. – Harika bir kitab.
- Evet. Zaten adından belli. Gerçekden de strateji acıdan derin olan bir kitab.
- Bu kitabı oxuyanda yemin oldum ki, Ahmet Davutoğlunu gerçekden müslüman aleminin Kissinceri saymaq olar.
- Evet, haklısız.

Davutoğludan sonra Abdulla Güldən, Kənan Evrendən, daha sonra Adnan Menderesdən, lap axırda Atatürkdən danışdılar. Zəng vuruldu, sağollaşan anda Nihat çox güman, müəlliminin sifətində belə bir ifadəni oxuya bildi: “Nihatcim, işində ol, bir az əvvəl şirkətinizdəki endirimlə bağlı verdiyim sualımı eyham kimi başa düşmə, boş ver, söz verdiyim kimi, imtahanda sənə heç nə ummadan yüksək qiymət yazacam”. Elə müəllim də, deyəsən, tələbəsinin baxışlarının mənasını anladı. “Anladım sizi hocam, Allah sizden razı olsun”.

Ertəsi gün birinci dərsin başlamasına on dəqiqə qalmış, 8:20-də beşinci mərtəbəyə çathaçatda müəllim gördü ki, Nihat pilləkənin başında mil durub, pilləkənlərlə ağır-ağır qalxan hocasına baxıb gülümsəyir, əlində isə “Osmanbey” yazılmış bir paket. “Axır ki… Deyəsən, köynəkdi”, – Eyvaz ani olaraq fikirləşdi.

Salamlaşdılar, hal-əhvaldan sonra tələbə paketi müəlliminə uzatdı:
- Hocam, bu da sizin hediyeniz.
- Ay Nihatcim, nə əziyyət çəkirdin, – naz elədi hoca.
- Eziyyet deyil. Kusura bakmayın, bir az geç oldu.
- Qüsur nədi. Sənə demişdim axı… Nəysə… Gətirmisənsə, gərək götürüm. Təşəkkür edirəm, – hədiyyəni götürdü.
- Bi şey deyil, dediyim gömlekdi. Uzun kollu beyaz gömlek. Poşetde bir mavi rengli qalstuk da var.
- Ay Nihat, nəyə lazımıydı, axı. Köynək demişdin sən, kravat söz verməmişdin axı, – deyib bərkdən güldü, tələbəsini də güldürdü. – Nəysə, artıq götürmüşəm, verən payı geri qaytarmazlar.
Eyvaz müəllim sevinirdi, istədiyinə çatmışdı. Evdə də daha baş beynini aparmayacaqdılar.
- Bi de hocam, poşetdə bir davetiyye de var, – utana-utana dedi. – Sizi, düyünüme, yani toyuma davet ediyorum, – deyəndən sonra Nihat bir az qızardı.
Elə bil hocanın başına qaynar su tökdülər. “Dədən ölsün. İşləri korladın ki”, – ürəyində tələbəsini yamanladı.
- Aa nə yaxşı, – müəllim bəlkə də ömründə ən yalançı, (gizlətməyə çalışdığı) əzablı, bir az da qəzəbli təbəssüm “gücəndi”. – Onda belə çıxır, sən nişanlıymışsan.
- Evet, azeri kızıyla. Burdan kız beyendim, – gülə-gülə dedi.
- Lap yaxşı, maşallah, tez tərpənibsən. Düz də eləmisən. Bizdə atalar sözü var, deyir, tez evlənənlə tez boşanan peşman olmaz.
- Evet, biliyorum, – deyib güldü.

“Əcəb olur mənə, tələbəni çox yaxın buraxanda belə olar. Beş ildə bir azərbaycanlı tələbəm məni toyuna çağırmaya, axırda bir türkdən gözləmədiyim əcaib bir hərəkət”.

- Evinizdə narazıçılıq-filan yoxdur ki? Yəni niyə azərbaycanlı qız seçdin-filan? – soruşdu.
- Yok, yok, babam da, annem de helallıq vermiş artıq.
- Lap yaxşı, gercəkdən sevindim bu xəbərə…
“Gercəkdən” sözünü Eyvaz xüsusi vurğuyla dedi, qorxdu ki, tələbəsi onun pərtliyini hiss edər, ürəyindəkiləri oxuya bilər. Paketdən zərli-bəzəkli dəvətnaməni çıxarıb baxdı. İyirmi gün sonra “Su sonası”nda Nihat bəylə Nazlı xanımın toyu olacaqdı. Dəvətnaməni oxuya-oxuya Allaha yalvarmağa başladı: “Ay Allah, kömək elə, elə bir yalan deyim ki, inansın. Kasıb adamam, bu, heç günah sayılmaz.”
- Toy bazar günüdü, yoxsa?…
- Evet, pazar günü.
- Çox gözəl, – bu dəfə müəllimin sifətindəki təbəssüm yalançı da olsa, əzabsız idi. – Nihatcim, öncə səni təbrik edirəm.
- Saolun hocam.
- Hmm, durum şimdi böyle, – dərindən nəfəs aldı. – Mən böyük məmnuniyyətlə sənin toyunda iştirak edərdim. Özün də bilirsən, xətrini necə istiyirəm.
- Evet, biliyorum.
- Məsələ burasındadır ki, sənin toyundan bir gün öncə, yəni şənbə günü Frankfurtda bir ulurslararası konfrans olacaq. Yani konfransdan bir gün öncə günorta mən uçakla Frankfurta uçmam lazım, – dedi, az öncə uydurduğu yalana, öz fərasətinə məəttəl qaldı.
- Haa, – öncə gülümsəyən Nihatın sifəti birdən tutuldu. – Anladım.
- Yəni ora dəvət olunmuşam. Konfransın orqanizatorlarına getməyimi təsdiq eləməyim bir yana, artıq viza, bilet işləriylə məşğulam. Yenə deyirəm, çox istərdim ki, sənin düyünündə iştirak edim. Amma maalesef, dediyim kimi…
- Problem yok, hocam. Size nasıl uyqundursa, öylə olsun, – Nihat həzin səsiylə dedi.
Hocaya elə gəldi ki, tələbəsi ona inandı, buna görə ürəyində ona təşəkkür etdi.
- Belə-belə işlər, – Eyvaz süni gülümsədi. – Babanı, anneni mənim adımdan təbrik edərsən. Nazlı xanımı da təbrik edib deyərsən ki, sənin Eyvaz adında hocan var. Deyərsən ki, rica etdi Nihata iyi baxsın.
- Saolun, Eyvaz hoca. Söylerim.

Müəllim bir daha tələbəsinə ailə xoşbəxtliyi, sağlam cocuqlar arzu elədi, sağollaşıb, əlində hədiyyə vicdan əzabı çəkmədən, rahat qəlblə dərsinə getdi.

Daha ürəyində Nihatı söymürdü: artıq başqa cür fikirləşirdi. “Əslində heç qınamaq da olmaz yazığı, sağ olsun, hörmət edib toyuna çağırıb məni. Sadəlövhlüyündən, ya da bilməməzliyindən fikirləşməyib ki, maaşa baxan adamam. Konfrans, Frankfurt məsələsinə görə də məni heç kim qınaya bilməz. Allah kasıbçılığın üzünü qara eləsin… Bir də axı belə baxanda, mənim toya getməyim, aldım qoz, satdım qoz olar. Köynəklə qalstuk bir yerdə tutaq ki, əlli manat ola, dalısınca da mən toya gedəm, əlli manat salam. Day nə oldu ki… ”

Maaşı və maddi yardımı on gün sonra alacaqdı, cibində iyirmi beş, evdə isə cəmi yüz iyirmi manat pul qalmışdı. Bir də evdə tək o, deyildi axı, – Ekologiya və Təbii Sərvətlər Nazirliyində məsləhətçi kimi üç yüz manat maaş alan arvadı, işləməyən, amma hələ təqaüd yaşına çatmağa dörd il qalan anası və on üç yaşlı, məktəbli bir oğlu da var idi evdə…
…Evə çatıb köynəklə, qalstukla anasını və yoldaşını sevindirdi, amma toya dəvət məsələsini açıb-ağartmadı. Mətbəxdə tək olanda dəvətnaməni dörd-beş yerə bölüb zibil yeşiyinə atdı, fikirləşib qərara gəldi ki, toydan bir gün qabaq, bir də həmin gün ümumiyyətlə, ayağını evdən bayıra qoymasın. Hər ehtimala qarşı.


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 481 Bölmə: Sevgi varmı?