beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xeyir Və Şər Teatrı

Xeyir və Şərin mübarizəsində zərər çəkən tərəf həmişə sadə insanlar olur.

Nyu-Yorkda və Vaşinqtonda terrorsitlər 50- ölkənin vətəndaşlarını Xeyirin Şər üzərində qələbəsi uğrunda öldürdülər. Bundan sonra prezident Corc Buş intiqam almağı vəd edərkən: “Biz yer üzündə Şərin kökünü kəsəcəyik!” - deyib bir daha Xeyrin Şər üzərində qələbəsini xatırlatdı.

Şərin kökünü kəsməkmi? Axı bu Xeyirlə Şər kimdir? Göründü ki, Şər anlayışı təkcə dini fanatikin öz çılğınlığına haqq qazandırması üçün deyil, həmçinin ABŞ silah sənayesinin böyüdülməsinə və nəhəng hərbi maşınlarının yaradılmasına haqq qazandırmaq üçün də Şər hesab olunacaq düşmənlərə ehtiyac var. Xeyir və Şər, Şər və Xeyir əslində ssenari müəlliflinin istəyinə uyğun olaraq maskalarını dəyişən aktyorlardır, daim qəhraman cinayətkara, cinayətkar qəhramana çevrilir və bundan əziyyət çəkənlər yenə də sadə insanlar olur.

Burda qəribə heç nə yoxdur. Tarixdə minlərcə belə hal olub. Alman alimi Verner fon Braun Hitlerin Londonu bobalayarkən istifadə etdiyi V-2 raketlərini layihələndirərkən pis, öz istedadını Amerikaya xidmətdə sərf etdikdə isə yaxşıydı. Stalin İkinci Dünya Müharibəsini apararkən yaxşı, fəqət Şər İmperiyasına başçılıq edərkən birdən-birə pis hesab olunmağa başladı. Soyuq Müharibə zamanı Con Steynbek yazırdı: “Bəlkə bu gün dünyanın ruslara da ehtiyacı var. Bəlkə ruslar da “amerikalılar”a, biz “ruslara”a yanaşdığımız kimi yanaşırlar”. Sonda hətta ruslar yaxşı hesab olunmağa da başladılar. Bu gün Putin də hər çıxışında mütləq: “Şər cəzalandırılmalıdır” sözlərindən istifadə edir.

Səddam Hüseyn yaxşıydı və onun kürdlərə, iranlılara qarşı istifadə etdiyi kimyəvi silaları da bir növ yaxşı işə xidmət edirdi. Sonra o gözlənilmədən pis oldu. ABŞ Panamanın işğalını yarımçıq qoyub, İraqın işğalına başladı, çünki İraq qüvvələri neftlə zəngin Kuveytə soxulmuşdu. Bu hadisədən dərhal sonra amerikalılar onu Satan (şeytan-N.H) Hüseyn adlandırmağa başladılar. Artıq Ata Buşun şərlə müharibəyə başlaması üçün heç bir əngəl qalmırdı. Onun ailə ənənsindən gələn insansevər, rəhmdil təbiətinin ucbatından İraqda əksəriyyəti dinc sakinlər olan 100000-ə yaxın insan öldürüldü.

Satan Hüseyn pis olaraq qaldı, lakin o insanlığın bir nömrəli düşməni ünvanını başqasına verib, insanlığın iki nömrəli düşməni ünvanını götürməli oldu. İndi insanlığın daha dəhşətli kabusu Bin Laden ortaya çıxmışdı. Ona terror haqqında bildiyi hər şeyi Mərkəzi Kəşfiyyat İdarəsi öyrətmişdi. O ABŞ höküməti tərəfindən sevilir, daim silahla təmin edilirdi. Bir zamanlar hətta Əfqanıstanda kommunizmlə mübarizədə “azadlıq mücahidi” adına da layiq görülmüşdü. Prezident Reyqanın Əfqanıstanda ABŞ-a xidmət edən bu qəhrəmanları “Yeniliyin Carçıları” kimi başqaların nümunə göstərdiyi vaxt Ata Buş prezident köməkçisi idi. O zamanlar, Hollivud bundan ilhamlanaraq azadlıqsevər əfqan müsəlmanları haqqında Rembo 3-ü çəkdi. Sonra üstündən cəmi 13 il keçmiş Oğul Buşun hakimiyyəti dövründə onlar pislərin ən pisi adını qazandı.

Məlum 11 sentyabr hadisələrindən sonra keçmiş prezident Henri Kissincer ilk çıxış edənlərdən biri oldu. Onun dediyinə görə “Terroru dəstəkləyən, maliyyələşdirən və terroristləri ruhlandıran hər kəs, terroristlərin özü qədər günahkardır”. Bir qədər sonra Oğul Buş da bu sözləri təkrarlayır.

Əgər məsələ həqiqətən belədirsə, onda təxirəsalmadan hamıdan birinci elə Kissencerin özünü bombalamaq lazımdır. O Ben Laden ya da hər hansı başqa bir terroristdən daha çox cinayət törədib. O, İndoneziyada, Kambociyada, İranda, Cənubi Afrikada, Banqladeşdə dövlət terrorunu “dəstəkləyən, maliyyələşdirən və terroristləri ruhlandıran” şəxs olmuş, həmçinin Bütün Cənubi Amerika Ölkələrinin əziyyət çəkdiyi Kondor planı əsasında aparılan iyrənc müharibələrin müəllifidir.

11 sentyabr 1973-cü ildə, Çili prezident sarayına hücüm oldu. Bundan bir qədər əvvəl isə Kissincer Çilidə baş tutan seçkilərin nəticəsini şərh edərkən demişdir: “Mən Çili vətəndaşlarının biganəliyi ucbatından ölkənin göz görə-görə kommunistləşməsinə seyirçi qalmağa bir səbəb görmürəm”.

Sadə adamların düşüncəsinə hörmət etməmək dövlət və fərdi terrorizmin bir çox ortaq cəhətlərindən sadəcə biridir. Misalçün, Baskların azadlığı uğrundan insanları öldürən ETA terrorçu təşkilatı öz sözçülərinin biri vasitəsilə elan edir ki, “Hüququn çoxluğa ya da azlığa heç bir dəxli yoxdur”.

Terrorun hansı qəbildən olmasının heç bir fərqi yoxdur. Aşağı texnologiyalı, yoxsa yüksək texnologiyalı olsun, dini fanatiklərin ya da biznes maraqlarının törətdiyi terror olsun, ümidini itirən kütlənin ya da hakim təbəqənin törətdiyi terror olsun, emosional psixopatın ya da uniformalı soyuqqanlı peşəkarın törətdiyi terror olsun hamısını birləşdirən ümumi bir cəhət var o da insan həyatına və azad düşüncəsinə hörmət etməmək. Məncə Nyu-Yorkda ekiz binaların yıxılması nəticəsində 5500 nəfərin həyatına son qoyan terror aksiyası ilə Qvatemalada əksəriyyəti tuzmenlərdən ibarət olan 200000 nəfərin ölümü ilə nəticələmiş və dünya mətbuatı, televiziyaları tərəfindən işıqlandırılmamış terror aksiyası eyni şüurlu adamlar tərəfindən törədilib. Həmin qvatemalalılar hansısa müsəlman fanatiklərin qəzəbinin qurbanı deyil, ABŞ höküməti tərəfindən “dəstəklənən, maliyyələşdirilən və ruhlandırılan” terrorçu briqadaların fəaliyyəti nəticəsində məhv edilmişdi.

Bütün bu öldürmək ehtiraslı insanların yalnız bir məqsədi var: sosial, mədəni və milli fərqləri hərbi gücün köməyi ilə yox etmək. Onlar Xeyir və Şər mübarizəsi, “Əsl Həqiqət” adı altında öldürür və yalnız bundan sonra səhv axtarırlar. Qəribəsi odur ki, onlar həmişə düşmənlə vuruşmazdan əvvəl onu gücləndirir, silahla təmin edirlər. Buna misal kimi ABŞ-ın cənubi Amerikada “Parlaq Yol” (Sendero Luminoso) layihəsi çərçivəsində törətdiyi qanlı cinayətləri göstərmək olar. Onlar Peruda prezident Fudjimoronu hakimiyyətə gətirdilər. Bu adam ölkəni terrorla idarə etdi və Perunu banan qiymətinə satdı. Başqa misal kimi, ABŞ-ın Yaxın Şərqdə və İraqda Allah adına aparılan müqəddəs müharibələrə rəvac verən qanlı cinayətlərini göstərə bilərəm.

Qoy Sivil ölkələrin liderləri apardıqları müharibələri Xaç yürüşləri adlandırsın, amma Allahın onun adına aparılan müharibələrdə heç bir günahı yoxdur. Allah İeqovanın davamçılarına qarşı soyqırım törətməyi əmr verməyib və Allah həm də İeqovaçılara Fələstinli qaçqınların toplaşdığı Səbra və Şatila qaçqın düşərəgələrinə kütləvi qətllər törətməyə əmr etməyib. Məgər xristian, müəslman və yahudi allahları bizim Tanrı adlandırdığımız eyni bir varlıq deyilmi?

Dəhşətli səhf bir kərə edilib və artıq heç kim kimin kim olduğunu bilmir. Partlayışlardan yüksələn tüstülər, daha qatı tüstü pərdələri arasında görünməz olur. İntiqamdan intiqama sürüklənən terror getdikcə bizi məzarımıza daha da yaxınlaşdırır. Mən bir müddət əvvəl Nyu-York divarlarına yazılmış maraqlı bir yazı görmüşdüm: “Göz-gözə dayanmışıq və get-gedə korlaşacağıq”.

Zorakılıq bumeranqı yeni zorakılıqlar, çaxnaşmalar, ağrılar, qorxular, yovuşmazlıq, nifrət və dəliliklər gətirir. Bu ilin əvvəlində Porto-Aleqredə çıxış edən əlcəzairli Əhmət Ben Bell xəbərdar etmişdi ki, “İnəkləri quduzlaşdıran bu sistem gec-tez insanları da öldürmək ehtirası ilə yanıb tutuşan dəlilərə çevirəcək”.

Bir dəfə üç yaşı yenicə tamam olan Luka mənə dedi: “Sülh öz evinin yerini itirib”. O bunu deyərkən xəritəyə baxırdı. O həmin gözlərlə jurnalistlərə də baxa bilərdi.


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 173 Bölmə: Sevgi varmı?